Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrilə görüş olub

 

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Şəkidə mədəni-maarif müəssisələrinin fəaliyyəti ilə tanış olaraq kənd mədəniyyət işçiləri ilə görüş keçiriblər. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbiri giriş sözü ilə açan şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov son illər respublikamızda mədəniyyət və turizm sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, nazirliyin tədbirlər planına uyğun olaraq rayonlarda mədəniyyət işçiləri ilə keçirilən belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Toplantıda Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov geniş məruzə ilə çıxış edib, keçirilən görüşlərin məqsədini açıqlayıb: “Rayonlarda kənd mədəniyyət işçiləri ilə belə görüşlərin keçirilməsi artıq ənənə şəklini alıb. Belə görüşlərin əsas məqsədi mədəniyyət müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq, müəssisələrin qarşılaşdıqları problemləri müəyyənləşdirmək, onların həlli yollarını araşdırmaq, birlikdə müzakirə etmək, habelə kənd mədəniyyət müəssisələri işçilərinin təşəbbüskarlığının artırılmasına nail olmaqdır”. Aparatın rəhbəri daha sonra zalda quraşdırılmış monitorda foto-slaydlar vasitəsilə nazirliyin strukturu və fəaliyyətinin əsas istiqamətləri barədə məlumat vermiş, nazirliyin gördüyü işlər barədə söz açıb, dövlətin mədəniyyət və turizmlə bağlı siyasətinin başlıca istiqamətləri barədə məlumat verib: “Mədəniyyət və turizm sahəsinin müasir tələblərə uyğun inkişaf etdirilməsi məqsədi ilə son dövrlər Azərbaycan prezidenti tərəfindən mühüm fərman və sərəncamlar imzalanıb, müvafiq Dövlət Proqramları qəbul edilib. Qarşıya qoyulan məsələləri uğurla yerinə yetirmək üçün mədəniyyət işçilərinin üzərinə böyük vəzifələr düşür”. Tədbirdə şəhər mədəniyyət və turizm şöbəsinin strukturuna daxil olan müəssisələrin rəhbərləri çıxış edərək görülmüş işlər barədə söhbət açıblar, təkliflərlə çıxış ediblər. Görüşün sonunda nazirliyin məsul əməkdaşları mədəniyyət işçilərini maraqlandıran sualları cavablandırıblar.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 26 iyun.- S.18.