Nurlu əməllərin
sönməyən işığı
MƏŞHUR MİLYONÇU, BAKININ BÖYÜK
XEYİRXAHI AĞA MUSA NAĞIYEVİN VƏFATINDAN 91 İL
KEÇİR
Deyilənə görə, o, səmimi şəkildə inanırmış ki, əgər Bakıda 100 bina inşa etdirsə, 100 il yaşayacaq, hətta ölümsüzlüyə qovuşacaq. Bəlkə həm də bu ümidlə Bakı şəhərində bir-birindən yaraşıqlı, cazibədar 98 bina inşa etdirdi. Fiziki mənada ölümsüz ola bilməzdi, təbii ki. Amma xərclədiyi vəsait hesabına ucalan gözəl tikililər ona mənəvi ölümsüzlük qazandırdı, adı, əməlləri nur içində əbədiyyətə qovuşdu. Bir zaman hanballıq etsə də, sonralar ağılı, fərasəti və uğurlu taleyi sayəsində məşhur neft milyonçusuna çevrilən Ağa Musa Nağıyevin (1849 – 4.III.1919) yüksək zövqlə inşa etdirdiyi 98 bina bu gün də onun ömrünü sonsuzluğa calayan qırılmaz, sarsılmaz daş tellərdir.
Təəssüf ki, Ağa Musa Nağıyevin neft sahəsində, memarlıq, maarifçilik və ələlxüsus tibb sahəsindəki xidmətlərinin kölgədə qalması bu gün narahatlıq yaradır. Dövlətimiz müstəqillik əldə etdiyi zamandan Ağa Musa Nağıyevin adı ilə bağlı haqq-ədalətin bərpası uğrunda çalışmışam.
Kərbəla həsrəti ilə yanan “əmanət” qəbri məcburən üç dəfə məkanını dəyişib, yalnız 1998-ci ildə Biləcəri qəbiristanlığında rahatlıq tapıb. Varidatının ümumi miqdarı 413 milyon məbləğində dəyərləndirilən Ağa Musa Nağıyev kapitalının çoxunu cəhalət girdabında boğulan xalqının dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlişinə sərf edib. Deyirlər ki, zamanın meyarı yaddaşdır. Ağa Musanın həyatı nağıla bənzəyir: “Yoxsulluqdan – zənginliyə, şan-şöhrətdən – unudulmağa!”
Millətin öz dövləti olmadığı zamanda bir dövlətin görəcəyi işləri həyata keçirib bu məşhur milyonçu, neftdən gələn gəliri millətinin tərəqqisinə sərf edib. Bəzən xəsislikdə qınayıblar onu. Ancaq onunku xəsislik deyildi. Bu kəlam məgər xəsislikdən xəbər verir: “Yeyib-için, xərcləyin, amma qədərində. İsrafçılığa yol verməyin. Allah da israfçılığı sevmir”.
11 yaşından zəhmətə qatlaşıb, təsadüfən neft sahəsində çalışmağa başlayıb. Qısa bir zamanda varlanıb, xeyriyyəçiliyə və eləcə də çoxsaylı tikililəri ilə Bakı milyonçularından fərqlənməsinə də bu var-dövlət imkan verib. Bakının memarlıq salnaməsinə 98 silinməz səhifə yazan, 35 yoxsul ailənin başçısının vəziyyətinə əməl edib, onları Kərbəlada dəfn etdirən, maariflənməyə xüsusi diqqət yetirən, səhiyyə himayəçisi kimi tanınan Ağa Musanın qənaətcilliyi də xalqına xidmətə yönəlib. Bir sıra başqaları kimi sərvətini eyş-işrətə yox, işıqlı əməllərə sərf edib. O, pulunun qədrini bilməklə yanaşı, ondan səmərəli istifadə etməyi də ustalıqla bacarıb. 1904-1908-ci illərdə Ağa Musa Nağıyevin quyularından çıxan qara qızılın miqdarı 12,3 milyon puda çatır. 1908-ci ilin axırlarında isə istehsalın həcmi 13 milyon puda çatmaqla rekord vurur. Rus rublunun alıcılıq qabiliyyəti yüksək olduğu bir dövrdə Ağa Musa vəsaitini daşınmaz əmlaka sərf edir.
İstiqlaliyyət küçəsindəki 6,10 və 31 saylı binalardan ən önəmlisi sayılan, “İlk Müsəlman Xeyriyyə Cəmiyyəti” kimi istifadə olunan “İsmailiyyə” binası ilə yanaşı, “Realnı məktəb”, ictimai yığıncaqlar üçün Xaqani 47; S.Vurğun küçəsindəki 12, 20, 24 saylı binalar; “Yeni Avropa” mehmanxanasının binası, Z.Əliyeva prospekti 33-də poçt üçün nəzərdə tutulmuş bina; Neftçilər pr. 69, 73, 145; Füzuli 39; R.Rza 11, 12 və 36 saylı binalar; Zərgərpalan 16, Ş.Bədəlbəyli 21; Nizami 36 və 93; 28 May küçəsində 2, 3, 4, 5, 6, 8, 9, 10, 11, 14, 15, 17 saylı binalar və “Kirxa”nın binası; Y.Məmmədəliyev 11; Ağa Musa Nağıyev və E.Əfəndiyev adına, eləcə də “Elmi Tədqiqat Pediatriya İnstitutu” kimi xəstəxanalar, Sabunçu qəsəbəsində poliklinika, M.Rəsulzadə 8 – keçmiş Qastronomun binası onun vəsaitilə tikilib.
Deyirlər, pul qazanmaq igidlikdirsə, onu saxlaya bilmək müdriklik, puldan düzgün istifadə etmək isə ilahi istedaddır. Bu xüsusiyyətlərin hər üçü onda cəmləşdiyindən xalqına dəyərli oğul olub. 2013-cü ildə 100 illiyi qeyd olunacaq “İsmailiyyə” binası Bakının tacı sayılmaqla bərabər, milli arxitekturamızın incisi kimi memarlıq tariximizə daxil olub. Qotik üslubda tikilən bu binanı 1913-cü ildə Ağa Musa Nağıyev nakam oğlu İsmayılın xatirəsinə inşa etdirib.
Məhz bu bina Ağa Musanın ölümünə də səbəb olub. 1918-ci ilin mart qırğınlarında qəddar düşmənlərimizin Bakıya hücumu zamanı bu bina top atəşinə tutulub. Başlıca məqsəd analoqu İtaliyada olan “Venesian Qotikası” üslubunda yaradılmış binanı məhv etməklə bərabər, onun zirzəmisində qorunan ziyalılara məxsus arxivi, eləcə də özülündəki qızılları ələ keçirmək olub.
Heç cür unuda bilmədiyi bala dərdini Ağa Musanın təskinlik mənbəyi olan bu binanın dağıdılması təzələyir. Atasının – “Oğul, bacardığın qədər bina tikdir, ömrün uzanar” vəsiyyətinə əməl edib, 100 bina tikdirməyi qarşısına məqsəd qoyan və 100 il yaşayacağına inanan Ağa Musa 70 yaşında bu dünyadan köçüb.
91 il əvvəl – 1919-cu ilin mart ayında Cümhuriyyət Parlamentinin orqanı olan “Azərbaycan” qəzetində dərc edilən nekroloqda yazılıb: “Ağa Musa Nağıyev – ən orijinal adamlardan biri, təbiətən intəhasız enerjili, qabiliyyətli, mükəmməl formalaşmış bir insan həyatdan getmişdir... İri kapital sahibi olan Ağa Musa xalqının bütün tələblərinə diqqətlə yanaşıb. Elə bir əhəmiyyətli ictimai məsələ olmayıb ki, orada onun əvəzsiz xidməti olmasın... Rəhmətliyin xidmətləri onun xalq arasında xatirəsini əbədi yaşatmağa qadirdir”.
Vəfatından sonra düz bir ay qəzetlər onun haqqında bu kimi xoş sözlər yazıb.
Təəssüf ki, Bakının simasının gözəlləşməsində müstəsna əməyi olan Ağa Musa Nağıyev bu günədək lazımi qiymətini almayıb. “Tikmədim, özüm qalam, Tikdim ki, izim qala” prinsipini özünün həyat amalına çevirmiş unudulmaz şəxsiyyətin – Ağa Musa Nağıyevin xatirəsinə layiqincə ehtiram göstərməyin, çox sevdiyi şəhərdə – tikdirdiyi binalarla xüsusi yaraşıq verdiyi Bakıda onun adının yüksək səviyyədə əbədiləşdirilməsinin vaxtı çoxdan yetişib.
Dilarə AĞAMUSA (NAĞIYEVA)
525-ci qəzet.- 2010.- 3 mart.- S. 7.