Muzey Mərkəzində görkəmli
aktyor İsmayıl Əfəndiyevin 100 illiyi qeyd olunub
Muzey Mərkəzində
əməkdar artist, aktyor və rejissor İsmayıl Əfəndiyevin
100 illik yubileyi münasibətilə mərasim keçirilib.
Dövlət Film Fondunun təşkilatçılığı
ilə reallaşan tədbirdə Fondun direktoru, əməkdar
incəsənət xadimi Cəmil Quliyev çıxış
edərək İ. Əfəndiyevin həyat və fəaliyyətindən
söz açıb: “ İsmayıl Əfəndiyev 1910-cu ildə
Şamaxı şəhərində dünyaya gəlib.
Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Gənc
İşçi Teatrında çalışıb.
İsmayıl Əfəndiyev çəkildiyi “Arşın
mal alan”, “O olmasın, bu olsun”, “Fətəli xan”, “Koroğlu”,
“Qızmar günəş altında”, “Kölgələr
sürünür”, “İnsan məskən salır” kimi filmlərdə
yaddaqalan obrazlar yaradıb, 200-dək xarici filmin Azərbaycan
dilinə dublyajında iştirak edib”. Tədbirdə
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar, kinoşünas Aydın
Kazımzadə və digərləri yubilyar haqqında
danışıblar. Mərasimdə aktyorun çəkildiyi
filmlərdən hissələr və fotosərgi
nümayiş etdirilib. Sonda İ.Əfəndiyevin ailə
üzvləri adından kürəkəni Nüstər
Hüseynov çıxış edib, tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
SARA
525-ci qəzet.- 2010.- 30 iyun.- S.4.