UÇUŞ
O, şeirə gələndə
şeir yaxşı günlərini yaşamırdı.
Təntənələrdən sonra bir təngnəfəslik başlamışdı.
Yaxın və Orta Şərqin ənənəvi şeiri ənənənin əsarətinə elə qır-saqqızcasına giriftar olmuşdu ki, daha təzə söz deyə bilmirdi, köhnə sözü təzə tərzdə demək imkanını da qeyb etmişdi və iş gəlib çatmışdı yerində saymağa.
Elə böyük şairlər dövran sürüb getmişdilər ki, onlardan sonra şeir aləmində hansısa uğura ümid bəsləmək xam xəyal təsiri bağışlayırdı.
Və Saib gəldi.
«Saib» sözünün mənası «hədəfə dəyən»dir.
Saib Təbrizi şeir dünyasına gəldi və düz hədəfə vurdu.
Çoxlarının tuş alıb yan atdığı halda onun söz oxları hədəfin tən mərkəzinə dəyirdi və digərləri üçün də örnəyə çevrilirdi.
Saib diksindirdi, şeiri, ədəbiyyatı sükunətdən, mürgüdən qurtarmaqdan savayı ona yeni bir səmt verməyi də bacardı.
Vaxt keçəcək, bunu şairlər də, şeirşünaslar da təsdiqləyəcək.
Lakin onların hamısından əvvəl nə etmiş olduğunu Saib özü yaxşı anlayırdı və belə bir alimanə qəzəl də yazmışdı:
Bu məhəbbət söhbətin mən bu cahana salmışam,
Səbkimin ülgüc dilin çünki əyana salmışam.
Eşq bir ülvi kəlam olmuşdu dillərdə, fəqət
Mən ona can vermişəm,
doğma məkana salmışam.
Fikirlər cövlan edərdi,
tapmaz idi bir hədəf,
Bu pərişan oxları mən
bir nişana salmışam.
Çör-çöp
altında itib-batmışdı çün söz
çeşməsi,
Mən ona yol
açmışam, indi asana salmışam.
Böylə bir səs
salmamışdı Misrə Yusif hüsndə,
Saib, indi bu səsi mən
İsfahana salmışam.
Məhəmmədəli Tərbiyətin
«Danişməndan-i Azərbaycan» təzkirəsində XVII
yüzilin şairi Saib barəsində yazdığı bircə
cümlə şairin ömür və yaradıcılıq
yolunun da, şəxsiyyətinin də necə əngin
hüdudlara malik olmasını sərrast tuş verir: «Saib bu əsrin
dörddə üç hissəsini yaşamış, bir
çox ölkələri, o cümlədən Ərəbistan,
Əfqanıstan, İran, eləcə də Osmanlı ölkəsini
gəzmiş, o dövrün sultanları və şahları,
vəzirləri və dövlət xadimləri, alimləri və
filosofları, şair və ədibləri, başqa sözlə,
həmin əsrin bütün məşhur və müdrik
şəxsiyyətləri ilə görüşmüş,
onlarla söhbət etmiş və çoxusu ilə dostluq əlaqəsi
saxlamış, yazışmışdır».
Yalnız çox oxuyanın
deyil, çox gəzənin də çox bilən
olmasını söyləmiş atalar bolluca müşahidələrə
əsaslanırdılar və o səbəbdən də, əlbəttə
ki, haqlı idilər.
Saib həm çox oxuyan, həm
çox gəzən oldu.
Ona görə də həm
çox bildi, həm çox yazdı, həm də ünsiyyətlərinin
hər şöhrətli yaradıcıya nəsib olmayan iri
bir əhatəsi yarandı.
Sağlığında
oturub-durduğu şəxsiyyətlərin, qələm
qardaşlarının ona verdiyi yüksək qiyməti, Saiblə
eyni dövrdə, ya ondan bir-iki əsr sonra yaşamış təzkirəçilərin
heyran öygülərini qoyaq bir yana (tamam yox, az sonra onlara
mütləq qayıdacağıq. Çünki bu dəyərləndirmələrsiz
Saibin nəhəng surətini bütün
ayrıntılarıyla görə bilmərik).
Gələk iyirminci yüzilə,
bu qüdrətli sənətkarı vaxtın
hündürlüyündən seyr edən məşhur
avropalı söz, ədəbiyyat araşdırıcılarının
baxışlarını izləyək.
Onlar hamısı Saibə
XVII əsrdə yaşamış heç bir sənətkara
rəva görmədikləri ən təmtəraqlı tərifləri
səxavətlə yönəltmişlər.
Bunlar elə imzalardır ki,
dedikləri sözlər çək-çevir edilməyərək,
adətən, meyar kimi qavranılır, qiymətlərinin
dürüstlüyü və ədalətliliyi mübahisəsiz
qəbul edilir.
Əbdürrəhman Cami
farsdilli klassik şeirin son dahisi hesab edilirdi.
Saib gələndən sonra
bu nöqte-yi nəzərdən imtina edilib.
İsveçrə mənşəli
ingilis şərqşünası Çarlz Pyer Henri Rio
(1820–1902) Saibi yeni dövr farsdilli şairlərin ən
görkəmlisi, Elias Conn Vilkinson Gibb (1857–1901) isə Camidən
sonrakı şöz ustalarının ən üstünü
kimi qəbul edirdi.
Digər böyük ingilis
şərqşünası Edvard Braun (1862–1926) Saibi onyeddinci əsrin
nisbətən sönük ədəbi mühitində
«parlayan ən böyük şair», bu əsrin şairləri
arasında «haqqında yerli-yataqlı bəhs etməyə
layiq yeganə şəxs» sayırdı.
Rus alimi Yevgeni Bertelsin nəzərincə,
Saib onyeddinci əsrin Hafizi, çex alimi Yan Ripkanın qənaətincə,
«Səfəvilər dövrünün birinci dərəcəli
şairi» idi.
Həmin avropalı alimlərin
müasiri olan şərqli araşdırıcılar, təbii
ki, Saibi daha dərindən duyduqlarından, onu zamanca
yaxın-uzaq ətrafı ilə daha geniş müqayisə edə
bildiklərindən qiymətləndirmələrində bir az
da əliaçıq idilər.
Hind araşdırıcısı,
dünyaca məşhur Şibli Nemani Saibi «İranın son
böyük şairi» adlandırıb.
Ən mükəmməl ədəbi
antolojilərdən birinin tərtibçisi, söz sərrafı
Mirzə Tahir Nəsrabadi sanballı və inanımlı «Təzkire-yi
Nəsrabadi»sində sanki Saibin böyüklüyünü vəsf
edəcək tutuma yaraşan söz tapmayaraq belə nəticə
çıxarırdı: «Fitri istedadının, dərin zəkasının
və ucsuz-bucaqsız şöhrətinin tərifə
ehtiyacı yoxdur».
Saib şeirlərinin
şirinliyindən məst olan Məhəmməd Əfzəl
Sərxoş «Kəlamət üş-şüəra» əsərində
belə heyran idi: «Bədii söz meydana gələndən bəri
yer üzündə Saib kimi ülvi mənalı sözlər
qoşan, nazik düşüncəli və ali fikirli şəxsiyyət
dünyaya gəlməmişdir. O hələ sağ ikən
«Divan»ı bütün dünyada məşhur olmuş və
şeirləri hər yerdə tanınmışdır. Rum
dövləti elçisi və Hindistan hökmdarı İran
şahına məktub yazaraq onun «Divan»ını istəmiş,
İran şahı da Saibin «Divan»ını bir töhfə
kimi onlara göndərmişdi».
Bu sözlər həqiqətdən
uzaq və ifrat şişirtmə təsiri
bağışlamasın deyə Sərxoşun «yer
üzü, dünya» deyərkən, əslində,
bütün Yer kürəsini deyil, Şərqi göz
önünə aldığını fərz etməliyik.
Şərqdə isə Saib
müstəsnalığı elliklə etiraf edilən
gerçəkdir.
Təzkirəçi
Xoşqunun «Safinə»si Saib haqqında ən cazibəli məxəzlərdən
sayılmalıdır. Tək ustada verdiyi dəyərə
görə yox, həm də onun şəxsiyyəti, həyatı
ilə bağlı son dərəcə maraqlı bilgiləri
təqdim etdiyinə görə.
Xoşqu xəbər verir ki,
Zəfərxan Əhsən müasiri olan bir sıra başqa
şəxslərlə yanaşı, Saibin də rəsmini
çəkmiş, rəsmlərin arxasında təsvir etdiyi
şəxslərin şeirlərindən nümunələr
yazaraq bir təzkirə-albom düzəltmişdi.
Özü də şair olan
Əhsənlə Saib İsfahandan Hindistana səfəri əsnasında
yolüstü
«Əhsən» təxəllüslü,
«Nəvvab Zəfərxan» ləqəbi ilə
tanınmış Mirzə Əhsənulla Asəfxan Əkbərşahi
orada hökmdarlıq edirmiş.
Xoşqu Əhsənin tərtib
etdiyi həmin əlvan təzkirənin nüsxəsini Şah Əyan
adlı bir şəxsdə gördüyünü bildirir.
Və albomda
baxdığı o təsvirlə Mirzə Bidildən
eşitdiyi sözləri qovuşduraraq Saibin çöhrəsini
bizə göstərməyə cəhd edir – arıq,
hündürboy, qaraşın…
Ömrü uzunu yollar
yorğunu olan, hey bu eldən o elə səyahətə üz
tutan şəxsin qiyafəsi elə məntiqlə də bu
cür olmalıdır.
Saibin yaşlı
vaxtlarındakı görkəmini bizə əyan edən
başqa mənbə də var.
Təzkirəçi
Xoşqu həmin məxəzi də görübmüş.
O qaynağa görə, Saib
dolu, ağşın bir adamdır.
Artıq ayağını
yollardan üzmüş, qəlyanını tüstülədə-tüstülədə
oturub ömrün ahıllıq, qocalıq əyyamlarını
yaşayan, «Divan»larını tərtibləyən Saib.
Sifətinin erkən təsvirlərdəki
əsmərliyi yollar boyu, ardıcıl səfərləri
gedişində qızmar günəşin çəkdiyi
sığalmış, asta-asta sovuşub.
Dəvə belində, at tərkində,
yeri düşəndə piyada adladığı uzun yollar
onun qamətini də şux, şax saxlayırmış.
Oturaq həyat ustadı bir az şişmanlaşdırır
da.
Vaxt axdıqca, yaş
artdıqca həyatında çox nəsnələr dəyişir,
hətta zahiri də xeyli başqalaşır.
Dəyişməyən
Saibin sözə, sənətə həssas, vasvası
münasibəti olur.
Özünün və
başqalarının şeirinə ilk gəncliyindən necə
tələbkarmışsa, axıracan da o təhər
qalır.
Belə olmasaydı, ona
ağızdolusu «Ən Birinci!» qiymətini verərdilərmi?!
Başqalarının
sözünə, şeirinə zərgər münasibəti
bəsləməsini də boşuna vurğulamırıq.
Oxuduğu, bəyəndiyi
şeirlərdən örnəkləri köçürərək
bir toplu da düzəldibmiş.
Təzkirələr çox
olub və onların hamısını tərtibləyənlər,
aydın məsələdir ki, şeir məftunları idi.
Lakin Saib onlar kimi şeir aludəsi və heyranı olmaqdan əlavə,
həm də mütəxəssis idi, incə şeiri
doğuranların ən ustalarından idi. Görün bu
minvalla onun seçimi necə olar.
800 şairin
yaradıcılığından bəyənib «dərdiyi»
«gül dəstələri»ndən «hördüyü» 25 min
beytlik «Səfine-yi Saib» adlı toplu bu gün, bir tərəfdən,
böyük Ustadın zövqünün aynası kimi, onun ədəbiyyatda
nələri sevdiyinin göstəricisi təki
maraqlıdırsa, digər tərəfdən, elə şərhsiz
də əsərlərindən iqtibaslar gətirilənlərə
verilmiş «yaxşı şair və gözəl şeir»,
«ustadlar ustadı Saibin bəyəndiyi sənətkar» qiymətinin
bariz ifadəsidir.
Bu da mənbələrin
şəhadətidir – Mövlana Saib tənbəki və qəlyan
çəkməyi çox xoşlar, həmişə
yarızarafat-yarıciddi söylərmiş ki, tənbəki
çəkmək olmasa, adam heç yuxudan durmaz.
Qocalıq illərindəki
sadiq həmdəmi tənbəkiyə, qəlyana şeirlər
də həsr edib.
Tənbəki dumanı
ardında Saibin gördüyü uzun bir yol vardı ki, o həyat
yolunun içərisi bir-birinə qovuşan sıra-sıra
yollarla dolu idi.
Məhəmmədəli Saib
1601-ci ildə Təbrizdə doğulmuşdu, amma qaynaqlar onu
yalnız «Təbrizi» deyil, həm də «İsfahani» yazır.
Səbəbsiz deyil.
15-16 yaşlarındaykən
ailəsi ilə birgə İsfahana köç etmişdi.
Sonra oradan da çox
köçləri, çox səfərləri olacaq.
Amma İsfahan ona ikinci vətən
olaraq qalacaq.
Gəzib-gördüyü,
elə övladca xidmət etdiyi şəhərlərdən
yalnız ikisinin adı onun adıyla daim yanaşı çəkiləcək
– İsfahanla Təbrizin.
Amma Təbrizə sevgisi
xüsusi məhrəmliyi ilə fərqlənəcək və
ömrü boyu yazdığı ən müxtəlif
şeirlərində bu soyumaz məhəbbəti dəfə-dəfə
dilə gətirəcək:
O bahar
ömrümüzün günləri düşdükcə
yada
Saibin fikri gəzər Təbrizin
o cənnətini.
Saib tacir oğlu idi. Atası
Mirzə Əbdürrəhim ticarətlə məşğul
olsa da, sənətə də biganə deyilmiş və onun
qardaşı, Saibin əmisi Şəmsəddin Sani, mənbələrin
yazmasınca, qabil xəyyat – dərzi imiş.
Uşaqlığından həm
ailə içində, həm də böyüdüyü Təbrizdə
mədəni bir havayla əhatələnmişdisə də,
tale Saibi qatmaqarışıq, qanlı-qadalı bir dövrdə
dünyaya gətirmişdi.
Onun uşaqlıq, ilk gənclik
dövrü Birinci Şah Abbas (1587–1629) zamanlarına təsadüf
etdi.
Bu tarix kəsiyi isə
arasıkəsilməz müharibələrlə səciyyəvidir.
Bir müharibə təzəcə
toxtayıb, quruculuq yeni-yeni başlanan ərəfədə
daha bir müharibə qızışırmış, amma
qısa sülh fasiləsində tikilib-qurulanlar yenidən
darmadağın edilirmiş, həyatlar yeni faciələrə
ürcah olurmuş.
İskəndər bəy
Münşinin «Tarix-i aləmara-yi Abbasi»də nəql etdiyi bir
əhvalat ibrətlidir.
Amma bir anlıq o
dövrü, Şərqi, Asiyanı bir kənara buraxaraq xeyli
sonrakı zamanlara, Qərbə, müasir Avropanın rəmzi
paytaxtlarından sayılan Strasburqa gəlirəm.
Bu xudmani şəhər
uğrunda Almaniya ilə Fransa arasında çoxlu amansız
dava gedib. Şəhər gah almanların əlində olub, gah
fransızların ixtiyarında.
Bir müharibədən sonra
Strasburq almanların tabeliyinə keçəndə
abadlığa, tikintiyə başlayırmışlar, daha bir
savaş qızışırmış, şəhər
keçirmiş qalib fransızlara və onlar
yarımçıq qalmış hansısa inşaatları nə
dağıdırmış, nə yarımçıq
qoyurmuşlar.
Öz memarlıq dəst-xətlərinə
uyğun davam etdirirmişlər.
İndi həmin iki ölkənin
arasında sərhəd yoxdur və şəhərdə də
həm alman, həm fransız səliqəsini əks etdirən
binalar yetərincədir.
İskəndər bəy
Münşi xəbər çatdırır ki, osmanlılarla
Şah Abbasın savaşları əsnasında Təbriz gah o
ələ, gah bu ələ keçirmiş.
Osmanlılar Təbrizə
sahib olanda uçulmuş divarların, binaların
daşlarından özlərinə yeni evlər, karvansaralar,
hamamlar inşa edərmişlər.
Şah Abbas növbəti dəfə
zəfər çalaraq Təbrizi geri qaytarandan sonra ilk əmri
bu olurmuş ki, rumluların tikdiyi nə varsa, yerlə yeksan
edin.
Beləcə, mütəmadi
olaraq xarabazara döndərilən Təbriz Saibin
uşaqlıq hafizəsinə kədərli mənzərələriylə
çökür.
Təbriz əhalisinin
böyük bir qismini viranələr qoynunda yaşamaqdan
qurtarmaq məqsədilə günlərin birində Birinci
Şah Abbas onları İsfahan ətəklərində
saldığı yeni qəsəbəyə – Abbasabada
köçürür.
Artıq gənc şair kimi
tanınmağa başlamış Saibin də ailəsi həmin
köçürülənlərin arasında idi.
Osmanlılarla Şah Abbas
arasında barışıq 1618-ci ilin payızında
imzalanmışdı, təbrizlilərin İsfahan səmtlərinə
köçürülməsi isə hissə-hissə o tarixəcən
baş vermişdi. Beləliklə, Saib doğma şəhərdən
yeni yurda köç edəndə 15-16 yaşlarında
imiş.
Olmadı xurşiddən dağlarda
rəngin qaşlar,
Gördilər ləl-i ləbin,
qan tərlədilər daşlar.
…Gün ü dündən el
dedim tərk etməsün yoldaşlığı,
Çün qara oldu
günüm, yad oldular qardaşlar.
Yol əgər həqdir,
çəkər yolsuzdan axır intiqam,
Elə tapşır,
çıxdılar yoldan əgər yoldaşlar…
Bu, Saibin ana dilində
yazdığı qəzəllərdəndir.
Sayca türkcə
yazdığı şeirlər farsca yazdıqlarından xeyli
azsa da, hər ikisində eyni ustalıq görünməkdədir.
Bəzən anadilli şeirlərini
onun erkən yaradıcılığının məhsulu
sayanlar, Təbriz dövrü qələm təcrübələrindən
hesab edənlər olur.
Əlbəttə, bu,
yanlış yanaşmadır, çünki türkcə
şeirlərinin bəzilərinin məzmunu aşkarca
onların artıq yaşlı şairin qələmindən
çıxdığını anladır.
Elə bu qocafəndi şeirə
baxılsa, yetər:
Ömr keçdi, səfər
əsbabını amadə qılın,
Hər nə sizdən kəsə
tiğ-i əcəl, ondan kəsilin.
…Gər umarsız ki, cavanbəxt
olasız axir-i ömr,
Qocalar qədrini, zinhar,
igitlikdə bilin.
Saib İsfahanda yaşayanda
da anadilli bir mühit içərisində idi, hətta o
çağda İranda sarayda da ünsiyyət vasitəsinin
türk dili olduğunu tarixi vəsiqələr isbat etməkdədir.
Tanrı istəkli
balalarına istedad payı göndərəndə İblis də
o parlaqların böyrünə paxılları, xəbisləri
yollayır.
Erkən parlamış ulduz
olan Saibin də yan-yörəsində dargözlər elə
onun şöhrəti təzə-təzə yayılmağa
başladığı çağlardan peyda olur.
İlk səfərini Məkkə
və Mədinəyə etmiş, o səyahəti zamanı
yolüstü Rumda da olmuş Saib geri dönüncə onu
Birinci Şah Abbasın gözündən salmaqçün
saraydakı ilhamınaqislər riya tədarükünü
hazır etmişdilər.
Və 24 yaşlı Saib
İsfahanda duruş gətirə bilmir, Hindistana sarı dikəlir.
Onunçün vətən
qədər əzizləşəcək və bala kimi sədaqətlə
xidmət göstərəcəyi əfsanələr
diyarı Hindistana.
Saib Hindistana özüylə
ən əziz saydığı, ən qiymətli bildiyi
sovqatı aparmışdı:
Nə ləl vardı, nə
də gövhər gedəndə İsfahandan sən,
Özünlə şeir
apar, Saib, bəzənsin sözlə Hindistan.
Və Hindistan səfərini
(sonrakı tarix təsdiqlədi ki, bu, sadəcə, səfər
deyil, missiya imiş) bitirərək qayıdanda Saibə daxili
bir məmnunluq hissi hakim idi.
Çünki sözü ilə
hind mülkünü məsud etdiyinə əmin idi:
Min gözlə ağlayarsa
arxamca hindli dostlar,
Mən qala bilmərəm,
yox, heç mahalında hindin.
Saib, sənin dilindən
şəkər dadıb Hindistan,
Yoxdur belə şirinlik hətta
balında hindin.
Saibin Hindistana, o yerin ədəbi
aləminə bağışladığı yeni dad – balda
belə rast gəlinməyən şirinlik nədən ibarət
idi?
Bu sual elə Saibin
özünün də ürəyindən keçmişdi:
Bu təzə səbkini Saib
necə icad eləyib?
Gül kimi ətr
saçır, duysalar əşarın əgər.
Yol yaratmaq həmişə
çətindir.
Ancaq saysız yolların
tapdaq-tapdaq olub döyənəkləşdiyi bir şəraitdə
yeni cığır ixtira etmək, kəşf etdiyin yolla
yüzlərlə başqasının irəliləməsinə
təkanverici olmaq daha müşküldür.
Saib şeirdə elə yeni
yolun əsas banilərindən və öndərlərindən
birinə çevrildi ki, ona İran da, Hindistan da məmnuniyyətlə
yiyə durmaq istədi.
Bu yola «İsfahan üslubu»
da dedilər, «hind səbki» də.
Saibin özünə həm
təbrizli, həm isfahanlı deyilən kimi.
Bu yazı üslubunun
Hindistanda yayılması, Yaxın və Orta Şərqdə
də məhz Hindistanın adına qoşularaq məşhurlaşması
bu səmtin hindlilər tərəfindən icadına dəlalət
etmir.
Onaltı-onyeddinci yüzillərdə
Hindistana İrandan, Orta Asiyadan çoxlu şair pənah
aparmışdı və Hindistanda farsdilli ədəbiyyat nəzərəçarpacaq
tərəqqiyə başlamışdı.
Yeni üslubu isə oralara
aparan və ədəbiyyatda bərqərar edən elə gəlmə
şairlər idilər.
«Hind səbki»nin əsas
özəlliklərindən biri xalq dilinin, el ifadələrinin,
əvvəllər şeirə yad kimi qavranılmış
sözlərin ədəbi dövriyyəyə daxil edilməsidir.
Qərb impressionizminə,
duyğuçuluq cərəyanına uyğun olan «hind səbki»nin
başlanğıcda bir çoxlarına əcaib gələn
bəzi deyiş qəlibləri sonradan bəyənildi və
gen-bol istifadə edilməyə başlandı.
Bu üslubda
yazılmış şeirlərdə fikrin daha yığcam
ifadəsi, söz ifratından qaçmaq ümdə tələblər
cərgəsində idi.
Bunca böyük ola-ola Saib həm
də sadə idi, təvazökar idi, özündən əvvəl
yaşayıb-yaratmış şairlərə dərin ehtiram
bəsləyirdi və onların bir çoxunun
yaradıcılığından öz qəlbinə yatan
qoşqulara nəzirələr yazmışdı.
Saibin bənzətmələr
yazdığı şairlər arasında Sənai, Əttar,
Zəhir Faryabi, Əvhədi, Cəlaləddin Rumi, Sədi,
Hafiz, Cami, Xacu Kirmani tək çox məşhurlar vardısa,
nisbətən az şöhrətli Fani, Fəğani,
Zühuri, Vəhşi, Kəlim, Qafil, Seyid Yəzdi… kimilər
də vardı.
Saib özünə ustad
bildiyi şəxsiyyətləri də sayğıyla
anırdı və istedadlı olduğuna görə deyil, dəyərli
müəllimlərinə yaxşı şagirdlik edə
bildiyi üçün yüksək mərtəbəyə
yetişdiyini bəyan edirdi:
Şah Qasım Ənvara biz
bəndəlik etdik, Saib,
İnamım var, bu səbəbdəndi
sənətkar olduq.
Başqaları onu Sədiyə,
Hafizə bənzər tutsalar da, özü heç vaxt bu
iddiaya düşməyi ağlına belə gətirmirdi.
Uzaqbaşı həmin dahilərə
oxşamağa çalışdığını söyləyirdi:
Bu gül bağında
ötənlər içində, Saib, sən,
Çalış ki, Hafiz-i
Şirazi tək qəzəlxan ol.
Saibin ən mühüm əxlaqi
məziyyətlərindən biri də ondakı minnətdarlıq
duyğusu, haqq itirməmək, yediyi çörəyin qədrini
bilmək nəcibliyi idi.
Ustadlarını hər zaman
uca tutduğu kimi, yaşadığı ömrün
hansısa ayları, illəri ilə bağlı olduğu
şəhərləri də munis həmdəmlər kimi
xatırlayırdı:
İsfahanı belə
oxşayırdı:
Cənnətə
düşsə də Saib, qala bilməz, ordan
Bu gözəllər yenidən
zorla İsfahana çəkər.
Bağdadı belə əzizləyirdi:
Əgər Saib edərsə
bağ-i cənnətdə, inan, məskən,
Çıxarmaz bircə an
olsun yadından mülk-i Bağdadı.
Saib yadigar qoyub getdiyi şeir
məcmuələrindən birinə belə ad vermişdi:
«Vacib ül-hifz» – «Əzbərlənməsi vacib olanlar».
Bu topluya şair, öz nəzərincə,
ən lətif, yaddaşda saxlamağı münasib bildiyi
şeirləri cəmləmişdi.
Amma onun özünün
yaddaşında başqalarının çoxlu şahbeytləri
gəzirdi.
Saib bir insan idi ki, həmişə
şeirlə dolu idi.
O, yalnız şeir yazanda,
şeir söyləyəndə yox, susanda da şeir
saçırdı.
Bir söz ümmanı
coşar dalğalı sinəmdə mənim,
Dünyaca məna yatır
susduğum hər dəmdə mənim.
Onun insani və
yaradıcı keyfiyyətlərinin ən müsbətlərini
çeşidli təzkirələrin soraqları əsasında
M.Tərbiyət belə sıralayırdı: «Xoşxislət,
xeyirxah, fərasətli, təşəbbüskar, incə
duyumlu, bədahətən şeir deməkdə usta…»
Sərvəti itirməyincə
onun qədrini layiqincə bilmirlər.
İran, təqribən, 10 il
Saibin sorağını uzaqdan-uzağa eşidir, onun şeirlərinin
siftəsini edə bilmir.
Buralarda Saib mənzumələrini
qürbətdən vətənə əldən-ələ
keçərək gəlib yetəndən sonra oxuya bilirlər.
Onyeddinci yüzilin otuzuncu illərinin
ortalarında İrana qayıdan və artıq yarımsəyyaha
çevrilmiş Saib bir yerdə qərar tutmur.
Unudulmaz Təbrizə baş
çəkir.
O şəhərə ki,
göz açıb oranı görmüşdü və pərəstiş
etdiyi Sədi üçün Şiraz nə idisə, az
gördüyü, lakin daim qəlbində
yaşatdığı Təbriz də Saibçün o demək
idi.
Sədi əgər
yarandı Şirazın palçığından,
Saib doğdu Təbrizin
müqəddəs torpağından.
(Elə Təbrizdəykən
Saib səyyah Övliya Çələbi ilə də
salamlaşmışdı.
Bəlkə, belə yazmaq
daha dəqiq olardı ki, Övliya Çələbi Saiblə
görüşmüşdü.
Çünki bu
görüşü məhz Övliya Çələbinin
arzuladığı şəkk doğurmur.
Səyahət etdiyi hər
yerdə maraq kəsb edən hər şeyi və hər kəsi
görməyə can atan Övliya Çələbi Saib kimi Təbriz
məşhurunu aramaya bilməzdi.
«Səyahətnamə»sində
yazır ki, Təbrizdə «Divan» bağlamış 78 şair
var. «Rəvan dilli, şirin sözlü» həmin şairlərin
bir neçəsinin, təbii ki, ən üstünlərinin
adlarını da sadalayır Övliya Çələbi: Yavəri,
Ədhəmi, Çakəri, Canibi, Razi, Vahidi.
Saibin adını lap əvvəldə
çəkir.
Və Təbrizdə
olmasının, deməli, həmin görüşün dəqiq
tarixini də verib – 1640-cı il).
Daha sonra Saib Ərdəbilə
rəvan olur, Yəzdi, Qumu, Məşhədi, Qəzvini gəzib
dolaşır.
Nəhayət ki, o,
İsfahana təşrif gətirəndə taxtda artıq
İkinci Şah Abbas (1642–1666) oturmuşdu.
Ancaq yaş da, ad-san da elə
bir həddə idi ki, artıq Saib özü də bir
hökmdara bərabər idi.
İkinci Şah Abbas Saibi
sonsuz ehtiramla dərbara dəvət edir və onu bir şair
üçün sarayda təklif oluna biləcək ən
yüksək rütbəyə layiq görür – məlik
üş-şüəra – baş şair, şairlər rəisi.
Lakin rəsmən ona
şamil edilən bu rütbə olmasaydı da, Saib artıq
zövq əhlinin təsəvvüründə yalnız bir saray
çərçivəsində yox, bütün Yaxın və
Orta Şərq hüdudlarında həm birinci şair idi, həm
Baş Şair!
Onun ustadlığına kimsənin
iradı yox idi və onu yalnız məcazi mənada müəllim
saymırdılar.
(Sədinin
«Gülüstan»ı, Hafizin «Divan»ı əsrlərcə savad
təlimi almağa başlayanlar, əlifba öyrənənlər
üçün ilk dərsliyə çevrilib.
Bu baxımdan Sədi və
Hafizlə yarışa girən tək şair elə Saib olub.
Mənşəcə azərbaycanlı
olan adıbəlli türk alimi Müəllim Naci «Əsami»
(«Adlar» – R.H.) sərlövhəli əsərində
yazırdı ki, «Saibin «Divan»ı Rumda ən ziyadə
şöhrət bulan «Divan»lardandır. Hətta əvvəlləri
Hafiz «Divan»ı kimi tədris olunurdu»).
Lakin həsədin qəlblərini
irinlə doldurduğu nadürüstlər yaşlı
şairə ömrünün axır-uxurunda qismət
olmuş rahatlığı da çox görürlər.
İkinci Şah Abbasın
ölümündən sonra yenə Saibin başı
üstündə buludlar qatılaşır.
Şahın vəliəhdi Səfimirzə
Şah Süleymanın (1666–1694) hökmranlığı
zamanında yenə istedaddanqısırlar onu gözdən
salmaqçün məkrli tələlər qurmağa
girişirlər.
Saibsə artıq
yorulmuşdu.
Mübarizə aparmağa nə
həvəsi, nə heyi vardı.
Saraydan birdəfəlik
aralanır.
Bu dünyadakı son görməli
olduğu vacib işin icrasına başlayır.
Yaratdıqlarını
sahmana salır.
Bu irsin hansı həcmdə
olması barədə rəylər, soraqlar müxtəlifdir.
Saibin 200 min beyt
yazdığını bildirən mənbələr də
var, 200 min beytlik ədəbi mirası olduğunu təsdiqləyən
məxəzlər də.
Məhəmmədəli Tərbiyət
onun 120 min beytlik əsərləri toplusunu şəxsən
gördüyünə şahidlik edir.
O nəhəng irsin cüzi
bir hissəsi xalqımıza çatıb.
Farsca bilənlər, əlbəttə,
Saib «Külliyyat»ının İran nəşrlərini daha
geniş biçimdə mütaliə etmək imkanına
malikdirlər.
Lakin Saibin farsca irsinin
kiçik bir hissəsi dilimizə çevrilib.
Burada da Saibin bəxti onda gətirib
ki, bu işi Balaş Azəroğlu kimi bişkin bir alim, mahir
bir şair, həm də farscanı ana dili kimi bilən,
çevirmələri vasitəçisiz edən duyğulu bir
insan yerinə yetirib.
Azəroğlunun çevirmələri
farsdilli klassik şeirimizin ana dilinə edilmiş bədii tərcümələrinin
ən gözəllərindəndir.
Şairin Saib barəsində
tədqiqatı nə qədər əhəmiyyətlidirsə
də, bunu, olsun ki, bir ayrı araşdırıcı da ortaya
qoya bilərdi. Amma Azəroğlu səviyyəsində bu tərcümələri
edə biləcək ikinci şəxsi ədəbi
mühitimizdə görmürəm.
Sən bu dərdin, kədərin
hikmətin hardan biləsən?
Hələ sağlamdı
canın, qiymətin hardan biləsən?
…Özünü tərk edərək
çıxmamısan sən kənara,
Göyü seyr eyləməyin
cürətin hardan biləsən?
O kiçik şəbnəm
əgər cəlb eləmir diqqətini,
Sellərin hay qoparan hiddətin
hardan biləsən?
…Bu cahan ilə sənin yoxsa
işin, Saib, əgər,
Onla həmsöhbət olub,
ülfətin hardan biləsən?
Elə bil, Saib özü
öz dilimizdəcə yazıb…
Tutuşdurun.
Bunu isə, həqiqətən,
elə ana dilində yazıb:
Eldən çıxaram
zülf-i pərişanını görgəc,
İşdən gedərəm
sərv-i xuramanını görgəc.
…Bülbül ki gülün
ləl-i ləbindən söz alırdı,
Dili dolaşır
qönçe-yi xəndanını görgəc.
Rizvan ki, behiştin yemişi
gözünə gəlməz,
Dişlər əlini sib-i zənəxdanını
görgəc.
Saibin türkcə vur-tut 17
şeiri əlimizə çatıb.
Bu, Ustadın anadilli irsinin
hamısı deyilsə də, farsdilli ədəbi mirası ilə
müqayisədə yaradıcılığının bu hissəsi,
onsuz da, qat-qat az imiş.
Amma diqqətədəyər
cəhət ondan ibarətdir ki, Saibin anadilli irsi bunca seyrək
olduğu halda türkdilli şeirə təsir göstərməyə
müvəffəq olub və həmin şeirlərə bir
sıra nəzirələr də yazılıb.
Müasir Azərbaycan ədəbiyyatşünaslığında
Saib haqda hər kəsdən daha əvvəl – 1928-ci ildə
birinci dəfə bəhs etmiş İsmayıl Hikmət bir
sıra osmanlı şairlərinin, o sıradan Nabi və Qoca
Rağibin Saib təsiriylə yazdığı şeirlərə
örnəklər gətirirdi.
Saibin bəhrələndiyi,
nəzirələr yazdığı qaynaqlar sırasında Rumi
və Şəmsi də görürük. İsmayıl Hikmətsə
ümumən Saibin mövləvi təriqəti ilə
bağlılığını fərz edirdi.
Ahəngdarlıq, mütənasiblik,
sabit nizam Saibin taleyinə, narahat və nahamvar
ömür-gününə xas olmasa da,
yaradıcılığının ayrılmaz müşayiətçisi
idi.
Təqdir ediləsi şeirin
şəkillə mənanın vəhdətində ortaya
çıxdığını, əsl şeirin həm zahirən,
həm batinən nəfis olmasını diləyən Saib belə
kamil şeiri canla canana bərabər tuturdu:
Sözlə mənanı
ayırmaq heç zaman mümkün deyil,
Öylə kim, Saib,
mahaldır ayrıla cananla can.
Və Saib qəzəllərindən
birində mehrab önündə dayanmış kimi sözə
diz çökmüşdü, ona dua edirdi, onu tərənnüm
edirdi:
Hansı qəlbdə
yandısa, bil ki, çıraqban etdi söz,
Söz qanan insanları
gülşəndə mehman etdi söz.
Hansı söz ki dinlədikdə
qəlbə təsir etmədi,
Bil, təbil tək hay
salıb boş yerdə cövlan etdi söz.
Öz qələmin dişləyərsə
söz yazan sözdən sarı,
O qələm əhlin
axırda çox pərişan etdi söz.
Xızrın o ab-i həyatı
zülmət içrə axsa da,
Çün damarlarda axanda
sanki tüğyan etdi söz.
Özgələrdən bircə
fərqim vardı bu babətdə kim,
Hamıdan artıq məni mənada
heyran etdi söz.
Kim təvazölə dedi
qönçə kimi bakirə söz,
Böylə söz sahiblərin
vaxtında xəndan etdi söz.
Mehribanlıq eyləyib mən
sözlərə verdim sığal,
Quş kimi açdı
qanad, göylərdə cövlan etdi söz.
Gərçi İskəndər
üçün lövhə qoyuldu qəbrinə,
Qəbrimi rövşən
edib xalqa nümayan etdi söz.
Çün qələm tək
öz başından keçdi Saib söz üçün,
Bu səbəbdəndir onu məşhur-i
dövran etdi söz.
Saib bu qəzəlinin son
beytlərində qəbir söhbətini açarkən, bəlkə
də, haqsızdır.
Doğrudur, Saib 1676-cı ildə
İsfahanda gözlərini əbədilik yumub, «Saib təkyəsi»
deyilən yerdə, öz bağındaca dəfn edilib, lakin
ruhu ürək kimi sözlərində döyünənlərin
məzarına da inanmaq çətindir.
Əslində, onun elə bu
qəzəldə dediyi kimi, canlı sözləri, ölməz
şeirləri onun məzarının nişanvericisi yox, həmişə
hər mehmanı qəbul etməyə hazır olan
könül qapılarının açarıdır.
Onyeddinci yüzildə və
ondan da sonra xeyli müddət boyunca İrandan Hindistana,
Qafqazdan Orta Asiyayacan iri bir məkanda ədəbi aləmi
qaçılmaz təsirində saxlayan Saib dünyaya gəlişinin,
yerinə yetirdiyi işin bir təyinat, bir ali
tapşırıq olması inancındaydı:
Eşq gər
örtülüdür, amma yenə məşhurdur,
Hüsn açıq olsa belə,
gözlə görünməz nurdur.
Saibin şövqü gəlibdir,
yenə də şeir yazır,
Təzə sözlər deməyə
sanki o da məmurdur.
Saib çoxlu qəzəllər,
qəsidələr yazdı, amma həmin qəzəl və qəsidələrdə
yalnız gözəlləri öymədi.
Sözləri kağıza
köçürən, onları qeyb aləmindən vərəqlər
üzərinə qonduran qələm də ona işvəli
bir sənəm kimi simsardı, əzizdi və Saib onları da
bir nazənin kimi belə vəsf edirdi:
Dərya təbim şeirdə
çün gövhərəfşan eyləyər,
Ağzını açmaz sədəf,
dürrü o pünhan eyləyər.
Xızrtək hərdəm qələm
zülmət mürəkkəbdən çıxar,
Ağ vərəqlər
üstünü bir sünbülüstan eyləyər.
Leylinin karvanıtək səf-səf
duranda beytlər,
Hər sözün
bülbül kimi ahənglə əfqan eyləyər.
İlhamım məşşatətək
hər dəm sözə ziynət vurar,
Sanki solmuş qönçəni
o bir də əlvan eyləyər.
Şeirimin misraların
qövs ü qüzeh eylər səma,
Gün mənim rəyimlə
öz hüsnün nümayan eyləyər.
Duzlu sözlərdir
düşən hərdəm qələmdən dəftərə,
Məna süfrəm
çün qələmdanı nəməkdan eyləyər.
Ömrün bir möhnətli
anı yetişir ki, vaxtın içində qəribləşirsən.
Tay-tuşların bir-bir
gedir, səni duyanlar, anlayanlar seyrəkləşir, zəmanə
divarları arasında təklənən kimi olursan.
Başlayırsan sənin də
mütləq keçməli olduğun körpü haqqında
fikrə dalmağa.
Dünyanın hər mətləbini
iliyindən, qanından süzüb keçirmiş Saib
çözülməsi mümkünsüz bu düyün
haqda xəyallara dalmaya bilərdimi?
Ölüm ilə aramız
bircə nəfəs, çoxmu qalıb?
Sel gəlir, himmət elə,
qarşını kəs, çoxmu qalıb?
Vaxt çatıb,
ayrılaraq tərk eləyir ruh bədəni,
Düşəcək dam
qırağından bu qəfəs, çoxmu qalıb?
Saib zəmanəyə rəng,
mühitə ahəng verən müstəsna insanlardan idi.
Gəzib-gördüyü
yurdlarda məqbul hesab etdiyi sənətkarları da, zərif
sözə qiymət qoymağı bacaranları da az görməmişdi.
Lakin ömrün qürubuna
yaxınlaşdıqca payına düşmüş həyat
dövrünü ədəbiyyat baxımından, sən deyən,
parlaq olmayan çağ adlandıranlarla razılaşan kimi
olurdu.
İxtiyarlaşdıqca tənhalığın
xofunu daha qabarıq hiss edirdi.
O hünər sahibləri
köçdü cahandan, qalmadı,
Sərbəsər boşdur
tamam indi gülüstan, qalmadı.
İldırımtək
yandı, söndü fikri aydınlar hamı,
Bir ovuc kül də desən,
bu karivandan qalmadı.
…Nəğməkar quşlar
vətəndən uçdular qürbət elə,
Bu yuvada onlara artıq bir
imkan qalmadı.
…Çox qələmdanda
suya döndü mürəkkəblər tamam,
Nə qələm dindi, nə
də dillərdə dastan qalmadı.
Saibin də qələmi
susdu qələmdanda daha,
Çün sözə qiymət
qoyan vaqif bir insan qalmadı.
Orta çağ Şərq
şeirinin ən mahir bilicilərindən olan, həm ərəb,
həm fars, həm türk şeirinin tarixini mükəmməl
izlədiyindən yaxşının ən yaxşıdan fərqini
müasiri olan böyük şərqşünasların əksərindən
daha dəqiq sezən A.Krımski Saibi onyeddinci əsrdəki
bütün İran şairlərinin müəllimi
adlandırırdı.
Amma müəllimin də
müəllimi olmuşdu.
Müəllimin qanan pərəstişkarları,
canına yatan çevrəsi olmuşdu.
Saib indi onlarsız idi.
Çoxu qürbət elə
uçub getmişdi.
Yox, Saibin nisgilli qəzəlində
işarə vurduğu bu qürbət bir vaxt özünün
tez-tez, həvəslə yollandığı qürbətlərdən
deyildi.
Bu, qayıdışsız
qürbət idi.
Gec-tez hamının
uçmağa məhkum olduğu qürbət.
Saib o barədə çox
düşünmüşdü və mütəfəkkir
şairin təxəyyulümüzün fövqündəki
başqa zamanlar, başqa məkanlar haqqında həmin
düşüncələrinin bir qismi misralaşıb da:
Bizdən ucada, bəlkə də,
bir sirli cahan var?
Varsa, orada özgə həyat,
özgə zaman var.
…Övlad-i bəşərdən
kənara varmı bir insan?
Kim görmüş onu,
varmı, hanı? Harda nişan var?
…Sən aləmə baxmaqda,
çalış, sadədil olma,
Bu torpağın altında məgər
özgə cahan var?
…Gəlmirsə iki dünyada
bir iş ki əlindən,
Bir küncə çəkil,
gözlə, hələ ömrə aman var.
Saib küncə çəkilənlərdən
deyildi, çünki əlindən iş gələnlərdən
idi.
Və hələ lap cavankən
o, başqa uçuşdan da yazmışdı.
Adi Allah bəndələrinə
qismət son uçuşa heç vəchlə bənzəməyən
sevimli, azad, süzdükcə doyulmayan, seçilmişlər
alnına yazılan bir xoşbəxt uçuşdan.
İmkanın varsa əgər,
uçmağa səy et, Saib,
Tufana düşsə də
ömrün, sözün əzbər qalacaq.
Öz tövsiyəsinə əməl
etmişdi Saib.
Hər kəsə qismət
olan labüd son uçuşun gəlməsindən
çox-çox öncə tədbirini
görmüşdü.
Şeir səmalarında ən
ucalara pərvaz etməkçün güclü qanadları
vardı və lap cavankən, sözü qələminə
ram etdiyi andan o, ənginliklərə uçmuşdu.
Bu, üç əsrdən
də bir az qabaq baş vermişdi.
Saibin baxdığı səmalardan
görünən o vaxtkı Yer indiki Yerə qətiyyən bənzəmir.
Adı və sözü
dodaqlarda əzbər olan, o vaxtdan indiyədək diri qalan Saibsə
uçmaqdadır…
Rafael HÜSEYNOV
525-ci qəzet.- 2010.- 6 mart.- S. 15-18.