ORALARDA KİMLƏR VAR: Joze Saramaqo
Öncə qısa bir xəbər
:Ədəbiyyat sahəsində Nobel mükafatına layiq
görülmüş məşhur portuqal yazıçı
Joze Saramaqo 87 yaşında vəfat edib. “Reuters” agentliyinin
verdiyi məlumata görə yazıçı Kanarya
adalarındakı Lanzarote qəsəbəsindəki evində
gözlərini əbədi yumub. Joze Saramaqo son vaxtlar
ağır xəstəlikdən əziyyət çəkirmiş.
JOZE SARAMAQO KİMDİR :
Lissabon
yaxınlığındakı Azinhaga kəndində yoxsul kəndli
ailəsindən anadan olan Joze Saramaqo sonradan ailəsi ilə
birgə köçdüyü Lissabon şəhərində
təhsil alıb, kasıbçılıq üzündən
təhsilini yarımçıq qoyub. Makinaçı
ixtisasına yiyələnib. Diaro və Lisboa qəzetlərində
texniki rəssam, redaktor, tərcüməçi işləyib.
İlk əsəri olan “Günah ölkəsi” romanı 1947-ci
ildə işıq üzü görüb.
Yazıçının ən məşhur əsəri olan
“Korluq” əsasında bədii film də çəkilib.
1998-ci ildə Nobel
mükafatına layiq görülən Joze Saramaqo 2009-cu ildə
Avropa Parlamentinə seçilmək istəsə də,
seçkilərdə uğur qazanmayıb.
Yuxarı-aşağı 15
kitabı türkcəyə çevrilən Saramaqo dünyada
tanınan bir yazar. Son olaraq “Ölüm Bir Varmış, Bir
Yoxmuş” adlı kitabı türk dilində çap edilən
Saramaqo ilə bir gəmidə gəzə-gəzə
görüşdük. Usta romançı dünyanın
pisliyə doğru gedişindən Pessoaya, demokratiyadan Avropa
Birliyinə qədər bir çox məsələdə suallarımıza
cavab verdi. Oxucuların çox azaldığını
söyləyən bu dünyəvi yazarı daha nələr
narahat edir?
–1979-cu ildən bu yana
bütünlüklə yazarlığa keçdiyinizi söyləmisiniz.
Bu çox önəmli qərarın altında yatan ən
çarpıcı fikir nəydi?
–1974-cü ildən
böyük bir dəyişim yaşandı Portuqaliyada. 1975-ci
ildə yeni bir inqilab gözlənilir,- deyə bir hərəkat
meydana gəldi. Mən bu inqilabi hərəkatın
başlanğıcında işimi itirdim. Siyasi həyatda yer
aldığım üçün yeni gələn güclər
məni işimdən çıxardı, qaldım
ortalıqda. Bax o zaman həyatımdakı ən önəmli
qərarı verdim. İş axtarmadım və yazar olaraq
hansı nöqtəyə qədər gedə biləcəyimi
araşdırdım. Bir neçə il tərcüməylə
məşğul oldum, arada da bir yazar olaraq yolumu axtardım.
1977-ci ildə “Rəssamın Əl kitabı”nı yazdım.
1980-ci ildə kəndlilərin həyatından bəhs edən
bir romanım çap olundu. 1982-ci ildə 60
yaşındaydım, “Baltasar və Bilimunda” əsərim
işıq üzü gördü. O gündən sonra
yazarlıq məni daha çox cəlb etməyə
başladı. Mən yeni dönəm yazarlarının ən
yaşlısıyam. 25 il sonra Nobeli qazandım.
–Nobeli
aldığınız il, 1998-ci ildə “Bütün İsimlər”
adlı romanınız türkcəyə çevrilmişdi.
Bu romanda bir cür “psixoloji araşdırma” eləmisiniz və
bir “iç sıxıntısı”nı da hiss edirdi oxucular.
Bu iç sıxıntısı yaxşı bir ədəbi əsər
üçün vacib idimi?
–Ölümün səbəbini
bilmək üçün bir meyidin yarılıb
baxılması lazım. Romanda evlər idarəsində
çalışan bir məmurun həyatını təsvir
etmişəm. Əsasında mənim bütün qəhrəmanlarım
mütəvazi, adi insanlardır. Sanki qarşılarında
ciddi bir gələcək yoxmuş kimi gəliblər bu
dünyaya və gedəcəklər kimi yaşayan
insanlardır. Böyük bir gələcək gözləmir
onları, amma hər kəsin bir gələcəyi var. Romanda
anlatdığım bir məmurdu. O insanın başına
ağlına gəlməyəcək şeylər gəlir.
Bir gün iş vaxtı qeydlərə baxarkən
ölmüş bir qadının adına rast gəlir və
onun kim olduğu ilə maraqlanır. “Aman, mənim nə vecimə
demir”-onunla maraqlanır. Bu maraq dairəsində qəribə
şeylərlə qarşılaşır. Əslində bir
eşq kitabıdır bu roman. Qəhrəman bilir ki, o
qadın ölmüşdür. Mənə görə
işin içində eşq olmasa, qadınla o qədər
maraqlanmazdı. Bu mənim görüşüm, amma oxucular
başqa şeylər düşünə bilər.
–Nobeli aldıqdan sonra
yazı həyatınızda olmasa da şəxsi həyatınızda
bir şeylər dəyişdimi ?
–Xeyr, necə
yaşayırdımsa, eləcə də yaşamağa davam
edirəm. Amma cəmiyyətdəki həyatım dəyişdi.
Baxınız, Orhan Pamukun cəmiyyət
qarşısındakı həyatı dəyişmədimi?
Amma şəxsi həyatı dəyişmədi. Mən Nobeli
almadan öncə necə olmuşamsa, eləcə də
qalmışam. Nə bomboş bir insanam, nə çox
paxılam, nə də başqalarına həsədlə
baxıram. Belə bir xasiyyətim yox. İşimi
görürəm. Hər zaman gördüyüm işi.
İsveç Kral Akademiyası Nobelə layiq gördü. Bu
mükafatdan sonra da çalışmağa davam etdim,
böyrümü yerə verib yatmadım.Yatım bir keyf eləyim
demədim. Nəyi ədalətli bilirdimsə, yenə
onların uğrunda mübarizə eləyəcəm. Yəni
bir şey dəyişmədi.
–Portuqaliyada olanlara
qarşı bir yazar idiniz. İspaniyada yaşadınız bu
üzdən. Amma Nobeli alınca Portuqaliyada da sizə
münasibət dəyişdi. Portuqaliyanı bir daha
tanıtdınız.
–Mən Kommunist
Partiyasının aktiv bir üzvüyəm. 1922-ci ildə
doğuldum. 1926-cı ildə Portuqaliyada bir əsgəri hərəkət
ortaya çıxdı və yavaş-yavaş Portuqaliya
faşizmə doğru getdi. 1974-cü ilin iyun ayındakı
bir inqilab sonucunda Portuqaliya faşizmi yıxıldı. Mən
diktatorluq dönəmində diktatorluğa qarşı əlimdən
gələni eləyirdim. Onlara qarşı mübarizələrdə
iştirak etməyə çalışırdım. Bəli,
həqiqətən o zamankı quruluşa qarşıydım.
1974-cü ildəki inqilaba mən də qatıldım. 1974-dən
sonra Portuqaliyada demokratik bir həyat başladı,- deyə bilərik.
1991-ci ildə “İncildəki İkinci İsa” adında bir
kitab çap etdirdim. Kitab qadağan olundu. Bu heç. Fəqət
Avropa Birliyində bu əsərin Portuqaliyadan namizəd
göstərilməsinə icazə verilmədi. Məmləkətimdə
demokratiya vardı, amma bu demokratik hökumət mənim
kitabımın namizəd göstərilməsinə izin vermədi.
Onların göstərdiyi səbəb buydu: Kitab Portuqaliya
katoliklərinin hisslərini incidə bilər. Diktatorluq
dönəmində bir çox şeyin yasaqlanmasına, bir
çox fəaliyyətin qarşısının
alınmasına alışmışdıq. Amma demokratiya olan
bir yerdə belə bir şeylə qarşılaşınca
buna dözə bilmədim və bu üzdən Kanarya
adalarına köçdüm. Bir məsələnin üzərində
ayrıca durmaq istəyirəm: Mən vergilərimi Portuqaliyada
ödədim. Mənim davam xalqımla deyildi, xalqı idarə
edən hökumətlə idi. Bəzi yerlərdə demokratiya
adıyla olanlar xoşuma gəlmir, hələ də bu davam
edir. Nobelin mənim üçün siyasi bir anlamı yox.
Dünyada bilinən ən önəmli ədəbiyyat
mükafatıdır. Demək ki, mənim yazdıqlarıma
qiymət vermişlər. Bu elə bir mükafat ki, daha
başqa şeylər haqqında
düşünmürsünüz. Mən Nobel
mükafatından sonra başqa hər hansı bir
mükafatı almamağa qərar verdim. Başqa
mükafatları almanın heç bir mənası yoxdur.
–Əsərlərinizdə
“susmaq” (susqunluq) kimi qavramın xüsusi bir yeri, anlamı var
kimi görünür. Bunu ədəbi bir tərz olaraqmı görürsünüz?
Hər şeyi bilməyin son nöqtəsi susmaqmı?
–Əsərlərimdə bu
ola bilər: amma bu bir mütləq qəbul etmə və ya rədd
etmə kimi başa düşülməməlidir. Əsərlərimdə
daha çox mübarizə və qarşı çıxma
vardır. Romanlarımdan birisində kənd camaatının
mübarizəsini yazdım. Hər şeyi bilmək məsələsinə,
“Rikardo rəisin öldüyü ildə” də
“Dünyadakı olanlarla xoşbəxt ola bilmək bilgəlikdir”
– demişdim. Bunu mən oxumuşdum bir yerdə. Ondan sonra
Rikardonun öldüyünü yazdım. Bunun tərsini
sübut etməyə çalışdım. Amma mənim
özümün şəxsi həyatım bir yazar olaraq, bir
siyasi mübarizə və dirənmək hekayəsidir.
–Ateist olduğunuzu bilirik.
Yaşlandıqca Tanrı həqiqətləriylə üzləşmənin
nəticəsi dəyişirmi? Yazmağı ateist bir həyatdan
qurtarmaq kimi görürsünüzmü, yoxsa baş
qarışdırmaq kimi?
–Bəli, ateistəm. Mənim
Tanrını xüsusi bir xilaskar kimi görmək fikrim yox. Nədən
xilas olmalıyıq ki? Nəyi qurtaracaq? Ruhumumu
düşünürsünüz? Mənim ruhum yox ki. Nədir
bu ruh dediyiniz? Mən nəyəmsə hər şey
qafamın içində. Qafamızın içində olanlar
bizim dünyanı dərk etməyimizə yardım edir. Mənim
dünyanı və kainatı dərk etməyimin içində
Tanrıya yer yox.
– “Korluq” adlı
romanınızda anidən başlayan və anidən keçən
korluq xəstəliyi ilə Qamsunun “Vəba”sı oxşar bir
dünyanı xatırladır. Hər iki xəstəlik də
faşizmin simvoludur. Yalnızlıq, yolunu çaşmaq,
axtarış, tərs yaşamağın təbiiliyi,
qısaca, Kafka dünyasının ana temaları. Bu anlamda
Qamsun və Kafkaya sizin yazarlarınız deyə bilərikmi?
–20-ci yüzilin ən önəmli
yazarları bunlar. Kafkanı kim bəyənməyə bilər
ki? Qamsunu kim bəyənməz? Amma mən bənzərlik
görmürəm. Bəlkə Kafka ilə bağlı bəzi
həqiqətlər ola bilir. Yaşadığı cəmiyyətdəki
sıxıntıları yazmış. O baxımdan bənzərlik
tapa bilərik.
– “Korluq” romanında
dünyaya həcv gözüylə baxan yazarsınız. Sizdən
bunu soruşmaq istərdim: Dünya hara gedir? Korluq davam edirmi?
(Ali Pektştan uyğulama)
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 26 iyun.- S.27.