Suzen Dark və ya məhəbbət
piri
( Əvvəli ötən saylarımızda)
Qaxay kəndi bu tərəflərdə
çox məşhur
olan iki pirin arasında yerləşirdi. Seyid Şah Mərdan
qəzəbli pir sayılırdı. Ətrafında qəbiristanlıq salınmışdı.
Pirin qəzəbindən
qorxduqlarına görə
ziyarətçisi az olurdu. Amma Veysəl Qara hər zaman ziyarətçisi bol olan bir pir
idi. Veysəlqarada qalın bir
meşəlik yaranmışdı.
Burada Qaxay, Seyidlər, Pıçaqçı
kəndlərinin qəbiristanlığı
sayılırdı.
Bu kəndlərin qocaları
danışırlar ki,
gecələr bu iki pirdən bir-birinə məşəl
kimi quyruqlu alov uçduğunu görənlər olub. Payız gələndə
rayon mərkəzində Qaxay
adlı kəndin olduğu unudulurdu. Ən yaxın rayon mərkəzinə
qırx kilometr idi. Bir yolu vardı,
o da Kürün bəndinə çatınca
uzun bir şoranlıqdan keçirdi.
Yağış yağanda şoranın
saqqız kimi palçığı adamın
ayağında nəyi
varsa zorla çəkib çıxartmasa
əl çəkməzdi.
Qaxayda payız gələndən
mürgülü günlər
başlayırdı. Evlərin balaca
pəncərələrində zəif sarı işıqlar mürgüləyirdi.
Buxarılardan qalxan mürgülü
boz tüstülər
havada uzanıb yatırdı. Tövlədə mürgülü camışlar
gündüz yediyinin kövşəyini gətirirdi.
Üstündə tək-tük sarı
yarpaqları qalmış
ağaclar yatmaq üçün soyunmuşdular.
Səhər xoruzların səsi
kəndin yuxusunu qaçıranda kəndin
uşaqları da xoruzlara qoşulub qışqırışırdı. “Kəndə dəli
gəlib, kəndə
dəli gəlib” –bu, kino teatr,
sirk sözündən
də maraqlı səslənirdi. Sən demə
bu yuxulu həyətlərdə maldan-qaradan,
qoyun-quzudan, yalan olmasın, toyuq-cücədən
çox uşaq varmış. Kəndin ortasında
uca boylu, enli kürək, ayaqyalın dizə kimi palçığa batmış saç-saqqal
basmış bir oğlan vardı. Uşaqları görüb özü
də uşaq kimi sevindi.
– Hanı,
hanı? –uşaqlardan
soruşdu.
– Kim?
– Süsən
doxdur –heç kəsdən səs çıxmadı –qırmızı
donu var. Bura gəlib.
Uşaqların biri çiynini çəkdi, biri “bilmirəm” dedi, biri “görməmişəm”,
“bura gəlməyib”. Gözləri
iki qara muncuq kimi oynayan
balaca bir uşaq:
– Mən
bilirəm –dedi.
Ağasəf onun qarşısında diz çökdü, əllərini
ona uzatdı:
– De da,
de, nə olar, de!
– Oyna, deyim.
– Yaxşı,
yaxşı, oynayaram.
Amma de.
Kimsə dedi ki:
– Ə, ləyən gətirin çalaq, oynasın.
Bu vaxt kolxozun sədri
yanında iki nəfər özünü
yetirdi.
– Bu nədi,
ay uşaq?!
Uşaqların bəzisi qaçdı, bəzi dayanıb nələr olacağını
gözləyirdi. Yenə o balaca irəli
çıxdı.
– Kəndə
dəli gəlib, Süsən doxduru soruşur.
– Salam, dayı,
dəymə indi oynayacayam.
– Yaxşı,
yaxşı, oynasın!
Oynasın. Mən indi gəlirəm
– ordan aralandı.
Yanındakılardan biri
onun yanınca az qala yüyürə-yüyürə soruşdu:
– Sədr
neyləyək? De nə lazımsa eləyək.
– Hürkütməyin,
bu elə belə şey deyil. Mən sovet sədri
Moluşa zəng eliyim. O da lazımı yerlərə
məlumat versin. Bu elə belə
işə oxşamır.
Ə bu boyda-buxunda
dəli olar. Amerkan şipiyonu-zad olar ey...Siz başını
qatın.
Bir azdan sonra ləyən səsi, mahnı səsi, əl çalanların, ay can-ay can deyənlərin
səsi kəndi başına götürmüşdü.
Ağasəf ömrü
boyu oynamağa həsrət qalmış
adam kimi
ürəkdən oynayırdı.
Süsən də yaddan
çıxmışdı. Uşaqlardan bir neçəsi də ona qoşulmuşdu.
Bir qulağında telefonun dəstəyi olsa da, sədrin
o biri qulağı bir tanış
zil səsi eşitdi.
Yaşıl çəmən,
göy tala,
Qu döşəyə
oxşayır
Sədrimizin bığları
Bənövşəyə oxşayır.
– Tfu...köpək qızı, yaxşı görərsən!..
lll
O illərdə kənddə rayon mərkəzinə bazar deyirdilər. Kənddən zənbilini əlinə alıb qapıdan çıxan “bazara” gedirəm deyirdi. Heç kəs şəhərə, rayon mərkəzinə gedirəm demirdi. Kənddən bazara satmağa meyvə, göy-göyərti, ağartı, yəni süd, qatıq, yağ, qoyun-quzu, mal-qara aparırdılar. Bunlar dörd yandan gələn qan damarı yollarla rayonun ürəyinə – mərkəzinə gəlirdi. Elə həmin ürəkdən, həmin yollarla çay, qənd, lampa, lazım olan hər şeylə yanaşı, xəbərlər, yeniliklər, şaiyələr də kəndlərə də yayılırdı. Odur ki, rayon mərkəzi rayonun ürəyi olsa da, “bazar” adlanırdı. Kəndçi ona ürək yox, bazar deyirdi. Həmin o bazardan çayın, duzun, qəndin arasında gələn xəbərlər də yeni can kimi kəndə canlanma gətirirdi. Xəbərlər arasında Sarıqayalı Qəfər müəllimin dayısı nəvəsinin havalanıb gecəylə gedib Qaxay kəndinə çıxması birinci yerdə idi. Təkbaşına gecənin qaranlığında qırx kilometr yolu şoran düzəndən, qalın meşədən keçib necə gedib? Kəndin uşaqları oğlanı ləyən çalıb ortada ayı kimi oynadırlarmış. Moruqlu kəndinə Süsən xanımın gəldiyi iki gün idi. Bu söhbəti də qulağı çalmışdı. Amma özünü o yerə qoymurdu. Yəni bu deyilənlərin buna heç bir aidiyyəti yoxdur. Qolunu tikan cızmış bir gəlin qolunu sarıtdırmaq üçün Süsənin yanına gəldi. Süsən onun yarasına yod çəkib sarığı qoyana kimi bazardan alış-verişdən gəldiyini və orda eşitdiyi əhvalatı Süsənə danışdı. Gəlin görəndə ki, Süsən məhəl qoymur:
– Dəli deyirmiş Süsən doxduru axtarır – dedi, Süsənə diqqətlə baxdı. Süsən bu söhbətə yenə məhəl qoymadı, işini görüb qurtardı. Oturub mat-məəttəl ona baxan gəlini stulda qoyub çantasını götürdü. Onun üçün kirayəyə tutulmuş evə getdi. Yol boyu ürəyində “Allahım, bu qədər qəddarlıq insanların ürəyində hardandı? Axı, bədbəxtlərin faciəsindən necə həzz alır bunlar?”.
Evə gəlib çarpayıya uzandı. Gözünün qabağına o boylu-buxunlu, yaraşıqlı Ağasəf gəldi. Sonra uzaq bir kənddə uşaqların ləyən çalıb onu oynatmasını təsəvvür etdi. Ürəyi ağrıdı.
– Uff Allah –ağladı –adam nə günə düşərmiş. Uşaqdı, əməllibaşlı uşaqdı. Nə görüb axı –birdən tələm-tələsik gözlərini sildi –mən niyə ağlayıram? Onu sevirdim? Yox, yox, yox, bir əlcə uşaqdı. Qardaşımdı? Yox! Qohumumdu? Yox! O da mənim kimi yetimdi. Yox, onun Qəfər müəllim kimi qohumu var. Onun kəndi var. Mənim nəyim var? Arxamda türməm, yanımda bir manatlıq Mustafa. İnsanların içi nifrətlə doludu. Daşa da, quşa da, ağaca da nifrət eləyirlər. Bir-birini sancmaqdan həzz alırlar. Niyə? Kim daha çox sancar, kim daha bərk ağrıdar yarışı gedir. O mələk sifətli gəlinin içindən canavar dişlərini qıcıdıb mənə baxırdı. Onun ürəyində mənə deyiləsi daha ağır sözləri vardı. Bunun üçün məndən bir kobud cavab gözləyirdi ki, özünü haqlı sayıb açılıb içinin xıltını, zir-zibilini boşaltsın. Gedib evdə üstündən bir çay içsin. Ərini qucaqlayıb ürək rahatlığı ilə yatsın. Mən özüm guya yaxşıyam. Mən neyləyə bilərdim axı? düşdüyüm vəziyyətdə ən doğru yol bu idi. Bu cəzanı çəkib qurtarandan sonra ailə qurmağa, insan kimi yaşamağa, az da olsa, yenə bir ümidim var. Amma əxlaqsızlığın axırı yoxdu. O ömrüm boyu mənimlə gedəcəkdi. Yox, mənimki qəddarlıq deyildi, mən canımı, ömrümü xilas edirdim. Nəticə çox qəddar oldu. Bir adam ömürlük şikəst oldu. O niyə adam olur? Nə tez unutdun? Alçaq, vicdansız; o bir heyvan idi. Helələrinin ayağı altında tapdalanmaqdansa, Allahım, sənin ayağının altında rahatam, əz, tapda, sənin verdiyin əzablar ruhumu yuyur. Mənim özüm-özümlə davam sənin verdiyin cəzadı çəkirəm. Allahım, görünür, səndən hər birimizdə bir zərrə də var ki, adı vicdandı. Biz vicdanı susduranda, öldürəndə, Allahın zərrəsini öldürürük. Vicdansızlar çoxalsa, dünyanı Allahsız qoya bilərik. Eh, başımda min dərd var, gör mənim bu boş başım nə fikirləşir. Axmaq başın zülmünü bədən çəkər. Qarnına qoy cəzanı, çək!
lll
İştah diş altındadı. Əşrəfin yeni mövzuya, Süsənin axtarışına başı elə qarışmışdı birdən ayıldı ki, neçə gündür redaksiyaya getməyib. Redaktorla zəngləşdi, maraqlı bir hadisəni araşdırdığını, oxunaqlı bir materialın, olacağına söz verdi, vax istədi. O öz yaddaşında olan o dövrü tam bərpa etmişdi. Necə olub bu mövzu mənim ağlıma gəlməyib? Əslində, hər yazıçının mövzusu öz içindədi, öz ömrünün hansısa bir parçasıdı. Əşrəfin yadına nə vaxtsa eşitdiyi bir rəvayət düşdü. Qoyun doğmaq vaxtı gələndə örüşü gəzir, quzunun yeyə biləcəyi otun yanında doğur. Quzu isə doğulan kimi anasının köməyi ilə ayağa qalxır. Həmin otu tapmaq üçün ətrafı dolanır. Qoyun isə düşünür, qoy axtarsın, ayağı bərkiyir, yerişi düzəlir, axırda otu gəlib doğulduğu yerdə tapacaq. Biz də mövzunu kənarda axtarırıq. Halbuki mövzu bizim öz içimizdədi, yaddaşımızın bir parçasıdı. Onu yaddaşımızın arxivindən çıxarmasaq, varaqlara köçürməsək yaddaşımız bizimlə məzara gedəcək. Onu heç kəs, heç zaman bilməyəcək. Əşrəf bu günlər ərzində bir daha o illərə qayıtdı. Bəzi hadisələri indii daha aydın, daha hərtərəfli görürdü. Ağasəfi Qaxaydan gətirəndən sonra dəli olduğunu uşaqlı-böyüklü hamı bilirdi. Hamı onu qorumağı öz işi sayırdı. Elə bil Ağasəf də nəzarət altında olduğunu hiss edirdi. Yola çıxmağa, hara isə getməyə heç cəhd də göstərmirdi. Kəndin sakit gecələrində Ağasəfin oxuduğu mənasız sözlərin arasındakı ağrını, iniltini kəndin itləri də duyur, onun səsinə səs verib hürürdülər. Bəziləri isə üzünü göyə tutub ulayırdı. Uşaqlar, yeniyetmələr Ağasəfin dərdini, ağrısını canında hiss eləyirdilər, yuxuları qaçırdı, uzun müddət sonra yenidən yuxuya gedincə mahnını dinləyirdilər. Hələ deyəsən yuxuda da bir müddət onun səsini eşidirdilər. O uşaqlardan biri də Əşrəf idi. Məktəbdəki görüşdən sonra xeyli ürəkləndi. Əşrəfin mövzuya marağı birə beş artdı. Mövzuya dedektiv elementi gətirmək üçün Süsənin valideynlərinin kim olduğunu öyrənməyi qarşısına məqsəd qoydu. Əlbət ki, Süsəni məktəbə verən yetimlər evinə getmək lazım idi. Ünvanı tapdı. Müdir gülər üzlü, mülayim xasiyyətli, əlli-əlli beş yaşında bir kişi idi. Çox səmimi qarşıladı. Mehribanlıqla Əşrəfin qoluna girib kabinetinə apardı.
– Yaxşı igidin, deyiblər, adını eşit, üzünü görmə. Adınızı eşitmişdim, üzünüzü də gördüm, şad oldum. Adım Həsənağadı.
– Bilirəm, danışmışdıq. Mənim də adım...
– Əşrəf müəllimsiz, bilirəm, çox yox, bir-iki sanballı məqalənizi oxumuşam. Xeyirdimi?
Əşrəf söhbəti uzatmaq istəmədi. Gəlişinin səbəbini açıb dedi. Yardım istədi. Həsənağa bir az məyyus olsa da, üzə vurmadı. O elə bilmişdi ki, Əşrəf yetimlər evi haqqında məqalə yazacaq, o da öz problemlərindən ürək dolusu danışacaq. Əşrəf hiss elədi, söz Verdi.
– Söz verirəm, bura xüsusi gələcəyəm. Bilirəm, problemləriniz çoxdu. Mən başladığım işi yarımçıq qoyan deyiləm, gəlib burda ilişmişəm. Bunu açmasam mümkün deyil.
Həsənağa fikrə getdi, elə bil nədə isə tərəddüt edirdi.
–Vallah, nə deyim. Çox, üstündən çox keçib. Sənədlər verilib arxivə...
– Həsənağa
müəllim, siz mənim ürəyimə
yatmısız. Arada sizin adınız olmayacaq. Kömək eləyin,
borclu qalmaram.
– Əşi ayıb sözdü. Əslində mən bilmirəm.
Mən bura sonra gəlmişəm.
Müdir
müavini olmuşam.
Mən sizə Gülzar xanımın ünvanını,
telefonunu verə bilərəm. Təqaüddədi. Əvvəlki müdirdi. Canlı tarixdi.
Lap curnalları tapsaq da orda başqa
söz yazılmış
ola bilər.
Amma iişin əslini Gülzar xanım bilir. Mütləq bilir. “Bilmirəm” desə də, inanma. Yaman arvaddı, bura götürdüyü bütün
uşaqların əslini-kökünü
təmiz bilir. Yadında da saxlayır. Amma curnala, anketə nə yazıb o başqa məsələdi.
Yaşlı adamdı, amma
hələ sağ-salamatdı,
bir şey olsa, mən bilərdim. Əşrəf
başa düşdü,
bu o demək idi bir az tələs.
(Ardı var)
Fikrət QOCA
525-ci qəzet.- 2010.-
24 iyun.- S.7.