Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

Toplayanı, ərəb əlifbasından

latın qrafikasına çevirəni

və lüğətin tərtibçisi:

Şirməmməd Hüseynov

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

HƏRƏKƏT LAZIMDIR!

 

Fevral ayı yaxınlaşır, binaənileyh Dövlət Dumasının yenidən güşadi də yaxınlaşmaqdadır.

İstər Rusiyada, istər Qafqazda həmsayələrimiz arasında dumaya hazırlaşmaq üçün cünbiş və hərəkətlər biruz etməkdədir. Biz müsəlmanlar isə hələ ki, bilahərəkət durmuşuq. Sairlər keçmiş dumada müşahidə etdikləri nöqsanlarını əlan təkmilə çalışdıqları və gələcək dumada nə gunə əməllərdə bulunacaqlarını indidən təyin etməgə mübaşir olduqları zaman, biz heç bir hərəkət və təşəbbüsdə bulunmuyub donub qalmışıq.

Hökumət tərəfindən dumaya vəkil və məbus seçmək xüsusunda sadir olan əmrlər, qərardadlar, fərmanlar bizcə şayani-diqqət və əhəmiyyət degildir!

Lakin bir vəqt olar ki, biz öz qəflətimizin acı səmərəsini yeməgə məcbur olarız.

Əvvəlki dumanın dağılması bütün Rusiyanı, hətta Avropanı bir yasi-vəsfə düçar etdisə də, bizi sevindirdi. Axır ki, peşimançılığın zəhərini bizə uddurmadı. Biz şad olduq ki, öz nöqsanımızı gördük. Və ümidvar olduq ki, onda fürsəti qənimət bilib, yeni dumaya layiq bir surətdə hazırlanarıq. Lakin hanı?.....

Hələ bizdə hazırlanmaq əsəri görünmüyor, ancaq o görünür ki, biz bu fürsət zamanını da qəflət ilə keçirməgə çox mailiz.

Lakin böylə olmaz. Burada bütün bir millətin iqbalını nəzərdə tutmaq lazımdır. Əgər bu səfər də vəkil seçməkdə ehmal olunsa, özümüzü bədbəxt və özgələri də bizə sərzənişçi edəriz. Onsuz da hökumət cəmaətə bilavasitə vəkil seçmək həqqi vermiyibdir və seçgi işlərini məhdud və naqis bir surətə salıbdır. Vəkillərin ədədi məhdud və hələ olsun ki, bir çox qabil adamlar da vəkillik həqqindən məhrum olacaqdır.

Binaənileyh, bu şərait üzrə əməlli və doğru bir vəkil seçmək artıq hünər istər. Bunu nəzəri-etibarə aldıqda biz müsəlmanlara vacib olur ki, bu intixab əmrində kəmali-diqqət və bəsirət ilə iş görüb vəkilligə həqqi olan dairədən bilatəfriq şan və mənsəb öylə birisini intixab edək ki, ümidgahi-millət olmağa ləyaqəti olsun. Xəlqin ona etibar və etimadı olsun və o da millət nümayəndəliyi kibi məsul və müqəddəs bir vəzifəni layiqincə ifa edəcəgindən özü əmin olsun!

Keçən vəkillərimizin içində öylələri var idi ki, bu axır ki mətləbi nəzəri-etibarə almıyıb Peterburqa tərəf xülusi-qəlb ilə getməmişdilər. Halbu ki, vəkilin niyyəti millətin hüququnu istehsal və müdafiədən başqa bir şey olmamalıdır.

Keçən dumanın əniəqadları əsnasında biz müsəlmanların hüququ və ehtiyacatı xüsusunda bir söz danışılmadı. Bizim üstümüzə ancaq kəsif bir kölgə salındı ki, heç bir müsəlman vəkili də o murdar kölgəni həqiqət nuru ilə rəf etmək istəmədi, gələcək vəkillərimiz bu fəqərəni unutmayıb nəzərdə tutmalıdırlar ki, həngamında yetirsinlər.

Cəmaətdən, hətta intixabçılardan da heç bir kəs, bilmiyordu ki, göndərdikləri vəkilin məramı nədir və nə təriqilədir, vəkilin əlində dəxi cəmaət tərəfindən tovdi olunmuş heç bir təlimat və ya dəstürüləməl yoxdu.

Bunların hamısına səbəb o idi ki, dumaya hazırlanmaq vaxtı kəmali-ğəflətilə keçmişdi. Cəmaət arasında dumaya dair söhbətlər olunmamışdı. Bu xüsusda heç bir müzakirə və mübahisə yox idi. Cəmaət dumadan və seçki işlərindən lap bixəbər idi.

İndi isə hərəkət edib cəmaəti günbə-gündən seçkiyə hazırlamalıdır. Hərçəndi vəkil seçmək haqqına malik xud cəmaət degil, vasitələri olan intixabçılardır. Amma genə burası da vardır ki, intixabçıları dəxi seçən cəmaət özüdür. Cəmaətə qandırmalıdır ki, layiq vəkil seçmək intixabçılardan asılıdır, intixabçı seçmək isə cəmaətin ixtiyarındadır.

Binaənileyh cəmaət, öz xeyrini nəzərə alıb, xatir və könül məsələlərini kənarda qoyub intixabçıları vəkilligə bilkülliyyə əhliyyət və ləyaqəti olan adamlardan seçməlidir.

Qədim zamandan bəridir ki, baləmum seçki işlərində bəzi nalayiq, ədalətsiz və pis nəticəli əməllər icra olunur.

Məsəla: təzyiq, zor, cəbr, xatir-könül saxlamaq, qövümlüq, aşnalıq xatirəsi və sair. Bunların hamısının vəkil seçgisi kibi böyük və müşkül əmrlərdə vəxim nəticəli və kor-peşimançılıq axırlı, şəni və xəyanətkaranə hərəkətlərdən olduğunu imdi anlamaq və o hərəkətlərdən ictinab etmək vəqtidir. Bu gunə hərəkətlərə qarşı etiraz və qiyam etmək zamanıdır. Bütün millətin iqbal və istiqbalını bir dostluq və aşnalığa qurban etmək, dostluq yolunda fədakarlıq degil, günahi-kəbirdir. Bunu bilmək və nəzəri-etibarə almaq kifayətdir ki, Dövlət Dumasına, yəni millət məclisinə üzv seçmək-bu insaniyyət naminə görülən əzim və müqəddəs bir işdir. Burada iştirak edənlərin hamısı məsul və cavabdadırlar. Binaənileyh diqqət və ehtimam ilə iş görmək burada hər kəsə borcdur. Lakin indidən hərəkət lazımdır, vəqtdir, unutmayalım ki, fürsəti fövt eləməz aqil, məgər nadan ola!

 

Üzeyir

“İrşad”, 21 noyabr 1906, ¹ 268

həmsayə-qonşu

sərzəniş- məzəmmət

 

DÖVLƏT İŞLƏRİ

 

Qurko-Lidval hadisəsi

 

Keçən məqaləmizdə demişdik ki, imdiyə qədər görünmüyübdür ki, hökumət millət arzularının hüsulinə çalışsın. Doğrudan da böylədir. Ərbabi-hökumətin icra etməkdə olduqları hərəkati ap aşkarə göstəriyor ki, hökumət millətin xeyirxahı degildir. Buna böyük bir dəlil-hökumətin millət tərəfindən icra olunan azadlıq hərəkətinə qarşı var qüvvəti ilə müqabilə etməsidir. Xırda dəlillər isə-ərbabi hökumətin hər bir hərəkati, hər bir təşəbbüsatıdır ki, bunların hamısı millət mənafeinə zid və müxalifdir. Bu hərəkətlərdən böyük bir fəallığı ilə şayani-diqqət olanı əlan bütün Rusiyanı, bütün Avropanı son dərəcə dilgir və mütənəffir edən Qurko-Lidval hadisəsidir.

Məlumumuz olduğu üzrə, əlan Rusiyada böyük bir qəhətü-ğəllə hökmfərmadır. Ac və möhtac əhali yavuqdur ki, tələf olmağa üz qoysun. Bir tikə çörəkdən ötrü can verənlər bu saət az degildir. Kişi, arvad, uşaq-hamısı guya acından ölməgə məhkum olunubdurlar. Bircə o qalıbdır ki, bu hökmə əməl edilsin. Ən şiddətli aclığa mübtəla olan Volqa kənarlarından istər müsəlmanlardan, istər ruslardan öylələri vardır ki, öz övladlarını satmaqla kəndilərini ac ölümdən xilasə çalışıyorlar.... Sabiq Dövlət duması bu qəhətü-ğəlləni, bu aclığı gördü, onun müdhiş və möhlik nəticələrini pişəzvəqt mülahizə ediyordu. Edib də bu fəlakətin önünü almağa çalışırdı.

Dövlət duması “zəxirə və azuqə qanunu” adlı bir nizamnamə tərtib etdi və bütün tərtib etdikləri nizam və qanun layihələrindən ancaq bir bu nizamnaməni yürutməgə müvəffəq oldu. Bu nizamnamənin beşinci maddəsində qeyd olunmuşdu ki, “qəhətü- ğəllədən mütəzərrər olan quberniyalar toxum və azuqə almaq üçün məsrəf olunan pulların hesabını hər ay ümumə elam etməlidir”.

Bu nizamnaməni Dövlət şurası bəgənib duma ilə biryerdə padşaha təqdim etmişdilər. Padşah həzrətləri dəxi məzkur nizamnaməni təsdiq edib öz dəstxəttilə yazmışdılar: “Böylə olsun”. Fəqət o zamandan bəri aclar üçün azuqə almaq və məsrəf olunan pullardan hesab vermək xüsusunda heç bir şey eşidilməmişdi və xəlq dəxi bu gümanda idi ki, hələ azuqəyə bir qəpik pul sərf olunmuyubdur.

Lakin öylə degilmiş.... Görünür ki, padşah tərəfindən millət nəfi üçün imzalanmış əmrləri icra etməkdə ministrlər özlərini bilkülliyə muxtar hesab ediyormuşlar və millət mənafeini gözləməkdən qabaq əvvəlcə öz mənafelərini nəzərə alırmışlar və ona müvafiq iş görülüyormuş. Buna şahid bu yavuqlarda faş olunmuş Qurko-Lidval əhvalatıdır.

İş buradadır ki, Dövlət duması dağıldıqdan sonra daxiliyyə vəzirinin müavini cənab Qurko özü-özbaşına, heç kəsə bir söz deməksizin ac quberniyalara paylanmaq üçün zəxirə almaq istiyibdir və bunun üçün Lidval adlı bir şəxsin kantoru ilə danışıb on milyon pud zəxirə (taxıl) tapşırıbdır, bu şərtlə ki, məzkur Lidval 1907 sənə yanvarının əvvəlinədək təəhhüd etdigi on milyon pud zəxirəni versin. Və şəyani-heyrət burasıdır ki, Lidvaldan bir zəmanət almaq əvəzində cənab Qurko özü məzkur Lidvala zəxirə pulundan qabaqca səkkiz yüz min manat pul veribdir! Halbu ki, əgər qabaqca pul vermək lazım gəlirsə əlli mindən yuxarı heç bir vəqt verilməz. İndi yanvar ayına bir şey qalmıyıbdır-amma on milyon pud zəxirədən ancaq üç yüz yetmiş beş min pud zəxirə verilibdir ki, yarım milyondan da azdır! İşin bu surəti hamının diqqətini cəlb edibdir. Oradan-buradan əhval yığıb, bunu bilibdirlər ki, Lidval kontorunun sənəti zəxirə satmaq degil. Bu su işindən və su işlətmək işlərilə məşğul olan bir şirkətdir. Lidval təəhhüd etdigi zəxirəni öz boynuna götürübsə də özgər bir zəxirəçiyə həvalə edibdir. Özü isə bu işdə simsar, yəni dəllal (komsiyonçu) lıq edirmiş.

İmdi həmin bu əhvalat get-gedə şayani-diqqət olub hər kəsi bu məsələdən baş açmağa cəlb ediyor. Hadisənin təfsilatı artıyor. Məxfi tərəfləri faş olur. Bu saxtakarlıqda bir çox qeyrilərinin dəxi müştərək olduğu anlaşılır. Və Qurkonun özünə də ləkə salınır, qara kölgə düşüyor,... Mətbuat isə bu işdə iştirak edənlərin hamısını hüzuri məhkəməyə çəkməyi tələb ediyor. Qurkonun birinci qəbahəti bundadır ki, padşah tərəfindən təsdiq olunmuş nizama əməl etməyib o zamandan bəri dörd dəfə hesab verməgə borclu olduğu halda, bir dəfə də olsun hesab vermiyibdir.

İştə “Dumasız” zamanın şərri-əzimi! Söz yoxdur ki, əgər Duma baqi qalsa idi, Qurko bu işi xudsər görə bilməzdi. Və hər bir qəpigi ac millət üçün əziz olan səkkiz yüz min manatı birdən-birə badi-fənayə verəmməzdi. Çünki, öz məsuliyyətini hər vəqt nəzərdə tutardı. Amma nə olsun ki, duma yox və hər bir ərbabi-hökumət qaradovoyundan tutmuş ministrinə kimi, özünü hər bir əməldə muxtar və mütləq hesab ediyor. Gördükləri iş müvafiqi-qanundurmu-yoxmu, millətə nəfidirmi, degilmi-özləri bilərlər. Heç kəsin guya irad-suala həqqi yoxdur.

Hər bir məmur öz dairəsində hakimi- əlaləttəlaq olub özünə qul bildigi millətin başına hər nə açırsa caiz bilir. Aclar isə çörək və xörək intizarı ilə can veriyorlar.....

 

Üzeyir

“İrşad”, 26 noyabr 1906, ¹ 272

mütənəffir-nifrətlənən

qəhətü-ğəllə-taxıl qıtlığı

əlaləttəlaq-mütləq

 

Ordan-burdan

 

İndi bu saət, yalan olmasın, dünyada bir qəzetə yoxdur ki, onun içində Qurko-Lidval əhvalatı olmasın!

Bilirəm, cənab oxucu, söz burada qalsın, amma sən heç bilmirsən ki, Qurko kimdir, Lidval nəçidir. Lidvali tanımaqda həqqin vardır. Amma Qurko: nahaq yerə tanımırsan, çünki, əvvəla o kişi daxiliyyə ministrinin yoldaşıdır və saniyən sənin də başının sahibidir! O ki, qaldı Lidvala, o da danışmağa görə guya “xozeyn”dir. Amma Allah ona lənət eləsin-başımızın sahibi olan ministrin yoldaşını tovluyub elə rüsvayi-cahan eliyibdir ki, yazıq kişi az qalıbdır ki, durub “otstavka” verib bir də ministrə-flana yoldaş olmasın!...

İş taxıl üstündə olubdur. Nə tövr olubdur, mən müfəssələn demək istəmirəm. Çün ki, bu əhvalatı Üzeyir əfəndi yazıbdır. Hər kəs oxusa anlar. Ancaq orasını diyoram ki, haman “xozeyn” Lidval səkkiz yüz min manatı qabaqca alıb noxud kimi ciblərinə töküb və on milyon pud taxıl əvəzində yarım milyon göndərib, indi keyf çəkir. Yəni arxayın oturub buğlarını burur. Keyfi gəldikcə hərdəm bir bayati-şiraz oxuyur.

Ministrin yoldaşı Qurko isə bilmir bu nə işdir ki, düşübdür və işin üstünü açılmış görüb o yoldaşı ministrə diyor ki:

“Del mirəvəd əz dəstəm sahibe-delan xudara dərda ke razi-pünhan “çoxdan” şod aşikara”.

Amma nahaq yerə ministrin yoldaşı narahat olur. Nə olar? “Xozeyn”lərin adəti adam tovlamaqdır və bir də səkkiz yüz min manat nə puldur ki, ministr durub onun qayğısını çəksin! O ki qaldı taxıl gözləyən aclara-onlar da gərək qansınlar ki, ministrin yoldaşı durub özünü onlar üçün taxıl eləyə bilməz. İstər ki, qırılan qırılsın, qırılmayan da görsün özünü gələn ilə saxlaya bilərmi, yoxsa ki, ayrı əlac yoxdur!

Aclıqdan danışdıq – yadıma Qarabağ düşdü. Qarabağın aclığını xəlqə söyləmək üçün mərsiyəxan olmaq lazım degildir, bunu demək bəsdir ki, Qarabağda xəlq acından ölür və dərd burasıdır ki, Qarabağın Qurko və Lidvalları Rusiyanınkından da betərdirlər, orada genə heç olmasa yarım milyon pud taxıl veribdirlər, halbuki Qarabağa yarım buğda verən də yoxdur. Görünür ki, heç olmayacaqdır... Yazıq Qarabağ ki:

 

Hər kəsə dust dedin,

düşməni-can oldu sana,

Düşmən öz bəxtin imiş,

indi əyan oldu sana.

Filankəs

 

“İrşad”, 28 noyabr 1906, ¹ 273

 

 

Üzeyir HACIBƏYLİ

 

525-ci qəzet.- 2010.- 26 iyun.- S.20.