Azərbaycan mətbuatının irsi öyrənilməmiş xadimləri

 

( Azərbaycan mətbuatinin 135 illiyi münasibəti ilə)

 

Qarşıdan Azərbaycan mətbuatının 135 illik yubileyi gəlir. Bu mətbuatımızı yaşatmış təbliğ etmiş coxlu sayda şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsinə ciddi ehtiyac var. Bu mənada mətbuat tariximizdə çox önəmli rol oynamış həmin insanların bəziləri haqqında müəyyən məlumatları “525-ci qəzet”in oxucularına təqdim edirəm.

 

Mirzə Bala Məmmədzadə

 

Azərbaycan milli istiqlal hərəkatının görkəmli xadimlərindən biri də Mirzə Bala Məmmədzadədir. Publisist, yazıçı, tarixçi kimi tanınan M.B.Məmmədzadə 1898-ci ildə Bakının Zirə kəndində anadan olub.

Mirzə Bala Bakıdakı 7-ci “rus-tatar” məktəbini (1908-1914), Alekseyev adına 3-cü Ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı Texniki Sənaye məktəbində davam etdirib. Sonradan isə texnikumda oxuduğu zaman qeyri-leqal “Məhəmmədiyyə” Komitəsinə daxil olub. Azərbaycanın məşhur ədib və dramaturqu C.Cabbarlı da onun məktəb yoldaşlarından biri idi.

Ədib yaradıcılığa təhsil illərində başlayıb, 1912-ci ildə onun “Kaspi” mətbəəsində “Nəfi-elm və yaxud elmin sonu” adlı kitabı çap olunub. 1915-ci ildə M.Ə.Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə ara-sıra məqalələr yazan Mirzə Bala, sonradan həmin qəzetin işində fəal iştirak edənlərdən biri olub. Eyni zamanda “Bəsirət” jurnalında baş redaktor işləyib.

1918-ci ilin faciəli mart hadisələrindən sonra bir müddət Tiflisdə yaşamış ədib burada “İttifaqi-mütəəllimin” təskifatını yaradıb. 1918-ci ildə “İki inqilab arasında” adlı risaləsini də çap etdirir. Kitabçada 1905-1917-ci illər arasında Azərbaycanda olan mətbuat, maarif, ədəbiyyat, teatr, din və qadın məsələləri tarixinə nəzər salınır, Azərbaycan tarixini saxtalaşdıranlara tutarlı cavablar verilir.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra M.B.Məmmədzadə “Müsavat” partiyası nəzdində yaradılmış “Gənclər cəmiyyəti”nin orqanı olan “Gənclər yurdu” (1918-ci il iyul-noyabr) jurnalının redaktoru (Firudin Tofiq Hacızadə ilə birgə) və “Azərbaycan” qəzetinin müxbiri olub.

1918-1920-ci illərdə o, Azərbaycan Parlamentində stenoqrafçı işləyib. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra M. B. Məmmədzadə Bakıda “Müsavat”ın gizli təşkilatının rəhbəri olub, 1923-cü ilə qədər onun orqanı olan“İstiqlal” qəzetini nəşr etdirib. 1922-ci ildə Bakıda “Azərbaycan Türk mətbuatı” adlı kitabı nəşr etdirib. 1923-cü ildə o, məsləkdaşları ilə birlikdə həbs edilir. Sonralar təsadüf nəticəsində həbsdən azad olunur.

1924-cü ilin mayında M.B.Məmmədzadə İranın Ənzəli şəhərinə gələrək oradakı mühacirlərin fəaliyyətinə başçılıq edir. “ÇEKA” tərəfindən təqib olunduğundan Təbrizə gedir. M.B.Məmmədzadə 1927-ci ildə İstanbula köçmüş, elə həmin il İstanbulda onun “Azərbaycan misaqi millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili”, “Ermənilər və İran” kitabları çap olunur. M.Ə.Rəsulzadənin redaktorluğu ilə çıxan “Yeni Qafqaziya”, “Azəri Türk” (1928-1931) və “Odlu Yurd” (1929-1931) jurnallarında çalışan M.B.Məmmədzadə həmçinin İstanbul Universitetinin hüquq fakultəsində təhsil alıb.

Sovet hökumətinin tələbi ilə Azərbaycan mühacirətinin rəhbərliyi Türkiyədən çıxdıqda (1931-ci il) M. B. Məmmədzadə də Varşavaya və az sonra Almaniyaya köçməli oldu.

Bu dövrlərdə onun Berlində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “İstiqlal” (1932-1934) qəzetində və “Qurtuluş” (1934-1938) jurnalında Azərbaycanın İstiqlal probleminə aid xeyli məqaləsi çap olunub. Həmçinin 1938-ci ildə Berlində M.B.Məmmədzadənin “Milli Azərbaycan hərəkatı” adlı sanballı kitabı nəşr edilib.

İkinci Dünya müharibəsində yenidən İstanbula köçən M.B.Məmmədzadənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində, “Türk ensiklopediyası”nda, “İslam ensiklopediyası”nda və digər nəşrlərdə Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc etdirib.

O, 1954-cü ildən Münhendəki SSRİ-ni Öyrənmə İnstitutu”nda çalışmış, burada iki il elmi şuranın sədri, iki il isə sədr müavini vəzifəsini icra etmişdi.

M.B.Məmmədzadənin yaradıcılıq irsi olduqca zəngindir. Təxmini hesablamalara görə, onun araşdırmalarının ümumi sayı iki mindən çoxdur. Ədib yazılarını Mirzə Bala, Əli Kutluq, Nuh oğlu, Azəri, M. B. Daşdəmir, Ə.Kut və s. imzalarla, bəzi məqalələrini isə imzasız dərc etdirib.

M.Ə.Rəsulzadənin vəfatından sonra (1955) o, “Müsavat” partiyasına və Azərbaycan Milli Mərkəzinə rəhbərlik etmişdir. 1959-cu il mart ayının 8-də İstanbulda vəfat etmişdir.

 

Əbdürrəhman Fətəlibəyli –Düdənginski

 

Əbdürrəhman Fətəlibəyli-Düdənginski 1908-ci ildə Azərbaycanda Naxçıvanın Şərur rayonunun Düdəəngə kəndində anadan olub. Atası Əli bəy çar Rusiyası ordusunda zabit olub. Atasını orduda xidmətdə olarkən 1910-cu ildə zəhərləyib öldürüblər.

Ə.Fətəlibəyli-Düdənginski gənc yaşlarından əsgər getmiş, Azərbaycan diviziyasında xidmət etmişdir. 30-cu illərdə o, Moskvada Hərbi Akademiyada təhsil almışdır. Leninqradda (indiki Sankt-Peterburq) hərbi xidmətdə olmuşdur. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən Leyli xanım Qazıyeva ilə ailə həyatı qurmuş və oğlu Əli dünyaya gəlmişdir. 1939-cu ildə Ə. Fətəlibəyli – Düdənginski Finlandiya müharibəsində iştirak etmiş və “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir. 1940-cı ildə sovet qoşunları Pribaltikanı işğal edərkən onu Leninqraddan Riqada yerləşən hərbi qərargaha göndərirlər. Burada isə o, döyüşlərin birində əsir düşərək almanlar tərəfə keçir. Almaniyada həbs düşərgəsində olarkən Azərbaycan legionunun təşkilində və Milli Azərbaycan Qurultayının keçirilməsində fəallıq göstərir, çoxlu sayda əsirləri ölümdən qurtarır. İkinci Dünya müharibəsindən sonra İtaliyada, Misirdə olur (onun burada olarkən Fələstin azadlıq ordusu sıralarına qoşulması haqqında məlumatlar vardır), Türkiyəyə gedir, nəhayət Almaniyada “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına başçılıq edir.

“Azadlıq” radiosu fəaliyyətə başladığı ilk gündən Ə.Fətəlibəyli sovet hökuməti əleyhinə olan verilişlər hazırlayırdı.

Ə.Fətəlibəylinin “Azadlıq” radiosunda müəllifliyi və redaktorluğu ilə efirə gedən verilişlərdə Sovet dövlətinin və Kremlin mövqeyi kəskin olaraq tənqid edilirdi.

Ə.F.Düdənginski Münhendə ABŞ dövlətinin dəstəyi ilə Azərbaycan və rus dillərində “Azərbaycan” jurnalını nəşr etdirir. Mühacir və legionerlərin 50-ci illərdəki bu fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Belə ki, sovet dövləti həmin dövrdə kommunist ideoligiyasına qarşı mübarizə aparanları sıradan çıxarmağa dəfələrlə cəhdlər göstərdi. Bu əməliyyatların həyata keçirilməsində böyük təcrübəsi olan, geniş şəbəkəli “K Q B” – (“DTK”) əsas rol oynamışdı.

Məhz həmin təşkilatın fəallığı ilə 1954-cü ilin noyabrın 20-də “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru Ə. Fətəlibəyli – Düdənginski Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirildi.

Ə.F.Düdənginski Münhen yaxınlığında Noy-Ulm şəhərindəki qəbirstanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edilmişdir.

Qeyd edək ki, Ə.Fətəlibəylinin “Azərbaycan” qəzetində dərc edilmiş regionların qurultayındakı məruzəsində “Azərbaycan”ın quruculuq modeli verilirdi. O, göstərirdi ki, “Azərbaycan”da başqa millətlərin də xoşbəxt yaşaması üçün hər cür şərait yaradılacaq. Və bütün qafqazlılar “Azərbaycan”da özlərini evlərindəki kimi hiss edəcəklər. O, məruzəsini bu sözlərlə bitirirdi: “Şübhə yoxdur ki, bütün qafqazlılar son damla qanlarına kimi öz müqəddəs borclarını yerinə yetirəcək və Almaniya ilə birlikdə insanlığın düşməni olan bolşevizmlə mübarizə aparacaq və bütün Qafqaz xalqlarını bolşevik zülmündən azad edəcəklər! Yaşasın azad və müstəqil Azərbaycan! Yaşasın vahid, azad və müstəqil Qafqaz!” .

 

 

Nəsiman YAQUBLU

 

525-ci qəzet.- 2010.- 26 iyun.- S.25.