Şair Səməd Mənsurun barelyefi açılıb

 

Dünən Suraxanı rayonu Əmircan qəsəbəsində Azərbaycanın dəyərli şairlərindən olan Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə hazırlanan barelyefin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, xatirə lövhəsi şairin Əmircan qəsəbəsindəki yaşadığı evin binası üzərinə vurulub. Barelyefin müəllifi tanınmış heykəltəraş Zeynalabdin İskəndərovdur.

Açılış mərasimində çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bu hadisənin çox əlamətdar olduğunu diqqətə çatdırıb: “Çox sevindirici haldır ki, Sovet dövründə şeirlərinin çapına qadağa qoyulan, xalqın yaddaşından silinməsinə səy göstərilən bir ədəbiyyat xadiminin xatirəsi əbədiləşdirilir, onun irsi xalqa qaytarılır. Səməd Mənsur xalqımızın unudulmaz sənətkarlarındandır”.

Mərasim Suraxanı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bədii-musiqili proqramla davam etdirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə Səməd Mənsur yaradıcılığı barədə fikirlərini bölüşüblər. Aktyorlardan Laləzar Mustafayeva, İlham Əsgərov, Əli Nur Səməd Mənsurun şeirlərini ifa ediblər. Gənc muğam ifaçıları Gülay Qədirova, Vüsal Zamanov, Abgül Mirzəliyev, Arzu Əliyeva isə Azərbaycan muğamlarından parçalar xalq mahnıları səsləndiriblər.

Səməd Mənsurun yaxınları adından çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkə başçısına, tədbir iştirakçılarına şairin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü çatdırıb.

 

 

525-ci qəzet.- 2010.- 2 mart.- S. 7.