Şərur rayonu Naxçıvanın sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub

 

Şərur rayonunun bərəkətli, münbit torpağı, axarlı çayları var. Coğrafi mövqeyinə görə həm aran, həm yaylağı xatırladan bu bölgənin insanları tarixən qoçaq, zəhmətkeş, əməksevər olublar. Bu qədim oğuz-türk yurdu öz inkişaf yoluna ötən əsrin 70-ci illərində-ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qədəm qoyub. Ulu öndərin xeyir-duası ilə tikilənArpaçaydəryaçası isə Şərur torpağının həyat çeşməsinə çevrilib. Kənd təsərrüfatında mühüm irəliləyişlər əldə olunub. O zaman respublikamızda bərqərar olan sosial-iqtisadi inkişaf rayona da sirayət edib. Geniş aqrar sənaye komplekslərinin yaradıldığı Şərur rayonu həmin illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub. Ancaq ötən əsrin 90-cı illərində muxtar respublikanın ağır blokada şəraitində yaşaması, hakimiyyətdə olan bəzi qüvvələrin regiona ögey münasibət göstərməsi bütün rayonlar kimi Şərur bölgəsinə öz mənfi təsirini göstərib. Uzun illər boyu, min bir əziyyətlə yaradılan müəssisələr iflic vəziyyətinə düşərək fəaliyyətini dayandırıb. Kənd təsərrüfatı sahəsində ciddi problemlər özünü göstərib. Bunun nəticəsində regionda əhalinin rifah halı olduqca aşağı düşüb, işsizlik baş alıb gedibdir. Lakin ümummilli lider Heydər Əliyev NMR Ali Məclisinin sədri vəzifəsində işləyərkən, eləcə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə gəldikdən sonra muxtar respublikanın hər bir rayonu kimi, Şərura da böyük diqqət qayğı göstərilib. Bu ənənə hazırda da davam etdirilir. Ölkə başçısı İlham Əliyevin 11 fevral 2004-cü ildə imzaladığıAzərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə bu proqramın başa çatmasından sonrakı illərdə həyata keçirilən digər tədbirlər Şərur rayonunda bütün sahələrin, o cümlədən iqtisadiyyatın yüksəlməsinə, sahibkarlığın inkişafına, yerlərinin açılmasına təkan verərək, yeni bir mərhələnin başlanğıcını qoyub.

Şərur ilk növbədə aqrar rayon olduğundan iqtisadiyyatının da əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahənin səmərəliliyini artırmaq üçün son altı ildə bir sıra işlər görülüb. Torpaqlardan səmərəli istifadəni təmin etmək məqsədilə Aralıq kəndində yerləşən dairəvi su kəmərində, Aşağı Yuxarı Sovxoz kanallarında, Danyeri, Şərur su nasos stansiyalarında təmir işləri həyata keçirilb. Muğanlı kəndində 150 hektar sahəni suvarma gücünə malikMuğanlı”, həmçininŞahtaxtısu nasos stansiyaları tikilib, onlarla subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bundan başqa yeniDizəsu nasos stansiyasının tikintisi, “Şərursu nasos stansiyasının təmiri uğurla başa çatdırılıb. “Həmzəli-1” “Həmzəli-2” su-nasos stansiyalarının fəaliyyətinin bərpa olunması nəticəsində 260, Qorçulu kəndi yaxınlığında, Araz çayı üzərində yeni su-nasos stansiyasının inşası nəticəsində isə 200 hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Xələc kəndi yaxınlığında bu cür su-nasos stansiyasının inşa olunması da torpaq mülkiyyətçilərinin sevincinə səbəb olub. Bütün bunların nəticəsində torpaq sahələri suvarma suyu ilə lazımınca təmin olunub. Bu da Şərur rayonunda əkinçilikdə qazanılan uğurları əvvəlki illərlə müqayisədə daha çox artırıb. Təkcə taxıl və şəkər çuğundurunun istehsal həcmi on min tona yaxın olub. Bununla yanaşı, ötən ilin payızında 7388 hektar sahədə taxıl əkini aparılıb ki, onun da 43 hektarını arpa təşkil edib. Builki məhsuldarlığın da daha yüksək olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində Şərur rayonunda ötən il əkinçilikdən 34 milyon 254 min manat gəlir əldə olunub. Ən əsası öz sahəsindən bol məhsul götürən torpaq mülkiyyətçiləri tələbatlarını ödəməklə yanaşı, hər həftənin şənbə və bazar günləri muxtar respublikamızda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına da məhsul çıxarıblar. Bununla da torpaq mülkiyyətçiləri həm maddi qazanc əldə edib güzəranlarını yaxşılaşdırıblar, həm də regionda kənd təsərrüfatı məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsinə yardımçı olublar.

Dövlət proqramının qəbul olunduğu gündən etibarən muxtar respublikanın bütün regionları kimi, Şərur rayonu da böyük tikinti-quruculuq meydanına çevrilib. Ötən illər ərzində Kapital Bankın Şərur rayon filialı və Qaz İstismar İdarəsi üçün, Dövlət Sosial Müdafiə Fondunun, maliyyə, milli təhlükəsizlik, vergilər nazirliklərinin rayon şöbələri, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur seçki dairələri, məhkəmə üçün yeni inzibati binalar, həmçinin gənclərin zehni inkişafını artırmaq üçün müasir avadanlıqlarla təchiz edilmiş Şahmat məktəbi, gənclərin fiziki sağlamlığına xidmət edəcək Şərur Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi tikilərək istifadəyə verilib. Şərur rayon mədəniyyət sarayı, dəmir yol vağzalının, arxivin, “Şərurun səsi” qəzeti redaksiyasının, Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının binaları, eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün nəzərdə tutulmuşBahar” kinoteatrının əsaslı təmiri başa çatdırılıb. Rayonda aparılan quruculuq və abadlıq tədbirlərindən Şərur şəhərinin Heydər Əliyev prospektindəki, N.Gəncəvi, M.Ə.Sabir, N.Nərimanov, M.Seyidov küçələrindəki ictimai yaşayış binalarına da xeyli pay düşüb. Həmin ünvanlardakı binalarda əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu hal Şərur şəhərinin simasını xeyli dəyişərərk, vətəndaşların yaşayış tərzini daha da yaxşılaşdırıb. 100 min nəfərdən artıq yaxın əhalinin yaşadığı, rayon mərkəzi ilə yanaşı 63 kənd yaşayış məskənini öz ətrafında birləşdirən bölgədə aparılan infrastruktur tədbirləri bununla bitməyib. 2,5 hektara yaxın ərazini əhatə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan abadlıq tədbirləri, milli memarlıq üslubu əsas tutulmaqla inşa edilən iki minarəli şəhər məscidi bu yaşayış məntəqəsinin gözəlliyinə yeni çalarlar gətirib.

Uzun sürən fasilədən sonra muxtar respublikaya təbii qazın verilməsi isə rayon sakinlərini bir çox qayğılardan azad edib. Qaz çəkilişlərinin ilkin mərhələsində rayon mərkəzindəki mənzillər bu qiymətli yanacaq növü ilə təmin edilib. Pulsuz olaraq hər bir mənzildə qaz sobası və sayğacı quraşdırılıb. Sonrakı mərhələdə anoloji proses bütünlükdə rayonun hər bir yaşayış məntəqəsində həyata keçirilib.

Rayon əhalisinə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması üçün Aşağı Aralıq, Tumaslı, Yengicə, Püsyan, Mahmudkənd, Maxta, Dəmirçi, Şəhriyar, Yuxarı Daşarxsair kəndlərdə tibb məntəqələri təmir olunaraq zəruri dərman preparatları ilə təmin olunub. Tumaslı kəndində yeni həkim ambualtoriyası inşa edilib. Şərur Rayon Mərkəzi xəstəxanası üçün müasir tələblərə cavab verən yeni binanın tikilməsi isə rayon camaatının hədsiz sevincinə səbəb olub. 4 mərtəbəli bu xəstəxana binası 65 çarpayılıq əsas korpusdan və ayrılıqda yerləşən 16 çarpayılıq yoluxucu xəstəliklər şöbəsindən ibarətdir. Böyük bir ərazini əhatə edən xəstəxanada 10 şöbə, 7 kabinə və 1 bölmə fəaliyyət göstərir. Səhiyyə müəssisəsinin fəaliyyətə başlamasından sonra artıq yerli əhalinin ağır cərrahiyyə əməliyyatı üçün Naxçıvan şəhərinə, eləcə də qonşu İran İslam və Türkiyə Respublikalarına getmələrinə ehtiyac qalmayıb. Müasir tibb avadanlıqlarının quraşdırıldığı və tanınmış həkimlərin cəlb olunduğu xəstəxanada rayon sakinlərinə hər cür səhiyyə xidməti göstərilir.

Şərurda aparılan çoxsaylı quruculuq işləri sırasında təhsilə göstərilən dövlət qayğısı xüsusilə diqqət çəkir. Dövlət Proqramının təsdiq olunmasından sonra Təzəkənddə 110, Alışarda 414, Vərməziyarda 296, Həmzəlidə 192, Yuxarı Yaycıda 144, Qarahəsənlidə 216, Gümüşlüdə 156, Cəlilkənddə 342, Tənənəmdə 192, Tumaslıda 360, Aşağı Daşarxda 252 şagird yerlik yeni məktəb binaları, həmçinin akademik Əhməd Mahmudov adına Şərur türk liseyi və kompyuter-təlim tədris mərkəzi üçün yeni binalar tikilərək istifadəyə verilib. Yengicə və Maxta kimi kəndlərdə isə yeni məktəb binalarının tikintisi davam etdirilməkdədir. Bunlarla yanaşı, Mahmudkənddə 522, Düdəngədə 624, Şərur şəhərində 1350, Havuşda 60 şagird yerlik məktəb binaları əsaslı surətdə təmir olunaraq, müasir avadanlıqlarla, kompyuterlərlə, pulsuz dərsliklərlə, bədii ədəbiyyat və lüğətlərlə təmin edilibdir.

Rayon ərazisində yaşayan qaçqın və məcburi köçkünlərin, həmçinin əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. Nankor qonşumuz Ermənistanın yürütdüyü işğalçılıq siyasəti zamanı öz ev-eşiyindən didərgin düşmüş, yaxud da torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş vətəndaşlara Şərur rayonu ərazisində fərdi evlər tikilib. Son illər ərzində Mahmudkənddə, Danyeri, Dizə, Xətai, Ərəbyengicə, Maxta, Kərimbəyli, Yengicə, İbadullah, Arpaçay kəndlərində onlarla mənzil bu məqsədlə tikilərək istifadəyə verilib. Ötən illər ərzində təbii fəlakət nəticəsində ev-eşiyini itirmiş sakinlər də dövlətin himayəsi ilə tam əhatə olunub. Əhaliyə vurulan ziyanı aradan qaldırmaq məqsədilə Təzəkənddə 17 yeni fərdi yaşayış binası tikilib, 20 fərdi ev əsaslı surətdə təmir olunub.

Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da əlamətdar hadisələrdən biri bütün kənd yaşayış məntəqələrində kənd mərkəzlərinin tikilməsidir. Bələdiyyə, icra nümayəndəliyi, polispoçt xidməti üçün ayrıca otaqları olan belə mərkəzlərin istifadəyə verilməsində başlıca məqsəd kənd əhalisinin yaşayış tərzini daha da yaxşılaşdırmaqdan ibarətdir. Bununla həm də kənd əhalisinin adi bir sənədləşmə məsələsindən ötrü şəhərə axınının qarşısı alınır.

Ötən illər ərzində rayonun yol təsərrüfatı sahəsində də mühüm işlər görülüb. Yol çəkməyin, körpü salmağın xeyirxahlıq nümunəsi olduğunu yaxşı dərk edən şərurlular Vərməziyar, Düdəngə kəndlərindəki asfalt örtüyü yeniləyiblər. Yengicə-Alışar, Şərur-Danyeri, Sərxanlı-Aralıq, Şərur-Qarxun, Dizə, Cəlilkənd, Tənənəm, Şərur-Kürkəndi, Yengicə-Kərimbəyli avtomobil yollarında təmir işləri aparıblar. Arpaçay üzərindəki Oğlanqala və Dizə kəndlərini birləşdirən körpü əsaslı təmir olunub. Qarxun kəndində istehsal gücü saatda 60 ton olan asfaltzavodun tikilib istifadəyə verilməsi isə yol təmiri istismarı və tikintisi sahəsinin idarə kimi formalaşmasına təkan verib. Yol tikinti işlərinin həcminin artması səbəbindən təkcə ötən il ərzində 22,5 km uzunluğunda yol tikintisi aparılıb.

Kəndlərlə rayon mərkəzinin, eləcə də muxtar respublikamızın digər regionları ilə Şərurdakı yaşayış məntəqələrinin əlaqələrini daha da gücləndirmək üçün bölgədə rabitənin inkişafına da daim diqqət yetirilir. Hər il rayon rabitəçiləri tərəfindən yaşayış məntəqələrində elektron ATS-lər quraşdırılır, yeni kabel xəttləri çəkilir.

Ölkə başçısı tərəfindən qəbul edilmiş Dövlət Proqramının əsas məqsədlərindən biri də regionların sosial-iqtisadi inkişafına nail olmaqla yerli əhalinin məşğulluğunu təmin etməkdən ibarətdir. Fəxrlə deyə bilərik ki, bu baxımdan da Şərur rayonunda mühüm tədbirlər həyata keçirilir.

Bəli, bu gün Azərbaycanımızın hər bir regionu kimi, muxtar respublikanın da bütün rayonlarında, o cümlədən də qədim oğuz-türk yurdu olan Şərur bölgəsində aparılan genişhəcimli tikinti-quruculuq, abadlıq tədbirləri bu qədim diyarın da simasını tanınmaz dərəcədə dəyişib. Bu isə yerli əhalinin gün-güzəranını, yaşayış səviyyəsini daha da yaxşılaşdıraraq, onlarda Vətənə, torpağa olan sevgini, eləcə də el-obaya olan bağlılığını daha da artırıb.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2010.- 22 iyun.- S.4.