Ağa Laçınlını xatırlarkən...
Ədəbi aləmdə hər bir sənətkarın ölümü ağır itkidir. İnana bilmirsən ki, dünənə qədər səninlə bir deyib-gülən, yol yoldaşlığı eləyən, uğurlarını və kədərini bölüşən, həmişə saf sənət havası ilə nəfəs alan bir insan indi həyatda yoxdur. Bu itki zaman-zaman səni göynədir. Mən gözəl şairimiz Ağa Laçınlını da məhz belə xatırlayıram.
Onunla ilk tanışlığım keçən əsrin yetmişinci illərindən başlayıb. Təbii ki, ADU-nun filologiya fakültəsində oxuyanda onun şeirləri ilə tanış idim. Bu şeirlər mənə doğma kəndimin havasını xatırladırdı. O, Laçının Oğuldərə kəndində, mən isə Masallının Ərkivan kəndində dünyaya göz açmışıq. Mən Ağanın dünyaya göz açdığı kəndi görməmişəm, amma onun şeirlərində öz kəndimi də görürəm. Azərbaycan kəndlərini təkcə iqlim, təbiət oxşarlığına görə müqayisə eləmək doğru olmazdı, kəndlərin bir-birinə oxşarlığını insanların könül dünyasının oxşarlığıynan, kəndçi psixologiyasının bir-birinə nə dərəcədə bənzədiyiynən də təyin edərlər.Həm də Azərbaycan kəndi üçün oxşar detallar da çoxdur. Ağanın “Yatmış dəyirman” şeirini oxuyuram və öz kəndimdə belə bir yatmış dəyirmanın taleyini görürəm.
A yatmış dəyirman,
yaslı dəyirman,
Qəmin ürəyimdə
qaynayıb-daşar.
Dəhnənin dibində
yaralı yarğan,
Arxının
qəbrində yuxulu daşlar.
De kim
dayandırıb dəli çaxçaxı?
Novunun gur nəbzi
niyə donubdu?
Ölüb-gedənin də
sözü var axı,
Niyə müqəddəslər
unudulubdu?
Sən ay güman yerim, dərdim
dilmancı,
Zaman od
qamçını hamıya çırpdı.
Şahadı paylayan o dəyirmançı,
O Allah adamı
harda qalıbdı?
Mən Ağa
Laçınlını Hüseyn Arif, Qasım Qasımzadə,
Məmməd Araz, Hüseyn Kürdoğlu, Musa Yaqub və Məmməd
Aslanla bir sırada – ən gözəl təbiət şairlərindən
biri kimi sevirəm. Ağa təbiətdən cəmiyyətə,
cəmiyyətdən də təbiətə boylanan şair
idi. Təbiət şairi mən ona deyirəm
ki, gülün, çiçəyin, dağın, dərənin,
çayın, gölün, otun, yarpağın, ağacın
içində böyüsün və gözəllikləri
ruhuna köçürsün, sonra da bunları poeziyaya
çevirsin. İndi də Ağanın o
illərdə yazdığı və heç zaman bədii təravətini
itirməyən, gözəl təbiət rəsmlərini
xatırladan şeirlərini heyranlıqla oxuyuram.
Bura gül bərəsi,
gül dərəsidi,
Sarmaşıq qol-boyun, ot calaq-calaq.
İncə gözəlliyin
insaf dərsidi
Əlik
dırnağıyla yazılan bulaq.
Zirvəni çulğayaq
car çəkə-çəkə,
Nəğməni
zilləyən çildonlu çilmi?
Baldırı yoncayla
örtülən cökə
Corabı
naxışlı gəlin deyilmi?
Bulud al-qırmızı,
qürub alışqan,
Bənd olub
qalmışam-axşam çağıdı.
Çiçəkli qayadan
sallanan şırran
Torpağa dikilən
göy qurşağıdı.
Ağa bəlkə
də yeganə şair idi ki, öz şeirlərində
doğulduğu ərazinin dil xüsusiyyətlərini,
danışıqda işlənən və çox zaman
qırağa çıxmayan şivə sözlərini
şeirə gətirirdi. Bəzən elə sözləri də
işlədirdi ki, onlar hələm-hələm şeirə gəlmirdilər.
Buna görə onu tənqid edənlər də
vardı. Doğrudur, bəzi sözlər ədəbi
dilə hələ sirayət etməmişdi, onları
başa düşmək, mənasını anlamaq çətin
idi. Bir dəfə bunu Ağaya da mən də
söylədim. Dedi ki, o sözləri işlətməkdə
heç bir məqsədim yoxdu. Mən şeir
yazıram və o sözlər özümdən asılı
olmayaraq şeirə gəlir. İkincisi də,
qağa, elə istəyirəm o sözləri tez-tez işlədim
və ədəbi dilimizdə də yaşasın. Amma
indi Ağanın şeirlərindəki o az
işlənən, ya heç işlənməyən sözləri
diqqətlə nəzərdən keçirəndə
görürəm ki, şeirin gözəlliyinə heç
bir xələl gəlməyib. “Nənəmin gileyi” şeirində
nənə deyir:
Neynədiniz? Nə
qatdınız saf südə?
Tez
çürüdü çiyəsi də, özü də.
Yoxa
çıxdı qaymağın gül qoxusu.
Yoxa
çıxdı pərinc aşı, çil yarma.
Yoxa
çıxdı dadlı pendir, axtarma.
Düyələri
görüm, Allah kəsməsin,
Qatılmadı
kələkəsi, kəsməsi.
Vaxtsız gəldi
içiyara meyvələr,
Ağulandı yeyci yerin
damarı,
Danışıram
ürəyimə damanı.
Mən şəhərdə
şəhərliləşə bilməyən çox adamlar
tanıyıram. Məsələn, ustad xanəndəmiz,
gözəl muğam ustası Yaqub Məmmədov bütün
dünyanı gəzib–dolanmışdı, amma hər dəfə
onu görəndə elə bilirdim, kəndin bir
parçasıdı, şəhərdə yeriyir və şəhərə
sığmır. Ağa
Laçınlını görəndə də elə hisslər
keçirmişəm. Amma Ağa – bu “şəhərdə
yeriyən kəndin bir parçası” BDU-da antik ədəbiyyatdan
mühazirələr oxuyurdu.
Ağa Azərbaycan
şeirinin kökünə, heca bulağına, qoşma
çeşməsinə bağlı şair idi. Bəzən
bu tipli şairlər inadkarlıqla şeirdə ancaq bir yolu,
bir istiqaməti, bir axarı müdafiə edir, əruza və
sərbəst şeirə müharibə elan edirdilər.
Amma Ağa belə ayrı-seçkiliyin əleyhinə
idi.
Ağanın
60 illik yubileyi “Natəvan” klubunda böyük təntənə
ilə keçdi. Əsas məruzəçi mən idim və tədbirə
bir az gecikmişdim. İçəri
isə tamam dolu idi, yer yox idi. Mənə
söz verdilər. Birtəhər
çöldən özümü içəri saldım və
təxminən iyirmi dəqiqə Ağa
Laçınlının yaradıcılığı barədə
məruzə elədim.
O məruzəni şifahi eləmişdim
və yazılı şəkildə əlimdə heç nə
yoxdur. Amma xatırlayıram ki,
sözümü-söhbətimi Ağanın bir neçə
şeiri üzərində qurmuşdum. Ağadan ən
çox sevdiyim bir şeir vardı: “İlahi, sən məni o
kəndə yetir”. Mənim fikrimcə, bu
şeir müasir Azərbaycan poeziyasında kənd həsrətini
ifadə edən ən parlaq nümunələrdən biri idi.
Şeir belə başlayırdı:
İlahi, sən məni o kəndə
yetir,-
O kəndin diləyi dildə
göyərən.
O kəndin yığvalı
oğuldan yetim,
O kəndin qızları
qarğış əyirən.
Bu şeir həm
oğul həsrətini ifadə edirdi, həm də kəndin həsrətini. Oğul-Ağa
Laçınlı – şəhərdə yeriyən kəndin
bir parçası” təbii bir hisslə kəndə, dədə-baba
yurduna qayıtmaq istəyirdi, amma qayıtmaq mümkün
deyildi. Nə qədər arzulasan da...
İlahi, coş gələ
mən bağrıdaşa,
Sarınam bir axşam
yağış kəndirə;
Yaylaq yalvarsına, bulaq
barışa,
Düşəm
dan yerindən dədə kəndinə.
Qayıda dünyanın bu
dolaşanı,
Varlığım
yoxluğun dibindən çıxa.
Çıxardam
ağzımdan çullu dovşanı,
Nallı
qarışqa da cibimdən çıxa.
Yetir biçiləsi
biçənəyinə,
Yetir gün
qovuran boz güneyinə.
Yetir qış qarına, yaz
çiçəyinə,
Yetir kom ulduzun
göbələyinə.
Mən Ağa
Laçınlının 60 illik yubileyi münasibətilə
televiziya verilişində də çıxış elədim.. O verilişdə də Ağanın
poeziyasındakı təbiiliyi, təbiətdən və
özünün içindən gələn sadəliyi qeyd elədim.
Heç
yadımdan çıxmaz, səksəninci illərin əvvəllərində
“Yazıçı” nəşriyyatından mənə
Ağanın şeirlərinin əlyazmasını verdilər
ki, rəy yazım. O zaman qayda belə idi. Mən də bu
şeirləri oxuyub müsbət rəy yazdım. Ağa bunu bilib məni axtardı. Günlərin birində Nizami heykəlinin yanında
qarşılaşdıq. Rəyə görə təşəkkür
elədi və dedi ki, sən rəy yox, məqalə
yazmısan və mən o yazını kitabıma ön
söz kimi daxil edəcəyəm. Amma nəşriyyatda
buna icazə vermədilər. Həmin
görüşümüzdə Ağa ilə oturub nahar elədik,
meylim çəkdiyindən bir “Nərgiz” şərabı da
sifariş verdim, şərab o qədər dadlıydı ki,
ikincisini də içdik. Sonralar o cür
şəraba bir də rast gəlmədim. Bəlkə
də Ağanın şirin gülüşləri,
zarafatları, qələm dostları barədə söylədiyi
anekdotlar o şəraba dad qatmışdı.
Ağa
Laçınlı BDU-da qədim dünya ədəbiyyatından
mühazirələr oxuyurdu. Bilirsiniz ki, bu,
filologiya fakültəsində ən çətin fənlərdən
biridir. Elə Homerin əsərlərini
oxumaq, onları təhlil eləmək, çoxsaylı
obrazların hər birinin taleyini izləmək adamdan
böyük səbr, dözüm istəyir. Amma Ağa bir kəndli inadıyla bu çətinliyi
aradan qaldırdı və tələbələrin sevimlisinə
çevrildi.
Bu kiçik
yazıda Ağa ilə görüşlərimdən yenə
söz aça bilərəm. Onun qızımın
toyuna gəlməsi, cavanlara qoşulub rəqs eləməsi
indi də yadımdadır və yaxşı ki, videoda da bu
hissə qalıb. O lentdə Ağa sağdır və mən
təsəlli tapıram ki, nə yaxşı bu gözəl
insan dəvətimi qəbul elədi.
Sonda deyərdim
ki, Ağanı yaşadan, bir şair kimi unutmağa qoymayan təkcə
şeirləri deyil. Ağanı yaşadan həm də ona
layiq üç oğludur ki, onlar Azərbaycan ədəbi-mədəni
mühitində kifayət qədər tanınırlar.
Xüsusilə, Fəxri Uğurlu.
Sonda Ağa
Laçınlının “Gözəl dünya” şeirinin son
bəndini xatırlamaq istəyirəm:
Başı qatır,
ağrıları bal dadır,
Heç
demirik, görəcəklər daldadır.
Yalançının
özünü də aldadır,
Allah, Allah, bu nə gözəl
dünyadı!
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.- 6 mart.- S. 21.