Xilaskar ölüm
marşı
Ağdam turistlər arasında
maraq doğuran 20 ruhlar şəhərindən
biridir.
WebUrbanist.com
(“Ruhlar şəhəri”
silsiləsindən)
Ayrı-ayrı illərdə
evimizin birinci mərtəbəsində yaşamış,
el arasında “uçilişa”
kimi tanınan Ağdam Musiqi Texnikumunun tələbələri
– bakılı Qreta, mirbəşirli İradə,
jdanovlu Validə, leninakanlı Roza, zəngilanlı Aybəniz,
qonşuda yaşasa da, günü bizdə keçən dnepropetrovsklu Dina və neçə-neçə şəhərdən
gəlmiş başqa
qərib qızların
səhər o başdan
gecə yarıyadək
pianoda çaldıqlarının
Bethovenin, Hacıbəyovun,
Şopenin əsərləri
olduğunu çox sonralar biləcəkdim. Kirovabadlı skripka müəlliməsi Pərvanənin
tələbəlik həyatından
bəhs edən söhbəti mənə yad skripkasından çıxan cüyültü
səsindən xeyli xoş idi. Çox
keçmədi o mənə
bu alətini sevdirə, onun ecazkar səsini not-not ruhuma hopdura bildi.
lll
80-ci illərin
əvvəlləriydi. Moskvadan
göstərilən, italyan
bəstəkar Paqanininin
həyatından bəhs
edən dördseriyalı
“Nikkolo Paqanini” filmi məhəllə “muzıkant”larının söhbət
mövzusuydu. Tezliklə
filmin sədası “uçilişa”ətrafı digər
məhəllələrə də yayıldı. Axşamlar filmə baxır, səhərlərsə
müzakirə edirdilər.
“Baş rola Rəmiş çəkilməliymiş”
xəbəri ildırım
sürətilə yayılmışdı.
“Rəmişə təklif
ediblər, razılaşmayıb.
Müslüm Maqomayev özü onu rejissora məsləhət
görübmüş”. Həqiqətən
də filmdəki uzunsaç Paqanini Rəmişə oxşayırdı.
Bəlkə də buna görə Rəmiş haqqında növbəti əfsanə
yaranmışdı.
Bu filmdən
sonra skripka mənim uşaqlıq illərimin sevimli röyasına çevrildi.
Pərvanə deyirdi ki, bu filmdə
skripkanı çalanın
adı Koqandır. O, çox məşhur imiş. Paqaninin muzeydəki skripkasını
çalmağa yalnız
onun icazəsi varmış. Elə onun təkidiylə baxdığım Tarkovskinin
“Stalker” filmi kimi, mənə göstərdiyi,
danışdığı başqa maraqlı bilmədiklərimi çox
sonralar dərk edəcəkdim. Atamın
“Bununla rusca danış!” xahişinə
o, ciddi yanaşsa da, mən zorən
tabe olurdum. Nə skripkada çalmağı öyrəndim,
nə də ruscanı “rusdan yaxşı danışmağı”.
Buna baxmayaraq, bəlkə
də onun həyatının ən sevimli şagirdi oldum – deyirlər birinci sevimli olur. O deyirdi ki, indi də
olmasa, nə vaxtsa bu musiqiləri
duyacaqsan, bu filmləri anlayacaqsan. Düz deyirmiş, indi hətta onun özünü belə duyur və dərk edirəm.
lll
Xaçmaz əsilli
bakılı balası
Zema (səhv etmirəmsə, adı Zemfira idi) isə
Allahın bəlasıydı.
Kənddə xalamgilin
təpəsindən az
qala Xıdırlı
dağlarının o üzü
görsənən gilas
ağacının yalnız
sərçələr qonan
budaqlarına çıxmağa
tək onun hünəri çatardı.
Arıq, çəlimsiz
bu qız yadımda həm də oxuduğu kitablarla qalıb. Ad günümə bağışladığı
“Ovod”u yüzlərlə
o biri kitablar kimi işğaldan qoruya bilməməyi özümə bağışlamıram.
Elə bilirəm onun özü əsirlikdə qalıb.
lll
Deyirlər, musiqini
gecə dinləmək
yaxşıdı. Elə
konsertlər də bir qayda olaraq
axşamlar olur. Amma mən böyük
həvəslə bu qaydanı dağıdardım.
Səhərlər musiqi
səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın
yerində, görəsən,
indi hansı səhərlər açılır?
...Piano dillərindən qopan
Bethovenin ürək əsdirən “aylı” sonatası yatanlar oyanmasın deyə barmaq ucunda çölə
axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən
armud ləçəklərinin
qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır,
açıq pəncərədən
ruh kimi yatmış bədənə
girir... İlahi, bu anları mənmi yaşamışam?
Bu səhərləri mənmi
açmışam? Musiqini
səhər çalarlar,
dostum oxucu! Hava hələ çirklənməmiş, sular
hələ dupduruykən,
hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş,
ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda çalarlar...
lll
Artıq 80-ci illərin
sonuydu, böyümüşdüm.
Bakıdan tətilə
gəlmişdim. Bir axşam hamı televizorun başına yığılmışdı, qonşu qızlar da gəlmişdi. Neçə gün həsrətlə gözlədikləri
film başlayacaqdı. Müəllimləri
bu filmə baxmağı tapşırıbmış.
Gözəl aktrisanın
təqdimatından sonra
başlamasından xeyli
keçsə də, heç kimdə maraq yaratmırdı. Filmin qəhrəmanı “təlxəklik” edir, bir başqası oxuyur, digərləri də atılıb-düşürdü.
Böyüklərimiz çoxdan
durub getmişdi. Darıxsaq da səbrimizi basır, ciddi görkəmlə tamaşanı davam edirdik. Kadrlar ötür, yavaş-yavaş
həyəcanlı epizodlar
gəlir, hamını
maraq bürüyür,
diqqət kəsilirdik.
Sonra bu “təlxəyə” ürəyimiz
ağrıdı, onun
ölüm səhnəsi
canımızı çəkdi.
Meyiti qəbiristanlıqda
quyuya oxşayan ümumi məzara atılanda elə bildim məni də tolazladılar ora. Yağışlı qəbiristanlıq fonunda çalınan ilahi musiqiylə film sona yetəndə gözlərə
kiprik yerinə yaş gilələrindən
sərhəd çəkilmişdi...
Sonralar neçə-neçə
gözəl filmlər
görəcəkdim. Amma
heç biri onun kimi sevimli
olmayacaqdı. Həmin
axşam “Retro” proqramında
göstərilən filmin
adı “Amadeus”, “təlxək”
qəhrəmanı Motsart,
hamını sehrləyən
musiqi isə onun “Rekviyem”iydi. O musiqi ki, mən
onu Yerin himni kimi Qiyamət
günündə xilas
ümidiylə Yer adına kosmosa mesaj göndərərdim.
Yəqin, onu dinləyən keçər
günahımızdan. Bu Xilaskar
Ölüm Marşı
bizi qoruyan mələyə dönər.
Motsartın bütöv
kainata sığmayan
“Rekviyem”i həmin gecə mənim sevdalı ürəyimə
sığmışdı... qəlbimin sərhədləri
ulduzlardan ulduzlaradək
olan gecə.
Onda, o ilahi gecədə ağlıma
da gəlməzdi ki, bir vaxt
bu “Rekviyem” sanki ruhlar şəhərimə
yazılıbmış kimi
Ağdamla bağlı
çəkmək istədiyim
filmin saundtreki olacaq. Yəni filmi bitirən musiqi...
LENT.AZ
Vahid QAZİ
525-ci qəzet.- 2010.- 6 mart.- S. 9.