Laura Cəbrayıllı “Yeddinci qat”a imza atdı
“BU KİTABDAKI PUBLİSİSTİK YAZILAR MÜXTƏLİF
MÖVZULARLA, GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRLƏ
BAĞLI QƏLƏMƏ ALINMIŞ DƏYƏRLİ ƏDƏBİYYAT
NÜMUNƏLƏRİDİR”
R.Məcid L.Cəbrayıllının
ötən əsrin
90-cı illərindən dövri
mətbuatda dərc olunan ədəbi-publisistik
yazılarının oxucular
tərəfindən böyük
maraq və rəğbətlə qarşılandığını
bildirib: “Laura Cəbrayıllının
kitabında yer alan publisistik yazılar müxtəlif mövzularla, görkəmli
şəxsiyyətlərlə bağlı qələmə
alınmış dəyərli
ədəbiyyat nümunələridir.
Məncə, kitabın
əsas özəlliyi
ondadır ki, buraya unudulmuş ədəbiyyat cəfakeşləri
– Aydın Məmmədov,
Vidadi Məmmədov kimi şəxsiyyətlər
haqqında yazılar da daxil edilib”.
L.Cəbrayıllını “sözə həssaslıqla
yanaşan qələm
adamı” adlandıran
R.Məcid təqdim olunan kitabı, az sözlə böyük mənalar ifadə etməsi baxımından, yüksək
qiymətləndirib.
Professor Rafiq
Əliyev L.Cəbrayıllını
ictimai nüfuza, geniş intellektual imkanlara, insanlarla ünsiyyət qurmaq bacarığına malik publisist kimi səciyyələndirib.
Şair Tofiq Abdin bədii ədəbiyyatla publisistika
arasındakı sərhədin
əslində şərti
olduğunu vurğulayaraq,
L.Cəbrayıllının yaradıcılığını da bu aspektdən
dəyərləndirib: “Dünyanın
böyük yazıçılarının
əksəriyyəti – Markes,
Folkner və başqaları ədəbiyyata
publisistikadan gəliblər.
Laura Cəbrayıllının yaradıcılığına diqqətlə
yanaşdıqda burada
ədəbiyyatla publisistikanın
sərhədinin əridiyini
görmək mümkündür.
Onun publisistikası detallı publisistikadır.
Laura xanımın yazılarında
onun özünü tapmaq mümkündür. Konkret olaraq, onun xalq yazıçısı
Sabir Əhmədov haqqında qələmə
aldığı yazıya
nəzər yetirsək,
görərik ki, bunun strukturunda bir ağrı var. Laura Cəbrayıllının bir
publisist kimi ən önəmli cəhəti budur ki, başqaları haqqında yazdığı
yazılarda da onun özü var”.
Həmid Cəfərov
L.Cəbrayıllının Azərbaycanın tanınmış
şəxsiyyətləri haqqında
ədəbi portretlərini
yüksək qiymətləndirərək,
Hüseyn Cavidlə bağlı araşdırmasını
xüsusi qeyd edib: “Laura Cəbrayıllı
Hüseyn Cavid mövzusuna çox həssaslıqla yanaşıb
və araşdırmasında
bu mövzunu ustalıqla qələmə
alıb. Müəllif
böyük mütəfəkkir
Cavidin başına gələnləri publisist
qələmilə, eyni
zamanda böyük ürəkağrısı ilə
yazıb”.
Kitabın ön söz müəllifi şair Vaqif Bayatlı Odər L.Cəbrayıllının yazılarında
türk qızının
gücünü, ruhunu
və deyim tərzini hiss etdiyini önə çəkib:
“Laura Cəbrayıllının kitabında mən əsl türk qadınının simasını
görürəm. Bizim
qadınlarımızı bir
sözlə ifadə edərdim: Fədakar. Onlar ruhi, cismani
basqılara baxmayaraq, milli ruhu qoruyub
saxlamağı bacarırlar.
Laura da belələrindəndir”.
Şair müəllifin
kitabına məmnuniyyətlə
ön söz yazdığını bildirərək
L.Cəbrayıllının Xudu Məmmədov, Rəmiş, Mehdi Bəyazid, Vidadi Məmmədov və başqaları haqqında
qələmə aldığı
yazılarında çox
diqqətli, güclü
müşahidə qabiliyyətinə
malik bir publisist kimi çıxış etdiyini
deyib.
Kitabın redaktoru
və naşiri Umud Rəhimoğlu L.Cəbrayıllının həm
qələm adamı,
həm də insan kimi yüksək
mənəvi keyfiyyətlərindən
söz açıb. Naşir “Yeddinci qat”ı “gözəl publisistika nümunəsi olmaqla yanaşı, zəngin təəssüratlara
söykənən faktlar
toplusu” adlandırıb.
Xanəndə Sabir Abdullayev L.Cəbrayıllını
sənət adamları
ilə apardığı
müsahibələrində çox maraqlı məqamları işıqlandırmağa
qabil jurnalist kimi gördüyünü
dilə gətirib.
Şair Qulu Ağsəs “Yeddinci qat”da hörmət bəslədiyi insanlar haqqında yazıların
yer alması səbəbindən kitabın
onun üçün xüsusi dəyər kəsb etdiyini vurğulayıb.
Tanınmış aktyor Şamil Süleymanov çıxışını yumoristik notlar üzərində qurub: “Bir dəfə Laura xanım məndən müsahibə götürmüşdü.
Onda söhbətimizdən
mənim üçün
çox aktual olan mövzunu da başlığa çıxarmışdı: “Mən
kinoda ölmək istəyirəm”. Sanki bu başlıq, bu müsahibə mənim üçün düşərli
oldu. Sonralar mənə bir neçə filmdə ürəyimcə olan rol tapşırdılar. Arzuma çatdım – kinoda ölə bildim. İndi hərdən Laura xanımın
yenə məndən müsahibə götürməsini
arzulayıram. Amma bu dəfə başlığa “Milyonçu
olmaq istəyirəm” başlığını çıxarmasını
xahiş edərdim”. Aktyor L.Cəbrayıllını
istedadlı, imzasını
təsdiqləmiş publisist
kimi qiymətləndirib,
özüylə müsahibənin
də böyük şəxsiyyətlər barədə
yazıların yer aldığı dəyərli
bir kitaba daxil edilməsini minnətdarlıqla xatırladıb.
“Azərbaycan”
jurnalının baş
redaktoru İntiqam Qasımzadə L.Cəbrayıllının
sözü vaxtında
və qədərində
işlətməsini önəmli
cəhət kimi qeyd edib: “Publisistika
ilə ədəbiyyatın
sərhədləri əslində
şərtidir. Çünki
mənim fikrimcə, insanlar əslində iki istiqamətə yönəlir: söz adamları və sözdən uzaq adamlar. Yazanları publisist, yazıçı
deyə bölmək yox, söz adamı
kimi təsnif etmək lazımdır.
Laura Cəbrayıllı sözlə
işləməyi bacaran
əsl söz adamıdır. Onun yazılarını oxuduqca
sözlə ustalıqla
işləməyi bacaran
sərraf olduğunu asanlıqla sezmək mümkündür”.
“Laura Cəbrayıllının
yazdıqları müəyyən
məqamlarda nəsrdən
də üstündür.
Onun publisistik yazılarında özünəməxsus
üslubu var. İnanıram
ki, Laura xanım gələcəkdə də
bizi yeni kitabları ilə sevindirəcək”. Bu fikirləri
tədbirdə yazıçı-dramaturq
Elçin Hüseynbəyli
səsləndirib.
Tanınmış jurnalist
İsgəndər Allahverən
dəyərli şəxsiyyətlər
haqqında kitabda yer almış yazıların onda xüsusilə maraq doğurduğunu qeyd edib: “Laura Cəbrayıllının
dünyadan köçmüş
görkəmli insanlarımız
haqqında yazılarını
çox bəyənirəm.
Bu baxımdan mərhum
alim, böyük ziyalı Xudu Məmmədovla bağlı
“Həmişə bizim
Xudu” yazısı məni xüsusən təsirləndirib. Bu yazıda
Laura xanım Xudu Məmmədovun həyatının
maraqlı məqamlarını
önə çəkməklə
yanaşı, sözün
köməyilə onun
həqiqi portretini yaratmağa müvəffəq
olub. Bütün bunlardan başqa, Laura Cəbrayıllının yazılarında
nümunəvi qadın
əxlaqı da öz əksini tapıb”.
Tənqidçi Rüstəm
Kamal L.Cəbrayıllının
publisistik yaradıcılığını
özünəməxsus şəkildə
dəyərləndirib: “Mən
Laura xanımın yazılarını
oxuyanda orada bir səs olduğunu
hiss edirəm. Onun publisistikası səsli publisistikadır. O, səsi
eşitməyi və onu yazılarına köçürməyi bacaran
qələm sahibidir”.
Sonda L.Cəbrayıllı
tədbirdə iştirak
edən qonaqlara minnətdarlığını bildirib və kitabının nüsxələrini
oxucular üçün
imzalayıb.
L.Cəbrayıllının “Yeddinci
qat” kitabında Azərbaycanın tanınmış
elm, sənət adamları
və ziyalıları
Xudu Məmmədov, Sabir Əhmədov, Vidadi Məmmədov, Aydın Məmmədov, Şahmar Hüseynov, Fərman Kərimzadə, Rübabə Muradova, Şahmar Əkbərzadə,
Mehdi Bəyazid, o cümlədən Vaqif Səmədoğlu, Anar, Vaqif Bayatlı, Yaşar və digərlərinin ədəbi
portretləri ilə yanaşı, müxtəlif
illərdə qələmə
aldığı resenziyaları,
müsahibələri, publisistik
yazıları, esseləri,
gündəliyindən sətirlər
toplanıb. Dünyadan
erkən köçmüş
atasının xatirəsinə
ithaf etdiyi kitabın əvvəlindəki
ön söz əvəzi yazısında
müəllif uşaqlığı,
gəncliyi və atası ilə bağlı təsirli xatirələrini qələmə
alıb. “Yeddinci qat”, müəllifin özünün yazdığı
kimi, “Qırıq-qırıq
həqiqətləri bu
bütöv cümlələrdə
qorumaq və toplamaq” istəyini həyata keçirmək məqsədi daşıyır.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 5 mart- S. 7.