İqtisad elminin fədaisi

 

Azərbaycan xalqının dünya elminə bəxş etdiyi alimlər sırasında Ziyad Səmədzadə adlı bir parlaq ulduz da vardır. O, bu gün vətənində və onun sərhədlərindən çox-çox uzaqlarda akademik, elmlər doktoru, professor, böyük alim, nüfuzlu şəxsiyyət, geniş dünyagörüşlü insan kimi tanınır. Ziyad müəllim bu şərəfi, şöhrəti hər bir ölkənin davamlı inkişafının, xalqın sosial rifah halının yüksəldilməsinin özülündə duran iqtisadi elmlər sahəsində uzunillik elmi və praktiki fəaliyyəti, yorulmaz zəhməti, dərin savadı, geniş intellektinə görə qazanmışdır. Gənc yaşlarından öz taleyini, gələcəyini iqtisad elmi ilə bağlamış alim ömrü boyu bu elm sahəsinə sadiq qalmışdır. Möhkəm iradəsi, əqidə saflığı, seçdiyi elmə və ixtisasına sədaqəti bu görkəmli alimi əldə etdiyi yüksək nəticələrə gətirmişdir.

Ziyad Səmədzadə 1961-cı ildə fərqlənmə diplomu ilə Dövlət Universitetinin İqtisad fakültəsini, sonra isə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda aspiranturanı bitirir və namizədlik dissertasiyasını müdafiə edir. Lakin o, öz elmi tədqiqatlarını yarımçıq qoyaraq gərgin əməyi sayəsində həmin dövr üçün fövqəl bir hal kimi, 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsini alır və nəinki vətənində, həm də nəhəng sovetlər ölkəsində bu sahədə ilk elmlər doktoru, sonra professor adına layiq görülür. 40 yaşında Ziyad müəllim artıq Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, daha sonra həqiqi üzvü seçilir.

Bu yüksək zirvələri fəth etməyin arxasında onun ardıcıl dərin elmi araşdırmaları, ağır zəhməti, gərgin əməyi durur. Alim əməyinin bəhrəsi isə onun bənzərsiz, fundamental elmi əsərləridir. Bu baxımdan da bir elm adamı kimi, Ziyad müəllim öz məhsuldarlığı ilə fərqlənir. Heç də hər bir alimə 500-dən çox əsərin müəllifi olmaq nəsib olmur. Diqqəti cəlb edən odur ki, bu əsərlərin əksəriyyətini monoqrafiyalar təşkil edir. Onun tədqiqatlarının böyük qismi vətənimiz Azərbaycanın, onun paytaxtı Bakı şəhərinin, həmçinin müxtəlif regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır.

Seçdiyi obyektdən asılı olmayaraq, onun tədqiqatları hərtərəfli, çoxşaxəli, kompleks xarakter daşıyır, retrospektiv baxış, sistemli analiz, habelə araşdırdığı problemin perspektivi, gələcəyi ilə bağlı dəyərli tövsiyələri ilə nəticələnir.

Alimin tövsiyələri bir qayda olaraq, çoxsaylı qanunların, inkişaf konsepsiyalarının, konkret dövlət proqramlarının praktiki tətbiqini tapır. Zənnimcə, məhz bu xüsusiyyət – fundamental tədqiqatların nəticələrinin həyatda gerçəkləşməsi təcrübəsi ilə vəhdət təşkil etməsi Ziyad müəllimin fəaliyyətini fərqləndirən, ona xüsusi ağır çəki verən məziyyətlərdəndir ki, bu, heç də hər alimə nəsib olmur.

Bunun ən bariz təsdiqini Azərbaycan iqtisadiyyatının hər dövrünün xüsusiyyətlərinə həssas yanaşmaqla, Ziyad müəllimin verdiyi proqnozlar da nəzərə alınmaqla stresslərə, böhranlara məruz qalmadan dinamik, ardıcıl, yüksələn xətlə davamlı inkişafında görmək çətin deyil.

Təbii ki, elmin gələcəyini düşünən alim yüksək ixtisaslı kadrların hazırlanmasından da kənarda qala bilməzdi.

Onun zəngin innovativ ideyalar bulağından bəhrələnən elmi məktəbinin tələbələri 47 namizədlik dissertasiyası müdafiə etmiş və məsləhətçisi olduğu 7 alim iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Bununla yanaşı, Ziyad müəllim ictimai həyatda da fəal iştirak edir, iqtisadçıların bir sıra milli və beynəlxalq elmi-praktiki qurumlarının üzvüdür. O, keçmiş SSRİ İqtisadçıları Elmi Cəmiyyətinin sədri olmuş, hazırda bir neçə nüfuzlu Beynəlxalq Akademiyanın həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir.

Z.Səmədzadə öz genişmiqayıslı tədqiqatları ilə XX əsrin ikinci yarısında Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə mühüm töhfə vermişdir. 2004-ci ildə ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, “Böyük yolun mərhələləri: Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər” adlı kitabı (rus dilində) çapdan çıxmışdır. Görkəmli iqtisadçı-alimlərin, mütəxəssislərin, o cümlədən SSRİ Dövlət Plan Komitəsinin keçmiş sədri N.Baybakovun rəyləri sübut edir ki, həqiqətən, Səmədzadənin yeni kitabını bir çox müddəaların və nəticələrin məlumatlılığı və əsasına görə yarım əsrdə Azərbaycanın iqtisadi inkişaf probleməri üzrə əsl ensiklopedik əsər kimi xarakterizə etmək olar. Cəsarətlə demək olar ki, bu əsər Azərbaycanın müasir iqtisadiyyatı və tarixi üzrə mühüm elmi tədqiqatlar arasında layiqli yerini tutacaq.  

Ziyad Səmədzadə 40-dan çox ölkədə olmuşdur. Bəzilərində isə bir dəfə yox, bir neçə dəfə.

Mənə də Ziyad müəllimlə xarici səfərdə olmaq nəsib olub. Bu, İtaliyanın Florensiya şəhərində uşaq hüquqları üzrə məşhur İnnoçenti mərkəzində uşaq hüquqlarının nəzəri və praktiki aspektləri ilə tanışlıq məqsədilə Azərbaycandan üç millət vəkili, Ombudsman və UNİCEF-in ölkə üzrə nümayəndəliyinin rəhbərindən ibarət nümayəndə heyəti üçün təşkil olunmuş üç günlük səfər idi. Burada mən onun böyük işgüzarlığının şahidi oldum. Səfərin nəticəsi olaraq, Z.Səmədzadənin uşaqların mənafeyinə xidmət edən yeni normativ hüquqi aktlarda öz əksini tapması üçün UNİCEF-ə, ölkə Parlamentinə verdiyi səmərəli təkliflər müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdir.

Fikrimcə, Ziyad Səmədzadənin xarici səfərlərinin məhsuldarlığından danışarkən, bəlkə də bunların ən önəmlisi Çin səfərlərinin nəticələri olmuşdur. Məhz bu səfərlər nəticəsində onun əsərləri sırasında xüsusi əhəmiyyət kəsb edən fundamental – Çin iqtisadiyyatı barədə monoqrafiyası ərsəyə gəlmişdir. Bu kitabların birinin (“Çin qlobal dünya iqtisadiyyatında”) təqdimatında iştirak edən zaman mən iqtisadiyyat elmi sahəsində tanınmış alimlərin, zəngin təcrübəyə malik mütəxəssislərin, Çin dövlətinin ölkəmizdəki səfirinin həmin əsər haqqında rəylərini eşitdikcə düşünürdüm ki, alim üçün yaranmasına ömür payı sərf etdiyi əsərinin belə yüksək dəyərləndirilməsindən böyük xoşbəxtlik ola bilməz.

Mən ürəkdən inanıram ki, Ziyad müəllim öz zəkası ilə hələ çox belə əsərlər yaradacaq, oxucularını sevindirəcək, dünya fikir xəzinəsinə öz töhfələrini verəcəkdir.

“Çin möcüzəsi” adlandırdığı bu səfərdən aldığı təəssüratlar monoqrafiyada elmi cəhətdən işıqlandırılmış, bu ecazkar ölkənin bir çox xüsusiyyətləri Azərbaycan oxucusuna sadə dildə təqdim olunmuşdur.

Mənə belə gəlir ki, “Çin” əsəri Ziyad müəllimin yaratdığı elmi monoqrafiyalar sırasında onun Şah əsəridir. Belə fundamental əsəri məhz fundamental elmi düşüncəyə malik alim ərsəyə gətirə bilərdi və həmin kitabı yazmaqla Ziyad müəllim bir daha özünün yalnız yüksək elmi dərəcələrini yox, həm də dərin analitik düşüncəyə, alimlik təfəkkürünə malik olduğunu təsdiqlədi.

Hazırda həmin kitab artıq bir neçə dilə tərcümə edilir. Çin dövlətinin bir fenomen kimi, məziyyətlərinin öyrənilməsinin bütün dünya ölkələrinin diqqət mərkəzində olduğunu nəzərə alaraq, bu kitab hələ bir neçə dilə də tərcümə olunacaqdır.

Ziyad Səmədzadənin həyatının, ömrünün əsas leytmotivi, şübhəsiz ki, fundamental elmi araşdırmalar olsa da, onun hüdudsuz, çoxsahəli istedadının başqa tərəfləri də cəlbedicidir. Bunlardan biri də onun böyük təşkilatçılıq qabiliyyətidir. Geniş diapazonlu fəaliyyətində müxtəlif dövrlərdə müxtəlif rəhbər vəzifələrdə çalışsa da, o, öz professionallığı ilə yanaşı, həm də bir vətəndaş kimi məsuliyyət nümayiş etdirmiş, bu vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gəlmişdir.

Ziyad müəllim 1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İnstitutunda birbaşa elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş və artıq rəhbər vəzifələrə öz cığırını açmışdır.

Təkcə 1983-1993 onilliyi (dekadası) çərçivəsində o, Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan İqtisad Komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır.

Bu siyahı onun kifayət qədər möhtəşəm bir həyat sürdüyünə dəlalət edir. Çalışdığı vəzifələr isə nə qədər yüksək, rəngarəng olsa da, Ziyad müəllim onların nəbzini tutaraq, zamana uyğun təkliflər vermək bacarığını və təşkilatçılıq istedadını təsdiqləmişdir.

Z.Səmədzadə taleyüklü problemlərin elmi tədqiqi və həllində bilavasitə iştirak etmişdir. Bunlardan təkcə birini respublikamızın iqtisadi müstəqillik konsepsiyasının və müvafiq qanun layihəsinin hazırlanmasını, Müstəqillik Aktının qəbul edilməsini vurğulamaq istərdim.

Yeni iqtisadi sistemə keçid dövründə Ziyad müəllimin elmi əsərləri, iqtisadiyyatın dirçəldilməsi və inkişafı üzrə irəli sürdüyü ideyalar, fikirlər keçid dövrünə xas olan mümkün fəsadların qarşısını almağa və azad sahibkarlığın inkişafına yönəlmişdir.

Ziyad müəllim 2005-ci ildə Milli Məclisin III çağırışının millət vəkili seçilmişdir. O, İqtisadi Siyasət Komitəsinin sədri kimi də yorulmaz, səmərəli fəaliyyət göstərir, seçiciləri ilə görüşür, tövsiyələrini təhlil edir, qanunvericiliyin təkmilləşməsinə yönəldir. Onun bu fəaliyyəti insan amili, insan hüquqlarının təmininə xidmət edir.

Ziyad müəllimin yalnız elmi, təşkilatçılıq, idarəçilik fəaliyyəti, millət vəkili kimi gördüyü işlər barədə söyləsək, onun bir şəxsiyyət kimi portreti natamam olardı. O, sözün əsl mənasında hərtərəfli insandır. Tariximizə, ədəbiyyatımıza, musiqimizə, incəsənətimizə olan xüsusi həvəsi və marağı onu fərqləndirən keyfiyyətlərdəndir. O, tar çalanda bu xalq çalğı alətimizi sanki dilləndirir və bu ifa onu dinləyənləri duyğulandırmaya bilməz. Mənə elə gəlir ki, onun qızı, sevimli bəstəkarımız Aygün xanımın özünəməxsus istedadı da bu bulaqdan su içmiş, bəhrələnmişdir.

Ziyad müəllim haqqında çox danışmaq olar. Onun 70 illik ömrünün hər ili mənalı fəaliyyəti ilə fərqlənir, yadda qalır. Onun haqqında yazılan fikirləri, deyilən sözləri asanlıqla ümumi məxrəcə gətirmək olar: böyük alim, böyük təşkilatçı, böyük ziyalı, bir sözlə, böyük insan, böyük şəxsiyyət, mənalı ömür sahibi. Belə xüsusiyyətlər ayrı-ayrılıqda və toplumda hər bir bəşər övladının qisməti olmur. Ziyad müəllim elə sayılıb-seçilənlərdəndir ki, ən yüksək insani keyfiyyətlər zirvəsini fəth etmişdir. Ona möhkəm cansağlığı, diləklərini, ideyalarını, planlarını həyata keçirmək üçün lazımi qədər uzun ömür arzulayıram.

 

 

Elmira SÜLEYMANOVA,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

525-ci qəzet.- 2010.- 25 iyun.- S.4.