Sözün böyük
təəssübkeşi
Bir neçə ay öncə Mədəniyyət və Turizm Nazirliyi “Yeni Adlar” şeir və hekayə müsabiqəsi keçirdi. Həmin müsabiqəyə mən də iki dənə dıydıx hekayə göndərmişdim. Münsiflər heyətinin üzvlərindən birinin də Əsəd olduğunu eşidənlər məni əvvəlcədən təbrik edir, 1-ci yerin mənlik olduğunu deyirdilər. Vaxt gəldi, vədə yetişdi, nəticələr açıqlandı – bəlli oldu ki, mən nəinki 1-ci yerə çıxmışam, heç ikinci yer də mənim deyil. Ancaq 3-cü yer mənim olub, o da ki, güc-bəlaynan, özümdən sonra gələn yazarı cüzi bal hesabı ilə qabaqlayaraq. Əziz dostum Əsəd də mənə 10 ballıq şkala ilə neçə bal yazsa yaxşıdır? Belə qəşəng, yağlı bir 3.
Bəh-bəh-bəh, illərdir regionçuluq, dostbazlıq, ədalətsizlik, istedadlını istedadsızın ayağına vermək bataqlığında çabalayan Azərbaycan yazıçıları dəhşətə gəlmişdilər. Axı necə ola bilərdi ki, gün axşama kimi bir yerdə olduğum, bir qabdan yemək yediyim, ədəbi mühitdə iki ən yaxın dostumdan biri olan Əsəd mənə 3 yazmışdı.
Mən ürəyim ağrıya-ağrıya həmin adamlara başa sala bilmirdim ki, mənim o adamı çox sevməyimin səbəbi də elə budur. Əsəd çox yaxşı bildiyi sözü heç kimin, hətta öz doğmasının belə ayağına verməz. Ona görə də çağdaş ədəbiyyatımızın ən qalmaqallı imzası ünvanını qazanıb. Hər yazısından sonra ölkə dəyir bir-birinə.
Hər dəfə ona hər hansısa bir hücum olanda yadıma dahi Azərbaycan yazıçısı Sabir Əhmədli düşür. Əsədin də çox sevdiyi ustad bildiyi Dədə Sabirə də hücumların kökündə onun sirri bilməsi dayanırdı. İzah edim. Sirri bilmək deyərkən onu deyirəm ki, Sabir müəllim də dünya ədəbiyyatını çox yaxşı bilirdi və o da fövqəladə istedad sahibi idi. Ona görə öz çağdaşları olan yazarlar yaxşı bilirdi ki, Sabir Əhmədli onların kimdən nə oğurladığından və özünün onunla düşmənçilik edən sürüdən nə qədər böyük ədəbiyyat adamı olduğundan xəbərdardır. Əsədlə problemin kökündə də bunlar dayanır. Bir dəstə anti-ədəbiyyatçı bəzən onun üstünə gəlib, yeni əsrin ilk dahisini sındırmaq istəyirlər. Amma özləri Əsədə dəyib çilik-çilik olurlar.
Bəs yaxşı, siz Dədə Sabirin “Axirət Sevdası” romanını Əsədlə polemikalarından sonra qələmə aldığını bilirdinizmi?
Hər bir böyük yazı adamının həyatında böyük mənəvi-psixoloji keçidlər olur. Onlar hər hansısa bir ustadı tanıdıqdan, hansısa bir fəlsəfi cərəyanla tanış olduqdan, yaxud uzun müddət yaşadığı coğrafiyanı başqa bir məkanla dəyişdikdən sonra ədəbiyyat, həyat barədə fikirləri dəyişir, onun ədəbi fəaliyyətində yeni dövr başlayır.
Tutaq ki, Nəsiminin Nəimi ilə tanışlığı qədər və ondan sonra yazdıqları, Vaqifin Şuşaya gələndən sonrakı fəaliyyəti, Şəhriyarın Tehrandan küsüb birdəfəlik Təbrizə qayıtdıqdan sonrakı şeirləri və s.
Əsədin həyatında da belə böyük və dahiyanə keçid prosesi Sabir Əhmədli ilə olub. Özü danışır, deyir, böyük yazıçımız oğlunu Qarabağ müharibəsində itirmişdi. Jurnalist kimi tez-tez yanına gedib gəlirdim. Ədəbiyyat, fəlsəfə Axirət dünyası, çağdaş dünyanın qlobal problemləri barədə gecənin gec saatlarına qədər uzun-uzadı söhbətlər aparırdıq. Deyir, onda mən “Qurani-Kərim”i oxumuşdum, çox böyük mənəvi axtarışlardan sonra ölümdən sonrakı həyata inanmağa başlayırdım. Sabir müəllim isə Sovet dövrünün yazıçısı kimi bu mövzularda düşdüyü şübhələrə qalib gələ bilmirdi. Dedim, Sabir müəllim, biz öldükdən sonra diriləcəyik və doğmalarımızla görüşəcəyik. O isə kədərlə cavab verdi ki, Əsəd, mən də elə buna inanmaq istəyirəm. Sovet dövrünün şübhəçi yazarı ilə müstəqillik qazanmış ölkənin mənəvi dəyərlərinə sahib çıxmaq istəyən gənc bir qələm adamının uzun fikir mübadilələri sonralar Sabir Əhmədlinin “Axirət Sevdası” romanını yazmağa səbəb oldu. Və o roman Azərbaycan ədəbiyyatında azsaylı əsərlərdəndir ki, orada Azərbaycan yazıçısı bəşəriyyətin əzəli-əbədi problemlərinə baş vurur, daxilindən gələn suallarla dini, mənəvi-psixoloji məsələlərə üz tutur.
Bax, budur əsas məsələ: XX əsrin ən böyük nasiri ilə sabahlara qədər söhbət aparmaq, onu öz dediklərinə inandırmaq! Bu mənəvi yükün sahibi bizim dostumuz Əsəd Cahangir, şübhəsiz ki, dahidir.
Onun haqqında bir dəfə də dahi yazmışdım. Bəzi dostlar mənə etiraz etdilər. Amma, mən bir tək “Dəmirbaşlar” essesini vərəqlədim və bir daha bu qərara gəldim ki, bu fikrimdə yanılmamışam. İyun ayının 25-i dahi Azərbaycan ədəbiyyatşünası Əsəd Cahangirin doğum günüdür.
Ad günün mübarək,
ustad!
Mövlud MÖVLUD
525-ci qəzet.- 2010.- 26 iyun.- S.23.