ORALARDA KİMLƏR VAR: VAHİD ƏLİFOĞLU
HARAMİ YAŞADA BİLMƏDİ
SƏNİ
Mən bu ilin əvvəlində yazmışdım axı : 2010-cu il mənim üçün kədərli başladı.İzah etmişdim.Amma sən demə daha qara günlər hələ öndəymiş. O qara günlər ki, “Ədalət” qəzetində yazılarını mütəmadi oxuduğum,çox zaman da səhifə qonşum unudulmaz yazar Vahid Əlifoğlunun uzaq... çox uzaq... Haramidən ölüm xəbəri soyuq fevral günlərini daha da soyudacaq və istər qəzetimiz, istərsə də geniş anlamda ədəbi camiəmiz gözəl bir yaradıcısını itirəcək.Heç gözlənilmədiyi halda itirəcək.Elə bir yaradıcısını təmmansız həyatı ilə “TƏSƏLLİSİZ YAŞAMAĞI BACARDIĞI KİMİ, TƏSƏLLİSİZ ÖLMƏYİ DƏ BACARDI”...
Mən onun yazılarını “ƏDALƏT” qəzetində oxumuşdum ilk dəfə və maraq məni götürmüşdü.Sonra yenə də “ƏDALƏT” qəzetində oxudum ki, bəs onun kitabı çıxıb. Üçüncü kitabı : “ƏHATƏ DAİRƏSİNDƏN KƏNARDA.” (Vektor Beynəlxalq Elm Mərkəzi nəşrləri.Redaktor və kitabın çapına işıq yandıran şair və alim Elçin İskəndərzadə. Saysız təşəkkürlər. Elçin İskəndərzadənin bu əvəzsiz xidmətləri haqqında yazanı çox. Daha artıq olsun). Eləmədim tənbəllik Əbülfət Mədətoğluna telefon açdım və xahiş etdim ki, bəs nə olar Vahid müəllimdən (məncə Vahid Əlifoğlunun BƏY sözündən xoşu gəlməz indiki məqam üçün. Belə düşünürəm.Yəni indi elə bir durumdayıq ki, BƏYLİK gedib SƏYLİK qalıb. Ona görə də BƏYLİK kimi bir ifadə bizim haramıza yaraşır və sonra görəcəm ki, Əlifoğlunun kitabı da məhz bu ovqatda yazılıb və peşimançılıqdan başqa bir şey gətirmir bizim üçün) bir kitabı al mənim üçün. Əbülfət də eləmədi tənbəllik mənə kitab aldı.Amma çox tez baş verdi bütün bunlar.Mən də eləmədim tənbəllik bir çox işimi qırağa qoyub VAHİD ƏLİFOĞLUNUN kitabını böyük bir hövsələ ilə oxudum.
Kitab əl boyda sempatik bir kitab, yəni adamı qorxudan halı yox və bir başa deyim ki, əvvəlcədən yazılarına bələd olduğum üçün heç bir çətinlik çəkmədən oxumağa başladım. Axıcı dili və yazı tərzinin baş alıb getməsi, ifadələrin uğurlu seçimi yazar adlı insanı belə yolundan alır və sən o yazıların içinə girirsən, unutmaq istəmədiyin ətraf mühiti unudursan və Əlifoğlunun yazdıqlarını yaşamağa başlayırsan.
Bütün bunlar Vahid Əlifoğlunun çox saf bir təbə ( bu sözdən xoşum gəlməsə də ) sahib olduğunu göstərən amildir və təbii bir yaradıcı istedada malik olduğuna bariz sübutdur. Ki, mən hətta “ƏDALƏT” qəzetində HƏSƏNQULU və ya HƏSƏNİN QULU imzaları ilə neçə-neçə yazı oxumuşdum və bəzən siyasi atmacalar içərən yazılara da gözüm dəymişdi. Onları da böyük hövsələ ilə oxumuşdum.Bir müddət öz-özümə düşünmüşdüm ki, yəqin bu imzalar yazar Aqil Abbasın imzalarıdır. (Not: Həsənqulu həqiqətən Aqil Abbasın imzası imiş.) Çünki aksent və yazı tərzi, sataşma məqamlarında ədəbi ustalıq türü,üslubu bu qənaətə gəlməyə əsas vermişdi və üstəlik də düşünürdüm ki,bəs çadır əhli belə sərt şeylər yaza bilməz,yazsa da onu çap etdirmək çətin olar hər halda ( burada mən bir üzr istəməli olacağam, Əlifoğlunun ruhundan ) və bir gün o da məlum oldu ki, HƏSƏNİN QULU VAHİD ƏLİFOĞLUnun imzası imiş. Həqiqətən də onun bu siyasi atmacalarının dili yüyrək və sərt olduğu qədər də acıdır. Yəni bir neçə sözlə və bir neçə cümlə ilə ifadə olunan fikirlər oxucunu tərpədir və düşündürməyə vadar edir. Cığırtı yox,bağırtı yox, sakit bir təmkinlə atmacaları elə yedizdirir ki,sanki zəhər içində bal yeyirsən.
Açığını deyim ki,Vahid Əlifoğlunun hansı nəslə mənsub ( təbii ki, yazar-çizər nəzərdə tutulur) aid olduğunu da bilmirdim və neçə yaşında olduğu da mənə məlum deyildi, amma onun yazılarında bir təmkin var və bu təmkin zaman- zaman pozulur və mənə elə gəlir ki, o pozuntu da onun iç ağrılarının gücündən qaynaqlandığından, gözəl fikirlərin içinə girən əsəbi sözlər o saat diqqəti çəkir və sən buna da haqq qazandırırsan.
Özünü hər yazısında günahkar bilən və hətta bu günahın birbaşa ona qətiyyən aid olmadığını bildiyi halda, özünü günahlandıran və hətda bu günahın bəzi məqamlarında öz qız balalarının da yanında üzüqara olduğunu da böyük bir ürəklə, böyük bir etirafla yazan bu yazar bu günahın ünvanını təmiz bilsə də, onların üstünə getmirdi və dostlarının üstünə gedirdi ki, bunlar da Aqil Abbas,Rəşad Məcid,Əbülfət Mədətoğlu, Zakir Fəxri və...
“Hərdən düşünürəm ki, görəsən Allah bizi yaradanda keyfi necəymiş. Və ümumiyyətlə o Böyük Kişi Səni,Rəşad Məcidi,Aqil Abbası, Zamin Hacını,Elçin İskəndərzadəni, Adil Mirseyidi,Çingiz Əlioğlunu,Seyran Səxavəti,Vaqif Bəhmənlini,Ramiz Rövşəni,.Zakir Fəxrini...lap elə mənim özümü təkcə doğmalarımıza, el-obamıza, millətimizə bir vətəndaş,bir övlad kimi bir sıra nəfəri kimi bəxş edəndə nəyi əsas götürüb.Ümumiyyətlə bizi yaratmağa bir ehtiyac vardımı?”
Bunları Əbülfət Mədətoğlu yazır bu kitaba aid “BİZ HAMIMIZ BİR KƏNDDƏNİK” yazısında...
Əlifoğlu özü isə bunları vacib bilir:
“Bu şeirlərdə nəyəsə nail olmuşamsa və həmin o nəyəsə haçansa bir minnətdarlıq olacaqsa o minətdarlıqdan tam yarıba-yarı Aqil Abbasa,Rəşad Məcidə,Əbülfət Mədətoğluna və Zamin Hacıya çatır.”
Təbii ki,minnətdar olduğu bu yaradıcıların adlarına Əlifoğlunun bir çox yazısında rast gəlmək mümkündü və bir çox zaman da qınaq kimi onların üstünə gedir və özü də bilir ki, hətta onların da BÖYÜK NAMƏRDLƏR yanında əl-qolları bağlıdır.Yəni onların da heç bir günahı yoxdur,amma insan daha böyük əziyyətlərdən yaxa qurtarmaq üçün, daha kiçik şeylərə doğru gedir və təsəlli almaq üçün elə obyekti seçir ki, özünün kiçikliyini böyüklük kimi göstərmək anına gəlib çıxır.Yəni Vahid Əlifoğlu yazdığı yazılarda özünü günahkar sayırdısa da biz onun heç bir günahın sahibi olmadığını da bilirdik və təəssüf ki, bir çox yazarımız bunu etiraf etməsə də, Əlifoğlu tam anlamında bunu etiraf edir və böyüyür. Çünki günahkar deyildi.
Həmin kitabın bir hissəsi (və özü də ilk bölümləri) prozadan ibarət olsa da, bu proza da şeir kimi axır (bu ifadəyə görə məni bağışlayın,çünki Əlifoğlunun prozası gözəl prozadır və hər şeyi şeirlə müqayisə eləmək sarıdan bağışlayın dedim) və onun yazı üslubu mənim üçün o qədər doğmadır ki, Əlifoğlu detal aşiqidir və detalların üstünə gedə-gedə bəzən prozanın qaydalarını da vurub yıxır və bir də görürsən keçdi şeirə,ona görə də bilmirsən ki,o şeirmi yazır, yoxsa prozamı.Amma kitabın birinci hissəsindəki yazıların proza olmasını daha çox istərdim ki, bu prozanın da şeir olduğunu müəllif özünün qısa açıqlamasında belə vurğulayıb :
“Bu kitabda toplanmış şeirlərdə (NƏSRLƏ YAZILANLARI DA MƏN ŞEİR HESAB EDİRƏM. ayrıntı bizimdir.) süjet xətti, hansısa ədəbi qanunauyğunluq axtarma, əziz oxucu! Tapa bilməyəcəksən.Ona görə ki,on il bu ağrıların,əzabların ortasında yaşadım, di gəl ki, (bax Əlifoğlu burdan baş qaldırır Dİ GƏL Kİ ifadəsindən,T.A.) Qarabağ faciəsində NƏ QANUNAUYĞUNLUQ, NƏ ARDICILLIQ, NƏ SÜJETT XƏTTİ...”
Süjetsizlik GÜNAHINA ən istedadlı bəraət buna deyərlər.İrad tutmaq qeyri-mümkün...
Bu Əlifoğludur!!!!
Bax, buna yorum deyərəm.
Və buna görə də Əlifoğlu
son vaxtlarda oxuduğum publisistik yazılar yazan yazarlar
arasında tam bir ədəbiyyat insanı kimi mənə ləzzət
eləyirdi ( canım Əlifoğlu inan ki, başqa ifadə
tapmadım. Haqqın vardı deyəsən : Canım əfəndim,bu
kabab deyil ki,sənə ləzzət eləsin). Və onun
prozası mənim üçün çox əzizdi, əzizdi
ona görə ki, bu prozanın tutumu və onun
vurğuladığı anlar bir için çox zor
yaşadığı anların tam məntiqi kimi diqqəti
çəkir.Biz bu ədəbi publisistikanı heç
cür insanlarımıza və yazarlarımıza
aşılaya bilmirik ki, bilmirik. Şeir deyib tutdurub hamı.Bu
prozaya ögeylik insanı yandırır.
Vahid Əlifoğlunun
kitabı bir dərdin poetik ifadəsidi, çünki, Əlifoğlu
bizim görə bilmədiyimiz şeyləri görüb
yaşamış olmalı ki,onun yazılarında ən
kiçik detal bir boksçunun zərbəsi kimi ağır
idi və acı idi.
İyirminci yüz ilin
sonlarında faciəvi bir köçün insanları nə
günə qoyduğunu və o insanların hər birinin xarakterinin
açımını Əlifoğlu nə qədər
ehtiyatla yazsa da, bəzən öz içindən
ayrılır və ehtiyatı qeyri-ixtiyari itirir.
“Hamı məktəbin həyətinə
yığılıb. Üzlərində təəccüb, təəssüf,
qorxu.Bir il idi ki,məktəbdə tank alayı olurdu.Gecə
qaçıblar. Nə tank var,nə əsgər...
Uzaqdan top səsi gəlir...
Kənd köçür.Biz
də köçürük.Şeyləri maşına
yığırıq. Ördəyi də tutub qoyduq
maşına. (!!!!!!!!!!!!!! Nidalar bizimdir.) Yeddi balası
vadı,BİRİ QAÇDI.( AYRINTI BİZİMDİR.)
Axtardıq tapa bilmədik, indi ölüb, qalıb bilmirəm.Yurdda
qalan o ördək balası məndən xöşbəxtdir...”.(!!!!!!!!!!!!!!)
İnanın və inanın
: bu sətirləri oxuyanda da və onları yazıma yazanda da
bədənimdən bir gizilti keçir...
Və buna görə də Əlifoğlu
bir gün mənə rast gəlsəydi, məndən öz
kitabını istəsəydi həmən o kitabı ona verməyə
bir az çətinlik çəkmiş olacağdım. Ona
görə ki, onun prozaik yazılarında və şeirlərində
elə yer yox ki, mən onların altından xətt çəkməyim
və nə zamansa bir də oxusam, o yerlərə bir də
baxmaq kimi bir asanlığım olsun deyə kitabı pis
günə qoymuşam və o yazılara yazıq olmuş
inanın.
Bu pis bir xəstəlikdi məndə.Başqa
cür alınmır.Çünki artıq buna adət
etmişəm.Nə gözəl fikir və gözəl
şeir varsa onu həmən özüm üçün
seçirəm və onu öz malım edirəm və sonra
içimdə bir rahatlıq olur.
Əlifoğlunun
kitabının altından xətt çəkdiyim
yazılardan bir neçəsi. Təbii bu misalları ona
görə demirəm ki, mütləq bir örnək
lazımdı, yox məhz mənim iç dünyam və bu
gün şeirdən az danışmağımla
üst-üstə düşdüyündən onun prozası
mənə daha əzizdir və bu prozanın detalları da
böyük həcmli şeylər yazmağa imkan yaradan bir
pillədir.
“...Erməni olmaq
üçün pasportda Mıkırtıçyan soyadı
daşıyıb,ermənicə danışmaq vacib deyil.Erməni
olmaq üçün bəzən azərbaycanca
danışıb Məmmədov soyadını daşımaq
da mümkündür...
...seyidəhmədli qəbiristanlığı
on ildir ( indi zaman bir az çoxalıb yəqin...t.a.) Düz on
ildir bayatısız, hönkürtüsüz, yaşayır.
Duasız, çıraqsız, TƏZƏ ÖLÜSÜZ (Əlifoğlu
burdan baş qaldırır ( TƏZƏ ÖLÜSÜZ ifadəsindən
t.a.) qəbiristanlıqlar-Qarabağ qəbiristanlıqları...
Yassız,
ağlaşmasız, şivənsiz qəbiristanlığın
tay nə ləzzyi...
...birinci
sağlığı Zamin deyir:
–İçək kəndimizin,
yurdumuzun, torpağımızın
sağlığına...İçdik...
Qəsəbədə toy
idi. Bir nəfərə sözə verdilər.O qədər
içmişdi lampa kimi yanırdı,mikrafonu aldı və
dedi:
–Qurban olum Qarabağımıza...
Sonra sazəndələrin
qabağına on min manat atdı və “Yanıq Kərəmi”
çalın dedi.
Bir nəfər də
qoşuldu ona,oynaya-oynaya bir xeyli pul cırıb atdı birinci
çıxış eləyənin başına...O
oynayanların hər ikisinin üç otaqlı evi var, qəsəbədə...
Neçə müddətdi
ki,çadır şəhərciyində təzə qayda tətbiq
olunurdu. Otuz qırx nəfəri siyahıyə
almışdılar.İçlərində qadın da var,
kişi də.Hər ay əlavə ərzaq verirdilər və
hər ay tamam olan kimi həmin adamları qapanda (!!!!!!!!!!!!
Nidalar bizimdir.) çəkirdilər. Hər çəkini də
xüsusi jurnala qeyd edirdilər.”
Nələr çəkdiyini
başa düşürəm,Əlifoğlu!
Kitab bütün səhifələri
bizim bildiyimiz və üstündən araq içib
keçdiyimiz, lakin Əlifoğlu tərəfindən qələm
alınan və tarix olan bu cür detallarla doludur.Doludur.Doludur.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 6 mart.- S. 27.