“Çexovun Rusiyası” Bakıda nümayiş olunur
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus yazıçısı Anton Çexovun anadan olmasının 150 illik yubileyi ilə əlaqədar “Çexovun Rusiyası” adlı sərgi açılıb. RİMM-dən verilən məlumata görə, sərgidə məşhur Rusiya kitabsevəri V.Belikovun kolleksiyasından nadir materiallar təqdim edilir. Bakı Slavyan Universitetinin professoru R.Quliyeva və dosent F.Muradova tədbirdə çıxış edərək, Çexov yaradıcılığının müasir dünya ədəbiyyatına və çağdaş teatrın inkişafına təsirindən danışıblar. S.Vurğun adına Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski sərgi iştirakçılarına teatrda A.Çexovun “Qağayı” pyesinin tamaşaya qoyulmasından, bununla bağlı aparılan yaradıcılıq axtarışlarından söhbət açıb. Rusiya və Fransa səfirlikləri nümayəndələrinin, Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin, yaradıcı ziyalıların iştirakı ilə keçirilən tədbirin sonunda Dövlət Rus Dram Teatrı aktyorlarının ifasında “Qağayı” tamaşasından parçalar göstərilib.
SARA
525-ci qəzet.- 2010.- 5 mart.- S. 7.