Naxçıvanın arxeoloji sərvətləri haqqında
yeni kitab nəşr edilib
AMEA Naxçıvan Bölməsi Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, professor Vəli Baxşəliyev, aparıcı elmi işçi Səfər Aşurov və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marronun birgə hazırladıqları “Ovçulartəpəsi” adlı kitab bu günlərdə geniş oxucu kütləsinin ixtiyarına verilib. Bu barədə AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən məlumat almışıq.
Muxtar Respublikadakı daha bir qədim yaşayış yeri ilə yaxından tanış olmağa böyük imkan yaradan monoqrafiya tariximizin gələcəkdə elmi şəkildə sistemli öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Ovçulartəpəsində aparılan tədqiqat işlərindən əldə olunan materiallar əsasında hazırlanmış 153 səhifəlik yeni kitabda bu bölgədə 2006-2009-cu illərdəki araşdırmalar, Son Eneolit və Erkən Tunc dövrü mədəniyyətləri, o cümlədən fauna və flora qalıqları haqqında ətraflı məlumat verilib.
“Ovçulartəpəsi yaşayış yeri”, “Stratiqrafik ardıcıllıq”, “Arxitektura”, “Keramika”, “Daş məmulatı”, “Heyvan sümükləri”, “Botaniki qalıqlar” bölmələrindən ibarət monoqrafiyaya foto və tablolar da əlavə olunub.
Qeyd edək ki, yeni kitab Azərbaycan, Rus və İngilis dillərində çapdan çıxıb.
Solmaz ASLANOVA
525-ci qəzet.- 2010.- 3 mart.- S. 7.