Elmimizin gələcəyini düşünərək

 

Ulu tanrı Azərbaycan ədəbiyyatına böyük sənətkarlar sarıdan korluq verməsə də, dahi klassiklərimizin iyerarxiyasında “Füzuli” adını “səri-tumarə” yazdığını da inkar edə bilmərik. Bu səbəbdəndir ki, ədəbiyyatşünaslıq elmimizin formalaşdığı gündən Füzuli mövzusu aktual olub, gündəmdən düşməyib, elitar ədəbiyyatşünaslığın mühüm problemlərindən birini təşkil edib. Füzuli mövzusu bir növ əsl ədəbiyyatşünas alimin istedad və qabiliyyətini üzə çıxarmaq üçün məhək daşı olduğundan, demək olar ki, bütün görkəmli alimlərimiz bu sənət nəhənginin üzdüyü dəryalara baş vurmaqdan özünü bir türlü saxlaya bilməyib. Beləliklə, Azərbaycanın sayılıb-seçilən alimlərinin çoxu ya Füzuli yaradıcılığının tədqiqinə əsər həsr edib, ya da ən azı bu fikirdə olub. Bu minvalla ədəbiyyatşünaslıq elmimizin ən dolğun qollarından biri olan füzulişünaslıq ərsəyə gəlib ki, bu sahənin elmşünaslıq baxımından araşdırılıb dəyərləndirilməsinə, saf-çürük edilməsinə özəlliklə, müstəqillik dövrü humanitar elmimizdə böyük ehtiyac yaranıb. Bu ehtiyacı vaxtında görüb onun rəfinə təşəbbüs göstərən gənc alimlərimizdən biri, bəlkə də adının son zaman kəsiyində “tərtib olunmuş” “səri-tumarə” yazıla biləcək füzulişünasımız filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərlidir. 2000-ci ildən üzü bəri çap etdirdiyi “Çağdaş poeziya və klassik irs”, “Poetika məsələləri”, “Füzuli sehri”, “Füzulinin əruz kanonları üzrə tədris təcrübəsi”, “Azərbaycan füzulişünaslığının təşəkkülü”, “Azərbaycan füzulişünaslığı”, “Azerbaydjanskoe fizulivedenie: istoriya i teoriya” kimi kitab və monoqrafiyaları, yüzdən artıq elmi məqaləsi onu bir füzulişünas alim kimi xarakterizə etməyə imkan verir. G.Əliyeva-Kəngərlinin uğurla müdafiə etdiyi “Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri” adlı doktorluq dissertasiyası alimin füzulişünaslıq sahəsində on illik axtarışlarının tarixi-nəzəri yekunu idi. Elə düşünmək olardı ki, o, necə deyərlər, öz işini görüb qurtardıqdan sonra susacaq, ən azı axtarışlarına fasilə verəcək. Fəqət onun tərtibçi-müəllif kimi toplayıb çapa hazırladığı, “Füzuli sözünə məhəbbətlə” adlı məzmunlu və müfəssəl müqəddimə ilə çap etdirdiyi “Azərbaycan füzulişünaslığının qaynaqları” (Bakı. “Təhsil”, 2009. 400 s.) toplusu belə qənaətə gəlməyə əsas verir ki, o ancaq öz şəxsi elmi karyerasını düşünən alim deyil. G.Əliyeva-Kəngərli bu möhtəşəm məcmuəni elmimizin gələcəyini düşünərək toplayıb tərtib edib və öz hesabına çap etdirib.

“Azərbaycan füzulişünaslığının qaynaqları” məcmuəsinin böyük nəzəri-tarixi və filoloji əhəmiyyəti var. Kitabın müqəddiməsində tərtibçi-müəllif yazır: “Sənətkar həyatdan köçdüyü andan onun yaradıcılığı dayanır, dəyişməz, statik hala keçir, arxiv və muzey əşyasına-kitaba çevrilir, xalqın yaddaşına köçür, tarixi fakt statusu qazanır. Əksinə, klassik dünyasını dəyişdikdən sonra isə onun haqqında fikrin təkamülü başlanır, yeni-yeni araşdırmalar və tədqiqatlar aparılır. Və əslində dərhal da həmin tədqiqatlar mənbələrə, məxəzlərə, Şərqdə deyildiyi kimi, mənqəbələrə çevrilir...

Elmin müəyyən sistem kimi təşəkkülü və təkamülü baxımından mənbələr bir neçə əhəmiyyətə malikdir:

1. Mənbələr elmin tarixi oriyentasiyasını müəyyənləşdirməyə imkan verir;

2. Mənbələr öz məntiqini yaradır və tədqiqatçıdan onu görməyi tələb edir: “Faktlar elmin fəzasıdır. Onlarsız sizin nəzəriyyələr boş əyləncədir”. (Pavlov İ.P);

3. Mənbələr yeniləşə bilirlər, yeni tarix və nəsil klassiki öz dünyagörüşünü dərk edir... klassikin böyüklüyü burdadır ki, o hər yeni nəsillə birgə doğulur;

4. Mənbələr bilavasitə mövcud elmin obyekti və predmeti, zəmini və hüceyrəsidir” (s. 17).

Kifayət qədər aydın olan bu mülahizələr bir füzulişünas kimi G.Əliyeva-Kəngərlinin tədqiqatçı mövqeyini aşkarlayır.

Müasir poliqrafik nəfisliklə çap olunmuş bu topluda qaynaqları tərtibçinin fikirləri çevrələyir: Əvvəldə sanballı bir müqəddimə – sonra “Füzuli şeirinin rüknləri: Hüsn, Eşq və Qəm” silsiləsi. G.Əliyeva-Kəngərli “Füzuli sözünə məhəbbətlə” adlı müqəddimədə Füzulinin sağlığından – XX əsrin məlum 1937-ci sənəsinə qədərki əsas füzulişünaslıq faktlarını analitik təhlilin predmetinə çevririr, onların nəzəri tarixi əhəmiyyət və dəyərini müəyyənləşdirir. “Füzuli şeirinin rüknləri: Hüsn, Eşq və Qəm” isə cavan alimin dahi şairin poetikası və estetikası haqqında yüksək nəzəri SÖZ-üdür.

Məcmuəyə öncə dahi şairin sağlığında yazılmış təzkirələrdən tutmuş XX əsrin önlərinədək yazılan təzkirələrə qədər örnəklər daxil edilib. Burada Lətifinin, Sam Mirzənin, Əhdi Bağdadinin, Aşiq Çələbinin, Həsən Çələbinin, Bəyaninin, Razinin, Əlinin, Sadiq bəy Sadiqi Əfşarın, Riyazinin, Faizinin, Lütfəlibəy Azərin təzkirələrindən müvafiq-yəni Füzuliyə dair parçalar verilib. G.Əliyeva-Kəngərli təzkirələri orta əsrlərin ədəbiyyat tarixləri kimi dəyərləndirir və göstərir ki, XIX əsrə qədər füzulişünaslıq iki istiqamətdə təkamül edib:

1. Füzulinin irsində; müəllifə görə, Füzuli ilk və ən qüdrətli füzulişünas idi. Azərbaycan (və dünya!) füzulişünaslığının banisi məhz Füzuli olub;

2. Təzkirələr (təzkirəçilik!) vasitəsilə. Bir faktı da qeyd etməliyik: XVI-XIX əsrlər arasında – 300 il Azərbaycan şeiri Füzuli təsiri, Füzuli sehri (vahiməsi) altında inkişaf etdi. Və nəticədə M.F.Axundzadə “Füzuli şair deyil” – dedi. XIX əsr Azərbaycan füzulişünaslığı M.Füzuliyə yanlış M.F.Axundzadə münasibətindən başladı: kitaba həm M.F.Axundzadənin “Nəzm və nəsr haqqında” məqaləsi, həm də Seyid Əzim təzkirəsindən “Füzuli” bölməsi daxil olunub. Ümumiyyətlə, XIX əsrdən XX əsrin –20-ci illərinə – Azərbaycanda sovet işğalına qədərki dövrün füzulişünaslığında dörd əsas mənbə diqqəti cəlb edir. M.F.Axundzadənin “Nəzm və nəsr haqqında” məqaləsi, S.Ə.Şirvani təzkirəsi, F.B.Köçərlinin iki cildli “Azərbaycan ədəbiyyatı tarixi materialları” üçün oçerk, A.Surun (Tofiqin) çox güman ki, 1908-ci ildə bitirdiyi ədəbiyyat tarixi üçün yazılmış və “Füyuzat” jurnalında çap olunmuş “Füzuliyə bir nəzər” məqaləsi. Qeyd olunan yazılar, təbii ki, bu məcmuəyə də daxil edilmişdir. Belə yazıları, xüsusən M.F.Axundzadənin məqaləsindəki bəzi fikirləri gələcək nəsillərə müəyyən izahlarsız ünvanlamaq olmaz. M.F.Axundzadə yazıb: “Və hər surət, türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi ustaddır...”. Bu fikrə XX əsrin ədəbiyyatşünasları geniş izahlar vermişlər (Məsələn, akademik K.Talıbzadə, AMEA-nın müxbir üzvü Y.Qarayev). Ən maraqlı və geniş izahlardan biri də bu məcmuənin tərtibçisinə məxsusdur. O, “Azərbaycan füzulişünaslığı” monoqrafiyasında (B.“Çaşıoğlu” 2007, s. 76-78) Füzuliyə yanlış Axundzadə münasibətini dörd əsas səbəblə izah edir: – M.F.Axundzadə “türk arasında dəxi bu zamana qədər şair olmayıbdır” deməklə təkcə Füzulini deyil, Xaqani, Nəsimi, Nəvai kimi türk şairlərini də inkar edir. Nizami, Rumi kimi böyük türk şairlərini fars ədəbiyyatına aid edir ki, bu da onun İslam dininə mənfi münasibətindən, məktublarında özü yazdığı kimi fars mənşəli olmasından irəli gəlirdi; ikincisi, Axundzadə modern ədəbiyyata, Avropa sənət tərzinə-dram və romana əslində bununla da ədəbiyyat tarixində özünə yol açmaq üçün Füzuli sehrinin tilsimini qırmağa məcbur idi; üçüncüsü, belə münasibət yarım əsr maarifçi estetikanı klassik irsdən uzaqlaşdırdı və dördüncüsü, elə bir o qədər də ədəbiyyat tarixçiliyi elminin təşəkkülünü ləngitdi. Heç şübhəsiz ki, belə münasibətlərdə (məsələn, L.Tolstoyun U.Şekspirə sərt münasibətində) dahinin dahiyə bir sırf insani qısqanclığı da olmamış deyil.

XX əsrin bioqrafik ədəbiyyatşünaslığı M.Füzulini olduğu kimi bütün bədii tarixi siqləti ilə qəbul etdi. Bu, F.B.Köçərlinin, A.Surun, R.Əfəndiyevin məqalələrindən aydın görünür. “Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur”- F.B.Köçərli bu fikirlə öz tədqiqatına başlayır. “Füzuli rəhmətüllahiəleyh ədəbiyyatımızın atasıdır. Ən əvvəl türk dilində nəzm və nəsr yazan türk üdəbasından o olubdur. O zati-şərifin qələminin asarı ibtidadən sərməşq olub isə də və lakin hələ o bəlağətdə və o zərafətdə bir şair türk torpağı yetirib ərsəyə gətirməyibdir”. Bu qənaət isə R.Əfəndiyevin “Bəsirətül-ətfal” (1901) kitabındandır. Və əslində XX əsr ədəbiyyatşünaslığının bu cür əsərləri, Füzuliyə düzgün nəzəri-metodoloji münasibət ifadə edən qaynaqlar hesab olunmalıdır.

“Azərbaycan füzulişünaslığının qaynaqları” məcmuəsinə Cəlil Məmmədquluzadənin “Füzuli”, A.Şaiqin “Füzuli haqqında düşüncələrim”, C.Cabbarlının “Mirzə Fətəli Axundov” (1928) məqaləsinin Füzuliyə aid hissəsi, B.Çobanzadənin “Füzuli və onun yeri”, S.Mümtazın “Könüllər fatehi”, “Füzuli gecəsi münasibətilə”, Ə.Səidzadənin rus dilində “Füzuli yaradıcılığının Bağdadaqədərki dövrü haqqında” və “Füzuli irsinin rus şərqşünaslığında öyrənilməsi tarixi”, Ə.Abidin “Füzulinin tədqiq olunmamış bir əsəri”, Yusif Vəzirin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərindən Füzuli hissəsi, M.F.Köprülüzadənin (Körpülünün) “Azəri ədəbiyyatına dair tədqiqlər” (1926) kitabından Füzuli oçerki, İ.Hikmətin “Füzuli” (1925) məcmuəsində çap olunmuş “Füzulinin yaşadığı dövr və mühit”, Ə.Hüseynzadənin “Füzuli və təsəvvüf” məqaləsi və nəhayət, M.Quliyevin “Oktəbrğ i törkskaə literatura” (1930) monoqrafiyasından Füzuliyə dair fikirlər verilmişdir.

Nəhayət, nəzəri-təcrübi baxımdan dəyərli, gərəkli hesab etdiyimiz bir məsələni də nəzərə çatdırmalıyıq. Məcmuənin “İllər və talelər” bölməsində müəlliflərin müxtəsər tərcümeyi-halları da verilir ki, bu da kitaba əyanilik gətirir. Bir daha onu da qeyd edək ki, G.Əliyeva-Kəngərlinin tərtibçi-müəlliflərin kitaba “Söz ardı” kimi verilmiş “Füzulidə hüsn”, “Füzulidə eşq” və “Füzulidə qəm” məqalələri müasir füzulişünaslığın səviyyəsini əks etdirən, bu elmin perspektivlərini müəyyənləşdirən nəzəri örnəklərdir.

“Azərbaycan füzulişünaslığının qaynaqları” toplusuna daxil edilən materiallar Füzuli irsinə, dahi şairin sənətinə olan münasibətin müxtəlif aspektlərini əks etdirir. Bu baxımdan keçən yüzilliyin 20-37-ci illərində yazılmış məqalələrdə söylənilənlər xüsusilə ziddiyyətlidir. SSRİ yazıçılarının baş qərargahının rəhbərlərindən A.Fadeyev “Doloy Şiller!” (1929) şüarını irəli sürdükdən sonra romantizmə və romantik ədəbiyyata mənfi münasibət bəsləyən proletkultçu nihilizm bir az da gücləndi. “Üzümüzü Nizamilərə, Füzulilərə deyil, uitmenlərə, verxarnlara çevirəlim!” çağırışları meydana gəldi. Dövrün məşhur tənqidçisi Ə.Nazim “yalnız bəzi acı istehza, satira və kinayəli əsərlərində real cizgilər verən Füzuli öz stili etibarilə yenə də Şərq klassizminin ədəbi səliqəsindən, qaşılı köşklərindən xaricə çıxmamışdı”-deyə romantizmi realizmin estetik meyarları ilə ölçürdü.

Məcmuəyə 20-30-cu illər Azərbaycan filoloji fikrində mühüm rol oynamış Türkiyə ədəbiyyatşünasları M.F.Köprülüzadənin əsərindən bir parça və Azərbaycanda pedaqoq kimi fəaliyyət göstərmiş İ.Hikmətin məqaləsi daxil edilmişdir. Tərtibçi-müəllif doğru olaraq İ.Hikmətin Azərbaycanda 1924-cü ildən etibarən çap olunmuş “Azərbaycan ədəbiyyatı tarixi” (1928) kitabı, “Sənət və sənət əsəri”, “Sənət bəhsləri”, “Əski ədəbiyyatda şəkil”, “Əruz və heca vəznləri”, “Ahəng”, “Lirizm”, “Füzulidə lirizm” kimi məqalələrini Azərbaycan ədəbiyyatşünaslığının faktları hesab edir.

Əlbəttə, hər bir ilk təşəbbüsdə olduğu kimi bu topluda da müəyyən çatışmazlıqların (əksərən korrektura xətaları) olması təbiidir. Şübhəsiz ki, bu nöqsanlar bu qiymətli qaynağın gələcək nəşrlərində aradan qaldırılacaqdır.

“Azərbaycan füzulişünaslığının qaynaqları” təkcə füzulişünaslıq üçün deyil, ədəbiyyat tariximizin, nəzəri-estetik fikrimizin müxtəlif problemlərini öyrənmək baxımından da əhəmiyyətə malik bir məxəzdir. Onun əsas dəyəri isə, müxtəlif qaynaqlarda dağınıq halda olduğu babətindən gənc tədqiqatçılar nəsli tərəfindən istifadəsi çətinləşən məxəzləri bir araya toplamasındadır. Bir zamanlar “məsti-xabi-naz olub” Füzulinin lirik qəhrəmanının “dili-sədparəsini cəm etmiş” Füzuli “mələksima”sı kimi, G.Əliyeva-Kəngərli də füzulişünaslığın “dili-sədparəsini cəm” etməyə başlamışdır.

Bu nəcib məqsədində ona uğurlar arzulayırıq.

 

 

Teymur KƏRİMLİ

 

525-ci qəzet.- 2010.- 6 mart.- S. 26.