Əsəd Cahangirin
“Namaz” poeması
Əsəd Cahangir həm klassik, həm də müasir bədii fikir tarixini dərindən bilir, bunu tam halında, sistemli səkildə özündə yaşadır, əsərlərində ifadə etməyə calışır. Ona görə də Əsəd haqqında söz demək asan deyil. Onun hansı yazısını alsaq, bir şeyi görəcəyik: kamilliyə can atmaq arzusu. Bu arzu Əsədi Vəhdət ideyası və haqqında söz açmaq istədiyimiz “Namaz” poemasına gətirir. “Namaz” mistik duyumu özünəməxsus sosial-siyasi fəlsəfə müstəvisində təsvir edən nəğmələr toplusudur. Vəhdət ideyasına doğru sufi-aşiq kimi irəliləyən Əsəd bu yolda özünü itirmir, sələfləri Həllac Mənsur, Əbülməcid Sənai, Fəridəddin Əttar, Əhməd Yəsəvi, Yünis Imrə, Səms Təbrizi, Cəlaləddin Rumi, Nəsimi, Məhəmməd Füzuli kimi eşq nəğmələri oxuyur.
Mövlanə Cəlaləddin Ruminin 800 illiyinə ithaf olunmuş “Namaz” poeması haqqında Fikrət Qoca, Cavanşir Yüsifli, Sevinc Mürvətqızı, Sabutay, İlham İnam və başqaları bu və ya digər şəkildə fikirlərini bildirmişlər. Sabutayin “Sevmək də ibadətdir: Əsəd Cahangirin “Namaz” poeması haqqında” (1) başlıqlı yazısı poemanı ilkin incələmək baxımından səciyyəvidir. Yazı informativ xarakterli resenziya olduğundan poemanın daxili məna tutumuna tam aydınlıq gətirə bilmir. Bundan başqa Sabutay bir qədər sonra “Qərbin çaldığı ideoloji düdük” adlı yazısında ABŞ-ın “Newsweek” Araşdırmalar Mərkəzinin hesabat siyahısına etiraz edərək azərbaycanlı tənqidçi, şair və yazıçıları Qərbə satılmaqda suçlayıb belə yazacaqdı:
“Məsələn, niyə siyahıda Uitmen olmalıdır, amma Nazim Hikmət yox! Niyə Homər olmalıdır, amma Nizami yox! Niyə Çoser olmalıdir, amma Füzuli yox!
Ən pisi odur ki, belə siyahılar bizim bir sıra şair, yazıçı, tənqidçilərimizin də ağlını başından alır. Məsələn, çağdaş ədəbiyyyatda tanınan tənqidçilərdən olan Əsəd Cahangirin işi-gücü oturub-durub Qərb ədəbiyyatından danışmaq, postmodernizmi təbliğ etməkdən ibarətdir. Halbuki özünün bədii yaradıcılığı sırf Şərq ədəbiyyatı əsasları üzərindədir və uğurlu da alınır. Məsələn, vaxtilə mənim də haqqında yazdığım “Namaz” poeması!” (2)
Sabutayın “Namaz” poemasının daxili məna yükünü başından başa düşmədiyi yuxarıdakı sitatdan da görünür. Ümumiyyətlə, “Namaz” poeması sırf Şərq ədəbiyyatı əsasları üzərində deyil. Bunu poemanin qutsal ideyasından əlavə, ifadə formasından da görmək mümkündür. Əsəd həm şərq, həm də qərb şeir vəznlərini sintez edir və ruhunun ritmik sərbəstliyini Rumi kimi ölçüyə, çərçivəyə salmır. Bundan başqa, poemanın ideyası, Sabutayın düşündüyünün əksinə olaraq, ortodoks İslam və ya hansısa cərəyanın spesifik düşüncə sisteminə yox, İslam və digər ilahi dinlərin, fəlsəfi görüşlərin mütərəqqi ümumbəşəri prinsiplərinə əsaslanır.
Şair İlham İnam isə Əsəd Cahangirin “Namaz”poemasından aldığı təəssüratları “Namaz” Tanrıya dönüşdür” (3) adlı yazısında bölüşür. Lakin onun bu yazısı daha çox oxucu minnətdarlığını ifadə edən səmimi hisslərlə yazılmış məktub təsiri bağışlayır.
Cavanşir Yüsiflinin poemaya münasibəti tamamilə fərqlidir. Belə ki, şəxsi ədavət, intriqa hissinə qapılmış C.Yusifli əsəbindən həqiqəti dərk edə bilmir. Ən pisi də budur ki, “Azərbaycan ədəbiyyatında nə baş verir?” (4) sərlövhəli qərəzli yazısı ilə poemanın ümumilikdə təhlilə çəkilmə zəruriyyətini aradan qaldırmağa çalışır. Yalnız ifrat dərəcəyə varan çılğın bir qısqanclıq onu belə qənaətə gətirib çixara bilərdi.
Poemaya dair nisbətən geniş və obyektiv münasibəti Sevinc Mürvətqızı bildirir. Poemaya ən dəqiq və sanballı qiyməti isə onu “Namazı Ramazanda oxudum” adlı yazısında Vəhdət haqqında uğurlu sənət əsəri kimi qiymətləndirən ustad şair Fikrət Qoca verir.
Ə.Cahangirin uğuru ondadır ki, o, fərqli dini və milli qarşıdurmalar şəraitində yazıçı, şair üçün vacib olan obyektiv qərəzsizlik mövqeyində durur və deyək ki, belə bir mövqedə durmaq hörmətəlayiq olduğu qədər də çətindir:
Qızıl orta mövqeyi müəllifi aristotelçi-metafizik fəlsəfəyə gətirib çıxarır. Lakin Əsəd ənənəvi poetik-fəlsəfi meyarlar çərçivəsində də qalmır, obrazlı desək, “ənənəvi qəfəsi” sındırır. Əsəd Cahangirin qəlbindən gələn səslə qırx yaşında qələmə aldıgı bu əsər yəqin ki, onun kamillik pilləsinə doğru ilk addımıdır.
Poemanın ideya əsasını iki əsas məsələ ətrafında cəmləşdirmək olar:
– insanın bir ömür boyu həm fizioloji, həm də mənəvi inkişafını bütün canlı və cansız təbiətlə qarşılıqlı əlaqədə, namazın bir rükəti müstəvisində obrazlı təsvir etmək;
– və hər yeddi ildən bir qəhrəmanın psixoloji vəziyyətində baş vermiş mistik anlaşılmazlığın poetik dərki.
“Namaz” poeması mistik-metafizik həqiqətlər üzərində kökləndiyi üçün burada təzahür edən hadisələrin xaotikliyi oxucunu çaşbaş sala bilər. Yerə, göyə sığmayan, lakin aşiqin qəlbinə sığan sonsuzluq qarşısında şair “mən”i həm mənəvi, həm da maddi varlıq kimi təcəssüm edir, mücərrədləşir, bəzən tamamilə itir, bəzən bütün varlığın cəmi kimi ortaya çıxır. O – insana – özünə – Həqiqətə gedən yolda daşlasa, bitkiləşə, vəhşiləşə bildiyi kimi, daş, ağac, vəhşi də insanlaşa bilər:
Kök ağacın dişidi,
elə çəkib torpağı,
elə çəkib yaşmağı,
görə bilməz yad gözlər,
nə dişin, nə dodağın.
Ağac, kimdi qaynatan?
Oğuz qızları kimi
kimdən yaşmaqlanırsan?
Hanı Qazılıq dağı?
Hanı başı dumanlı,
yaşıl tumanlı
dağlar?
Tumanı düşük
insan,
imanı düşük
insan,
hanı qazilik dağı?
Daxili bölümləri,
strukturu namazın bir rükəti əsasında qurulan poema dörd hal (“Qiyam”, “Rüku”, “Səcdə”, “Dua”) və buna
uyğun olaraq dörd məqamdan (“Adamın həndəsəsi”.
“Vəhşinin xəttü xalı”, “Ağacın imanı”, “Daşın sevgisi”) ibarət olub qısa bir “Epiloq”la yekunlaşır.
Əsərin ekstatik hisslə
yazılmış hissələri
məntiqi idrakla yazılmış hissələrindən
güclüdür. Ümumiyyətlə mistik əsərlərdə
bölüm, sistem olmur. Ona görə ki,
Həqiqət hissələrə,
bölümlərə, dilimlərə
sığmır. Belə ruhani
gedişatda ekstatik siqnal bəzən birnəfəsə, bəzən
də zaman-zaman ötürülür, onu
cilalı və yaxud kortəbii qəbul edib ifadə etmək artıq qəbul edənin öz öhdəsinə düşür.
Müqəddəs Qurani-Kərim,
yaxud Ruminin “Məsnəvi”si buna ən parlaq nümunədir. Bizcə, “Namaz” poemasında
rast gəldiyimiz sərlövhələr şair
tərəfindən sonradan
əlavə edilib və bu əlavələr
fonunda əsərə
məntiqi idrakla “əl gəzdirilib”.
Müxtəlif dini tradisiyalar mistik təcrübələrini
bir-birindən fərqli
izah edirlər. İslam mistizmi
(təsəvvüf) Allahla
birliyə əsaslanır.
Hinduizmdəki Brahma-Nirvana, yaxud
Brahma-Prapti, neoplatonizmin
banisi Plotinusun qnozisi (birlə birləşmək) sufizmin
fəna halına müəyyən şəkildə
bənzəsə də,
İslam təsəvvüfü
Islamın müqəddəs
təbiətindən doğulmuşdur.
Əsədin “Namaz” poeması öz mistik qaynağını,
Allah eşqi və Allahla birlik ideyasını İslam təsəvvüfündən götürür:
Nə biləydim
düşəcək
bir ağacın
donuna
Tanrı yerə
enəcək,
deyəcək ki,
mən varam!
özüm dara çəkərəm,
amma heç
vaxt, heç yerdə
səni darda qoymaram!
mənə şəkk
etmə, oğlum!
Get,
Yer üzü
döşəyin,
göylər sənə
dam olsun,
mənə ömürlük
eşqin,
qoy sənə
cəzam olsun!
mənim cəzam
sevgidi!
Ə.Cahangirin əbədi bir mövzuya həsr olunmuş sufiyanə “Namaz” poemasının ildən-ilə daha da sevilə-sevilə oxunacağı və tədqiq olunacağına
inanırıq. Bizim “525-ci qəzet”in oxucularına bir parçası təqdim olunan və Əsəd Cahangirin “Namaz” poemasına həsr etdiyimiz monoqrafiyanın bu işin əlifbası olmasından məmnunluq duyardıq.
Elmar Vüqarlı
525-ci qəzet.- 2010.- 26 iyun.- S.23.