Papaq ömrü

 

Atam Mikayıl Mirzənin ruhuna ithaf olunur

 

Sadiq kişi üç il olardı ki dünyasını dəyişmişdi. Üç il olardı ki, onun ayaq döydüyü yerlər, oturduğu kreslosu, masası, masa üzərində yazdığı qələmi, bloknotu, yatdığı çarpayısı, şkafdakı geyindiyi bahalı kostyumları, qalstukları, köynəkləri, ayaqqabıları, rəfdəki maraqlı kitabları, divardan asılmış xalçanın üzərindəki beşatılanı, yanındakı buxara papağı və başqa əşyaları onun üçün yaman qəribsəmişdi.

Kişi rəhmətə gedəndən sonra qohumlar, tanış-bilişlər bu əşyaları xatirə olaraq həyat yoldaşından istəsələr də, oğlu Polad buna icazə verməmişdi. Birincisi ona görə ki, Polad atasının hənirini bu əşyalardan alırdı. İkincisi fikirləşirdi ki, atası ilə bağlı nə vaxtsa muzey təşkil etmək fikri olarsa, bu əşyalar ona kömək etmiş olardı. Polad bir çox yerli və xaricə səfərləri zamanı muzeylərdə olmuşdu. O neçə illərdən bəri qorunub saxlanmış ləvazimatların saxlanma şəraiti ilə də tanış olmuşdu. Muzey sahibləri belə bir sirr açıb bildirmişlər ki, bir çox hallarda əşyaları restavrasiya etmək mümkün olmadıqda, həmin əşyalardan eynilə yenidən sifariş edilirsahibinin orijinal ləvazimatı və ya paltarı kimi təqdim edilir. Üçüncüsü, o da ağlına gəlirdi ki, nə vaxtsa çəkidə artıb, ətə-qana gəlib bu paltarları özü geyəcəkdi. Poladın isə çəkisi nə artmırdı, nə də azalmırdı. Elə uşaqlığından arıq idi. Amma atasının bir neçə əşyası var idi ki, ondan indinin özündə istifadə edə bilirdi. Bu əşyalardan bir neçəsi atasının qızıl uclu qələmi, qızıl saatı, qızıl üzüyü, təsbehi və Buxara papağı idi. Polad illah da yay mövsümündən başqa bütün fəsillərdə başına atasının Buxara papağını qoyub çölə çıxırdı. Başında papaqla atasının məzarını ziyarət eləməyə gedər və bununla da sanki atasının ruhuna hiss etdirmək istəyirdi ki, papaq yiyəsiz deyil və layiqincə qorunur. İsti yay aylarında isə papağın içinə tütünya naftalin qoyub əvvəlki yerindən-xalçanın üstündən asardı. Papaq həm də ona atasının yoxluğu barədə təsəlli verirdi. O bu papaqla təklikdə danışır və elə hiss edirdi ki atası yanındadır. Hərdən atasının iyini almaq istədikdə papağın içini iyləyərdi də.

Yaşına görə buxara papaq Poladı yaşlı göstərsə də və şəhərin müasir növ gəncləri, cavanları ona istehza ilə baxsalar da Polad buna əhəmiyyət vermirdi. Bu görkəmdə dostları yarıciddi-yarızarafat Polada ya molla deyərdilər, ya da Çeçen adlandırardılar. Polad onları başa sala bilmirdi ki, el içində Buxara papaq, qaragül kimi adlanan papaq azərbaycanlıların milli papağıdır. Qədimdə kişilərin baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar olmuşdur. Kepka, şlyapa, panama, silindir isə sonradan dəb düşüb. Amma nədənsə Poladın cəhdləri boşuna idi. Gənclər hələ də milli geyimə-papağa münasibətdə bişməmişdilər. Ona görə də heç kəsi inandırmağa cəhd də göstərmirdi. Təki özünə xoş gəlsin. Amma özünün yaman xoşuna gəlirdi. Hərdən dayanıb güzgüdə özünə baxanda haradasa özünü atasına da bənzədirdi. Formaca dairəvi və yeddi barmaq hündürlüyündə olan papaq Poladın hündür olan boyunu bir qədər də hündür edirdi. Bu papaqla uzaqdan qohumlaraya atasının dostlarına sarı addımlayanda “lap rəhmətliyi xatırladırsan” kəlməsini eşidərdi. Bu onun ürəyinə yağ kimi yayılardı. Atasına oxşamaq, onun yerişini yerimək, onun kimi mərd, əliaçıq, kişi xasiyyətli olmaq Polad üçün təsəlli idi. Polad hətta bu papaqla bir portret də çəkdirib qoymuşdu evdə şkafın gözünə. Anası zarafata salıb “Sənin bu portretinQaynana” filmindəki Məşədi Kazımın şəklinə oxşayır” deyərdi və hər ikisi gülüşərdilər. Amma bu gülüş anasının üzündə ani olaraq kədərlə əvəz olunardı və dərindən ah çəkib “zarafat edirəm, oğul, xoşuna gəlirsə, qoy başına, atanın da ruhu şad olar” deyərdi. Sonra da əlavə edibAtan zövqlü kişi idi. Bir şey ona yaraşmasaydı, onda məna görməsəydi, o şeydən yararlanmazdı. Papaq başqalarına nisbətdə kişiyə çox yaraşırdı. Həm xasiyyətinə, həm xarakterinə, həm ağalığına, həm hökmlülüyünə, həm də çal saqqalına. Elə papağı da saqqalı kimi ağ-qara saçların qatışığından yaranan gümüşü rəngə çalır, ağla-qaranın gümüşü ansamblını yaradıb ona xüsusi yaraşıq verirdi” deyərdi.

Doğrudan da Sadiq kişi bu papağı əslən özbəkistanlı olan və dərini də oradan gətirdən Əlişir adlı qocaman bir kişiyə iyirmi il öncə sifariş etmişdi. O zaman Poladın on yaşı olardı. Atası təbii naxışı olan bu papağın dərisini neçəsinin içindən seçmişdi. Papaqçı duymuşdu ki, Sadiq kişinin dəridən başı çıxır, ona görə də ona ürəyi istəyən papaq tikmişdi və “mən hər adama belə papaq tikmirəm haa, onun qədrini bilənə tikirəm” demişdi.

Papaq Poladdan on yaş kiçik, Polad papaqdan on yaş böyük olsa da, papaq Poladdan daha çox təcrübəli və həyat sınağından keçmişdi. Papaq Sadiq kişinin iyirmi illik mübarizə məsləkdaşı olmuşdu. Onunla hər yerə getmişdi. Şərdə, xeyirdə hər zaman onunla olmuşdu. Çoxlu söhbətlər eşitmişdi, meydan hərəkatında iştirak etmişdi, 90-cı ilin Qanlı Yanvarını görmüşdü, Xocalı harayına qəzəb püskürmüşdü, torpaqların işğalına qarşı kəsərli ittihamlı çıxışlara diqqət kəsilmişdi, haqsızlıq görmüşdü, hakimiyyət dəyişikliklərinin şahidinə çevrilmişdi, satqınlar ordusunu görmüşdü, neçə-neçə ziyalıların iştirakı ilə ədəbi-bədii gecələrin iştirakçısı olmuşdu, ali kürsülərdə alqışlar eşitmişdi, çovğuna, yağışa, borana düşmüşdü, katiblərnən, neçə-neçə vəzifə sahibləriynən, hətta dövlət rəhbəriynən yanaşı dayanmışdı, Milli Məclisin kürsüsündə boy göstərmişdi, sahibinin ürək ağrılarına şərik çıxmışdı, bəzən şəfa evində sistem altında olan Sadiq kişinin sağalmasını həyəcanla gözləmişdi. Bir sözlə böyük və şərəfli həyat yolu keçmişdi amma heç vaxt nə əzilmişdi, nə başdan yerə düşmüşdü, nə də didilib köhnəlmişdi. İsti yay aylarında Sadiq kişi onu başına qoymayanda qayğısına qalar, güvə yeməsin deyə içinə siqaret tütünüya mixəyin qönçəsini cuna kisəyə doldurub içinə qoyardı. Yağışdan islanmış papağın dərisi xarab olmasın deyə üzərində yüngülcə çubuqla gəzdirərdi, bir sözlə papağa cəsarət, ləyaqət, şərəf rəmzi kimi baxıb qulluq edərdi, sədaqət göstərərdi.

Atasının vəfatından sonra Polad ailə həyatı qurub öz evinə köçdü və papağı da ata evindən öz evinə apardı. Günlərin birində Polad xaricdə işləmək üçün üç illiyinə başqa ölkəyə ezam edildi. Atasının üz qoyduğu torpaqdan, anasından, qohum-əqrəbalarından, tanış-bilişindən ayrılmaq Polada ağır gəlsə də vəzifə borcu bunu tələb edirdi. Atasının məzarını üç il ziyarət edə bilməməsi Polada olduqca ağır gəlirdi. Səfərdən bir gün əvvəl, başında Buxara papaq atasının məzarını ziyarətə getdi. Molla Quran oxuyub fatehə verəndən sonra Poladın başındakı papağa baxıb:

Oğul Allah yolunu açıq eləsin, sağ-salamat qayıdasan. Atandan narahat olma. Səliqə-sahmana özüm baxacam, ağacları da sulayacam, hər cümə axşamı Quran da oxuyacam. Sənin atan elə-belə kişi olmayıb. Yetənə çox yaxşılıqlar edib, dövlətimizə də sadiq olub. Amma bir xahişim var. O kişinin papağını mənə yadigar bağışla. Qoy elə papağı gözü qabağında olsun. Onsuz da sən isti ölkəyə gedirsən.

Bu gözlənilməz xahiş Poladı karıxdırdı. Qəhər onu boğdu. Əvvəl ürəyində papağı vermək qərarına gəlsə də, ani olaraq atasının daşdan yonulmuş heykəl baxışlarındakı zəhmi onu bu fikrindən daşındırdı. Utancaq baxışlarını yerə dikib:

– İncimə, molla əmi, amma ürəyim gəlmir. Atamnan yeganə təsəllidir mənə. Mən sənə onun əvəzində yenisini sifariş verərəm – dedi.

Ertəsi gün Polad papağın altına tütünnaftalin yığıb şkafın gözünə qoyub, əşyalarını götürüb evdən çıxdı.

Üç il olardı ki, Polad xaricdə ezamiyyətdə idi. Bu üç ildə Polad evdən müxtəlif xəbərlər eşitmişdi. Kimisi ailə qurmuşdu, kiminin uşağı olmuşdu, kimisi ali məktəbə girmişdi, kimisi əsgər getmişdi, kimisi varlanmışdı, kimisi işsiz gəzirdi, kimisi varını itirmişdi, kimisi xəstə düşmüşdü, atasının məzarı başındakı o nurani, yaşlı molla isə həyatdan köçmüşdü.

Polad artıq geriyə – vətənə qayıtmağa hazırlaşırdı. Evdəkilər telefonla söhbət zamanı bu münasibətlə Poladgilin qaldığı neçə illərdən bəri toz basmış evin təmizlik işləri ilə məşğul olduqlarını bildirmişdilər. Üç il olardı ki, Polad vətəndən, anasından, atasının məzarından və papaqdan ayrı düşmüşdü. Amma yaşadığı ölkə isti olsa da hərdən papaq qoymaq üçün yaman darıxırdı. Atasının saçlarının iyi üçün darıxırdı. Darıxanda özü ilə apardığı atasının buxara papaqlı şəklinə baxıb kövrəlir, fikrə dalırdı. Bu papaq kişiyə yaman yaraşırdı. Bu papaq yalan sevməzdi, mərdliyə örnək idi, gördüyü səxavət idi, qohumcanlılıq idi, qayğıkeşlik idi, saf əqidə idi, sədaqət idi.

Poladı yuxuda ikən bu fikirlərdən aramsız telefon zəngi oyatdı. İşdən yorğun düşmüş Polad başını güclə qaldıraraq, gözləri yarı yuxulu halda əli ilə telefonu gəzərək tapdı, nömrə yerli olmadığından zəngin Bakıdan olduğunu yəqin edib həyəcanla düyməni basıb xırıltılı səslə “eşidirəm. bəli”-dedi.

Telefonun o başından Poladın qayınanası danışdı:

Alo, Polad, oğlum salam.

– Salam. Həə, sizsiz, Sədaqət xanım?

Mənəm. Necəsən?

Sağ olun, şükürlər olsun.

Evi yığışdırmağa gəlmişik, evlə birlikdə papaq da yaman gündədir. Güvə tamam yeyib onu, tullayaq?

Poladı bir anlığa qəhər boğdu. O hələ belə qəhərlənməmişdi. Hönkürməsin deyə qəhərini içinə boğdu. Gözləri doldu bir gilə yaş sağ yanağına süzüldü.(Hələ sağlığında atası Polada “sol yanaq ananındır, sağ yanaq mənimdeyib öpərdi onu) İndi ağlayan da atasının yanağı idi. Polad danışa bilmədiyi üçün telefonu söndürdü. Elə bil yenidən atasının ölüm xəbərini eşitmiş kimi yaman sarsılmışdı. Heç deyə bilmirdi. Bircə fikirləşdiyi bu oldu:

– Bu da papaq ömrü...

Cakarta, 12 iyun 2010

 

 

Mətin MİRZƏ

 

525-ci qəzet.- 2010.- 26 iyun.- S.28.