Yazıçı Eyvaz Zeynalov:
“Heyf, bu 60 ildə daha yaddaqalan işlər görə bilərdim...”
Bəzən həyat elə gətirir ki, insan istəmədən, nəyin xatirinəsə ürəyincə olmayan işin ardınca düşür. Ancaq əsl həvəs, istedad gec-tez onu qəlbinin səsinə qulaq asmağa, doğma məcrasına qayıtmağa vadar edir. Bu yaxınlarda 60 yaşını tamamlayan yazıçı Eyvaz Zeynalov da belələrindəndir. Zamanın keşməkeşləri onu nə qədər yolundan sapdırmağa, kənar işlərə çəkməyə çalışsa da bağlandığı ədəbiyyatdan birdəfəlik ayıra bilməyib. Mübarizliyi, inadkarlığı ilə həmişə yazıb-yaradıb. Müasir ədəbi mühitdə yazıçı imzasını tanıtdıra bilib.
Söhbətimizin əvvəlində yazıçı Eyvaz Zeynalovun tərcümeyi-halından bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.
Eyvaz Zeynalov
1950-ci ildə Ağdamda anadan olub. 1969-cu ildə elə
orada şəhər 1 nömrəli orta məktəbi,
1973-cü ildə isə Bakıda indiki Azərbaycan Dövlət
Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirib.
Hərbi xidmətə çağırılana
qədər təyinatla Salyanda müəllim işləyib.
Eyni zamanda rayonda çıxan “Qələbə”
qəzeti ilə əməkdaşlıq edib. “Qəlibə sal” adlı ilk hekayəsi hələ
orta məktəbin doqquzuncu sinfində oxuyarkən
Ağdamın o zamankı “Lenin yolu” qəzetində
işıq üzü görüb. Sonralar “Azərbaycan
pioneri”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”,
“Bakı”, “Ədəbiyyat və incəsənət” qəzetlərində,
“Göyərçin”, “Pioner”, “Müxbir”, “Kirpi”, “Ulduz”, “Azərbaycan”,
“Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnallarında bədii və
publisistik yazıları vaxtaşırı çap
olunmağa başlayıb. 1980-ci illərdə
hekayələri “Gənclik” nəşriyyatında buraxılan
almanaxlarda dərc olunub. “Rəngsiz yuxu”, “Bahalı
şokolad qutusu”, “Qarabağ hekayələri”, “Hekayələr”,
“Qırmızı almalar”, “Qış günəşi”
kitablarının müəllifidir. Hekayələri Rusiyada,
Ukraynada, Türkiyədə çap edilib. 2007-ci ildə
“Avropa Nəşr Mətbu Evi”nin
keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər
yazıçı” Beynəlxalq Qızıl mükafatına
layiq görülüb. 2008-ci ildə Mahmud
Kaşğari adına Beynəlxalq Hekayə Müsabiqəsində
mükafat qazanıb, üçüncü yeri tutub.
Söhbətimizdə E.
Zeynalovun bədii ədəbiyyata, yaradıcılığa
ilk həvəsinin haradan qaynaqlandığı ilə
maraqlandıq: “Dayım Süleyman Zeynalov böyük
pedaqoq-alim idi. Gənc nəslin təlim-tərbiyəsinə
həsr etdiyi 20-yə qədər kitabı çap
olunmuşdu. Alim kimi nəinki Ağdamda,
respublikada məşhurdu. “Lenin yolu” qəzetinin redaktoru,
2-ci katib, rayon icraiyyə komitəsinin sədri (“ispalkom”),
şəhər 1 nömrəli məktəbin direktoru, Pedaqoji
İnstitutun Qarabağ filialında dekan, kafedra müdiri kimi vəzifələrdə
çalışmışdı. Haçan
onlara getsəydim, dayımı həmişə yazı
masası arxasında işləyən görərdim. Yeniyetməlikdən onun yazdığına, qəzet
və jurnallarda çap olunduğuna kənardan həsədlə
baxar, ona oxşamaq, onun kimi qəzetlərdə çap
olunmaq, kitablar buraxdırmaq, məşhurlaşmaq
arzusundaydım. Uzun müddət təsəvvürümdə
dayımdan böyük şəxsiyyət olmayıb... Elə bu vaxtlar ilk şeirlərimi yazdım. “Lenin yolu” qəzetinin nəzdindəki “Gənc qələmlər”
ədəbi birliyinə ayaq açdım. Növbəti dəfə də hekayə ilə
getdim və çap olundum. O vaxtdan da nəsrlə məşğul
olmağa başladım.
Məktəbi
qurtaranda universitetin jurnalistika fakültəsinə
hazırlaşmışdım. Məni
oğlanlarını Bakıya qəbul imtahanlarına aparan
dayıma qoşdular. Pedaqoji İnstitutun
qarşısında dayananda dayıma etiraz etdim. “Hələ bura girə bil, qalsın universitet”, deyən
dayım məni içəri saldı. Bizdə
böyüyün, o da olaydı dayım kimi
böyüyün, sözündən çıxmaq
mümkünsüzdü... 3-cü kursun axırında
başa düşdüm ki, dayımın sözünə
baxmaqda səhv etmişəm. Sənədlərimi
geri almaq istədim. Dekanlıq bir-birinə
dəydi. Çünki əla oxuyurdum.
Dedilər, valideynin gəlməsə, sənədlərini
verə bilmərik. Dayım
qarışıq düşdülər üstümə.
Məni fikrimdən döndərdilər.
Müəllimliyə marağım olmadığına görə
sonralar bu sahədə fasilələrlə, az
işlədim. Bədii yaradıcılığımın
1-ci hissəsi məktəb, institut illəri, bir az da ondan sonrakı
illəri əhatə edir...”
Bir müddət
Rusiyada, Ukraynada yaşadığını, demək olar,
bütün keçmiş SSRİ məkanını
dolaşdığını deyən yazıçı
yaşadığı şəhərlərdə hərdən
tərcümələr etdiyini, onların dilimizdə
işıq üzü gördüyünü vurğuladı. Yazıçının
sözlərinə görə, bədii
yaradıcılığının sonrakı dövrü
1980-ci ildən başlanır: “Dalbadal respublika mətbuatında
çap olundum. Yerli qəzetdə fəaliyyət
göstərdim. İlk kitabım
işıq üzü gördü. Təəssüf
ki, 1990-cı illərdə ermənilərin Qarabağda
başladıqları müharibə
yaradıcılığımı yarımçıq qoydu.
1993-cü ilin yayına qədər Ağdamda
(evimiz rayon mərkəzindəydi) müharibə şəraitində
yaşadıq. Hər gün ölümlə
üzləşirdik. Bu qaçdı-qovdu
nəhayətdə Ağdamın rayon mərkəzi ilə bərabər
çox hissəsinin erməni işğalçıları tərəfindən
işğal edilməsi ilə nəticələndi. Ailəmi də götürüb Bakıya üz
tutdum, Lökbatanda məskunlaşdıq. Bu
dəfə məni ailə qayğıları, ev-eşik dərdi
sınağa çəkdi. Özümü
oda-közə vurur, ailəni dolandırmağa, çətin
vəziyyətdən bir tərəfə
çıxartmağa çalışırdım.
Sağ olsun dost-tanış, kömək etdilər, məni
ömrümdə təsəvvürüm belə olmayan ticarətə,
alverə qoşdular. Əvvəl
utanıb-çəkinsəm də, məcburiyyət
qarşısında bu işə girişdim. Təzəcə özümü düzəldirdim
ki, maşınımla qəzaya uğradım. İki ilə yaxın qoltuq ağacları ilə
yoldaşlıq etdim. Ancaq təslim
olmadım, sınmadım, ailəmi özgələrə
möhtac olmağa qoymadım. Yenidən
özümü düzəltdim. Ev-eşik
aldım, uşaqlarımı oxutdum, qızımı
köçürdüm. Bir sözlə,
atalıq borcumu yerinə yetirdim. Amma
yazıçı kimi on ildə çox şey itirdim. Düzdü, ciddi yaradıcılıqla məşğul
olmasam da, fikrən həmişə yazıb-yaradır, qeydlərimi
aparırdım. Yaxşı bir filmə
baxanda, kitab oxuyanda qəlbimdəki yazmaq həvəsi,
ehtirası baş qaldırır, məni arxasınca
dartırdı. Amma vaxt, imkan
tapmırdım. Nəhayət, oğlum böyüdü
və ticarətdə məni əvəz etdi... Beləcə
dişim-dırnağımla özümə yol
aça-aça yaradıcılığımın
üçüncü dövrünə qədəm qoydum.
Lakin bu illərin yerini doldurmaq, əvəzini
çıxmaq, yəqin ki, mənə qismət olmayacaq.
1999-cu ildən qəzet və jurnallarda (“525-ci qəzet”,
“Göyərçin”, “Günəş”, “Ulduz”, “Azərbaycan”)
hər il hekayələrim, povestlərim çap olunur. 2002-ci ilin fevralında Yazıçılar Birliyinə
qəbul olundum. Hazırda bədii
yaradıcılıq mənim gündəlik əsas
işimdi”.
E.Zeynalov söhbətində
özünün yaradıcılıq prosesi barədə
bunları dedi: “Yazılarımın üzərində dönə-dönə
işləyirəm. Yazdıqlarımı tez
çapa verməyə tələsmirəm. Sonra onların üstünə bir də
qayıdıram. Elə yazım var müxtəlif
vaxtlarda və fərqli qəzet-jurnallarda çap olunub. Amma onları hər dəfə hardasa çap etdirəndə,
hətta təzə kitablarıma salanda belə nəyisə,
hansı hissəsinisə yenidən işləyirəm.
Hər şey ürəyimcə olanda sakitləşirəm...”
Çağdaş ədəbi
proseslər haqında söz açan E.Zeynalov tənqidə
münasibətindən də danışdı:
“Yazılarım haqqında deyilən tənqidi fikirlərə
normal yanaşıram. Xüsusən dost-tanışlarımdan
eşitdiyim tənqidi fikirlərə. Uğurlarım
onsuz da mənimdi. Amma hər tənqidi də
o saat qəbul edə bilmirəm. Bizdə
oxucu mədəniyyəti zəifdi. Halbuki
bir zaman ən çox kitab oxuyan xalqlardan sayılırdıq.
Ədəbiyyatımızdakı xaos,
görünür, hələ uzun sürəcək. Yazanlar oxuyanlardan çoxdu. Yazıçı
qoşunla, şair qoşunla. Oxucu
yaxşını pisdən ayıra, seçə bilmir. Çox vaxt əlinə keçən pis onda
yanlış təsəvvür formalaşdırır. Nəticədə yaxşını da oxumur. Məncə, çoxun o qədər də ziyanı
yoxdu. Həm də müvəqqəti haldı.
Ancaq təbliği gücləndirmək, sürətləndirmək
lazımdı. Yazılan, çap olunan əsərlərə
düzgün, qərəzsiz qiymət verilməlidi. Vaxtında yaxşıya yaxşı, pisə pis
deyilməlidi. Həm pisin, həm də
yaxşının təbliği gücləndikcə
yaxşılar daha yaxşı yazmağa başlayacaq, pislər
isə pis yazmaqdan əl çəkəcək, özlərinə
başqa iş tapacaqlar. Təbliğatın bir
müsbət cəhəti də o olacaq ki, yaxşı əsərlər
naşirlər tərəfindən öz hesablarına nəşr
ediləcək. Əsərlərini satmaq,
onlardan pul qazanmaq imkanı tapan yazıçılar maddi cəhətdən
təmin olunacaq, peşəkar sənətkarlara çevriləcəklər.
İnanıram ki, onda bizim
yazıçılardan da Nobel mükafatı alanlar olacaq.
Yazıçılarımızın arasında
istedadlıları çoxdu...
İndi
yaşlı nəsil yazıçılarla gənc
yazıçıların arasında baş verən
qarşıdurmadan, bir tərəfin, xüsusən də gənclərin,
əks tərəfi bəyənmədiyindən, hətta inkar
etdiyindən çox danışılır. Məncə,
bu da normal, ötəri bir haldı, zamana ehtiyacı var. Gənclik
həmişə qızğın, özünə gərəyindən
artıq güvəncli olur. Zaman
keçdikcə hər şey sınağa çəkilir,
oturuşur, sakitləşir. Bəzən
elə yaşlı yazıçılar özləri də gənclərə
qısqanclıqla yanaşırlar. Bəlkə
bunu da elə gənclərin özlərinin aqressivliyi
doğurur. Ümumən, bütünlükdə bu
proses, çarpışma inkişafa təkan verir. Şəxsən mən gənclərin
uğurlarına sevinirəm, istedadla yazılmış bədii
nümunələri həvəslə oxuyuram. Hərdən hətta gənclərə, onların
yeniliklərinə qibtə ilə yanaşıram. Bir zaman mən də gənc olmuşam. Ancaq çığır-bağırdan uzaq
qaçmışam, yaradıcılığımı təbliğ
etməyi bacarmamışam. Açdığım
qapıların arxasındakılar üzümə bir balaca
turş baxanda ikinci dəfə ora üz tutmamışam.
Amma indi başa düşürəm ki, bizim cəmiyyətdə
belə bir xasiyyət yaradıcı insan üçün qətiyyən
özünü doğrultmur. Yəqin az
tanınmağımın səbəblərindən biri də
elə budur. Həyatımda çox
haqsızlıqlarla qarşılaşmışam. 1980-ci illərin axırlarında “Gənclik” nəşriyyatında
ayrıca kitabımı çap etməsinlər deyə, hekayələrimin
bir dəfə beşini, bir dəfə də on birini almanaxa
salmışdılar. O kitabı 1990-cı illərin əvvəllərində
2 il dalbadal 20 min tirajla Dövlət planına saldılar,
üz qabığının rəssam pulunu alsa da, çap
etmədilər. Yadımdadı, bir zaman
televiziyanın “Səhər görüşləri”
redaksiyası kiçik səhnəciklərin müsabiqəsini
elan etmişdi. Mənim “Qiymətpozan”
adlı səhnəciyim bəyənilib Arif Quliyevlə bir nəfər
tərəfindən dönə-dönə oynanılsa,
göstərilsə də, adımı bir dəfə də
çəkmədilər. “Bahalı şokolad qutusu”
hekayəmin üzü ilə “Mozalan” film çəksə də,
ssenari müəllifi bu mövzunu hardan
götürdüyünü göstərməmişdi...”
E.Zeynalov geridə qoyduğu
zaman kəsiyində kədərləndirici anlarla bərabər
sevindirici məqamların da olduğunu qeyd etdi: “Doğrusu,
heç bilmədim bu illər haçan, necə gəlib
keçdi. Özümü 60 yaşda təsəvvür
edə bilmirəm. Yaş ötsə də,
ürək qocalmır, qocalmaq istəmir. Əlbəttə,
ən çox ona təəssüflənirəm ki, heyf, bu 60
ildə daha böyük, yaddaqalan, nəzərəçarpan
işlər görə, əsərlər yaza bilərdim... Ancaq ağrı-acılara baxmayaraq, heç zaman
ruhdan düşməmişəm. Məni həyata
bağlayan yaxşı ailəm, iki övladım və iki nəvəm
var. Bir də, həyatıma sevinc qatan yaradıcılıq
uğurlarım... Yaradıcılıq planlarına gəldikdə,
ötən il “Qarabağ hekayələri”
kitabımın artırılmış variantını
çap etdirmişəm. Qarabağ mövzusu
müharibədən sonra yaradıcılığımın
ana xəttini təşkil edir. Keçən il bir roman bitirmişəm. Başqa
mövzularda bir neçə hekayəm var. Bir tarixi
romanımdan xeyli hissəsini işləmişəm. Daha bir romanım üzərində işlərimi
yekunlaşdırmaq üzrəyəm. Bu əsərlərdə
məni ən çox narahat edən məsələləri,
cəmiyyətimizdəki nöqsanları, mənəvi
aşınmaları, insanların rahat yaşamasına mane olan
neqativ halları qələmə almışam”.
SARA
525-ci qəzet.- 2010.- 5 mart.- S. 6.