Qarabağın yolu budur

 

Böyük məmnuniyyət və minnətdarlıq hissləri ilə millət vəkili, görkəmli alim və ictimai xadim, professor Gövhər xanım Baxşəliyevanın “525-ci” ziyalı qəzetindəki məktubunu oxudum.

Ümummilli öndərimiz Heydər Əliyevin “həqiqətlərimizi... ön plana çıxarmaq və bunu yaymaq” çağırışına, ölkə başçısı İlham Əliyevin “Biz informasiya hücumuna keçməliyik” göstərişinə ciddi əməl olunmalıdır.

Gövhər xanım da səsinə səs verir. O, Qarabağ – milli həyat problemimizin həllinin yeganə yolunu çox düzgün görür və deyir: “Hər bir azərbaycanlı təbliğatla məşğul olmalı, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq, tarixi faktlara əsaslanan materialların xarici dillərə tərcümə olunaraq yayılmasına nail olmalıyıq onları xaricilər arasında yaymalıyıq”. Nə gözəl deyir! – Bu, böyük Heydərin sözüdür, bu, bütün xalqımızın sözüdür, ən vacib, ən düzgün, ən səmimi sözü və arzusu!

Mən tarixin ən böyük, mürəkkəb və amansız müharibəsinin ortasından keçmişəm – Qafqazdan Keniqsberqə qədər – sıravi əsgər avtomatı ilə. O vaxtkı sovet dövlətinin vəziyyəti indiki Azərbaycanın vəziyyəti kimi idi – bir tərəfdə SSRİ, o biri tərəfdə dünya, həmin o, inkişaflı Avropa, Amerika.

SSRİ, tək bir sosialist ölkəsi kimi kapitalist dünyası önündə durmuşdu, məğlub və yox edilməli idi, sözsüz. Bəs necə oldu ki, qalib gəldi?

Sözlə! Yalnız sözün köməyi ilə. Həqiqi – adil sözün!

Almaniya güclü idi, kapitalist ölkəsi idi, hücumda idi – haqsız idi.

SSRİ zəif idi, hücuma məruz idi, sosialist ölkəsi idi – haqlı idi. Fəqət o haqqı açmaq, dünyaya çatdırmaq, ictimaiyyəti haqqa inandırmaq lazım idi. Məhz bu işi – ideoloji əks hücumu təşkil etmək, onu “təbliğat hücumuna” çevirməyi – İlham Əliyev də tələb edir! SSRİ dünyanın gözünü açdı, özü də səriştəli, intensiv, güclü və bununla da kapitalist dünyası kapitalist Almaniya ilə yox, sosialist SSRİ ilə birləşdi, güclü fəqət ədalətsiz şərə qalib gəldi.

Müharibənin, xüsusən yeni tarixdə, qaydası var: əvvəlcə informasiya müharibəsi – ideoloji hazırlıq, sonra diplomatik hazırlıq, aviasiya hazırlığı, yalnız bunlardan sonra tankların, piyadanın hücumu. Heç birini buraxmaq olmaz, xüsusən də ideoloji hazırlığı.

Bəzən elə təkcə ideoloji hazırlıqla məsələ həll olunur, təcavüzkar dünya önündə öz hikkəsindən əl çəkməli olur.

Fəqət erməni-türk ixtilafında məsələ ənənəvi deyil, daha mürəkkəbdir, qeyri-adidir. Bizim təbliğatımız adi üsulla – “erməni pisdir, biz yaxşıyıq” məzmununda – fayda verməz. Ona görə ki,

1) ermənilər 120 ildir bizə – türkə qarşı təbliğat hücumundadır və artıq tam ideoloji qələbəyə nail olub; hələ 1919-cu ildə ingilis jurnalisti Skotland-Liddel yazırdı: “Ermənilər dünyanın ən yaxşı təbliğatçılarıdır. Nə Rusiyada, nə Qafqazda elə bir adam tapmazsan ki, ermənilər haqqında bir yaxşı söz desin. Rusların, tatarların (azərtürklərin), gürcülərin onlardan zəhləsi gedir. Lakin xaricdə onların təbliğatı elədir ki, Avropa və bütün dünya onların tərəfindədir.

Böyük dövlətlərin rəhbərlərinin öz əhalisi qarşısında ədalətsizlik elədiyini biz əhaliyə çatdırmalıyıq, yoxsa biz müharibəni Rusiya, Fransa, Amerika ilə etməli olacağıq, bu isə mümkün deyil. İdeoloji müharibə ilə qələbə isə mümkündür. Həm də çox ucuz, qan və pul tökmədən.

2) Avropanın onsuz da türklərə qarşı orta əsrlərdən gələn düşmənçilik hissiyatı hələ də sönməyib.

3) Avropa (ABŞ, Rusiya...) ermənilərdən hərbi muzdlular kimi istifadə eləyirlər, onların türkə qarşı ideoloji, diplomatik və hərbi (Qarabağda!) hücumlarının maliyyə təminatını, on və yüz milyon dollarlarla təmin edirlər.

Başqa amillər də var – geosiyasi, milli-dini, strateji.

Bizim xüsusi, heç kimin bilmədiyi, tamamilə yeni ideoloji vəsaitimiz olmalıdır!

Vəsait lazımdır ki, nəticədə alınsın.

Halbuki Azərbaycanda heç ümumiyyətlə ideoloji mübarizə barədə təsəvvür yoxdur. Düşünürlər ki, bu – tarixdir və yazırlar: ermənilər bizi qırdılar, yandırdılar, soydular və i.a. Belə çıxır ki “erməni əjdahadır”, gəldi, gərək qaçasan, ayrı çarə yoxdur.

Bu isə erməninin ideologiyasıdır: “biz, xırda bir xristian xalqı, düşmüşük antixristlərin ortasına, onları qırırıq – bizə xristian Avropası kömək etməlidir!” Avropa da, insafən, yaxşı kömək eləyir.

Sən Jak Şırakla türkün qırılması barədə danışanda o, sənin halına acımayacaq, erməninin yaxşı “işləməsinə” sevinəcək. Axı o bu işə görə erməniyə haqq ödəyir.

Bizim bir “ideoloqumuz” isə lap aydın “iş görüb” – erməni təbliğat kitablarını tərcümə edib, onları “ifşa” eləyib: ermənilərin Holokostda iştirakından, yəhudiləri qırmağından yazıb! Və xarici dillərə tərcümə elətdirib, avropaya yayıb, yəni ki, “velikoarmyanlar bu işdə də hünər göstəriblər”.

Azərbaycanda mənə qədər yalnız bir ideoloji kitab çap olunub – Mir Mövsün Nəvvab. 1905 erməni-müsəlman davası (yeni çapı 1993), 128 səh.

Dövlət adamları, hətta diplomatik məmurlar ideoloji təbliğatla məşğul olmalı deyillər. Bu işi yazıçılar, alimlər, xüsusi təşkilatlar görməlidir. Görmür. Niyə? 22 ildir.

“Qarabağ problemi” – “erməni məsələsidir”. “Erməni məsələsi” isə – dünyanın məsələsidir. Bunu mən 1989-cu ildə dərk etdim, 1990-cı ildə Sibirdə professor vəzifəmi, hər şeyi kənara qoyub çıxdım pensiyaya, başladım yalnız bu sahədə işləməyə.

Heydər Əliyevin çağırışı ilə gəldim Azərbaycana, dövlətə əlimdən gələn xidmətimi eləməyə. Bu işi görmək, dünyanın əxlaqını kökündən, elmi surətdə dəyişmək məqsədini qarşıma qoydum – “Dünyanın taleyi” kitabını yazmağa başladım.

20 ildir işləyirəm, tək, evimdə.

Nəticə: “Dünyanın taleyi” – 7 cildlik, 3 000 səhifədə kulliyyat – bütün problemlərimizin, dünya problemləri ilə birlikdə, yeganə real həlli LAYİHƏsi.

Öyrənilib, açılıb, kəşf edilib, yazılıb, çap olunub, təsdiq edilib (Rusiya EA Sibir Bölməsi və Azərbaycan MEA tərəfindən), bəyənilib (Roma Papası II İoan Pavel tərəfindən), təqdim edilib – 89 yaşlı müharibə əlili, kimsəsiz pensiyaçı tərəfindən. Reaksiya yoxdur.

İndi nə edilməlidir? Azərbaycanın ümdə işi nə olmalıdır?

Milli və ümumdünya, ideologiya sahəsində tarixdə ilk beynəlxalq LAYİHƏ-KİTAB – “Dünyanın taleyi” əsəri kifayət qədər tirajla çap olunmalı, dünya ictimaiyyətinə, akademiyalarına və dövlət başçılarına çatdırılmalıdır – orijinalda (rus dilində), Azərbaycan və ingilis dillərində. Sonra digər aparıcı dillərdə də nəşr olunmalıdır.

Hər şeydən əvvəl Azərbaycan üçün ən vacib (siyasi-dövləti əsərlərdən sonra) olan bu əsər rus və azərtürk dilində, prezidentin məlum qərarı əsasında, 25.000 tirajla nəşr edilib respublika kitabxanalarına və oxuculara çatdırılmalıdır.

Bununla iş qurtarmır, başlanır:

“Dünyanın taleyi” sadəcə bir kitab deyil, Rusiya EA SB verdiyi təyinat belədir:

“Dünyanın taleyi” – tarixin dönüş kitabıdır...”

Heç kimin əsərinə belə rəy verilməyib!

Bu kitab-layihəyə Roma Papası “Ümumbəşəri insaniyyət dərsliyi” keyfiyyətində xeyir-dua verib. Papanın şəkli ilə bu kitabı Avropa qəbul edəcək, oxuyacaq!

Belə ki heç kimin düşünmədiyi yolla, ilk növbədə bəşəriyyətin ən böyük probleminin – asayişin, sülhün, insaniyyətin bərqərar edilməsi probleminin həllinin elmi – obyektiv və real vəsaiti yaradılıb.

Düşünün! Dünya probleminin həlli! Real! Sadə! Qarabağda müharibə milyardlar tələb edəcək, ideoloji müharibə, əksinə, hörmət və pul gətirəcək! Qarabağı gətirəcək!

Bu, yeni eranın başlanması deməkdir – insanlar arasında düşmənçiliyin, ziddiyyətin, müharibənin ləğvi deməkdir.

Çörçill Avropada sülhün yaradılmasına nail oldu. İndi dünyada sülh erasını yaratmaq problemi qarşıda durur.

Amerika və Rusiya dörd EA rəhbərliyi bu sahədə işə başlayıb, 2001-ci ildə, hələ nəticə yoxdur.

Azərbaycan bu işə 1990-cı ildə başladı, bir nəfərlə və 2009-cu ildə layihəni əsasən tamamladı. Problemin həlli LAYİHƏsi hazırdır!

Fəqət bu yalnız layihədir. İşi, dünyanın ən vacib işini başlamaq və icra eləmək – layihəni yerinə yetirmək lazımdır. Bunu isə dövlət eləməlidir.

Qısqanclıq lazım deyil! Həm də heç kim inkar edə bilməz ki, azərtürk, professor Saleh Bəy və onun “Dünyanın taleyi” kitab-layihəsi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə meydana gəlib.

İş belədir: XXI əsrdə İNSANİ ƏXLAQ əsasında, ilk dəfə, İNSANİ ERA başlana bilər – DÜNYADA!

Bu, nə deməkdir?

Bütün xalqların və bütün insanların ən vacib problemlərinin ən obyektiv həlli:

* Saleh Bəyin özünün problemi: dünya tarixində onun etdiyi ən böyük, vacib və faydalı elmi kəşflərinin Azərbaycan dövlətinə – xalqına təqdim edilməsi – əvəzsiz.

 * Üç yeni elm – Humanistika, Gerontoetika, Bəyterapiya (yaradılıb!), Vahid ümumbəşəri Elmi Teologiya fənninin əsasının qoyulması, yeni, kompleks – bədii-elmi-tərbiyəvi ədəbi janrın təqdim edilməsi.

* 5 yeni elmi-təhsil institutunun yaradılması lazımdır və mümkündür. Yüzlərlə vacib və faydalı iş yerləri açılar. Elmlər Akademiyamız yenidən canlanar.

* Azərbaycan ziyalılarının problemi: hamıya, hazırda iş yeri olmayan mütəxəssislərə, xüsusən alimlərə iş yerləri təqdim edilməsi.

* Turizmin kəskin surətdə artırılması – yeni elmlər və bəyterapiya sayəsində. Qərbin varlıları bizim bəyterapiyamızdan bəhrələnmək üçün Bakıya axacaqlar, 15-20 il əlavə ömür əldə etmək üçün.

* Qocalarımız, bütün dünyanın qocaları, bəyterapiyanın köməyi ilə amansız qocalıq xəstəliklərindən xilas olacaqlar. Hamı qocalar, təkrar deyirəm, 15-20 il indikindən artıq yaşayacaqlar. Sübut – 89 yaşlı intensiv işləyən müəllifin öz nümunəsidir.

* Humanistika elmi sayəsində tarixdə ilk dəfə kəşf edilmiş VARLIQ QANUNU (iblis “qanunu” dialektikanın əvəzinə) və onun əsasında İNSANİ ƏXLAQ bərqərar ola bilər və olmalıdır. Bunun sayəsində ümumbəşəri əmin-amanlıq, ədalət, sülh bərqərar olar və bütün süni, lazımsız ziddiyyətlər sönər, yox olar.

* Hətta erməni xalqının ağır vəziyyəti və intihar problemi ləğv olunar: ermənilər əbədi fantaziyalardan, daimi düşmənçilik girovu vəziyyətindən azad, insan kimi yaşaya bilərlər – bizim Humanistika elmimiz sayəsində.

* Humanistika sayəsində bütün milli, etnik və dini ziddiyyətlər aradan götürülər. Bu, bir vaxt baş tutacaq!

* Bu məqsəd üçün əlavə bir amil də mənim təklif etdiyim Birləşmiş Dinlər Təşkilatı – BDT-nin yaradılması olmalıdır. BDT dini zəmində yaranmış problemlərin həllində BMT-dən də faydalı və vacib olacaq.

 

 

Qaramağlı Saleh BƏY,

Professor

 

525-ci qəzet.- 2010.- 5 mart.- S. 2.