Dillər Universitetində
Qadınlar günü
ilə bağlı sərgi açılıb
Dünən Dillər Universitetinin İnformasiya Resurs Kompleksində 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçirilib. Bununla bağlı tədbirdə Dillər Universitetinin rektoru Səməd Seyidov, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, beynəlxalq təşkilatların, səfirliklərin, QHT-lərin nümayəndələri iştirak ediblər. Sərgidə müxtəlif yaş qruplarını əhatə edən xanımların biçmə, toxuma, tikmə, rəsm, karikatura, milli geyimlər, xalçaçılıq işləri, yağlı boya ilə çəkilmiş rəsmlər, milli üslubda bəzədilən gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq və qiymətli daş-qaşlarla hazırlanan qadın bəzək əşyaları nümayiş olunub.
Dillər Universiteti Folklor Mərkəzinin direktoru Rəna Salehova deyib ki, əsas məqsəd milli dəyərlərin qorunması və təbliği, istedadlı insanları tapıb tanıtmaq, onlar arasında əlaqə yaratmaqdan ibarətdir. Bu məqsədləri həyata keçirmək üçün Dillər Universitetinin İnformasiya Resurs Kompleksi koordinasiya qurumu rolu oynayır”.
Professor Səməd Seyidov sərgidəki nümunələrin göz oxşadığını, yüksək zövq və bacarıqdan xəbər verdiyini vurğulayıb. Rektor sərginin təşkilində əməyi olanlara və iştirakçılara minnətdarlığını bildirib.
Gənclər və İdman Nazirliyinin İstedadlı Gənclərlə İş şöbəsinin müdiri İndira Hacıyeva bu cür tədbirlərin əhəmiyyətindən danışıb, belə sərgilərin davamlı keçirilməsinin zəruriliyini qeyd edib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 4 mart.- S. 7.