Bu zəmanədə bizə daha çox sevgi gərəkdir

 

Şair Musa Ələkbərlinin “Dünya sevgidən doğulub” kitabının təəssüratları 

(Esse)  

Musa müəllim, salam və ehtiram!

Kitabı oxudum. Yazmaya bilmədim. Ancaq klassiklər – Dantedən Şekspirə, Füzulidən Aşıq Ələsgərə qədər sevgi mənzərələrinə nəzər saldım. Çoxlu qeydlər etdim və bu dəqiqələrdə xəstələndim, əməliyyat olundum.

Təzədən bu yaxınlarda başladım. Nə alınıb, qənimətdir. Ancaq kitab mənə həyatımın sevgili anlarını yaşatdı.

Çox sağ ol!

 

P.S. Musa, qardaşım, sən 83 yaşımda mənə sevgi haqqında ötəri də olsa, mülahizələrimi yazmağa meyl etdirdin.

Son vaxtlar mən yazmağı oxumaqla əvəzləyib başımı qatıram. Niyə yazmıram? Ürəyim doludur, ancaq kimə açım? Kimi mənim sevdiyim dünyaya bağlamağa çalışım? Heyif!

Ancaq sənin kitabını oxuyanda məndə təzədən inam cücərdi ədəbiyyata. Və kitabı bitirəndən sonra axırıncı səhifəyə bir cümlə yazdım: Hamı belə sevgi ilə yaşasa, dünya cənnətə dönər!

Yazı necə alınıb? Ancaq mənə görə şeirlərin ucundan yapışıb daha dərinə getmək olardı. Keçib...

Hər halda bu yazını hasilə gətirmək üçün məni ruhlandırdığın və həyatımın xoş anlarına səyahətə çıxmalı olduğum üçün sənə minnətdaram!

 

Sizin Cəmil müəllim

 

Sevgidən söhbət açacağımızdan, məhəbbət şairi Füzulidən xeyir-dua almamaq qəbahət olardı. Dahi şairin hikmətli kəlamıdır bu:

 

Eşqdir hər iki dünyaya zinət,

Eşq ilə dolanır bütün təbiət.

Eşqsiz məqsədə yetişmək olmaz,

Eşq ilə tapılar düzlük, həqiqət.

 

Zaman-zaman insanlar bax bu əqidə ilə düzlük, həqiqət axtarışında olublar. Dövran sürdüyümüz zəmanədə bizlər də buna mailik. Hər kəs öz istəyincə! Səksən yaşını adlamış bu sətirlərin müəllifinin sevgi mühakiməsinə qoşulması cavanlara qəribə görünə bilər. Etiraf edim ki, əvvəllər qoca Nizaminin yaşlı vaxtında yazdığı qəsidə sövq etdirdi məni buna: “qocalıq ağ saçlarımla qulağıma pambıq tıxadığından, şadlıq, şənlik səslərini yaxşı eşidə bilmirəm”.

Mən də o haldayam. Ancaq dövran sürdüyümüz zəmanədə başqaları kimi binəsiblərin də, iqtidar-sərəncam sahiblərinin də vaxt-bivaxt haqqa-ədalətə qovuşmaq naminə haraylarını eşitməyə bilmirəm!

Əlacı isə Şair Musa Ələkbərlinin “Dünya sevgidən doğulub” kitabını oxuduğum zaman aydın görməyə başladım. Cəmiyyətin də, təbiətin də ancaq saf sevgi ilə tarazlaşa biləcəyinə inamım-etiqadım artdı.

Musa Ələkbərlini onillər əvvəllərdən tanıyıram. Ötən əsrin altmışıncı illərində Sumqayıt boru prokatı zavodunda fəhlə işlədiyi və Bakı Dövlət Universitetində təhsil aldığı dövrlərdə mətbuatda lirik şeirlərlə çıxış edərdi. Sonra tale elə gətirdi ki, universitetin məzunu “Gənclik” nəşriyyatında redaktor vəzifəsində çalışdı və tez-tez, ayaqüstü də olsa, görüşürdük. Mənim işlədiyim “Azərnəşr” ikinci mərtəbədə, onun işlədiyi “Gənclik” nəşriyyatı isə üçüncü mərtəbədə yerləşirdi. Pilləkən üstündə ani görüşlərdə də onun dağ adamlarına məxsus şax görkəmi, duru gözləri, ümumən sifətindəki nur mənim nəzərimdən yayınmırdı. Mətbuatdakı şeirlərinə də marağım artırdı. İndi budur, oxucular tərəfindən dəyərli hörmət sahibi olan şair, publisist, naşir Musa Ələkbərlinin bütün varlığını əks etdirən sanballı kitabı masamın üstündədir. Kitabı oxumamışdan diqqətimi iri həcmi çəkdi. Sevgidən bu qədər şeir yazmaq olarmış?!

Deməyin, şairin çöhrəsindəki işıq, daxilindəki sevgi püskürtüsünün əlamətləri imiş! Etik-estetik ruhun cismani təbəssümü imiş!

 

Burda baxışların əriyib güntək,

İşıqlar yananda yanıb hər axşam.

Binalar şəfəqdən açıb gül-çiçək,

Gözümlə öpmüşəm, sığallamışam.

Bəzən də durmuşam fikri dolaşıq,

Səndən çox gileyim, çox küsüm olub.

Sizin pəncərədən süzülən işıq

Üzümdə-gözümdə təbəssüm olub.

 

(“Sizin küçəniz”)

 

Başımı qaldırıb kitab rəflərinə baxdım. Bu həcmdə iki kitab var idi: Şeyx Nizaminin “Xəmsə”si və Şeyx Sədinin Tehran nəşri olan külliyatı. Bildiyimiz kimi bunların hər ikisi bədii qamus – ensiklopediyadır. Ancaq yüz illərlə mədrəsələrdə tədris edilən “Bustan” əsərində isə doqquz fəsildən ancaq biri, “Eşq haqqındadır”, ən qısası. Qalanı etikadır. Musa Ələkbərlinin sanballı əsərini oxuyuram – əsl şeirdir! Dönə-dönə misraların dəyərini tərəziyə qoymağa çalışıram... Və ikinci heyrətim daha da bərk duyğulanır. Yüzlərlə şeir ancaq sevgi-məhəbbətdəndir! Lakin bunların heç biri sevgi qiraəti-nəsihəti səciyyəsində, didaktika nəzm deyil. Şairin ilk məhəbbət xatirələrindən ahıllıq dövrü də daxil olmaqla, öz sevgi tərcümeyi-halıdır. Belə humanist baxışla:

 

...Səni istəyənlər artır, çoxalır,

 

Mən hansı birinin yolunu kəsim?!

...Səni məndən artıq sevə bilsələr,

Heç kəsi özümə rəqib sanmaram.

yaxud, yurda bağlılıq barədə:

Nə deyim, ay Allah, o ağ buluda,

Başımız üstündə çətirdi yoxsa.

Bizi bu yerlərə qan kimi isti,

Qədim bir doğmalıq gətirdi yoxsa?!

... Soğulan bulaqlar, uruyan çaylar,

Kəsilən ağaclar saxladı bizi.

Bəlkə bu yerlərin dərdi-göynəyi

Təzədən bu yurda bağladı bizi.

 

Bunlar mücərrəd mühakimələr deyil, gerçək bədii həyatdır!

Şairin məqsədi: Füzuli hikmətinə doğru yön alıb: düzlüyə, həqiqətə qovuşmaq istəyən insanlar bu yolu seçməlidir, saf sevgidən qidalanmalıdır, onu yaşatmalıdır.

Kitaba ön söz yazmış ədəbi mühitimizin sərvəri akademik Nizami Cəfərov çox sərrast deyib: “Musa Ələkbərli daha çox sevgidən yazırdı... Ancaq bu sevgi “öz içini yeyə-yeyə duran”, yaxud “tərki-dünya bir aşiqin subyektiv yaşantıları” deyildi, təbiətin özü qədər təbii, mükəmməl, kəndli balasının yüz illər ərzində formalaşmış mərdanə istəyi, kişiliyin zərif məxluq qarşısındakı tarixi məsuliyyəti idi...”

Bu da şeirlərin qanından-canından doğur ki, Musa poeziyasının əndazəsi sevib-sevilənlərin xoşbəxtlik sərhədindən kənara çıxır. Və bu da yaşadığımız dövrün sevgi qıtlığından, qarşılıqlı mehr-mərhəmətin kasadlığından irəli gəlir:

 

Dönəm bir çırpılan tut ağacına,

Verəm öz barımı dosta, tanışa.

Yarayam kiminsə ehtiyacına,

Kimsə də dərdini mənə danışa.

 

Əslində çağdaş həyatımıza bu baxış yalnız siyasi lirika deyil, vətəndaş şair ruhunun dilmancıdır. İstərdik ki, bu anlam qəribəliyə salınmasın. Hamımız bilirik ki, cəmiyyətdə yadlaşma, özgələşmə, əsil-kökə – onun əxlaq tələblərinə biganəlik meyli güclənməkdədir. Nisgilimizin biri də budur: nooldu bizlərə, can deyib-can eşidən bir məxluq idik. Bəyəm, hələ yarası sağalmamış Qarabağ dərdinə mübtəla olmağımızı, məhz buna ayrı-seçkilik, “mənəm-mənəm” iddiası ucbatından məruz qaldığımızı unutmuşuq?!

Son vaxtlar bəzi telekanallar, nəhayət bu işə – yaddaşın mərəzinə qarşı əyani iş aparmağa başlamışdır; dünyəvi əxlaq məclisləri keçirilir, bəyannamələr qəbul olunur...

Ancaq bu əxlaq bəlanın əsl hikmətini almaq gücündə deyil bunlar. Yalnız bir-birilərini sevməklə, bəşər ocağını yandırmaq mümkün olar. Bunu isə ədəbiyyat edə bilər. Şair Musanın dediyi kimi, söz pərgarı dillənmədən də bu nemətə sahib olmaq mümkündür:

 

Bənövşə baxışlı, bənövşə gözlü,

Bənövşə duruşlu çiçəyim mənim!

Ay sözü sükutlu, sükutu sözlü,

Dolan, doluxsunan ürəyim mənim.

 

Bəli, saf niyyətli sükutda da var sevgi. Bu şərtlə ki, ürəkdən qidalanmış olsun o sevgi. İndi, hətta yaxınların davranışından da qəhətə çıxıb o məhəbbət. Soyuq cərəyan insanları keyləşdirib. İnsana – sevginin yerini ziyanlı yaman bir istək tutub: pul-mal vurğunluğu! Buna qarşı mübarizə immunitetlərini isə... qloballaşma seli bürüməkdədir.

 

Doğma olub yad bulaqdan içənim,

Doğma yurddan yad evinə köçənim.

Tükü-tükdən, sözü-sözdən seçənim,

Muğayat ol, muğayat ol, muğayat....

 

Belə bir dövranda necə muğayat olmaq olar ki, insanlar dünyanın acılı mühitinə görə bir-birindən bezikiblər, məqsədsiz, xüsusi maddi maraq olmadan söylənən söz indi ceyran belindədir. Avtobuslarda gedən kütlə bir neçə dəqiqə ərzində bunun canlı şahidi ola bilər, gəlin-qaynana söz-həkəti muştuluqdur bu dedi-qodunun yanında. Hamı bir-birini acılayır, zəhərləyir. İlahi, gücümüzü bir yerə toplayıb, torpağı qoruya bilmədiyimiz bəs deyilmiş ki, dilimizin-davranışımızın keşiyini də çəkməyə qadir olmayaq?! Məni qınamayın bu hökmüm üçün. Bizlər hamımız şair Musa kimi dünyanın anası – sevginin qədir-qiymətini bilmiş olsaydıq, kamil insan, xalq hesab edərdik özümüzü! Xüsusən ona görə ki, yalnız sevib-sevilməkdən həqiqi həzz almaq olar.

 

... Hardasa bir qağayı

Dalğaya həsrət qalıb.

Azmış bir quzu səsi

Çöllərə səda salıb

Könül sirli bir aləm...

Anlayıb duya bilsən.

Ürəyimi üzümdən

Əgər oxuya bilsən,

Sən məndən şer istə!

... Dağıt qayğılarımı

Bir mənalı baxışla.

Dünyaya sığışmıram,

Mənə dünya bağışla!

Bir çəngə bulud kimi

Qaralmışam, dolmuşam,

Bu şeri yaza-yaza

Özüm şeir olmuşam,

Sən məndən şeir istə!

 

Və o, bu istəyi yerinə yetirib bu kitabında. Və bu hələ harasıdır. Şairin gözləntiləri çoxdur. Öz məhbubuna deyir ki: “Məni ansan yuxu getməz gözünə, qurban olum, sən ürəyi yuxasan, imkan ola bircə dəfə özünə bu istəyin işığında baxasan” həsrəti ilə yaşayır. İstəklisini görəndə isə:

 

Yerdən ulduza gedən

Bir ağ yolu tutmuşam.

Haçan səni görmüşəm,

Özümü unutmuşam.

 

Bax, bu ilahi istəkdir, həqiqi sevgidir: gendə-genə alışır haqq aşığı, bircə ona heyfsilənir ki, ulduzların soyuq olur işığı.

Mənim gücüm çatmaz sənə qahmar çıxmağa. Abbasqulu ağanı – Qüdsini köməyə çağırmalı oluram, filosof-şairin xəzinəsinin qapısını açandan bəri məhəbbət haqqında bəsit, sənin dediyin kimi söz qovanlara, sinələrini xitabət kürsüsünə dirəyib el sevgisindən dəm vura-vura vətəni iflic vəziyyətinə salanlarla, dinməz-söyləməz vətən üçün ürək yandıranları ayırd eləməyə başlamışam. Nədir Qüdsinin “Eşq aləmi haqqında” elmi-etik məcəlləsi? Qısaca odur ki, filosof-şair belə bir təsnif aparıb: “İnsan təbiətinin başlıca tələbi eşqdir. Heç kəs eşqsiz ola bilməz. Ancaq dərəcələr vardır. Dünyadakı nizam və intizam da eşqdir.” Və belə sıralayır: meyl, ünsiyyət, həvayi-nəfisdən ibarət olan həvəs, yalnız insana məxsus olan şövq ancaq sövq-təbii istəkdən və mənfəət arzusundan doğduğu üçün insan onu, yaxşını pisdən ayırd edən əqlin vasitəsilə fəsadlı niyyətlərdən çəkindirər və ədəb, maarif və gözəl xasiyyətlər qazanmağa yönəldə bilər. Beşincisi məhəbbətdir ki, o da ünsiyyətin ən yüksək mərkəzidir. O, ürəyin sevməsindən əmələ gəlir. Sevgi də iki qismdir: biri xalq arasında adət olmuş dostluq və rabitələr yolu ilə ünsiyyəti davam etdirmək, ya da maraq və mənfəət ümidilə zövq alınması. Vəssalam!

Şairlər sevgi sarıdan uşaq vaxtlarından korluq çəkmirlər. Nasirlərin çətinliyi olur. Bir haşiyə: İlk oxunan, gözlənilməz hay-küylə qarşılanan yazım, ədəbi işçi olarkən yazdığım “Məhəbbətlə oynamaq olmaz” sənədli-bədii işim idi. Ruhlandım, hekayə yazmaq istədim. Ancaq qorxdum: belə sevgini hardan alacağam. Binamızın lift xidmətçisi işləyən şikəst kişinin kiçik peşəsinə necə istəklə yanaşdığını qələmə aldım, oxumaq üçün “Söyüdlü arx” romanı bizdə çap edilən İlyas Əfəndiyevə verdim. Oxudu, başını buladı, “sevgidən yaz!” – dedi. Duruxdum, sözünə davam elədi: “Sən keç masanın arxasına, sevgi əhvalatları özü gələcək ora”. Belə də oldu.

Müəllif məndən inciməz, güman edirəm, belə desəm. Bu şeirlərin mənbəyi – şairin ürəyindən qidalanırsa, insanlıq ənənəsi, sevgi vüsəti yuxarıda dahiliklərinə işarə etdiyimiz ədəbiyyat tanrılarından gəlir. Bəşər övladına Nizami öyüdüdür bu:

 

İnsanlıq olmalı insana şüar,

İnsan o kəsdir ki, o kişi olur.

Sədi isə mərdliyi belə səciyyələndirir:

Sevgi meydanında duran qoçaqdır,

Sədi eşq yolunda ölsə də, azdır.

Bu anda Nəsimi sədası da qulağımıza gəldi:

Ey eşqə günah deyən günahkar,

Tərk eyləmərəm mən o günahı.

Şair Musa öz sələflərinin amalını davam etdirir:

Yaman yerdə qanı coşdu bu yazın,

Nə düşmüşük qəlbimizdən  qaçaq biz?!

Heç olmasa, indən belə susmayaq,

Könlümüzün havasına uçaq biz.

... Zaman keçir, sözün varmı bu haqda?

Ömür yoxdur duyğulardan qıraqda

Bu otağa bir qapı da açaq biz...

 

Musa ahıl yaşına dolub və onun bu çağırışı poeziya həmkarları ilə səsləşir. Bəxtiyar haqqa qovuşmaq istəyinə çatmayıb, zarıya-zarıya dünya ilə vidalaşdı, Famil sözünü şax-qırmızı dediyinə görə bağıra-bağıra qaranlıq dünyanı erkən seçməli oldu, Məmməd Araz “dünya nə mənimdir, nə sənin”, – deyib lal-dinməz ömrünü xalqına bağışladı.

Musa, bərk dirə ayaqlarını bu təlaşlı dünyaya, yaşa-yarat, bizlərin sənin ürək sözlərinə ehtiyacımız var. Səmimi söz ceyran belinə çıxıb, yalan-palan dünyamızı bürüyüb, yaltaqlar meydan sulayır... Sən sevginin gözəlliyini, paklığını, gərəkliliyini xalqına çatdırmaq qüdrətindəsən! Buna inanırıq!

Çox xoşdur bizlər üçün sənin nikbin niyyətlərin. Onlar Qüdsi cədvəlində heç bir eşqin-istəyin boş yeri qalmaması üçündür. Və ən vacibi odur ki, yazırsan:

 

...Əvvəllər bu yollar belə deyildi –

Ağ güntək önündə ağarır indi.

Gözünün ucuyla baxmazdı bir vaxt,

Səni qucağına çağırır indi.

... Eşqim böyüdükcə dönür vətənə,

Üfüqtək açılır qanadım-qolum.

...Mən nə istəyirəm,  qayğı bolluğu,

Daima çırpınan, göynəyən ürək.

Var-dövlət sanıram bu yoxsulluğu,

Deyirəm, bəsimdir bir tikə çörək.

Qoy açsın qapımı dostlar,  tanışlar,

Qohumlar özünü kənar saymasın.

Otaq darlığını kölgədə qoyar,

Mənim ürəyimin geniş səması.

Sağ ol, şair!

 

Musa Ələkbərlinin bu kitabında 600-ə qədər şeir toplanıb. Hamısı da sevgidən, məhəbbətdən. Əslində bu şeirlər sevgi nəğmələridir, bu əsəri poema adlandırmaq olar. Şairin şəxsində baş obraz, məhbubələrin timsalında məşuqələr. Bunların arasındakı dramatik münasibətlər özünəməxsus bədii konflikt yaradır. Yara qovuşmaq – vüsala çatmaq bal dadar, zira məhəbbətin iztirablı heysiyyatı ondan da şirindir. Əsər bütünlüklə bunu vəsf edir. Və şeirlərin hər biri nəğmədir – fərəhli, əzablı, ancaq insana yaşamağa, yaratmağa gücü-təpəri verən qüdrətli sevgi olayları...

Dahi Nizami qəlbini alovlandıran sevgi beş poemanı məhəbbətlə yoğurub-yapmağa, cahanın dirilik əmsalını sevgidə görməyə peyğəmbərlik müdrikliyi verdi: Memar Fərhada dağ çapdırdı. (Fərhadın yüz canı olsaydı, hamısını Şirinə qurban verərdi)

Dahi Dantenin 9 yaşında “həyatına gəlmiş” qızcığaz Beatriça sevgisi 99 nəğmədən ibarət nəhəng “İlahi komediya”nı dünya ədəbiyyatına ərməğan elədi.

İnanırıq ki, o bərəkətli məhəbbət ki, şair Musanın varlığında mövcuddur, onu sevgi macəraları tərk etməyəcəkdir. Etiraf – səmimiyyətin salamunəleykümüdür.

 

O, bu şeiri altmış yaşında yazıb:

Ürəyinlə açıq elə aranı,

Sevgi, nifrət yaşamaqla yaranır.

Qənimətdi ömrün-günün hər anı,

Bu danılmaz həqiqətdir bil, yaşa.

Budur, məhəbbət şairinin taleyi!

Biz bütün bu alicənab duyğularına görə qənaətimizdə qətiləşdik. İçində olduğumuz dövranda bizə daha çox sevgi gərəkdir. Bir də ona görə ki, sevgi ilə, eşq ilə qovuşa bilərik düzlüyə, həqiqətə!...

 

 

Cəmil ƏLİBƏYOV

 

525-ci qəzet.- 2010.- 26 iyun.- S.24.