Nizami Cəfərov
ədəbiyyatşünas kimi: Tehran Əlişanoğlunun
təqdimatında
“Bir alim ömrünün tipologiyası”nda professor Nizami Cəfərovun bir neçə kitabı diqqət mərkəzindədir. “Türk dünyası: xoas və kosmos”, “Genezisdən tipologiyaya”, “Eposdan kitaba”, “Kitabi-Dədə Qorqudda islama keçidin poetikası”, “Xanım, hey”... Bu kitabların yazılma səbəbləri, toxunulan problemlər müəllif tərəfindən açılaraq oxuculara təqdim olunub.
Nizami Cəfərovun “Füzulidən Vaqifə qədər” kitabının mütaliəsi və müzakirəsindən sonra yazdığı eyniadlı yazıda T.Əlişanoğlu milli ədəbiyyatşünaslığımıza yeni baxışa, yeni metod və konsepsiyalara kəskin ehtiyac duyulduğu bir anda meydana çıxan bu nəşr üzərində təhlil işi aparıb. Müəllifin “Konsepsion” məqaləsi Nizami Cəfərovun konsepsiyasına fərdi baxışı özündə əks etdirir.
“Nizami Cəfərovun ədəbiyyat baxışları” alimin beşcildliyinin 2-ci cildinin mütaliəsilə əlaqədar yazılıb. Burada N.Cəfərovun ədəbiyyat tariximizə fərqli baxışının mənbəyi araşdırılıb.
“Nizami Cəfərov ədəbiyyatın varlığını böyük ölçülərdə axtarır; onu tarixi-mədəni dəyərlər yetirməli, özü də bu dəyərləri yaratmalıdır. O baxımdan Nizami Cəfərovun nəzərində bütün XX əsr ədəbiyyatı eksperimentlərdən, məhz klassik dəyərlərin, təkrar-təkrar əsr keşməkeşlərindən keçib, özünü təsdiqlədiyi, təsdiqləyə bildiyi məqamlarından, epizodlardan, hadisələrdən sıra tapır. “Səməd Vurğun”, “Azərbaycan legion ədəbiyyatı”, “İsmayıl Şıxlı, yaxud mənalı ömrün dastanı”, “Bəxtiyar Vahabzadə, yaxud millətin şairi”, “Hüseyn Arif dünyası”, “Akademik Bəkir Nəbiyevin yaradıcılıq yolu”, “Həyat dəryasının ədəbiyyat gəmiçisi (Seyfulla Əsədullayev)”, “İsa Muğanna: məlumluqdan məchulluğa”, “Vidadi Babanlıya açıq məktub”, “Azərbaycanın ədəbiyyat filosofu (Yaşar Qarayev)”, “Nəriman Həsənzadə: tariximizin taleyi, taleyimizin tarixi”, “Anar”, “Elçin”, “Fərman Kərimzadə... Düşünən (və döyüşən) tarix”, “Nüsrət Kəsəmənli: sevən şair, sevilən şair”, “Zəlimxan Yaqubdan yazanda” və s. həmin ədəbiyyatın yalnız epizodlarıdır, hər biri ayrılıqda və bir ayrı cürə bu dəyərləri yaşadır və təqdim edir”. Bu fikirlər müəllifin Nizami Cəfərov fenomeninə baxışını əks etdirən səciyyəvi fikirlər sayıla bilər.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 2
mart.- S. 7.