Zərdüştün şikayəti

 

Mübarək gecələrin birində böyük Zərdüştün ruhu röyamda müsafirim oldu. Özü də tək deyildi, əshabələri ilə birlikdə. Bir tərəfində Əflatun öz nurlu siması ilə və nuru təbliğ edən yeniəflatunçularla birlikdə. Digər tərəfdə isə gah Mefistofel, gah da Nitsşe qiyafəsində görünən nahamvar bir kölgə. Hərdən də mənə elə gəlirdi ki, bu kölgə elə mənim (bizim) öz kölgəm(iz)dir: üzərimizə düşən nurun dərəcəsi artdıqca, kölgəmiz də böyüyürdü. Və biz nuru qoyub kölgəmizlə uğraşırdıq.

Zərdüşt çox qəzəbli və zəhmli idi. “Siz özünüzü çoxdan itirmisiniz və öz həyatınızdan daha çox, kölgənin həyatı ilə yaşayırsınız. Artıq iki dəfə mənim sizə miras qoyduğum irs oğurlanıb, siz göz yummusunuz. İndi üçüncü dəfəyə daha dözə bilmirəm, – dedi.

Böyük Hörmüzü Əhrimənə bərabər tutduğunuza görə gücsüz düşdünüz, tale sizə yar olmadı və Makedoniyalı İskəndər sizdən zəif ola-ola sizə üstün gəldi. Öz müəllimi Aristotelin tövsiyəsi ilə mənim sizə miras qoyduğum ən dəyərli sərvəti – Avestanı gizlincə olaraq öz şəhərinə – İskəndəriyyəyə apartdırdı. İzi itirmək üçün yerdə qalan nüsxəni yandırtdı. Min illər sonra İskəndərin bizdən götürdüyü və İskəndəriyyədə yenidən, başqa ad altında işıq üzü görən təlimləri (hermetizm, qnostisizm) siz də sanki yeni bir şey kimi, onların xidməti kimi qəbul etdiniz. İndi mənim öz vətənimdə fikirlərim təhrif olunur, əleyhimə hədyanlar yazılır.

Adımdan sui-istifadə edilməsinə, ideyalarımın tərsinə çevrilməsinə, onların oğurlanıb Qərb dəyərləri kimi təqdim olunmasına göz yumduğunuz bəs deyil, Əhrimənin Nitsşe qılığında yenidən zühuruna və hətta onun hədyanlarının təbliğ edilməsinə də göz yumursunuz.

Sən ey Səlahəddin Əyyubinin adını daşıyan insan! O vaxt sənin əcdadın Tövhidi – İbrahim dinini – İslam dinini xaçpərəstlərin yürüşündən, böyük İsanın dinini təhrif edənlərin təcavüzündən qorudu... Məgər səndə o böyük qüdrətdən, əzəmətli nurdan bir zərrə, ya əlamət qalmayıbmı ki, Haqqı qorumaq üçün heç olmasa bir addım atasan!?”

Dedim ki, məgər qaranlığa, kölgəyə qarşı vuruşmaq asandırmı? Axı, mən elə böyük vergi və ya nur sahibi deyiləm... Bu çətin iş üçün ya ulu əcdadlarımızın qılıncı, ya peyğəmbər əleyhissəlamın nuru gərək deyilmi? Sənin özünü də təktanrıçılıqdan ayırıb bütpərəst elan ediblər və sənin öz nurun özünə kölgə salır, atəşin özünü yandırır. İndi sən bizə nə kömək edə bilərsən ki?!

Dedi: “Bil və agah ol ki, mən heç vaxt bütpərəst olmamışam, şərin təmsilçisi olan Əhriməni də heç vaxt Allah səviyyəsinə qaldırmamışam. Mənim tərənnüm etdiyim Tanrı – Xeyir Allahıdır. Axı, Xeyirin, Haqqın, Gözəlliyin tək Allaha məxsus olduğunu siz müsəlmanlar da qəbul edirsiniz. Mənim dinim də hənif dindir.” Bu arada o, gözlərimə İbrahim əleyhissəlam simasında göründü. O dedi ki, “əslində həmişə vahid bir din olub və bütün peyğəmbərlər insanlara vahid Allahdan müjdə gətiriblər. Sadəcə insan övladı vəhyi dəyərləndirə bilməyəndə, gah kölgənin, qaranlığın vahiməsinə, gah da odun, atəşin parıltısına səcdə edibdir. Peyğəmbərlərin gətirdiyi nuru qoyub, narı (odu) seçiblər. İndi sən kölgə ilə vuruşmağın çətinliyindən danışırsan. Bəli, o yerini dəyişir, simasını dəyişir, kiçilir, böyüyür və bəzən heybətli olur. Amma unutma ki, kölgə elə bizim kölgəmizdir və nurun sayəsində yaranır. Allah Təala sənə də o nurdan pay verib. Sadəcə olaraq sən gərək üzünü həmişə nura tərəf tutasan, onda kölgə arxanda qalacaq və sənin üçün qorxusu olmayacaq. Amma nura arxa çevirsən, öz kölgən həmişə qarşını kəsəcək”.

Bu sözlər mənə tanış gəldi. Avqustin və Cübran da vaxtilə belə demişdilər.

Yadıma başqa bir hekayət də düşdü. Volqaboyunda (yeri gəlmişkən, M.Boysun versiyasına görə, zərdüştilik təlimi Volqaboyunda yaranmışdır) yaşayan İzergil qarının nağıllarından birinin qəhrəmanı – Danko öz qəlbini yandırıb onun işığı ilə insanlara yol açır. İblisliyin timsalı olan “fövqəlinsan”, qadının qartalla izdivacından doğulmuş, özünü hamıdan üstün tutan qəddar Larra isə bu nağılın Dankoya əks qütb olan başqa bir personajıdır. Xeyir və Şərin vəhdəti! Alovun nur saçmaq və yandırıb yaxmaq xisləti!

İndi Hörmüz yaddan çıxmış, Əhrimən daha yaşarı olmuşdur. F.Nitsşenin “fövqəlinsan”ı da Dankonu yox, Larranı xatırladır, Faustu yox, Mefistofeli, arifləri yox, iblisləri andırır. Bəs Nitsşe ideallarını yaymağa çalışanlar kimlərdir?

İndi öz qəlbinin atəşi ilə başqalarına işıq saçanlara rast gəlməsək də, Əfqanıstanda, Pakistanda, İraqda hər gün başqalarını da oda yaxmaq üçün özünü oda yaxanların “qəhrəmanlıqlarını” eşidirik. Nur nara çevrilir. “Fövqəlinsanlar” işıq yox, od saçırlar.

Və düşündüm ki, Zərdüştü narahat edən yəqin insanların atəşə münasibətdə ünvanı səhv salmaları olmuşdur. Nitsşe bir yana qalsın, indi Cavidin İblisi də az qala müsbət qəhrəman, “fövqəlinsan” kimi təqdim olunursa, onda özünü İblisə təslim etmiş insanlar günü-gündən artmazmı?

İblisdən yapışanların həyat hərisliyi güclənirsə və ilahi ideala doğru gedənlər cismani ölümü özlərinə həmdəm edirlərsə, zaman kimin xeyrinə işləyir? Bu dünyada artanlar kimdir, azalanlar kim?

Əslində həqiqi böyük inam sahiblərinin ömrü boyu Haqqa qovuşmağa can atan, “Ənəlhəqq” zirvəsinə yüksələn şəxslər üçün cismani ölüm elə böyük bir faciə deyil. Sağlığında tərki-dünya olanlar dünyanı tərk etməklə heç nə itirmirlər. İtirən – yerdə qalanlardır ki, onların nəfslərinin işıqlanması naminə yazıla biləcək yeni-yeni əsərlərdən məhrum olurlar. Allah dərgahına gedənlər, əbədi Haqqa qovuşanlar ölüm şərbətini bir mey kimi başlarına çəkirlər. C.Rumi Peyğəmbərə istinadən deyir: “Ölməzdən əvvəl ölmək lazımdır”. Başqa bir beytdə Rumi M.Həllacın “Mənim həyatım ölümümdə, ölümüm həyatımdadır” sözlərini misal gətirir. Təsadüfi deyil ki, Mənsur Həllac “mənəm Haqq” dediyi gündən fani dünyanı tərk etməyə özü səy göstərmişdir. M.Bayat və Məhəmməd Əli Camniyyənin yazdıqlarına görə, Mənsur Həllac hələ 913-cü ildən – özündə Haqqı bulduqdan sonra Bağdad əhlinə müraciətlə “Ey müsəlmanlar, məni öldürməklə mənə yaxşılıq edərsiniz”, – deyirmiş. Sonra üzünü Allaha tutub deyirmiş: “Bu adamların günahlarına görə məni cəzalandır”. Buna görə də Mənsur Həllacı bəzən müsəlmanların İsası adlandırırlar. Bu hekayəti ona görə yada salırıq ki, o, təkcə Mənsur Həllac üçün deyil, bütün sufilər üçün səciyyəvidir. Onlar üçün kiçik bir mənəvi itki, nəfsə güzəşt faciə olduğu halda, cismani dünyanın hər hansı bir sərvəti, həyat da daxil olmaqla önəmli deyil. Maddiyyatdan imtina əzmi təsəvvüfün yüksək qatı, zirvəsi yox, təməl daşı, başlanğıcıdır. Bunu bacarmayanlar hikmət əhli ola bilməzlər. Onların fikrinə görə, “nura qovuşa bilməyənlərin qisməti nardır” (Əbu Turxan). “Nur” və “nar” eyni məzmunun iki kənar təzahür halı, iki qütbüdür. Hər şeyin başlanğıcını odda görən Heraklit də zəka işığını odun inkişafının ali məqamı kimi götürür və hər şeyin əsasını “həqiqi işıqda” görürdü ki, bu da onun Allah (Zevs) anlamına mütabiq idi. Aristotel də intellekti (nous) insan qəlbində ilahidən yanan işıq kimi izah edirdi.

Daha sonra hermesçilikdə (hermetizm) və yeniplatonçuluqda geniş şəkildə əks etdirilən nur-zəka paraleli yeni dövr Qərb fəlsəfəsində inkişaf etdirilmişdir. Cordano Brunonun fikrinə görə, “dünyada işıq və qaranlıq, elm və nadanlıq arasında daimi müharibə gedir”. Volter isə yazır ki, “həqiqət öz məxsusi işığı ilə parlayır. Ona görə də, ağılları tonqal şöləsi ilə maarifləndirmək cəhdi əbəsdir”. Tonqallar cəhənnəmdə və ərafda lazım olur. İşığın nur və tonqal təzahürləri A.Dantenin “İlahi komediya”sında da öz əksini tapmışdır. Dantenin “xidməti” bundan ibarətdir ki, təkcə nurun yox, atəşin də əbədiyyətini vəsf edir.

Qərb fəlsəfəsində işığın həqiqət və zəkanın metaforik obrazı kimi götürülməsi “Bibliya” ilə yanaşı, Zərdüştilik və hermesçiliklə (hermetizm) də sıx surətdə bağlıdır. Yeri gəlmişkən, digər yunan allahlarından fərqli olaraq, Hermesin adı ilə bütöv bir təriqətin və fəlsəfi-mistik biliklər sisteminin bağlanması olduqca önəmli bir kənaraçıxmadır. Böyük filosoflar yetişdirmiş qədim Yunanıstanda allahlar yalnız metaforik rol oynayırdı və onların fəlsəfə ilə “məşğul olmasına” ehtiyac yox idi. Belə olan təqdirdə, Şərq mistisizmi ilə, məhz Şərq üçün səciyyəvi olan əl-kimya, astrologiya, magiya sahəsindəki biliklərlə zəngin olan belə bir təlim hansı ictimai bazada formalaşa bilərdi? Maraqlıdır ki, bu cərəyan b.e.ə. III əsrə qədər mövcud olmamış və ancaq Makedoniyalı İskəndərin Şərq ölkələrinə yürüşündən sonra yayılmışdır. Biz “Hermes” adının Zərdüştilikdəki “Hörmüz” adı ilə oxşarlığından və ya Makedoniyalı İskəndərin göstərişi ilə “Avesta”nın məlum iki nüsxəsindən biri yandırıldıqdan sonra, o birisinin müəmmalı surətdə “itirilməsindən” deyil, sadəcə, təlimin məzmunundan, mistik formasından və ilahi işığın ontoloji ilkinliyinə əsaslanmasından çıxış edirik. Tarixən Allah kəlamları həmişə peyğəmbərlər tərəfindən təqdim olunur. Və buna müvafiq olaraq Ahura Mazdanın (Hörmüz) mövqeyini açıqlayan tarixi şəxsiyyət – Zərdüşt, onun kitabı isə Avesta adı ilə məlumdur. Bəs Hermes təlimi hansı peyğəmbərin, hansı tarixi şəxsin adı ilə bağlıdır? Bir sözlə, suallar çoxdur və bu röya müəmmaları bir qədər də artıraraq, məni yeni axtarışlara sövq etdi.

 

 

Səlahəddin XƏLİLOV

 

525-ci qəzet.- 2010.- 3 mart.- S. 2.