Qədri bilinməli ömür
O, 1940-cı ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olub. 1959-cu ildə rayon mərkəzindəki orta məktəbi, 1961-ci ildə Şamaxı Pedaqoji Texnikumunu, 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1981-ci ildə xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı üzrə elmi iş müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Məzunu olduğu BDU-da və digər ali məktəblərdə pedaqoji fəaliyyət göstərib, hazırda Bakı Asiya Universitetində çalışır, universitetin ümumi filologiya kafedrasının müdiri, dosentdir. Söhbət tanınmış ədəbiyyatşünas alim və pedaqoq Ağasən Bədəlzadədən gedir.
A.Bədəlzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olur və müasir poeziyamızın öz imzasıyla seçilən nümayəndələrindəndir. Yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb, tələbəlik illərindən etibarən maraqla qarşılanan, dəyərli şeir nümunələri yazmağa başlayıb. Onun həmin dövrlərdə yazdığı “İki ağac”, “Qaya lövhələri”, “Bəs niyə” adlı şeirləri “Ulduz” jurnalında dərc olunub. BDU-da təhsil aldığı illərdə öz şeirlərini ustad şair Bəxtiyar Vahabzadəyə təqdim edib və ondan kifayət qədər sevindirici fikirlər eşidib. B.Vahabzadə bu barədə yazıb: “Universitetin dəhlizlərində asta addımlarla yeriyən, az danışan, hamı ilə utana-utana söhbət edən bu təvazökar oğlan şeirlərini mənə təqdim edərkən tər tökürdü. Şeirləri diqqətlə oxudum, xoşuma gəldi”. Hələ mətbuatda işıq üzü görməmiş “Yanmaq ona deyərəm ki” adlı şeirini B.Vahabzadəyə təqdim edən A.Bədəlzadə 1978-ci ildə eyniadlı şerlər kitabını çap etdirir. Bir müddətdən sonra – 1987-ci ildə ikinci şeirlər kitabı çap olunur. “Payızda məhəbbət” adlı bu şeir toplusunda tərənnümdən daha çox, bədii idraka meyl edən müəllifin özünəməxsus lirik-romantik üslubu qabarıq şəkildə üzə çıxıb. Onun sonrakı dövrlərə aid yaradıcılıq məhsulları da müəllifinə uğur gətirib.
Ağasən Bədəlzadə
indi ömrünün
70-ci baharını yaşayır.
Bu illər ərzində o həm pedaqoq, həm alim, həm də şair kimi xalqına şərəflə,
ürəkdən xidmət
edib. Qazandığı
nailiyyətlərə nəzər
salanda, yaratdığı
poetik nümunələri
oxuyanda inamla demək olur ki, A.Bədəlzadə bu 70 illik ömrü
mənalı yaşayıb:
Başımın üstündən ötüb keçir gün,
Yollarda günbəgün dəyişir yerim.
Sən mənə havayı verildiyinçün
Qədrini bilmədim bəlkə, ay ömrüm.
Ancaq A.Bədəlzadənin ömrü qədri bilinməli, qiyməti verilməli bir ömürdür. Müasiri olduğuma görə sevinc hissi keçirdiyim insanlar arasında alim, pedaqoq və şair Ağasən Bədəlzadənin xüsusi yeri var.
Mehparə İSMAYILOVA
525-ci qəzet.- 2010.- 5 mart.- S. 7.