Suzen Dark və ya
məhəbbət piri
Əvvəli
ötən saylarımızda
Əşrəfə qapını Gülzar
xanımın nəvəsi açdı. Qız on beş
yaşında olardı. Əşrəf Gülzar xanıma bir
şokolad qutusu almışdı, bir dəstə
çiçək. Qutunu qıza verdi. Qız həvəslə
qutunu aldı.
– Xoş gəlmisiz.
– Sağ ol. Adın nədi?
– Gülzar.
– Deməli, balaca Gülzarsan.
– Balaca niyə oluram? Nənə, yazıçı gəldi.
– Qapıda saxlama, xoş gəlib.
– Gəlin.
– Ayaqqabımı çıxardım.
– Nənəm dedi ki, siz ayaqqabılı gələ bilərsiz.
Əşrəf ayaqqabısını
çıxartdı.
– Şapşap verim, geyin.
– Yox, belə yaxşıdı. İçəri
keçdi –Gülzar xanım çarpayıda oturmuşdu – Xəstə
olduğunuzu bilmirdim – gülləri Gülzar xanıma verdi –
Sizə zəhmət verdim.
– Yox, yox, xəstə deyiləm. Bu xəstəliyin
adı qocalıqdı. Xoş gəlmisən. Adamı qocaltmaq
istəyirsən, təqaüdə göndər. Ordan əyləş,
stulu çək. Hə, bax belə. Deyirəm durum ayağa,
durub neyləyəcəyəm? Qırx ildi bu binada
yaşayıram. Səhər gedib axşam yatmağa gəlmişəm.
Heç kəsi tanımıram. A bala, çay gətir. Bu nəvəm
olmasa, lap bağrım partlayardı. Saldım səni çənəmin
altına, aman vermədim sən də bir söz deyəsən.
Hansı qəzetdənsən dedin?
– “İrəli” qəzetidi.
– Hə, o iqtidar qəzetidi da...
– Bəli, iqtidar yönlüdü.
– Nə yazmaq istəyirsən? Gözümüz qorxub ey.
Şirin dillə danışdırır, sonra gedib
ağzına gələni döşüyür.
– Yox, Gülzar xanım mən, ümumiyyətlə,
yetimxana...
Gülzar xanım ciddi görkəm alıb onun
sözünü kəsdi.
– Yetimxana yox, uşaq evi. Biz sağıqsa, onlar niyə
yetim olur?
– Bağışlayın, haqlısız. Mən məqalə
yox, bu mövzuda kitab yazmaq istəyirəm. İstəyirəm
deyəndə, yazmışam. Sizin də haqqınızda orda
xeyli xoş gözlər var. Bu evdə böyüyənlərdən
bəziləri sonradan ad-san sahibi olub.
– Bəli, bəli. Qırx üç il bu vəzifədə
çalışdım. Əvvəl deyərdim mənə
bir Sosialist əməyi qəhrəmanı verərlər.
Gördüm yox, dedim yəqin bir orden verərlər, onu da
vermədilər. Dedim medal da olsa verərlər. Axırda məni
öz evimə istirahətə göndərdilər.
Acı-acı güldü – bu da mənim sağ olum.
– Sizin sağ olunuz o uşaqların sizə Gülzar ana
deməsidir.
– Hə, o var. Bir dəfə bir məclisdə təsadüfən
mənim böyüklü-balacalı on üç
uşağım üstümə qaçdı,
qucaqladılar, öpdulər. Yanımda oturan arvad dedi evin
tikilsin arvad, sənin doğmaqdan başqa peşən yox idi? Hə,
Azərbaycanın hər yerində mənim uşaqlarım
var. Amma mənə qalan bu balaca Gülzardı.
– Vay, çay qaynadı –Gülzar mətbəxə
qaçdı.
– Bu da, hə, qaçan yeri yoxdur, qaçmır.
– Gülzar xanım, mən bir-iki şeyi dəqiqləşdirmək
istəyirəm. O şeyləri ki, sizdən başqa mənə
onu heç kəs deməyəcək. Çünki heç
kəs bilmir.
– Soruş bala. Bilirəmsə, deyərəm.
– Sizdən peşə məktəbinə gəlmiş qəşəng,
qeyrətli bir qız milisi bıçaqlamışdı,
yadınızda olar.
– Yadımdadı. Hə, yadıma gəlir. O vaxt mən
də məhkəməyə o qız haqqında yaxşı
xasiyyətnamə vermişdim.
– Adı Süsən idi.
– Bəli, yoldan tapmışdılar. Familini də
Yolçuyeva yazdıq.
– Onları bilirəm. O qızın atasının,
anasının adını bilmək istəyirəm.
– Mən də bilmirəm, adını bilmirəm.
– O zaman çətin illər idi. Hər yerdə
düşmən axtarırdılar. İndi hər şey
keçib gedib. Tutulanlar, ölənlər bəraət
qazanıb. Axı mən yoldan tapıblar yaza bilmərəm.
Özüm də billə-bilə, siz bilirsiz –yoldan tapılan
uşaq o qeyrətin sahibi ola bilməz. Onun qanında kiminsə
sağlam qanı var.
– Nə deyim, yaman yerdə yaxalamısan məni. İndi
mən deyənlər dəftər-kitabda yazılmayıb.
Bizim bir qohum vardı, papaqçı. Sonsuz idilər. Bir ziyalı
ailə ilə qonşu idilər. Onlar kinoya, teatra gedəndə,
uşağı Xanım həvəslə saxlayırdı,
oynadırdı. İkisi də xaricdə oxuyub gəlmişdilər.
Adını bilmirəm, arvadın familii Şahsuvarova olub,
kişi də Əbilov imiş.
– Qonşu olasan adını bilməyəsən,
eşitməyəsən.
– Soruşdum, dedilər ər-arvad bir-birinə famili ilə
müraciət edirmiş. Əbilov, Şahsuvarova deyirlərmiş.
– Qəribədi.
– Bəlkə elə bu qəribəliklərinə
görə onlardan şübhələniblər. Axı fəhləyə,
kəndliyə oxşamayanlar hamısı “kontura”
sayılırdı. Tanış olanda hamı adın deyirdi,
bunlar familiyasını. Üstəlik də, arvad ağ tor əlcək
geyirdi. Şlyapa qoyurdu.
– Onları niyə tutublar?
– Nə biləsən. Ağ qarğaya
oxşayırdılar, yəqin onları da Fransanın
şipiyonu kimi tutublar. Teatrdan gələndə qapının
ağzında götürüb gediblər. Uşaq qalıb
Xanımda. Amma qəşəng, istiqanlı uşaq idi. Necə
oldu? Sağdı?
– Nə bilim, görək, araşdırıram. Sizə
də zəhmət verdim. Mən gedim.
– Nə tez . yemək hazırlamışıq. Bilirsən
məndə nə maraqlı materiallar var, hazır romandı.
– Gülzar xanım, mən mütləq sizə gələcəm.
Söhbətləşərik.
Bir müddət Əşrəfin axtarışları
arzu etdiyindən də uğurlu oldu. Süsənin məcburi əmək
işi bitən yerdə isə, qız da yoxa
çıxdı. Elə bil belə adam heç olmayıb. Nə
ölüsü, nə də dirisi haqqında Əşrəf
heç bir məlumat tapa bilmədi. Bakı şəhər
milis idarəsində, onun arxivində Süsən haqqında
bilən olmadı. Əşrəf arxiv idarəsində qoca
bir milis polkovniki ilə görüşdü. Söhbətləri
tutdu. Məlum oldu ki, polkovnik Əzim Həsənov da
cavanlığında yazı-pozu ilə məşğul olub.
Yaxşı vəzifələrdə çalışıb. Yeganə
oğluna kiçik toy elədiyinə görə rəhbərlik
onu cəzalandırıb. Əvvəl bir müddət sərəncamda
saxlayıblar, hay-küy sovuşandan sonra onu arxivə rəis
müavini qoyublar. O, Əşrəfin əhvalatını
maraqla dinlədi. Sonra məsləhət bildi ki, Bakı şəhər
milis rəisi olmuş şair Azad Quliyevi tapsın. O, şair
idi, mütləq bu hadisədən xəbərdar olmuş
olardı. Əlavə elədi ki, mənim milis sistemində
qalmağıma da səbəb o oldu. Çox humanist adam idi. Məni
arxivə işə göndərən də o idi. Mənə
dedi, get otur arxiv qovluqlarının arasında, səsin də
çıxmasın, görən də olmasın səni.
İndi təqaüddədi. Çox vaxt bağda olur.
Şeirlərindən bir-ikisini əzbərlə, yeri gələndə
əzbər de... O bir çarə qılar.
Əşrəf əvvəl bağ evinə zəng etdi.
Dəstəyi Azad müəllim özü qaldırdı.
– Azad müəlllim, sizi “İrəli” qəzetindən Əşrəf
Sarıqayalı narahat edir.
– Eşidirəm sizi – Azad müəllim çox soyuq
qarşıladı Əşrəfi – Nə münasibət ilə
zəng etmisiz?
– Azad müəllim, milis polkovniki kimi siz təqaüdə
çıxa bilərsiniz. Amma şairlikdən təqaüdə
çıxmırlar. Bilmək istəyirəm
yaradıcılıq sahəsində nələr var?
– Bu telefon söhbəti deyil axı.
– Yox, əlbət ki, telefon söhbəti deyil. Mən istədim
siz mənə vaxt təyin edəsiz, harda görüşə
biləcəyimizi deyəsiz. Əlbət ki, münasib bilsəniz.
– Olar, olar! Gəlin elə bağda görüşək.
– Nə vaxt gələ bilərəm?
– Günü sabah. 24 nömrəli avtobusa min. Bazarın
yanında düş. Dəniz tərəfə, bazarın
arxasına keç! Orda kimdən soruşsan, bağı
göstərəcək.
– Sağ olun. Sabaha kimi.
Elə telefonda danışa-danışa Azad haqqında
kiçik bir portret oçerk yazmağı qərara aldı,
adını da elə həmin an düşündü “
Polkonik Azad Quliyevin bağında şair Azadla söhbət”.
Yaşlı insandı, istifadə edib heç nə yazmasam
özünü təhqir olunmuş sayar. O məndən inciməsə
də, özüm-özümdən inciyərəm.
lll
Səhəri gün Azad müəllimin bağ evində oturmuşdular.
Haylı-küylü şəhərdən cəmi otuz kilometr
kənarda yerləşən bağda elə sakitlik vardı,
adam danışıb sükutu oyatmaq, səksəndirmək
istəmirdi. Əşrəf bir müddət bağa göz gəzdirdi.
Yerə tökülmüş sarı yarpaqların
arasından, şehdən, çiskin yağışdan islanmış
qumdan, köməc-köməc yamyaşıl cincilim cücərib
qalxmışdı. Albalı ağacı yarpağını
tökmüşdü, eyni zamanda yeni xırda yarpaqlar da
açmışdı. Əşrəf sinə dolusu nəfəs
aldı. “İlk baharla son baharın görüşən
anında, görüşən yerindəyəm”
düşünürdü.
– Payız isti keçir, ağaclar aldanıb
yarpaqlayır, biri çiçək də
açmışdı. Ağaclar belə aldananda bəzən
gələn bahar quruyur.
– Bəzən insanlar da belə olur.
– Olur, amma inanmayıb yaşamaq, adam olmaq çətindi.
– Şair dostlarınızdan gəlib-gedən olurmu?
– Bağda ərik var idi, salamməleyk var idi. Eh, bu
bağda, bağ nədi, şəhərdə sərxoş
şairləri milis ayıltmaya aparanda deyirdilər Azadın
dostuyuq. Gətirirdilər, üst-başını təmizlədib,
bəzilərini kabinetimin arxasında
yatızdırırdım. Ayılanını
maşınımla evinə yollayırdım. Öpüb yalayırdılar
məni, atamsan, qardaşımsan, bəzi də dədəmizsən
deyirdilər. İndi üz-üzə gələndə
özlərini görməməzliyə vururlar.
– Hər halda, hamsı belə olmaz.
– Əlbət ki, yox! İndi mənə hərdən sənin
kimi eləsi hörmət eləyir, vəzifədə olanda məndən
nə xahiş eləyib, nə də mənim ona hörmətim
dəyib.
– Burda darıxmırsız? Belə tək.
– Yox, neçə illərin haylı-küylü iş
günlərinin ağrısını canımdan
çıxarıram. Yazdıqlarıma bir də baxıram.
Bir Leylisiz Məcnun vardı
Bu dünya başına dardı.
Yel gətirdi, sel apardı.
Nə gördü dünyada yazıq,
Yazan niyə belə yazıb?!
Yazan burda, bu sakit yerin qərib axşamlarında
sualınıza cavab vermədi ki?
– Lap cavanlıqda yazmışdım bu şeiri – Kövrəldiyini
gizlətmək üçün üzünü yana
çevirdi. Dərin nəfəs aldı. Gözünü
sildi – qocaldıqca adam sentimental olur. Heç nədən
tez-tez kövrəlir.
– Siz Allah yaxşı, Azad müəlllim. Bu kövrək
hisslər “heç nə” deyil axı. Siz yəqin bunu yazanda
da kövrəlmisiz.
– O zaman yox, amma indii bəzi şeirlərimi oxuyanda
kövrəlirəm. Kitabımı hazırlayıram. Bir
şey yazsan, üzünü mənə ver. Kitabın əvvəlinə
ön söz kimi qoyum. Kitab hazırdı. Tez yazsan...
– Bir-iki günə gətirərəm –
düşündü, indi Süsən haqqında soruşa
bilmərəm. O saat başa düşəcək ki, elə
ona görə gəlmişəm. Qəlbinə toxunar, bu
böyük səhv olar. Məqalə yazım. Gətirəndə
deyərəm bir dostum bildi ki, sizinlə görüşəcəm,
xahiş elədi ki, Süsən haqqında sizdən
soruşum. Görək necə öyrənmək olar. Əşrəf
bu kəşfinə görə özü də sevindi.
– Çox yaxşı olar.
– Onda siz yeni kitabdan bir neçə şeir verin məqalədə
misal gətirim. Yaradıcılığınıza
yaxşı bələdəm. Yeni nümunələr olsa
yaxşıdı.
Bir neçə gündən sonra yenə Azad müəllimin
bağında üz-üzə oturmuşdular. Kitabı nəzərdən
keçirdilər. Azad müəllim Əşrəfin
yazdığı giriş sözünü oxuyub çox bəyəndi.
Əməlli-başlı kefi kökəlmişdi.
– Bu dəfə çörək yeməmiş getmək
yoxdu.
– Baş üstə.
– Hələ bir yüz-yüz də kitabın hazır
olması şərəfinə vurmalıyıq.
– Qonaq ev sahibinin dəvəsidi, harda “xıx” deyər,
orda da durar.
– Çox gözəl, xoşum gəldi səndən.
Əşrəf başa düşdü ki, mətləbə
keçməyin vaxtıdı.
Ardı var...
Fikrət QOCA
525-ci qəzet.-
2010.- 26 iyun.- S.29.