Mənəviyyat carçısı
“Dünyanı
mənəviyyat xilas edəcək”
G.Əlibəyli
Təbiətdə qiymətli nəsnələr az miqdarda olur. Bu, yaranışdan belədir. Az miqdarda olduğundan da onların qiyməti adi olanlardan çox-çox yüksəklərdə durur və buna görə də çoxu üçün əlçatmazdır.
Mənəviyyat sahəsində də belədir. Az kitablar olur ki, ilk oxunuşdan adamı özünə həmişəlik bağlayır və təkrar-təkrar oxumağa vadar edir.
Gülrux xanım Əlibəylinin özü kimi, “O vremeni i o sebe”, “Duxovnoy jajdoyu tomim...” kitabları da bu qəbildəndir – əvəzsizlərdəndir. Onun yazdıqları bir nəfəsə oxunur. Bir də ayılırsan ki, oxuyub-qurtarmısan və yenidən oxumaq, oxumaq istəyirsən. Bunun sirri nədədir? Səmimilik, toxunduğu mövzuların həyatiliyi, ən başlıcası isə, yazdıqları və tövsiyə etdikləri ilə Şəxsiyyətinin heyran edəcək qədər vəhdət təşkil etməsi Onun kitablarını masaüstü nəşrlərə çevirir.
Yer üzünün hər yerində, irqindən və dinindən asılı olmayaraq, insanları daim düşündürən başlıca suallar var: mən kiməm və necə yaşamalıyam? Mən kimi və nəyi sevməliyəm? Mən düzmü yaşayıram? Gülrux xanımın yazdıqları bütövlükdə bu əbədi, çətin sualların cavablarından ibarətdir və Onun şəxsi həyat epizodları ilə tamamlandığından, İnandırıcıdır. Müəllif səmimi etiraf edir ki, özü üçün cavabları 60 illik “axtarışdan” sonra tapır, bu müddəti az qala “vaxt itkisi” hesab edir və sanki yenidən yaşamağa başlayır. “Vaxt itkisi” adlandırdığı zaman kəsiyində elmin ən yüksək pillələrinə qalxmış, dünyanın görkəmli alimlərinin iştirak etdiyi mötəbər məclislərdə böyük bir ölkəni layiqincə təmsil etmiş, yüksək dövlət vəzifələrində çalışmış, ən önəmlisi isə, rast gəldiyi bütün çətinliklərə və ədalətsizliklərə sinə gələrək qalib gəlmiş bir insanın belə bir etirafı oxucunu heyrətə gətirir, onu daim izləyir.
Gülrux xanım bütövlükdə Mənəviyyat carçısıdır. Mənəviyyata doğru getmək – bütün yazılarının və şəxsi həyat tərzinin ana xəttidir. Bu yolda o, heç kimə və heç nəyə güzəştə getmir. Onun hər görüşündə neçə-neçə yeni oxucunun, bəlkə də həyatında ilk dəfə, ürəkdən, gül dəstəsi alaraq, soraq-soraq görüş yerini tapdığının və göz yaşları içində Gülrux xanıma minnətdarlıq hisslərini bildirmələrinin şahidiyəm... Bu etiraflar insanların çətin anlarında, həyata olan inamlarını az qala itirdikləri dəqiqələrdə köməyə gələn əsl Ədəbiyyat qarşısında – Gülrux xanım Həqiqəti qarşısında olan etiraflardır. İnsanlıq üçün bundan böyük xidmət varmıdır?
Belə olan halda necə deməyəsən ki, Gülrux xanım həm də Mənəviyyat loğmanıdır. Heç şübhəsiz, onun kitabları və şəxsi nümunəsi neçə-neçə insanların köməyinə gəlir, ondan öyrənir. Onun böyüklüyü bir də ondadır ki, yazdıqlarını və etdiklərini Təmənnasız edir. Çox təəssüf ki, insanlar təmənnasız olan Yaxşıları dərk edib, örnək kimi qəbul və təbliq etməyə hələ lazımi qədər hazır deyillər. Bu əslində bizlərin faciəsidir.
Bu gün televiziya kanallarında Böyük filosof və Mənəviyyat loğmanı olan Gülrux Əlibəylinin iştirakı ilə silsilə verilişlərə geniş oxucu kütləsinin, daha cəsarətlə desəm, cəmiyyətimizin böyük ehtiyacı var. Proqrama ad axtarmağa da ehtiyac yoxdur – “Mənəviyyat”! Belə bir proqramın neçə-neçə insanların, xüsusən gənc nəslin mənəvi zənginləşməsində rolunu təsəvvür etmək çətin deyil.
Gülrux xanımı ilk dəfə keçən ilin sentyabr ayında şəhərimizdə keçirilən növbəti Beynəlxalq Kinofestivalın açılışı zamanı Heydər Əliyev Sarayının foyesində görmüşəm. Onunla salamlaşmağa və ani söhbət etməyə cəsarətim çatdı. Həmin dəqiqələr həyatımın ən yaddaqalan anlarından birinə çevrildi. Bir daha əmin oldum ki, Gülrux xanımın gündəlik həyatı da, insanlarla ünsiyyəti də elə yazdıqlarının davamıdır.
Allah Gülrux xanımı bizlərə çox görməsin.
Qabaqdan 8 Mart gəlir. Onu təbrik edəcək oxucu ordusuna böyük məmnunluqla qoşuluram.
Arif MƏMMƏDOV,
fizika-riyaziyyat elmləri namizədi
525-ci qəzet.- 2010.- 5 mart.- S. 7.