Aysel ƏLİZADƏdən qadınlar üçün 8 Mart hədiyyəsi

 

Qadınlar Seriyası

 

Məndən sonra doğulacaq qadın,

ruhumu vəsiyyət edirəm sənə.

Gələn bütün kişiləri,

şeirlərimi

bir sevgimi vəsiyyət edirəm.

Sevilməyini istəyirəm...

Məni düşün bu şeiri oxurkən

bizi düşün...

Dünyanın ən xoşbəxti ol

ən bədbəxti

mənim kimi...

Hərdən

qəlbini rahat burax

hərdən günah işlət.

Səndən öncə bir şair qadın vardı

bir az məsum, bir az günahkardı.

Bir adi qadın vardı,

bir dəlisov qadın

bütün qadınlar o idi.

Coşqun yaşardı

sakit yaşardı

sevgiləri

ayrılıqları vardı

ən gözəl kişiləri

ən pis qadınlara bağışlayardı.

Bir qadın vardı

bir tərəfi həmişə sevgi qoxardı

bir tərəfi yalnızlıq olardı...

...sənə kədərimi vəsiyyət edirəm

bilirəm

kədər yaraşacaq sənə

gözlərin havaya dikiləcək

havanın rəngsizliyində

daha kədərli görünəcək.

Sənə sevincimi vəsiyyət edirəm

bilirəm

sevinc yaraşacaq sənə

gözəlləşəcəksən.

Sən gülüncə o xoşbəxt olacaq.

Sevincinlə kədərin dostlaşacaq

hər yerdə ikisi də

yanında olacaq

onlardan başqa kimsəyə güvənmə,

kimsəyə.

Unutma,

heç vaxt yerlər unutmayacaq səni

unutsa yollar unudacaq...

məndən sonra doğulacaq qadın,

yerimi sənə verirəm

qadın olmağı bacarsan

səni şeirlərim ağladacaq

ruhuma kövrələcən

sükutumu istəyəcən

səs-küyümü ...

Heyif oturub üz-üzə

şərab içmədik səninlə,

dərdləşmədik,

heyif,

ondan danışmadıq.

Sevərsən.

Qorxmazsan, sevərsən onu

bu bir həyat qanunu

sadəcə sevərsən...

çox görmə özünə bunu

bu acı deyil,

bir həyat düzənindir

sevməsən pozarsan

öpürəm səni.

Qoru özünü

özündən sonrakı qadın

üçün qoru...

 

 

İradəyə

 

Yağış yağır

yalnız buraxmır bu gün

yalnız günlərdə

yolları isladır

quru yollara baxmayasan

səninçün yağır.

onun varlığı qədər ağır

yoxluğu qədər ağır

gecədir,

hissdir

içini dağıdır.

onunku heç xəyanət deyil

boş bir şeydir

o qədər xəyanət deyil

o qədər adidir

incimirsən,

küsmürsən,

qısqanmırsan,

kobud söz çıxmır ağzından

kobud da düşünmürsən.

Yağış yağır

o yağış deyil

ona üzülürsən...

Sənin qədər yorğun bir qadın

tanıdımı?

Tanımadı.

Heç tanımayacaq da.

Səni heç vaxt tanımayacaq!

Kişi kimi xəyanət etsə

bir az qəzəb, bir az da kin

gələrdi

yorğunluğun üstə

getsə

sevinərdin bəlkə.

günahını götürərəm üstümə

daha olacaq ki, sənə...

özün get

dünya köməyin olsun.

sən yalnız deyilsən

hamımız yalnızıq

get, gecən xeyrə qalsın.

 

Kəpənəyə döndüm sən doğulandan

Havada yeriməyi öyrəndim.

Daha yuxunu yox

səninlə

yuxusuz gecələrimi sevdim.

Mən ölənə kimi keşiyini çəkərəm,

amma sən yaşamağı öyrən.

Hər qığıltından xoşbəxtəm

qədər asanmış xoşbəxtlik

necə yaxınmış...

Yavrum, gözlərin necə təmizmiş...

ömrü boyu kimsədə görməsən

üzülmə

var yığma gözünə

təmizliyini itirmə

qoru gözlərini, lütfən, itirmə.

Səni görəndən

qorxuram başqa gözlərdən

başqa üzlərdən.

Elə şirinsən

dada gəlir

gözümdən düşən dünya da

Bundan sonra da

olacaqsa

sənin üçün olacaq.

Gözlərinçün yaşamağa dəyər

sənə qədər

hər şeyəkeçmiş olsun.

Balaca yazıçım mənim,

Bundan sonra sən yazırsan məni!

Gün-gün yox

Dost-dost itirdim insanları

Əvvəl onlar dəyişdi

mən dəyişmədim.

Sonra mən dəyişdim,

onlar yox.

Biri azadlığa təpinib,

İnsanın vətəni

rahat olduğu yerdi- deyib,

yollandı üzü qərbə.

o biri sübut edə

bilmədi ərinə

azad yaşamaq da olar

yalnız

yaxşı mahnılar yazdığın üçün

boşanmaq da olar

öldü...

Maraqlı idin, Nərmin.

səni öldürən ərin

indi azadlıqdadır

qızların böyüyür

balaca mahnı yazır

son mahnısının adı

belədir:

atalar anaları öldürür”.

 

 

Əzizə Mustafazadəyə

 

Caz yaz, Əzizə

Azadlıq yanğısından

yaranan musiqini

düz kağıza

səs-səs.

Kəs səsini

qulaqlarımıza

soxulmaq istəyənlərin,

dillərini

kəs.

Nanay-nanay edənləri

batır ifanda

əllərini kəs.

Danq-dunq

soxuşduranlara

barmağını yellə

 eeyyelə.

Əllərinlə

gətir azadlığı

qulaqlarımızdan

yedir bizə.

yedir Əzizə

Caz yaz!

 

Göydən qar, yerdən ağırlıq yağır...

Qayğılı baxışlar

adamın üstünə yıxılır,

ağızlar yem axtarır.

Bir fağır boxçasını yanına alır,

Heç kimə yaramayan nəsə satır.

varı-yoxu bu boxçadır.

Dünyanın küncündə xəyala dalır,

Ona öz küncündən ovuc uzadır

Yuxulu-yuxulu dilənir həyat.

Bir ac, evsiz qadın gördüm

məni görcək təzə geyindi.

Başındakı ləçəyini boxçadakı ləçəyiylə

dəyişdi

bəzəndi qonağı gəlincə

elə küçədəcə

gətirdiyim yeməklə şam etdik

heç danışmadıq

o dedi, mən soruşmadım.

yeyib şükür elədi bu gününə

heyrətlə baxdım üzünə

Nəyə şükür elədi?!

İstədim soruşum

dinmədim.

Üzümdə quruyan sualdan

sualtək əyildi

qəlbində dedi,

gileyləndi

bilmədim.

Getdim

anladım ki, bütün qadınlar,

qocalanda

nənə olmurlar.

İçində insan daşıdığını hiss etmək,

onu dünyaya gətirməkdən möhtəşəmdir.

Qəribədir... adam içində adam.

Ruslarmatryoşka”nı yaratdılar bundan.

Mat-rojaykadoğan anadır.

İçinə adam yerləşdirən qadın

tanrıyla şərikdir

Qadın tanrıya

adam yaratmaqda kömək edir.

Qapıda məni saxlayan qadın,

ramazanı bəhanə edib

pul aldın.

son ümidlərindən biri

ramazan ayıdır.

Hər inancın

boş ümidindir.

Hər şeyin yaxşı olacağına

ümid edib,

inanırıq gör nələrə...

Mən cibimdən

bir manat verib

yetirər bu yaxşılığıma görə

düşündüm.

özüm utandım tanrıya üz tutum.

əvəzini ödəyər deyə

borc verdim bəndəyə

rüşvət göndərdim

dedim:

Dua elə, ay xala,

de ki, tanrı səni qorusun.

tərk edilməyəsən,

xəyanət görməyəsən,

səbr özü qapını döysün,

mən gəldim

desin.

ay xala, sən mən yaşda olmusan

vaxtsa.

söylə tanrıya

məni sənin bu günündən saxlasın. ...

Barmaqlarının içi

çənənə sürtünüb

90 min sualı dondurur

baxışlarında.

Cavabın yoxdur

əslində.

yaşadığın adama

baş vurub

elə dayazda qalırsan.

O elə bu qədərdir.

Susması səssizliyi deyil

sözsüzlüyüdür...

dəhşətə gəlirsən...

qədər cırıldadsan

birgə ömrünüzün

sınıq qapısını,

onu tapmırsan yanında.

onun hər səfeh anında

dayazda qalır baxışların.

üzündə daldıqca,

ağlamağa da halın olmur.

Utanırsan ağlamağa.

Gözlərinin kökü

ona baxdıqca

dərinləşir

sən qocaldıqca.

Bu adam

bir qullab

sənlə dolmayıb.

Sinən qalxıb-endikcə

Beynində çırpındıqca

Ürəyin,

O heç eşitmir.

çiyin-çiyinə oturduğum bir qadın

bitib tükənirdi kafedə.

Arıq bədənindən qaranlıq

çökürdü kafeyə.

Nəfəsinin yükü

köçürdü üstümə.

Bu qadın

balacalaşıb itdikcə

böyüyürdü kafe.

Ofisiant çay gətirdi.

Geriyə çevrildim

önündə çoxlu boş fincan gördüm.

Çayı içib fincanı boşaltdı

yenisini istədi.

Ofisiant gətirdi.

Qaynar çayı başına çəkib

araq kimi içdi.

Ona baxdığımı görüb masama gəldi

Üşüyürdü, titrəyirdi

bir az içgili kimiydi

məndən istəyir özünü hamı,

məndə hamı hardandı? – dedi.

Üzünü kafeyə tutub zorla bağırdı:

Eşidirsiz, məndə siz yoxsuz.

Sonra səsini azaldıb pıçıldadı:

sevməsin heç bir kişi məni

mən həmin kişinin deyiləm.

yenə çay istədi

qaynar çayı araq kimi içdi.

 

 

Aysel ƏLİZADƏ

 

525-ci qəzet.- 2010.- 6 mart.- S. 25.