Səviyyəli kim, səviyyəsiz
kim?
“Səviyyəsiz adamlarla niyə
verilişlərə çıxırsan?” sualına cavab
Məni hərdən televiziya kanallarına müxtəlif verilişlərə dəvət edirlər. Dəvəti qəbul etməmək nəzakətsizlikdir, – deyə düşünür, etiraz etmirəm. Türkiyədə işləyərkən də televiziya verilişlərinə dəvət olunurdum və məmnuniyyətlə gedirdim. Axı, dəvət ekrana çıxacaq potensial səviyyəsizlərdən yox, hər hansı bir televiziya kanalından gəlir. Həmin kanal mənim kimi başqalarını da verilişə dəvət etməyi əvvəlcədən planlaşdırır. Onlardan soruşmalı deyiləm ki, siz kimləri dəvət etmisiniz? Və yaxud dəvət etdiyiniz filankəsin səviyyəsi nə qədərdir?
Mən kanallardakı çıxışlarıma görə özümə cavabdehəm, danışdıqlarım üçün məsuliyyət daşıyıram. Kimsə kiminsə səviyyəsini ölçmək üçün cihaz yoxdur. “Filankəs səviyyəsizdir” deyən adamların özündən soruşmaq gərəkdir: “Bəs, sənin necə səviyyən var?”.
Mən nə etməliyəm? Televiziya kanallarına göstəriş verməliyəm, yaxud deməliyəm ki, iştirak etdiyim verilişlərə səviyyəli adamlar dəvət etsinlər? Kimdir axı, o səviyyəli adamlar? Siyasətçilər, vəzifəlilər, partiya üzvləri? Onların içərisində nə qədər “səviyyəsizlər” var! Siyasətçilərə ekran verən kimi, biri deyir, “Jak Şirak qudurub”, o biri Amerikanı borclu çıxarır, bir başqası Türkiyəyə göstəriş verir, sonrakılar “filan ölkədə özbaşınalıqdır”, “filan ölkədə heç bir inkişaf yoxdur”, “filan ölkədə aclıqdır, getsinlər, öz dərdlərini çəksinlər” deyir, ya da bir-birlərini rüsvay edirlər.
Bəlkə, müğənnilər, musiqiçilər aktyorlar, aparıcılar, stilistlər arasında səviyyəsizlər yoxdur? Kimlər qaldı? Jurnalistlər, redaktorlar, ssenaristlər, rejissorlar... Onların hamısı səviyyəlidir? Bəzi televiziya rəhbərlərinin səviyyəsi var? Əgər varsa, televiziya kanalları niyə bu gündədir?
İnsanların müxtəlif şəxsi keyfiyyətləri olur. Bəzisi tərbiyəsizdir, bəzisi əyyaşdır (ifadələri işlətməyə məcburam), bəzisi yaltaqdır, bəzisi məddahdır, bəzisinin “ayağı sürüşkən”dir, bəzisi satqındır. İndi televiziya əməkdaşları və dəvət olunan şəxs kimi necə müəyyənləşdirək ki, birlikdə ekranda olduğumuz adamlarda belə xüsusiyyətlər yoxdur? Hər adamın bir xasiyyəti, bir həyat tərzi var, axı! Bu insanlara “Uzi” aparatı ilə baxmalıyıq ki, kim kimdir? Ümumiyyətlə, biz səviyyəsiz adamlarla bir cəmiyyətdə yaşamırıq?
Mən yaltaq vəzifə sahibi ilə ekrana çıxmaqdansa, hər hansı qadın müğənni ilə (hansı yolun yolçusu olmasına baxmayaraq), televiziyada görünməyi daha üstün tuturam. Başına quzu dərisindən papaq qoyan, ailəsini tanımayan, ekrandan xalqa öyüd-nəsihət verən əliəyrinin, rüşvətxorun biri ilə ekranda görünməkdənsə, ağzının danışığını bilməyən çobanla ekrana çıxmağa daha çox üstünlük verirəm. Səliqəli, sahmanlı geyinən, lakin ekrandan xalqa saxta sözlər deyən “ziyalı”dansa, bir küçə süpürgəçisi ilə ekrana çıxmaq yaxşı deyilmi?
İnsanların çoxu, adi ərizə, bir sıra vəzifəlilər isə adi arayış belə yaza bilmirlər. Amma mən ərizə də yazıram, kitablar da, pyeslər də. Hələ üstəlik çoxlarının “səviyyəli” hesab etdikləri adamlardan da gözəl danışıram, doğru danışıram, səmimi danışıram. Danışıqlarım, çıxışlarım isə tamaşaçılar tərəfindən təqdir olunur. Yoxsa, məni televiziya kanallarına dəvət etməzdilər ki!
Xalq ekrandan, mətbuatdan doğru söz eşitmək istəyir. Bəzi “səviyyəlilər” isə heç zaman doğru sözü deyə, yaza bilmirlər. Həmin “səviyyə”lilərin xalqa dedikləri də, yazdıqları da saxta olur. Belə saxtakarlarla ekranda görünməkdənsə, bir ayı, yaxud meymunla ekrana çıxmaq daha düzgün olar.
Çünki, heyvanlar insan sevgisinin nə olduğunu gözəl duyurlar... Bir məşhur ifadədə deyildiyi kimi, insanları tanıdıqca heyvanlara hörmətim artdı.
Çox da böyük vəzifəsi olmayanın biri televiziyada deyirdi ki, “xalqımız firəvan yaşayır”. Firəvan yaşamaq ona deyərlər ki, hamının pulu, maşını, ölkəmizdə və xaricdə evi, villası olsun. Hələ gəmilərdən, təyyarələrdən danışmıram. Belə danışığa Xeyrəddin Qoca dözər? Mən də başqa bir televiziyada canlı yayımda onun dediklərini tamaşaçılara çatdırdım və dedim: “Belə fikirləri eşidən tamaşaçı bilirsiniz, nə düşünür: “Yalançının...üç nöqtə!” Tamaşaçılar zəng edib, mənimlə həmfikir olduğunu bildirdi.
Gərək həmin vəzifəli şəxs təxminən belə danışaydı: “Biz çalışırıq ki, insanlar yaxşı yaşasınlar. Maaşların, pensiyaların vaxtaşırı artırılması bunun bariz sübutudur”. İnsanlar bu sözləri qəbul edərdilər. “Firəvan” sözü ilə “yaxşı” sözü arasında böyük fərq var, axı!
Mənim kimi adamlar televiziyalara belə məsələləri aydınlaşdırmaq üçün lazımdır. Bir də axı, ziyalı hesab olunanlar həmişə xalqın qarşısında olmalı, xalqa söz deməlidirlər. Televiziya isə söz demək imkanı verir. Hansı televiziya ki, söz demək imkanı vermir, biz orada çıxış etmirik. Heç istəmirik də!
Buna necə biganə qalmaq olar ki, televiziya kanallarının birində din xadimi olan “səviyyəli” qadın deyirdi: “Əgər qadın xəstədirsə, gərək öz ərinə başqa qadınla yaşamağa icazə versin, hətta ərinə başqa qadın tapıb, onu evləndirsin”. Bəs, Xeyrəddin Qoca zəng vurub nə söylədi: “Hörmətli xanım, sizin sözünüzdən belə çıxır ki, kişi də xəstə olsa, arvadına başqa kişi tapmalıdır, eləmi? Ərinə başqa qadın tapan qadın da hansı qürurdan, şərəfdən danışmaq olar?” Mənim kimi insanlar vaxtında elələrinin cavabını vermədikcə, insanlar onlara inanır, nəhayətdə cəmiyyət pozulur!
Hansı qadın ərinə başqa qadın tapmağa can atar, axı?! Belə qadına qadın demək mümkündürmü? Aradan nə qədər vaxt keçməsinə baxmayaraq, hələ də həmin qadına qarşı qəzəbim soyumayıb!
Elmlər namizədi olan, universitetlərin birində müəllim işləyən başqa bir qadın isə, “Dəli Kür” filmində Cahandar ağanı başqasının arvadını qaçırdığı üçün kişi adlandırırdı. Mən isə deyirdim: Başqasının arvadını qaçırmaq kişilik deyil! Elə ona görə də Cahandarın bacısı pozğunların məclisinə getdi. Oğlu atasını, yəni Cahandarı saymadan xəlvət təhsil almaq üçün evdən qaçdı. Cahandarın atının quyruğunu kəsdilər, yəni namusuna toxundular. Axırda da Cahandarı güllə ilə öldürdülər. Ümumiyyətlə, bizimkilər Səddam Hüseynə də “kişi” deyirdilər. Deyirdilər, Amerikaya meydan oxuyursa, deməli, kişidir. Onda mən belə sözlərin əleyhinə çıxırdım, deyirdim ki, millətinə zülm edəndən kişi olmaz! Nə oldu Səddamın axırı?
Tez-tez “mən kişiyəm” deyənlərə isə ekranlarda, qəzetlərdə belə cavab verirəm: “Mən kişiyəm” deyənlərin ya özündə, ya da ailəsində nə isə bir naqislik var. Çünki, bəşəriyyət cəmi iki cinsdən ibarətdir: kişi, qadın. Görürük də, kişisən. Bununla nə demək istəyirsən? Onda qadınlar da hər yerdə desinlər ki, “mən qadınam”!..
Qız,
qadın da televiziyaya zəng vurub ailə sirlərini
açar? Hansısa oğlana ya kişiyə məhəbbətini
izhar edər? Biri zəng vurub deyir ki, “mən filankəsi sevirəm,
atam-anam vermir”.
Bu qızdan soruşan gərək, əvvəla,
sən ata-anandan televiziyaya niyə şikayət edirsən?
İkincisi, sevgi pünhan olmalıdır.
Qız həyası deyilən bir şey də var, axı!
Başqa bir
qadın zəng vurub, ərindən şikayətlənir. Deyir,
“bir-birimizi sevməyib evlənmişik, indi üç
uşağımız var”. Ay xanım, televiziya nə
etsin, sənin dərdinə necə çarə
tapılsın?
O biri zəng vurub, əri, dörd uşağı ola-ola, dörd kişi ilə yaşadığını deyir.
Ekranda, qaçan sətirlərdə SMS-lər verilir. Qız oğlana yazır ki, “tez gəl, yoxsa ürəyim partlayacaq!” Səni çox sevirəm, filan yerdə gözləyəcəm. Gəlməsən, daha gəlmə”!
Belə hərəkətlərə kim cavab verməlidir? Məhz bu cavabları vermək üçün bizlər ekranlara çıxırıq və çıxmalıyıq. Bəzən bizimlə eyni verilişdə iştirak edən səviyyəsizlərə də irad tuturuq.
Xalq
qarşısına çıxmaq, söz demək olduqca
böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk etmək,
bu ağırlığı çəkmək çətindən
də çətindir. Ətrafımızda çoxlu səviyyəsizlərin
olmasına baxmayaraq, yazıçı kimi bizim də üzərimizə
bəzi missiyalar düşür. Həmin missiyaları yerinə
yetirmək əvəzinə, biz “səviyyəsizləri
müəyyən edən” aparatla (belə aparat varmı?) gəzə
bilmərik. Başqalarını səviyyəsiz hesab edənlər
hərdən öz səviyyələrinə də fikir versələr
pis olmaz...
Xeyrəddin QOCA
525-ci qəzet.- 2010.- 6 mart.- S. 24.