Adamın Allahı olar...
(Azəri qızı Günelə açıq məktub)
“Mən Güneli öz qızım qədər sevirəm”
İbrahim Tatlısəs
Əzizim Günel!
Elə bəri başdan deyim
ki, altmış beş il dünyanın solğun qəlizliyini
dərk etməyə cəhd eləyən və bu günə
qədər qoruyub salamat saxladığım başımı
Sənin sənətinin qarşısında əyib dikəlirəm.
Çünki bu, mənə İlahi bir rahatlıq gətirir,
təmənnasız bir azadlıq bəxş eliyir ki, bunun qiymətini
ancaq duyanlar bilər. Buna görə Sənə eşq olsun!!!
Əzizim Günel!
Mən ildə bir-iki dəfə
Azərbaycan televiziya məkanından və mediyasından pəhriz
saxlayıram – başqa cür mümkün də deyil, yoxsa
adam çatlayar. Beş-altı gün bundan qabaq bizə qonaq
gəlmişdi. Dedi aç görək televizorda bir şey
varmı. Düyməni basan kimi “Xəzər TV”-də səni
gördüm və çox sevindim. Ancaq televiziya bu sevinci mənə
çox gördü. Düzünü deyim ki, bədxahlarının
“oyundan kənar” vəziyyətdə Sənə
vicdansızcasına yaratdıqları süni, ədalətsiz
problemləri eşitdikcə göynədim və məyus
oldum. Verilişin sonunda oxuduğun o parlaq mahnıdan sonra isə
məyusluğum duman kimi çəkilib getdi, Səndən
arxayın oldum və Səndən arxayın olan kimi hazır
idim – ömründə bir toyuq başı belə kəsməyən
mən, Sənə çirkab atan əlləri biləyindən,
dilləri isə dibindən kəsməyə hazır idim...
Kişi sənətçilər
arasında manısizmin (doxsan faiz), qadın
çalıb-qaçıranların arasında isə ləçərizmin
(doxsan beş faiz) tüğyan elədiyi bir incəsənət
mühitində bu cür şərəfsiz qarayaxmalara bir az
yuxarıdan, ucadan bax – elə öz sənətinin və
istedadının ucalığından baxsan babanın da bəsidi,
elə özün də rahat olarsan...
Əzizim Günel!
Öz gözündə tiri
görməyib başqalarının gözündə və
müxtəlif yerlərində tük axtarışında
olanların (həyatımızın bütün sahələrində)
heç vaxt axırı olmayıb; ona görə ki, o cür
üzdəniraq ikiayaqlıqların əvvəli olmayıb və
ümumiyyətlə onlar olmayıb. Sən niyə olmayan
şeyi vecinə alırsan axı? Vecinə alma... Görsən
ki, yox, haqsızlıq, ədalətsizlik, böhtan Sənə
güc gəlir... Bilirsən neylə? Sənin ki, böyük
ürəyin, bənzərsiz səsin var, oxu, oxusan
rahatlanarsan. Sən oxumağınla, bədxahlarını məhv
eləyib rahatlıq taparsan, biz də – sənin pərəstişkarların
da Sənə qulaq asmaqla – bundan gözəl və ilahi nə
ola bilər ki? Heç nə!!!
İstedadlı adamların
daşı ağır olur, Günel bala. İstedadlı
adamlar neft ölkələrinə oxşayır, başı həmişə
bəlalıdır. Axı, biz bunu görə-görə gəlmişik,
Sən də gör, necə ki, görürsən...
Əzizim Günel!
Körpəyə
südü ana verir, istedadı bəndəyə Allah.
Böyük Yaradan Sənə istedad verib və istedadına
tapşırıb ki, Güneldən muğayət ol, onu ucalt,
onu qoru. Bu, Allahın tapşırığıdı. Bu tapşırığın
qabağında manısızmin təntənəsinə
güvənən ikiayaqlı gədə-güdələr və
yaxud ləçərizmin qələbəsinə söykənən
qadınvarilər neyliyə bilər ki? Heç nə!!! Odur
ki, istedadına söykənib sənətinlə məşğul
ol. Bunun üçün sənin çox böyük
imkanların var. Çünki Sən öz yerindəsən. Sənə
bu yeri Allah göstərib. Dünyada öz yerində olmaqdan
gözəl heç nə yoxdu, yerdə qalan nə varsa
hamısı əfsanədi. Öz yerinə qovuşmaq, Vətənə
qovuşmaq qədərdi...
Əzizim Günel!
Əgər günlərin
bir günü bədxahlarının dilindən eşitsən
ki, Qarabağın işğal olunmasında günahkar Azəri
qızı Güneldi, təəccüblənmə,
çünki allahsızlardan nə desən gözləmək
olar. Onu da unutma ki, allahsızların
allahsızlığı Allahın nəzarətindədi və
şükr onun böyüklüyünə...
Qarabağın qeyri-rəsmi
paytaxtı Ağdamdan körpə, məsum bir
qızcığaz ailəsi ilə birlikdə, qaçqın
kimi, Azərbaycanın rəsmi paytaxtı Bakıya pənah gətirdi.
Bundan bir az keçmiş türk dünyasının çox
nəhəng sənətçisi Zəki Mürendən sonra ən
çox sevdiyim oxuyan İbrahim Tatlısəs baş şəhərimizə
təşrif buyurdu. Günel də valideynləri və
qardaşı Tunar, böyük bacısı Müşərrəf
(siz adlara fikir verin) birlikdə İbrahimin konsertinə gedirlər.
Günelin ən böyük arzusu o gecə o olub ki, Tunar da
İbrahimin konsertində oxusun. Bacı qardaşını
qabağa vermək istəyib – sən bir bacıya bax. Ancaq
qabağa vermək məsələlərinə Allah baxır
və böyük Yaradan Güneli məsləhət bilir.
Günel oxuyur, İbrahim Tatlısəs vəcdə gəlib bəyənir,
salon alqışlayır və Günelin yolu coğrafi cəhətdən
Türkiyəyə, səmavi məntiqdən isə
böyük Sənətə açılır, Günel
parlayır, məşhurlaşır, ucalır, Azərbaycanımızı
Türkiyədə kövrək-kövrək, layiqincə təmsil
eliyir, musiqimizin qardaş Türkiyədəki sənət
elçisinə – səfirinə çevrilir...
Əzizim Günel!
İndi gəl ikimiz də
bir yerdə sənin bədbəxt bədxahlarından
soruşaq ki, bax, bunun nəyi pisdi, hə?! Ay dargözlər, əgər
məsum bir qız uşağı yaşından və
taleyindən böyük uğurlar qazanıbsa bu sizləri niyə
sancılandırır, hə?! Niyə burnunuzu sabunlayıb
başqasının şəxsi həyatına soxursunuz, hə?!
Burnunuzu sabunlayıb onun-bunun şəxsi həyatına o qədər
soxmusunuz ki, burnunuzdan Sovet dövründəki paltar sabununun
iyisi gəlir...
Hələ orasını
demirəm ki, bəlkə də o zaman on iki yaşlı
Günel qaçqınlıq şokunu yaşayan bu ailənin
ümidi, çörək ağacı idi; Bakıda
qaçqınlıq taleyi yaşayan bu ailə körpə
qız uşağı olan on iki yaşlı Günelə
sığınmışdı. Adamın Allahı olar
axı... Ay...
Əzizim Günel!
Bu, Sənin alın
yazındı. Bunu Sənin alnına Allah yazıb, altında
da öz mübarək imzasını qoyub. Bu, Allahın
yazıdığı “Azəri qızı Günel” adlı
tale ssenarisidi. Allahın yazdığı ssenarini Sənin bədxah
“rejissorların” dəridən-qabıqdan çıxsalar da
özləri istədikləri kimi çəkə bilməzlər.
Çünki Allahın yazdığı ssenarini heç bir
bədxah “rejissor” redaktə eləmək qeyrətində (bu
sözə heyfim gəldi) və gücündə deyil...
Azəri qızı Günelə
ailəsi ilə birlikdə yaşadığı, işlədiyi
İstanbul nə qədər əziz, doğma olsa da
Bakının yerini, Bakı nə qədər əziz,
doğma olsa da Ağdamın yerini verə bilməz.
Çünki ilkinlik faktoru var və bu, qaçılmazdı
– insan ilk dəfə dünyaya göz açanda
gördükləri dünyanın əzəli sayılır
və bu, hər şeydən, hər kəsdən
doğmadı, unudulmazdı.
Boynumuza alaq ki, Ağdamdan
qaçqın düşəndə müəyyən mənada
Bakıda qəribsədi, Ağdamın xiffətini elədi,
Bakıdan İstanbula taleyinin dalınca gedəndə ikiqat
qaribsədi- Ağdamın da, Bakının da xiffətini elədi.
Və bunlar ağayana bir həqiqətdi. Günel də Azərbaycanda
yaşayan doqquz milyonun hər biri kimi bu məmləkətə,
ən azı, onun duru yerindən olan Səsinə şərikdi
və bu şəriklik mütləqdir!
Bəs yaxşı onda nə
baş verir, niyə bu istedadlı balamızı, bu tale adamını
gözümçıxdıya salmaq istəyirik?! Hə?! Mən
də bu ölkənin bir vətəndaşı olmağa cəhd
eliyən adam kimi hamıya “eşq olsun” demək arzusundayam,
yaxşı əməllərinə görə. Ancaq
Günellə əlaqədar xoşagəlməzliklərlə
bağlı bunu edə bilməyəcəm, və “eşq
olsun” əvəzinə “eyib olsun!” demək məcburiyyətindəyəm.
Əcəba, doğurdanmı Günel nə boyda sənətkardısa
İstanbulda oturub Bakıda bəzilərinin yerini dar eləyib?
Güneli nüfuzdan salmaq istəyənlərin
adlarını da bir-bir çəkə bilərdim. Ancaq mənə
elə gəlir ki, onların tək-tək,
ayrı-ayrılıqda adları olmur, necə deyərlər,
topasının bir adı var: bədxahlar!
Əzizim Günel!
Sən “Xəzər TV”-dəki
verilişdə (yeri gəlmişkən onlara minnətdaram)
bir-iki dəfə dedin ki, “xalqımızdan dəstək istəyirəm”.
Bu, gecikmiş bir istəkdi. Çünki sənin yüz minlərlə
pərəstişkarın var və o pərəstişkarlarının
içində mən də varam və nə vaxtsa
gözünə dəyəcəm, axı biz heç
tanış da deyilik...
Əzizim Günel!
Sən xalqdan dəstək
istəyəndə bir az əsəbi və həddən
artıq səmimi olmaqla, gülməli və sadəlövh
uşağa oxşayırdın. Bir az da bilirsən kimə
oxşayırdın? “Xalq ulduzu” layihəsində “xalqından”
dəstək, yəni SMS istəyən, sənətdə ilk
addımlarını atanlara... Çox gülməli idin... Bu
da mənim xoşuma gəldi, Allahın xoşuna gələsən,
necə ki, gəlmisən... Ay səni, Günel...
Əzizim Günel!
Xain xoflu olar deyiblər və
xainin xofu həmişə öz başında
çatlayıb, min illərdi belədi. Biz əksər
hallarda “Vətən xaini” anlamını daha çox qəbul
edilən bilmişik;ancaq bununla yanaşı, sənət
xaini, qonşu xaini, qohum xaini və s. olanlar da var. Bunu deməkdə
məqsədim və sözümün canı odur ki, xoflu bir
çalıb-oxuyanlar mühiti formalaşıb və bu antisənət
mühitində, bəzi istisnalar olmaqla, it yiyəsini, məşhur
sənətkar isə dövlət himnimizin müəlliflərini
tanımır. Əgər biz ən azı latış
olsaydıq, dövlət himninin müəllifini tanımayan “sənətkarı”
çoxdan baykot eləmişdik, özü də medianın,
teleməkanın əli ilə... Bəs hardadı Azəri
qızı Günelə çirkab atan xoşqeyrət
jurnalistlər, qələm yox, qələmə sahibləri?
Niyə sinələrini qabağa vermədilər?
Əzizim Günel!
Onu da biləsən ki, bu
gün Azərbaycan teleməkanında və mediasında
çalışan jurnalistlərin doxsan doqquz faizi içi
boş, ağzı bağlı alminium qaba bənzəyir,
çırtma vuranda danqıltısı və donqultusu aləmə
yayılır. Süni sensasiya axtarışında olan bu
“geoloqlar”, qadasın aldığım Azərbaycan
xalqının “dedi-qodu” janrına olan böyük “məhəbbətinə”
söykənərək papaqlarını və
yaylıqlarını günə yandıranlardı. Sənin
səsinə, bənzərsiz, çılğın ifa tərzinə,
Allahın sevimlisi olmağına söykənərək, cəsarətlə
deyə bilərəm ki, Sənin bir yaylığından o
cür cızma-qaraçıların hamısına papaq
tikdirmək olar, ancaq heyifdi, bu... qaraçılar,
cızma-qaraçılar ona layiq deyillər..
Əlçərəz,
doğma jurnalistkamızda mərd, qərəzsiz, həqiqətə
xidmət eliyən ləyaqətli qələm sahiblərini
barmaqla saymaq olar ki, onları elə barmaqla da göstərirlər:
bax, o, filankəsdi...
Bunları ona görə
deyirəm ki, umacaq məsələsinə yenidən baxasan;
bunlardan heç nə umma. Ona görə ki, uman yerdən bir
küsmək məsələsi də var axı. Onlar isə sənin
küsməyinə layiq deyil – adam Adamdan, əzizindən,
doğmasından küsər axı...
Əzizim Günel!
Başını
aşağı sal, sənətinlə, iş-gücünlə
məşğul ol. Yorulanda isə dur ayağa,
başını dik tut, qoy hamı açıq alnını,
nurlu sifətini görüb ulu Tanrıdan sənə
uğurlar diləsin – çünki hər ağızda bir dua
var...
Əzizim Günel!
Son olaraq Sənə demək
istəyirəm ki, əlli il bədii yaradıcılıqla məşğul
olan bir yazıçı kimi mən üç – dörd
milyon yığmışam, pul yox, oxucu. Mən
onlarınkıyam, onlar da mənimdi. Biz hamımız bir yerdə
həm də Səninkiyik, Sən də bizimkisən – Vecinə
alma dedi-qoduları; oxumaq, oxumaq, yenə də oxumaq. Ancaq bu,
Vladimir İliç Leninin dediyi “oxumaq” dan deyil, Azəri
qızı Günelin oxumağından söhbət gedir...
Bir də, mənim Sənin
kimi səsim olsaydı Dünyanı vecimə almazdım. Sən
də Dünyanı vecinə alma. Sən sənətin ana
yolunda karvanlaşa – karvanlaşa irəliləyirsən. Karvan
yan-yörədən gələn səs-küyə fikir verməz,
sən də fikir vermə, öz yolunla get, yolçu yolda gərək...
Seyran SƏXAVƏT,
yazıçı
525-ci qəzet.- 2010.- 26 iyun.- S.26.