İmir Məmmədlinin
“Çarə” əsərinin
tamaşası təqdim
olunub
Sarabski adına Mədəniyyət Mərkəzində Bakı Uşaq Teatrının təqdimatında yazıçı-dramaturq İmir Məmmədlinin “Çarə” tamaşası nümayiş etdirilib. Respublikanın əməkdar artisti, rejissor Vidadi Əliyevin və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluş verdiyi tamaşada Bakı Uşaq Teatrının istedadlı aktyorları çıxış ediblər. Tamaşada bu gün çox aktual olan yarışma və müsabiqələr mövzusuna toxunulub. Əsərdə müasir dövrlə keçmiş zamanın çox maraqlı sintezi əks olunub. “Xoşbəxtlik” müsabiqəsi adı ilə keçirilən yarışmada iştirak edən gənc qız uğursuzluğa düçar olaraq, huşunu itirir və zamanını dəyişir. Gənc qız xeyli keçmişə qayıdır. Düşdüyü zamanda şahzadə olan qız heç bir həkimin çarə tapa bilmədiyi xəstəliyə düçar olur. Şahzadənin atası, yəni ölkənin hökmdarı bütün loğmanları bir araya toplayıb onlara qızının dərdinə çarə tapmağı əmr edir. Lakin heç biri şahzadənin dərdinə əlac edə bilmədiyi üçün edam olunur. Yalnız bir loğman şahzadənin dərdinə əlac tapır. Şahın ağılsız vəziri loğmanın dediklərini hökmdara yanlış çatdırır və deyir ki, şahzadənin xəstəliyinin çarəsi xoşbəxt adamın corabıdır. Şah əmr edir ki, məmləkətdəki insanları nəzarət altına alıb, xoşbəxt insanı tapıb, onun corabını qızına geyindirsinlər. Ancaq belə məlum olur ki, ölkədə bir nəfər də xoşbəxt insan yoxdur. Şahzadə ilə loğmanın söhbəti zamanı loğmanın qıza dediyi “sən yaşı yüzdən artıq bir varlığa aşiqsən” sözlərini eşidən vəzir hökmdara qızının qoca bir adama vurulduğunu çatdırır. Hökmdar bunu eşidib qızını yanına çağırır, olanların doğru olub-olmadığını soruşur. Şahzadə atasına söylənənlərin doğru olduğunu, lakin vurulduğu varlığın insan olmadığını bildirir “mən xoşbəxtliyə, azadlığa aşiqəm” deyib huşunu itirərək yıxılır. Tamaşa gənc qızın yenidən zamanını dəyişməsi ilə bitir.
Zəngin səhnə dekorasiyalarının və böyük teatrlardakı yüksək işıq effektlərinin olmamasına baxmayaraq, tamaşa gənc aktyorların ifasında uğurlu alınıb.
Günel MUSAYEVA
525-ci qəzet.- 2010.- 10 mart.- S. 7.