XX əsrin görkəmli ədəbiyyatşünası – Əziz Mirəhmədov

 

Çağdaş ədəbiyyatşünaslıq elminin zəruri nəzəri problemlərinin işlənməsi üçün XX əsrdə əldə edilmiş təcrübəni ümumiləşdirmək, rasional, siyasi müdaxilə və qəliblərdən kənar təhlil və qiymətləndirmə arsenalını obyektiv qiymətləndirmək, üzə çıxartmaq gərəkdir. Bugünkü ədəbiyyatşünaslıq əsərlərində XX əsr təcrübəsi inersiya ilə davam edir, vərdişə, stereotipə çevrilmiş təhlil üsulunu aradan götürən əsərlər və elmi istiqamətlər yox dərəcəsindədir. “Sovet ədəbiyyatşünaslığı” məfhumuna çox zaman ironiya ilə yanaşırıq. Halbuki mövcud olduğu tarixi dövrdə onun məzmun təkamülü başqa söz deyir. 60-70-ci illərin ədəbi-nəzəri fikrində yaranmış müxtəlif istiqamətli ədəbiyyatşünaslıq məktəbləri ilə müqayisədə bugünkü elmimiz daha solğun və problemli görünür.

Anadan olmasının 90 illiyini qeyd etdiyimiz Əziz Mirəhmədov klassik filologi təhsil görmüş alimlərimizdən idi. O, sözün həqiqi mənasında filoloq idi. Onun tarixi ədəbi gedişata münasibətindəki elmi tutum vüsəti və miqyası bu amillə bağlı idi. Əziz müəllim 20-30-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş elə alimlərin yaratdıqları məktəbin tələbəsi və davamçısı idi ki, onlar universal təfəkkür sahibi idilər və ədəbiyyata da tarixi, fəlsəfi, estetik, linqivistik və tekstoloji problemləri özündə cəmləşdirən masştabda nəzər yetirirdilər. Əziz müəllimin dərs aldığı Həmid Araslı, Mir Cəlal, Feyzulla Qasımzadə, C.Xəndan, Əli Sultanlı 20-30-cu illər Bakı universitetində dərs demiş məşhur alimlərin yetirmələri idilər. Bakı Universitetini təşkil etmiş Razumovskinin dəvəti ilə burda çalışmış dövrünün görkəmli alimləri A.Ziffeld, V.Zummer, N.Mar, Vyl. İvanov, A.Makovelski, A.Bukşpan, N.Aşmarin və başqaları Bakı Universitetini mötəbər elm mərkəzinə çevirdilər.

Əziz Mirəhmədovun yaradıcılıq yolu ədəbi-elmi fikrimizin yarım əsrə yaxın əldə etdiyi nailiyyətləri, nəzəri axtarışların istiqamətlərini, onun uğurlarını və metodoloji qüsurlarını bütün dolğunluğu ilə özündə əks etdirir. Onun bir ədəbiyyatşünas kimi təfəkkür tipi Azərbaycan klassik filologiya məktəbinin ənənələri zəminində formalaşmış, milli-ədəbi irsi professionallıq və məsuliyyət hissi ilə öyrənməyin tarixi təcrübəsi onun alim və tədqiqatçı yaddaşına buradan süzülüb gəlmişdi.

Əziz Mirəhmədovun ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyətinə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini üzə çıxardır. Öz yaradıcılığının əhatə dairəsi və tədqiqat üsulunu müəyyən edən şərtləri izah edərkən yazırdı: “Belə bir tədqiqat üsuluna şəxsi arzudan daha artıq milli ədəbiyyatın özünəməxsus xüsusiyyətlərindən irəli gələn bir hal kimi baxılsa, daha doğru olar. Çünki dünya xalqlarının çoxu kimi, azərbaycanlıların da son iki əsrdəki mənəvi inkişafına ədəbiyyatla teatr, mətbuatla elm, musiqi ilə kitab vəhdət halında, bir-biri ilə bağlı ideoloji və estetik tərbiyə vasitələri halında xidmət etmişdir. Bunu bir çox Azərbaycan xadimlərinin eyni zamanda mədəniyyətin müxtəlif sahələrində səylə çalışmaları faktı aşkar etməkdədir”. Arxiv, sənəd, fakt yığımı ilə tarixi dövrlərin ictimai, fəlsəfi, siyasi, ədəbi, dini institutları arasındakı dialektik vəhdəti nəzərə alaraq onlar arasındakı əlaqənin mahiyyətini üzə çıxartmaqla elmi ümumiləşdirmələr aparmaq Əziz Mirəhmədovun bir ədəbiyyatşünas kimi seçdiyi təhlil üsulu, tədqiqatçılıq keyfiyyətidir. Buna görə də müasir demokratik mövqedən yanaşanda onun əsərləri elmi fikrin yeni mərhələsində “əliboş” qalmır. Əksinə, XIX və XX əsrlər bədii fikri haqqında yenidən düşünməkdə fakt, sənəd cəbbəxanası, mübahisə, mühakimə təcrübəsi kimi yaşamaq hüququnu ehtiva edir. Digər tərəfdən, alimin Avropa və rus ədəbiyyatşünaslıq məktəbləri ilə yanaşı, Şərq, xüsusən türk ədəbiyyatşünaslıq və estetik fikrinə eyni dərəcədə bələdliyi onun tədqiqatlarında birtərəfli qiymətləndirmə və təhlil prinsiplərini, əsasən, aradan götürür.

Bədii fikir tariximizin XIX əsr və XX əsrin əvvəlləri dövrünü ideya-poetik cəhətdən yeni mərhələ kimi mənalandıran amillərin kompleks şəklində öyrənilməsində Ə.Mirəhmədovun da xidmətləri böyükdür. O, müəllimləri və yaşıdları ilə birgə bu tarixi epoxaların ədəbi fikrinin mürəkkəb inkişaf yolunu öyrənməyin nəzəri-metodoloji əsaslarını hazırlamaqla yanaşı, ictimai fikir cərəyanları ilə ədəbi fikrin əlaqələrini, bu əlaqələrin milli və regional baxımdan düzgünlüyünü üzə çıxartmaqda ciddi nailiyyət qazanmışdır. “Azərbaycanda Mirzə Fətəli əsri”nin Əziz müəllimin tədqiqatlarında ardıcıl yer tutması həmin dövrün ictimai və ədəbi hadisələrinin xalqımızın tarixi tərəqqisində böyük tarixi mənası ilə bağlı idi. Heydər Hüseynovun “XX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” əsəri tarixi, fəlsəfi və ədəbi-estetik amilləri əhatə etdiyi üçün XIX əsri bədii fikirdə də yeni dövr kimi səciyyələndirməkdə ədəbiyyatşünaslıq üçün də nəzəri özül idi. Müəyyən tarixi dövrdə elmi dövriyyədən mexaniki çıxarılmış bu fundamental əsər öz tarixi missiyasını yerinə yetirmişdi. Xüsusən, Azərbaycan maarifçilərinin rus və Avropa fikri ilə yanaşı, islam sivilizasiyası və maarifçiliyi ilə bağlaması ədəbiyyatşünaslığın da bu tənasübü gözləməsində nüfuzlu söz idi. Ə.Mirəhmədovun “M.F.Axundov” (1953), “XIX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişaf məsələsinə dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “Qəribə tale”, “M.F.Axundov və K.Volney” kimi əsərləri, ümumən “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” kitabında toplanmış əksər məqalələr XIX əsr Azərbaycan ədəbiyyatının öyrənilməmiş məqamlarını, onun digər xalqların ədəbi-mədəni irsi ilə əlaqələrini, həmçinin ədəbiyyatımızda yeni yaranan janrlar, üslublar haqqında ilkin təsəvvür yaradan araşdırmalardandır.

Əziz Mirəhmədovun XIX əsrin ədəbiyyatının əsas simaları, onların ədəbi irsinin üzə çıxarılması sahəsindəki fəaliyyəti XIX əsr ədəbiyyatını konkret problemlər, o cümlədən ayrı-ayrı ədəbi-estetik kateqoriyaların bu dövrdə ədəbiyyatımızda təşəkkülü, təkamülü baxımından öyrənməkdə elmi fikri zəngin faktlarla, tarixi əsəri qiymətləndirməyin real təcrübəsi ilə təmin etdi. XIX əsrdə formalaşmış yeni tipli ədəbiyyatın bir çox kateqoriyaları XX əsr gerçəkliyinin səciyyəsi ilə bağlı yeni inkişaf dövrünə daxil olur. XX əsr ədəbiyyatında böyük vüsət tapan ideyaların başlanğıcı XIX əsrin ədəbi-fəlsəfi irsi ilə bağlı olduğundan ədəbi-bədii fikrin iki əsrdəki varis-irs əlaqələri ümumən ədəbiyyatşünaslığın, o cümlədən Əziz Mirəhmədovun tədqiqatlarının mərkəzində dayanar.

XX əsr, başqa sözlə sovet dövrünə qədərki dövrün ədəbiyyat tariximizdə bir mərhələ kimi fərdiləşdirilməsində, onu ehtiva edən ədəbi məktəblərin, yaradıcılıq metodlarının, ədəbiyyatın janr və üslub zənginliyinin, mətbuatdakı intibahın tədqiqində Mir Cəlal, C.Xəndan, Əziz Şəriflə yanaşı Əziz Mirəhmədovun və Kamal Talıbzadənin xidmətləri müstəsnadır. XX əsr ədəbiyyatının toplanması, nəşri, tədqiqi və təbliği istiqamətində ölkəmizdə həyata keçirilmiş elmi-təşkilati işin əsas müəlliflərindən və rəhbərlərindən biri Əziz Mirəhmədovdur.

Ə.Mirəhmədovun ən böyük tarixi xidmətlərindən biri məhz XX əsr ədəbiyyatı ilə bağlı faktik materialın üzə çıxarılmasında gördüyü titanik işdir. 40-cı illərdə bu dövrün tədqiqindəki mövcud çətinliklərdən bəhs edərkən yazırdı: “...Müharibə illərində və bir qədər ondan sonra hətta ədəbi-tarixi faktların böyük bir hissəsinin sadəcə toplanılıb sistemə salınması və tədqiqata cəlb olunması vacib idi; bunsuz nə ədəbiyyat tarixinin bütöv mənzərəsini yaratmaq, nə də böyük problemlərin əsl elmi həllinə nail olmaq mümkün idi”. O dövrdəki tədqiqatlarda nəzəri ümumiləşdirmənin istənilən səviyyədə olmamasını, təsvirçiliyin köklərini sonralar aydınlaşdıraraq yazırdı: “Tədqiqatın xeyli vaxt aparan, üzücü texniki çətinlikləri, məsələn, qiymətli arxiv sənədlərinin, əlyazma və mətbu mətnlərin minlərcə (?) səhifəsinin əllə köçürülməsi bəzən həmin faktoqrafik materialın elmi-nəzəri cəhətdən kifayət qədər dərindən dərk olunub mənalandırılması imkanını da azaldırdı. Hələ onu demirik ki, ta 60-cı illərin axırlarına qədər “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəz, nə Bakının, nə də Tbilisi, Moskva, Leninqrad və başqa şəhərlərin arxivində tam komplekt halında toplanmamışdı, bu jurnalın ictimai-ədəbi təsiri, nəşri tarixi, ədəbiyyat və mətbuat tarixindəki mövqeyi haqqında çox az şey məlum idi”.

Əziz Mirəhmədovun M.Ə.Sabir haqqında Bakıda və Moskvada çap etdirdiyi fundamental monoqrafiyalar ədəbiyyatımızda ictimai satiranın tarixi gerçəkliyin təsiri ilə yeni, mütərəqqi məzmun qazanmasını, Sabir poeziyasının Azərbaycanda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onun Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini aydınlaşdırmaqla yanaşı, şerimizin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan epiqon şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxarır. “Xudojestvennaya literatura” nəşriyyatının çap etdiyi “Ağlar güləyən” monoqrafiyası Sabir irsini keçmiş sovet məkanında təbliğ və təqdir etdiyi kimi, ədəbiyyatşünaslığımızın da bu səviyyədə təmsil olunmaq hüququnu və imkanlarını nümayiş etdirdi. Mənim bildiyimə görə Sabir haqqında bu sanballı monoqrafiya Moskvada Azərbaycandan olan müəllif tərəfindən nəşr edilən ilk və son əsərlərdən biri idi.

XX əsr ədəbiyyatı və mətbuatımızın görkəmli bilicisi və tədqiqatçısı kimi, Əziz Mirəhmədovun uzun illərdən bəri əldə etdiyi elmi araşdırma təcrübəsi, universal tədqiqatçılıq keyfiyyəti “Azərbaycan Molla Nəsrəddini” monoqrafiyasında əyaniləşdi. Bu əsər təkcə Ə.Mirəhmədovun yox, ümumilikdə ədəbiyyatşünaslıq elmimizin müəyyən tarixi bir dövrünün yekunu və nailiyyəti oldu. Monoqrafiyada Mirzə Cəlilin milli mətbuat, publisistika tariximizdə əvəzsiz xidmətləri “Mollanəsrəddinçilik” fikir cərəyanını şərtləndirən ədəbi, ictimai və estetik problemlərin fonunda professional elmi şərhini tapmışdır. C.Məmmədquluzadənin mənəvi mədəniyyətimizin yüksəlişində böyük tarixi xidmətləri kitabda zəngin arxiv sənədləri, yeni fakt və mülahizələrlə əyaniləşdirilir. Demokratik maarifçilik, mütərəqqi xalqçılıq ideyalarının C.Məmmədquluzadənin ədəbi-ictimai görüşlərinin formalaşmasında xüsusi rolu aydınlaşdırılır, yazıçının dünya ədəbiyyatına yaradıcı münasibəti konkret əsərləri təhlili məntiqi ilə sübut olunur. XX əsrdə Azərbaycanda gedən ideoloji və ədəbi mübarizələrdə mollanəsrəddinçilərin xidmətləri, demokratik ideyaların “Molla Nəsrəddin” jurnalının ideya və tematikasının müəyyənləşməsində xüsusi əhəmiyyəti kitabda ilk dəfə olaraq zəngin ədəbi-tarixi məxəzlər əsasında şərh olunur. Cəlil Məmmədquluzadənin Cənubi Azərbaycan və İran maarifçiliyi ilə əlaqəsi, onun publisist yaradıcılığının əsas cəhətləri, realist ədəbiyyat və satirik jurnalistikanın tərəqqisində rolu yeni mövqedən təhlil edilir. Monoqrafiya Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyəti haqqında sanballı elmi hadisə olmaqla, XX əsrin əvvəllərində Azərbaycanda ictimai həyatın, mətbuat və ədəbiyyatdakı ideoloji cəhətlərin, metod və ədəbi üslubların mahiyyəti haqqında da real təsəvvür yaradır.

40-50-ci illərdə ədəbiyyatşünaslarımız XX əsr romantizminin ideya-estetik mahiyyətini dövrün nəzəri fikri səviyyəsindən dərk və təsdiq etməyə çalışırdılar.

Ə.Mirəhmədovun XX əsr Azərbaycan romantizminin tədqiqi sahəsindəki fəaliyyəti bu gün daha mənalı görünür. Onun A.Şaiq, M.Hadi, A.Səhhət haqqında monoqrafiyaları, çoxsaylı məqalələri XX əsr romantizminin tarixi və nəzəri problemlərini həll etməyə güclü təkan verdi. M.Hadinin ədəbi irsi məhz Ə.Mirəhmədovun inadı, vətəndaşlıq səyi nəticəsində xalqa çatdırıldı, bu böyük sənətkarın bədii fikir tariximizdə yeri onun çoxsaylı elmi axtarışları nəticəsində müəyyən olundu. Ə.Mirəhmədovun romantiklərə həsr edilmiş araşdırmalarında bu sənətkarların fərdi yaradıcılığı XX əsr romantizminin ideya-bədii prinsipləri ilə vəhdətdə şərh edilir.

Bu tədqiqatlarda XX əsr Azərbaycan romantizminin estetik prinsipləri haqqında yeni ümumiləşdirici mülahizələr meydana çıxır. M.Hadi, A.Şaiq, A.Səhhət romantizmini meydana çıxaran tarixi ictimai gerçəklik əsas götürülməklə, onların bağlı olduğu milli-bədii fikir qaynaqları, eləcə də dünya romantizmi ideyalarının təsiri və bu təsiri reallaşdıran ədəbi amillər xüsusi diqqət hədəfləri edilir.

Bir məsələnin tarixi mənasına diqqət yönəltmək istərdim ki, H.Cavid siyasi repressiyaya məruz qaldıqdan sonra XX əsr romantizmi haqqında bədii metod və ədəbi cərəyan təsəvvürünün formalaşmasında Ə.Mirəhmədov və K.Talıbzadənin gördükləri tekstoloji işin və ilk tədqiqatların böyük tarixi mənası vardır. M.Hadi və A.Səhhətin ədəbi irsinin toplanması, ilk tədqiqlər onların adı ilə bağlıdır. Xüsusən M.hadi haqqında ilk məqalələr yazan, onun əsərlərini çətinliklə əldə edən, dövriyyəyə gətirən, onun haqqında namizədlik dissertasiyası yazan və buna görə də mənəvi əzablara düçar olmuş Əziz Mirəhmədovun tarixi xidmətləri əvəzsizdir.

Əziz Mirəhmədov “Azərbaycan ədəbiyyatı tarixi”nin yaradılmasında da uzun illər səmərəli elmi-təşkilati iş aparmışdır. “Ədəbiyyat tarixi” fənninin və ya janrının dövrləşdirmə, dəyərləndirmə prinsiplərinin hələ formalaşmadığı bir vaxtda elmə gələn Əziz Mirəhmədov öz müəllimi Heydər Hüseynovun irəli sürdüyü elmi prinsiplərə əsaslanırdı. İlk tarixlərin başa gəlməsində az bir vaxtda texniki işçidən müəllif və redaktor səlahiyyətinə yüksəlməsi onun istedad və zəhmətsevərliyinin bəhrəsi idi. 60-cı illərdə nəşr edilmiş üç cildlik ədəbiyyat tarixinin II cildinin ən mühüm icmal və portret oçerklərinin müəlliflərindən biri Əziz Mirəhmədovdur.

Mətbuat tariximizin öyrənilməsi və yeni əlifba ilə nəşri sahəsində Əziz Mirəhmədovun gördüyü işin həcmi və vətəndaşlıq vüsəti barədə konkret təsəvvür yaratmaq üçün “Molla Nəsrəddin” jurnalının 12 cilddə yeni nəşrinin hazırlanmasını və XX cildlik “Klassik Azərbaycan ədəbiyyatı kitabxanası”nı xatırlatmaq kifayətdir. Mətnşünaslığın nəzəri problemlərinə həsr edilmiş iki məcmu isə bu sahədə respublikamızda aparılacaq tədqiqatların başlanğıcı idi.

Ə.Mirəhmədov təbiəti etibarı ilə narahat, polemik hadisələrin ümumi gedişini bəribaşdan duyub qiymətləndirən şəxsiyyət idi. Xalqın tarixi, dili, mədəniyyəti ilə bağlı müzakirə və mübahisə məqamında o, bitərəf qala bilmirdi. Təsadüfi deyil ki, ədəbiyyat tarixi ilə yanaşı, 50-80-ci illər ədəbi prosesin ən aktual məsələləri haqqında o, dövri mətbuatda ardıcıl çıxış etmişdir. S.Rəhimov, Mirzə İbrahimov, Mir Cəlal, H.Mehdi, S.Rüstəm, İ.Əfəndiyev, Əbülhəsən, B.Vahabzadə, Q.Qasımzadə, Elçin, Əkrəm Əylisli haqqındakı məqalələrində bu sənətkarların hər birinin dünyanın bədii dərkində fərdi yaradıcılıq prinsiplərinin təhlili əsas məqsədə çevrilir.

Əziz Mirəhmədovun tədqiqatlarının fərdiliyini həm də müəllifin dərin nəzəri hazırlığı, ədəbi-estetik kateqoriyaların tədqiqinə xüsusi meyli müəyyən edir. Ədəbiyyatşünaslığımızın terminologiya və kateqoriyalar aparatının hazırlanmasına xüsusi həssaslıq göstərən alimin “Ədəbiyyatşünaslıq terminləri lüğəti”nin dörd dəfə təkmilləşdirilmiş nəşri bu sahədəki ciddi boşluğu doldurur.

Ədəbiyyatşünaslıq və tənqidin digər humanitar sahələr kimi demokratik elmi meyarlar baxımından yeniləşdiyi, xalqın unudulmuş mənəvi sərvətlərinə böyük bir qayıdış zamanı Əziz müəllim ön cərgədə gedir və öz sözləri ilə desək, Ə.Ağayev, Ə.Hüseynzadə kimi xadimlərimizin “borclarını qaytarmaqla” məşğul idi. O, böyük bir enerji ilə XX əsr ədəbi-bədii fikrimizin qadağan olunmuş səhifələrini tədqiq edir, “unudulmuş” sənətkarların əsərlərini çapa hazırlayırdı. Belə müqəddəs vətəndaşlıq işinin mənəvi mükafatı alim üçün ən layiqli töhfədir.

Əziz müəllim mənim tanıdığım alimlər içərisində ən tələbkar, istedadlı, prinsipial elm təşkilatçılarından biri idi. 70-80-ci illər Respublikanın elmi həyatında olduğu kimi Nizami adına Ədəbiyyat İnstitutunun da həyatında əsl intibah dövrü idi. Beynəlxalq və ümumittifaq müşavirələr, müxtəlif səpkili elmi sessiyalar, yubiley tədbirləri Nizami İnstitutunun nüfuzunu beynəlxalq səviyyəyə qaldırmışdı. Elmi mühitin yüksək əxlaqi-mənəvi saflıq və prinsipiallıq qazandığı illərdə İnstituta gəlmiş yeni nəslə qayğı və ehtiram vardı. 1981-ci ildə məni direktorluğa çağırıb İnstitutun təşkilati işlərinə köməklik göstərməyə dəvət etdilər və yaxın vaxtlarda İnstituta elmi katib təyin olunacağıma işarə etdilər. Ədəbi prosesin gur vaxtında, tənqidçi sözünə hörmət və ehtiram göstərildiyi bir vaxtda bütün günü direktorluqda oturmaq könlümdən olmasa da, razılıq verdim. Altı ay elmi katibliyin işlərini icra etdim, elmi katib isə otaqda oturub, Əziz müəllim demişkən, özünə “xalturnı” məqalələr yazırdı. Nəhayət, 1982-ci ilin iyun ayında Həsən Quliyevə dedim ki, daha Sizinlə işləməyəcəyəm. Direktorluğun həftəlik səhər yığıncağında Həsən Quliyevin “xidmətləri” özünü göstərdi. Əziz müəllim əsəbi halda “Yaxşı, sən bizi bəyənmirsən, get yaradıcılıqla məşğul ol!” deyiliş tərzi və oturanların məzlum sifətləri məni əsəbləşdirdi və otağı tərk etdim. Bir neçə gün sonra İnstitutun dəhlizində dayanmışdım. Əziz müəllim yanımdan keçərkən qolumdan yapışıb məni öz otağına dəvət etdi. Tamam başqa bir ovqatda mənzil şəraitim, gün-güzəranım haqda soruşdu. Dedi ki, sənə icazə verirəm, haçan istəyirsən redaksiyalara, nəşriyyatlara get, ailəni dolandırmaq lazımdır, burda da maaş azdır, hamımız çətinlik görmüşük; Buzovnada xəstəxanada yatanda dərman almağa pulum yox idi.

Bir anda aramızdakı inciklik keçdi.

1982-ci ilin payızında Əziz müəllim məni yenidən yanına çağırıb dedi ki, əşi bu “xalturşiklə” qurtardıq, gəl bizimlə işlə. Öyrəndim ki, bu məsələ Məmməd Cəfər müəllimlə və İnstitutun direktor müavini Yaşar Qarayevlə razılaşdırılıb.

Nizami adına Ədəbiyyat İnstitutunun direktorluğuna qədər Əziz müəllimin zəngin həyat dərsləri, təşkilatçılıq təcrübəsi var idi. Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, Azərbaycan KP MK-nın şöbə müdirinin birinci müavini kimi məsul işlərdə çalışması, dövrün görkəmli ziyalıları ilə yaxın ünsiyyətdə olması onun elmi instituta rəhbərliyində elmiliklə tələbkarlığın, inzibatçılıqla prinsipiallığın, şəxsi nüfuzu ilə demokratizmin qovşağı onu direktor kimi fərqləndirən keyfiyyətlər idi. Yaşar müəllim nə qədər romantik idisə, Əziz müəllim bir o qədər praktik, praqmatik idi. İnstitutun perspektiv planını hazırlayıb Əziz müəllimə təqdim etdik. Belə bir dərkənar qoyub mənə qaytardı: “Şirindil, saxla samanı, gələr zamanı!” İndilərdə bu sənədə baxanda gördüm ki, Yaşar müəllimlə birgə hazırladığımız bu perspektiv plandakı işlərin çoxu bu və ya digər səviyyədə işlənib.

Əziz müəllim Azərbaycan dilinin işgüzar üslubunu gözəl bilirdi. Dövlət orqanlarına təqdim ediləcək arayışların, müxtəlif məzmunlu məktubların, hesabatların yazılışı sahəsində təcrübəsi mənim üçün örnək oldu. Dərkənar qoyduğu sənədlərin üzərində icra müddətini müəyyən edərək, məsələn, yazırdı: “Vaxt 10 gün”. Kimin hünəri nəydi, bu on gündən sonra ona sənəd təqdim edə. Əziz müəllimin yumorunda, istehzasında həqiqət elə ifadə olunurdu ki, onun təsiri birə on qat güc kəsb edir, necə deyərlər, adamın yeddi qatından keçirdi.

Onun kitabşünaslıq, tərtib və redaktə işlərindəki yüksək peşəkarlığı İnstitutun nəşriyyat işlərində də bizə üstünlük qazandırırdı. Akademiyanın nəşriyyat planına ən çox bizim İnstitutun əsərləri daxil edilirdi. Bu Əziz müəllimin nüfuzu ilə yanaşı, Elmi Şuradan keçmiş əsərlərə göstərilən tələbkarlıq, sənədləşdirmə işlərindəki nizam-intizamla əlaqədar idi. Nəşriyyat işlərinin başlıca məqamlarını Əziz müəllimlə işlədiyim vaxt öyrəndim və buna görə onun ruhuna bir daha minnətdaram.

Az bir vaxtda Əziz müəllimin psixologiyasını öyrəndim. Bir çoxunun “çətin adam” hesab etdiyi Mirəhmədovla dil tapmaqda bu mənə kömək etdi. Əziz müəllim yalana nifrət edirdi, yalan danışmağı da bağışlamazdı. Həftənin ilk günlərindən birində işə xeyli gecikdim. Onu hövsələdən çıxmış gördüm:

– Bu vaxt işə gələrlər?

Dedim, Əziz müəllim, Buzovnadaydım, “7 nömrə” gec gəldi.

– Sən Buzovnada neynirdin?

Dedim, qohum-əqrəbamın bir çoxu orada yaşayır. Hələ 60-cı illərdən Ocaqqulu dayımgilə gedib-gəlirəm. (Ocaqqulu Şahbazov, onun ömür-gün yoldaşı Fatma müəllimə Buzovnada sayılıb-seçilən adamlar idi). Buzovna adını eşidəndə Əziz müəllim yumşaldı: “Əşi, Bəhlulla Vilayət də Buzovnaya “propiska” olunublar”. “Propiska” sözünü xüsusi bir intonasiya ilə deyib, cari tapşırıqlara keçdi.

Əziz müəllim haqqında xatirə düzümünün çoxluğunu nəzərə alıb onun bənzərsiz xasiyyətinin bəzi məqamlarına işarə edən bir neçə faktı yada salmaq istərdim. Onun ilk tələbələrindən olan İslam Ağayevin doktorluq müdafiəsi zamanı kimlərinsə fitvası ilə professor Əkbər Ağayev dissertasiyadakı bəzi qüsurları çox qabartmış, öz nəzəri hazırlığı, erudisiyası zəminində kəskin tənqidi məzmunda çıxış etmişdi. Əziz müəllim böyük ehtiram bəslədiyi Əkbər müəllimə etika çərçivəsində cavab vermək zorunda qalmış, Müdafiə Şurasının sədri kimi əsəri xilas etmişdi. Ertəsi gün Əziz müəllimlə növbəti işlərlə məşğul ikən İslam müəllim çəkinə-çəkinə qapını açıb dedi:

– Əziz müəllim, Bibixanım bibim Sizə salam göndərib!

Əziz müəllim başını qaldırıb İslam müəllimi süzdü, barmaqlarının arasındakı qələmi stola vura-vura, təəssüf və eyhamla yoğrulmuş bir intonasiya ilə dedi:

– Bibixanım bibin salamdansa, 15 qutab göndərəydi, beşin mən yeyəydim, beşin Elmi katib, beşin də Əkbər Ağayev yeyəydi, durub səni ifşa etməyəydi.

Əziz müəllimin həyati müşahidələri əsasında müəyyən ünsiyyət leksikonu yaranmışdı. Bunların bir çoxunun podtekstini bilirdim, bəziləri isə şahidliyimlə yaranmışdı.

İnstituta mebel gətirmişdilər. Əziz müəllim xadiməni göndərib cavanları köməyə çağırmışdı. Mənim böyük hörmət bəslədiyim, həyatdan vaxtsız getmiş, istedadlı, dişi-dırnağı ilə elmdə özünə mövqe qazanmış Vəli Nəbiyevi çağıranda o demişdi ki, gedin deyin ki, Vəli çay içir.

Əziz müəllim heç nə demədi, Vəlinin elm adamı olduğunu, onun codluğunun köklərinin də həyatdan gəldiyini bilirdi. Bundan sonra onun tapşırıqlarını gec yerinə yetirənlərə, diqqətsizlik edənlərə müraciətlə deyirdi: “Vəli demişkən, çay içirdin?!”

Əziz müəllimin işlədiyi vaxt İnstitutda işə düzəlmək istəyənlər, “xaltura” işləri keçirmək həvəsində olanlar onun sərt reaksiyasına tuş gəlirdilər. O, yuxarıların, məmurların, nüfuzlu adamların təzyiqlərinə tab gətirə, onlara sərt cavab verə bilirdi. Bunlar isə bəzi dairələrdə Əziz müəllim haqqında “idarə olunmaz” direktor imici formalaşdırmışdı.

Bəlkə bu da tale idi. Əziz müəllim direktorluqdan gedəndən sonra ölkədə aşkarlıq, demokratiya, plüralizm dalğasında həyatın dibi, xıltı üzə çıxdı. Direktor, Elmi Şura, və s. qurumlara “demokratik seçkilər” adı altında anarxiya başlandı.

Cəmiyyətdə baş verən dəyişikliklər Əziz müəllimin yaradıcılığında yeni mərhələyə yol açdı. Özündə etiraf və tövbə cəsarəti tapdı və milli bədii fikir tariximizdə burjua-millətçi damğası ilə kənara qoyulmuş ədəbi sərvətlərin tədqiqi və nəşri ilə məşğul oldu. Bu barədə 12 fevral 1992-ci ildə “Literaturnaya qazeta”da verdiyi müsahibədə ətraflı danışmışdır.

Az bir müddətdən sonra mən də direktorluqdan getdim və Ədəbiyyat nəzəriyyəsi bölməsinə, sonra isə Tarixi poetika şöbəsinə rəhbərlik etdim. Rəyasət Heyətinin binasına köçəndən sonra Əziz müəllimlə yaradıcılıq əlaqələrimiz gücləndi. “Molla Nəsrəddin” jurnalının I cildi latın qrafikası ilə “Sabah” nəşriyyatının kompüter mərkəzində yığılıb səhifələnirdi. Əziz müəllim bu nəşrə vaxtı ilə yazdığı müqəddiməni tamamilə yenidən işlədi. Yeri gəlmişkən “Molla Nəsrəddin” jurnalının nəşri sahəsində Əziz müəllimin fəaliyyətini yüksək qiymətləndirən akademik Bəkir Nəbiyev yazır: “Ədəbi abidələr” düzümündən “Molla Nəsrəddin” jurnalının on iki sanballı cilddə nəşrə hazırlanması mətnşünas həmkarları ilə birlikdə onların ağsaqqal yoldaşı Ə.Mirəhmədovun mədəniyyətimizə layiqli töhfəsidir. Təəssüf ki, bu nəşrin hələlik yalnız birinci cildi işıq üzü görüb”. Bu abidənin nəşrinin qaydaya düşməsi və Əziz müəllimin xidmətlərinin belə qədirbilənliklə dəyərləndirilməsi ümid yaradır ki, 4 və 5-ci cildlərdə Əziz müəllimlə bağlı xəta aradan götürüləcək. O, ən azı bu lahiyənin müəllifi və rəhbəri idi.

Əziz müəllim düşündüyünü birbaşa deyən, riyakarlığa nifrət edən bənzərsiz şəxsiyyət idi. Çıxışlarında, rəsmi rəylərində, atmacalarında olan orijinallıq onun metaforik düşüncə tərzindən gəlirdi. Əziz müəllimin münasibətlərində qeyri-səmimi nüans görmədim. Kitabxanamda xüsusi yer tutan əsərlərində mənə yazdığı avtoqrafların hər birində konkret məzmun, münasibət, qiymət tutumu var.

“Gənc alim dostum və “razqona” hazırlaşan Şirindil Alışanova müəllif yadigarı” (“Azərbaycan ədəbiyyatına dair tədqiqlər”. Bakı, 1983); “Bu kitabın ilk radiorəyçisi, müqəddimənin ilk oxucusu, bütün bu əsərin gələcək tədqiqatçısı, cavan həmsənətim Şirindil Alışanova böyük tərəqqi arzulayan müəllifdən kiçik yadigar” (M.Hadi, 1985); “Romantizm tədqiqində cavan “silahdaş”ımız kosmopolit ədəbiyyatşünas Şirindil üçün” (Plaçuşiy smexaç. Moskva, 1989); “Kitab, qutab və şərab borclusu olan köhnə dostum, naşir Şirindilə yadigar” (Alim ömrü, 2000); “Bizim Akademiyamızın H.Zərdabisi, əzizim Şirindil üçün. Əziz. 15.4.99” (Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət. B., 1998).

Bu lüğətin tarixi poetika xətti ilə geniş müzakirəsini keçirtdik. Şöbənin əməkdaşları Arif Əmrahoğlu, Tehran Əlişanoğlu, Sara Osmanlı, Asif Hacılı, Kamil Allahyarov, Vəfa Hacıyeva bu əsərin ədəbiyyatşünaslıq elmimizin inkişafında müstəsna xidmətlərini göstərdilər. Müzakirə “Ədəbiyyat qəzeti”nin səhifəsində Tehran Əlişanoğlu tərəfindən mükəmməl icmal şəklində təqdim edildi. Lüğət haqqında mətbuatda dərc olunmuş çoxsaylı rəylər, xüsusən Əziz müəllimin tələbəsi Zaman Əsgərlinin “Alim ömrü” kitabında ətraflı bəhs edildiyi üçün bir məsələni xatırlatmaq istərdim ki, bu lüğət çap olunana qədər humanitar elmlər sahəsində yeganə lüğət idi. “Siyasi ədəbiyyat” nəşriyyatının buraxdığı “Qısa estetika lüğəti”nin tərcüməsindən başqa Azərbaycanda digər sanballı lüğət yazılmamışdı. İndinin özündə isə belə ensiklopedik lüğətin yazılmasını yeni nəzəri-metodoloji düşüncə və dövriyyəyə gəlmiş faktik material tələb edir.

Əziz müəllimin bu lüğətində “İstifadə olunmuş ədəbiyyat” siyahısında nəşr etdirdiyim “Azərbaycan ədəbiyyatının tarixi poetikası” və “Yaradıcılıq metodu məsələləri” kitablarının altı adda mənbə kimi qeyd olunması müəllif heyətinə göstərilən ehtiramdır.

Müzakirəni başa vurduqdan sonra Əziz müəllim evə getmək istədiyini bildirdi. Dedim ki, Əziz müəllim, axı Sizin ənənələriniz var, stol sifariş vermişəm. Yaşar müəllim, Teymur Kərimli və bir neçə yoldaşla bədii hissədə Əziz müəllimin söhbətlərindən feyziyab olduq. Onu evə apararkən I Fəxri Xiyabanın yanında əyləməyi xahiş etdi.

– İstəyirəm, dostlarıma baş çəkəm. Siz gedin. İmkan olsa, gəlib apararsınız.

Hava tutqun olduğu üçün Ağammədə dedim, get kişinin dalınca. Ağamməd danışdı ki, Fəxri Xiyabana getdim, gördüm Şıxəli Qurbanovun məzarını ziyarət edir. Məni görüb dedi:

– Ağamməd, bilirsən bunuynan nə qədər vurmuşam!

Əziz müəllim öz yerini, səliqə-sahmanını, hər şeyin vaxtını və vədəsini dəqiq bilirdi. Gördüyü nəhəng işlər müqabilində əsla mənəmlik iddiasında deyildi. Kitabları, məqalələri haqqında həmkarlarının fikrinə hörmət edir, onlardan öyrənməyi əskiklik bilmirdi. Ömrünün son vaxtlarına qədər Rəyasət Heyətinin binasına gələrkən hökmən nəşriyyata dəyər, yeni nəşrlərlə maraqlanar, onu cəlb edən kitabları “rica edərdi”. Bir dəfə dedi ki, gedək Ziya müəllimin yanına, ona tezislərimi vermişəm, fikrini bilmək istəyirəm.

Ziya Bünyadov onu çox yaxın adamı kimi qarşıladı. Ziya müəllimin özünəməxsus leksikonda diletant tarixçilər haqqında fikirlərini Əziz müəllim səbrlə, nəzakətlə dinlədi, onun qeydlərinin bir çoxu ilə razılaşdığını bildirdi. Səhv etmirəmsə, Əziz müəllimin Kəngərlilər haqqında məqaləsindən söhbət gedirdi.

Rəsmi “müzakirədən” sonra Ziya müəllim Əlyazmalar İnstitutuna işarə edərək onunla belə bir dialoqa girdi:

– Alə, gəl səni bura göndərək.

– Ziya, mən xatirələrimi yazıram!

– Alə, get otur kabinetdə, yaz da!

– Yox, ay Ziya, daha mən yekunlaşdırıram.

Bakıda çörək tapılmayan vaxtlar idi. Buzovnaya, Əziz müəllimə zəng vurdum. Dedim, bizi qəbul edərsiz?

– Həri, Rəhim Əliyevi də götür gəl!

– Nə gətirək?

– Çörəkdən başqa heç nə!

Əminə xanımla Əziz müəllim bizi çox səmimi qarşıladılar. Əziz müəllim qaz sobasının qarşısında tamamlama işləri görürdü. Zəngin süfrə açmışdı. Xeyli dərdləşdik. Bizi iş otağına dəvət etdi. 12 səhifəlik şagird dəftərinə uşaqlıq, gənclik illəri ilə bağlı şəkilləri yapışdırmış, şəkilaltı sözlər yazmışdı. Xüsusən, nəvələrini, ələlxüsus da Fəridin şəklini göstərib fəxarətlə danışırdı.

Əziz müəllimlə son dəfə Akademiyada seçkilər günü görüşdük. Dedilər, Əziz müəllim guya səs toplamayıb. Bəxtiyar müəllimlə onu yola salarkən bu iki yaxın dostun xudahafizləşməsi həyatda gördüyüm gərgin psixoloji durumlardan biri kimi yadımda qalıb. Bəxtiyar müəllim Əziz müəllimin qoluna girmişdi və “İsmailiyyə”dən çıxarkən üçümüzün eşidəcəyi bir tonda dedi:

– Əziz, bu sənin halal yerin idi.

Əziz müəllim doğma Buzovna kəndində ata və anasının yanında uyuyur. Ata və ana yanında uyumaqdan gözəl nə ola bilər...

Bu yazını hazırlayarkən qardaşım Hüseyn Kürdoğlunun “Ziyalımız – ziyamız” silsiləsindən 1994-cü ildə, Əziz müəllimin ictimai diqqətdən kənarda qaldığı dövrdə yazdığı şeiri oxudum və onun ədəbi portretini gördüm. Hər ikisinin qəbri nurla dolsun.

 

 

Şirindil Alışanlı

 

525-ci qəzet.- 2010.- 3 mart.- S. 6-7.