Daş yağan gün
Roman
İlıq yaz
axşamı...Kənd
Coşqun
dağ çayının sahilində, yaşıllıqlara
bürünmüş alçaq təpələrin arasında
min illərdən bəri dinc həyat sürən və
üç yüzdən artıq evi olan Həsənli kəndi,
XX əsrin əvvəllərində bax, beləcə
görünməmiş müsibətlərlə üzləşdi.
lll
... Silahlı erməni quldurları neçə-neçə Azərbaycan kəndini viran qoyub, geri çəkiləndən bir neçə ay sonra ara səngidi. Təsadüfən qaçıb canını qurtaran on bir ailə pərgarı pozulmuş yurd-yuvasına qayıtdı. Cəmi-cümlətanı on bir ailə... Xarabazarlığa çevrilmiş kənddə daş üstə daş qalmamışdı.
Ölümün
ağzından qurtaran bir neçə Həsənli əvvəl-əvvəl
məsləhət-məşvərət eləyib elə bir qərara
gəldilər ki, bu viranəlikləri tərk edib,
uzaq-yaxın kəndlərin birində məskunlaşsınlar.
Lakin dor-dolanışığın ucbatından ata-baba yurdunu
atıb unutmaq, azlıqda qalan Həsənlilərin,
böyük qəlbli insanlarına ağır gəldi. Onlar Həsənli
adlı kəndin yer üzündan silinəcəyini
qürurlarına sığışdırmadılar. Namərd
qonşuların haçansa yenə də girəvə
tapıb bu yerlərə basqın edə biləcəyini nəzərə
alıb, bir-iki verst aralıda olan dağların arasında
özlərinə yeni yurd-yuva saldılar. .. Təzə Həsənli
ünvanlı.
lll
Ana babamın dörd dirəkli damı və sonradan tikilən bir otaqlı evi kəndin qurtaracağındakı dağın ətəyində idi. Dama söykək olan daş kahadan tövlə kimi istifadə edilirdi. Qışda bu tövlə hamam kimi isti olur və qabaq tərəfdə hörülmüş pəncərələrindən buğ qalxırdı. Tövlənin tavanı, döşəməsi sal daşdan olduğu kimi, axurlar da kahanın öz daşından yonulub düzəldilmişdi. Bir neçə iydə, tut, şam ağacı əkilmiş kiçik həyətə qaratikan kolundan çəpər çəkilmişdi.
Sübh tezdən,
bir də ki, günəşin qürub çağı qənşər
bir yerə çıxıb uşaq heyranlığı ilə
uzaq-yaxın dağları, dərələri, meşələri,
göylərə dirənən uca-uca ağ, sarı, qonur,
qara, çopur qayaları, dərin-dərin uçurumları
seyr etmək məndə adətə çevrilmişdi. Bir
güllə mənzilindəki qayalıqlarda xınalı kəkliklər
səs-səsə verib hey qaqqıldaşırdılar. Gəvən,
dovşanalması, yemşan, qaratikan, tubulqa... kolları ilə
örtülmüş yal-yamaclarda quşlar vəcdlə
oxuyurdular. Kəndi yarıya bölən ağappaq
daşın üstündən, köpüklənə-köpüklənə
axan, bir dəyirmanlıq suyun qıjıltısı ətrafa
çökən qərib sükutu pozub, on bir evli Təzə
Həsənliyə xoş ovqat yayırdı. Kəndin
sığındığı dağların ətəklərindən
axan çayın gümüşü suları və onun
sahillərində, zəncirvari çəltik ləkləri
görünürdü. Təzə dən tutan çəltik
zəmilərinin həndəvərində, turaclar yorulmaq bilmədən
səhərdən-axşamacan, dəcəl-xata
uşaqların yamsıladığı “Xanım
taxçada-boxçada” mahnısını oxuyurdu. Dörd bir
tərəfdən süzülüb gələn bu səs-səda
bəlkə də radionun nə olduğunu bilməyən Təzə
Həsənliyə Tanrının bəxş etdiyi və təbiətin
qüdrəti ilə bəstələnən musiqi töhfəsi
idi. Bu saysız-hesabsız quşlar sanki dilbir olub öz nəğmələri
ilə pərgarı pozulmuş Köhnə Həsənlilərin
varislərinə təsəlli verib həyan olur, onların
sınıq qəlbini ovudaraq, ağır niskildən xilas
edirdilər.
lll
Dayım mühasibat məktəbini
bitirmişdi. Kəndin oxumuş, savadlı, bilikli adamı
sayılırdı və qonşu kənddə hesabdar işləyirdi.
Babam hər gün sübh tezdən atını palanlayıb əkin-biçin,
bağ-bağat işlərinə yollanırdı. Qoca nənəm
ev işlərini yerbəyer eləyəndən sonra,
çatma qurub nehrə çalxalamağa
başlayırdı. Belə məqamlarda təhnədən
para fətir götürüb, cibimə yumurta boyda kəllə
qənd qoyub xəlvətcə evdən
çıxırdım. Çünki evin böyükləri
məni təkbaşına ora-bura getməyə qoymurdular.
Deyirdilər ki, yal-yamacda azıb eləyər və ya
başına bir iş gələr, arada
peşmançılıq olar. Ona görə də məni hələm-hələm
gözdən uzağa buraxmırdılar. Ona görə də
çox vaxt bir yerə getmək istəyəndə evdəkilərə
bildirmirdim. Bu gün bəxtim gətirmişdi. Kişilər
işə getmişdi, qoca nənəmin başı nehrə
çalxalamağa qarışmışdı.
Ayaqlarımın ucunda, səksəkəli
addımlarla sıpıxıb həyətdən
çıxdım və kəndin yuxarısındakı
Qarğı bulağına tərəf dolaylandım. Dərənin
boğazında baş-başa verən qayaların arasından
sısqa axınla süzülüb gələn bulağa
çatanda pencəyimi soyunub Qaragilə ağacından
asdım. Dizlərimi yerə dirəyib bulağın dupduru
suyundan doyunca içib bir-iki ovuc da üzümə vurdum. Bulaq
sərt qayalarla, qalın kollarla əhatə olunduğundan
buraya çoban-çoluqdan başqa heç kimin ayağı
dəymirdi. Bulağın başında min bir oyundan
çıxırdım. Birdən başıma qəribə
bir fikir gəldi, düşündüm ki, burada qara
palçıqdan Köhnə Həsənliyə oxşayan kənd
salım. Elə bir kənd ki, məscidi, mədrəsəsi,
bir sözlə, bütün binaları palçıqdan olsa
da, babalarımızın yaşadığı Köhnə Həsənliyə
oxşasın. Bu ağır işin öhdəsindən gəlsəm,
təsəlli taparam. Elə hesab edərəm ki, ermənilərin
acığına onların yandırıb
dağıtdığı Köhnə Həsənlini yenidən
tikib qurmuşam. Əvvəlcə bu fikir mənə baş
tutmayan xam xəyal kimi gəldi və özüm-özümə
güldüm. Lakin arzum, tərəddüdlərimə
üstün gəldi. Qərarım qətiləşdi. Qolumu
çırmayıb təkbaşına “tikinti” işlərinə
başladım. Həm də fikirləşirdim ki, ermənilərə
etibar yoxdur. Andranikin başının qurdu bir də tərpənsə,
mənim kəndimin yerini tapa bilməz. Babam daşnakların
müsəlmanlara necə divan tutduğu, qaniçən olduğu
barədə çox danışmışdı. Onun dediyi
sözlər yadımdan çıxmırdı. Andraniki
görüb tanımasam da, onun ordusunun Köhnə Həsənliyə
tutduğu divanı, babamın ürək ağrısı ilə
dediklərini gözümün qabağına gətirib, onlara
nifrət edirdim. Erməni cəlladlarının
acığına Qarğı bulağının
aşağısındakı bataqlıqdan, üfunət
saçan qara palçıq götürüb tikintiyə
başladım. Əvvəlcə kəndimin ətrafına
hasar çəkdim ki, Andranikin qoşunları içəri
soxula bilməsin. Sonra çör-çöp
yığıb dəyirman tikdim ki, dən üyütmək
üçün camaat ora-bura getməsin. İş
öküzlərini nallamaq üçün kəndin
ortasında ayrıca yer düzəltdim. İtləri zəncirləyib
elə yerdə bağladım ki, erməni qoşunu gecə
vaxtı hücum eləsə, tez görüb
hürüşsünlər və kəndin adamlarını
duyuq salsınlar. Tikdiyim evlər elə xoşuma gəlirdi ki,
hamısına çöpdən çəpər çəkmişdim,
yolağa qoymuşdum. Evdəkilərin mənə
acığı tutmasaydı, elə burada da gecələyərdim.
Bircə orası vardı ki, otaqlar çox balaca idi. Ora
siçan da girə bilməzdi.
Əllərim qapqara
palçıq olmuşdu. Gördüm yorulmuşam, əlimin
arxası ilə alnımın tərini silib, ayağa
qalxdım. Kəsif qoxusu gələn palçıqdan düzəltdiyim
evlərə, dəyirmana, dəvələrə, atlara,
öküzlərə, zəncirlədiyim qıllı köpəklərə
baxmaqdan zövq alırdım.
Günün batmasına az
qalırdı. Başım tikinti işlərinə
qarışdığından günorta yeməyim yadımdan
çıxmışdı. Bulağın gözündə
yuyunub təmizləndikdən sonra yastı bir daşın
balaca çalasını su ilə doldurdum. Daş stəkanıma
qənd saldım. Ancaq bu nəhəng stəkanı
qaldırıb başıma çəkməyə
gücüm çatmazdı. Ona görə gətirdiyim fətiri
tikə-tikə doğrayıb, şirin-şərbətə
salıb ləzzətlə yeyirdim. Qayışımın
altını bərkidəndən sonra kənara çəkilib
əllərimlə tikdiyim balaca-balaca evlərə bir də
baxdım. Kənd kiçik olduğundan, Köhnə Həsənlidən
daha çox Təzə Həsənliyə
oxşayırdı.
Artıq gün əyilmişdi.
Evə dönmək istəyəndə saldığım kəndi
dağıtmaq istədim. Ancaq əlim gəlmədi.
Babamın dedikləri yadıma düşəndə bədənim
əsdi. Bir dəfə Köhnə Həsənlinin
xarabalıqlarından keçəndə babamın qanı
qaraldı. O, uçuq evlərə kədərli nəzər
salıb, təəssüflə başını buladı və
Andranikin qarasına o ki, var söyüb-söyləndi:
– O gorbagorun fitvasıynan,
süfrəmizin başına keçirdiyimiz namərd ermənilər
minillik kəndi bu kökə salıb, – dedi. – Nə millət
olursa-olsun, insan ki, Allahdan qorxmadı, ondan nə pis əməl
desən çıxar.- Əlavə edib, tüpürdü.
Babam harfa danışan adam
deyildi. Ancaq ermənilərin törətdiklərinə baxanda
təbdən çıxdı, onların arxasınca
söyüb-söyləndi. Mən isə bir kəlmə də
dillənmədim. Babamın qırımını
görüb, səsimi içəri saldım. Ancaq onun dedikləri
qulağımdan getmirdi. Ona görə də səhərdən-axşamacan,
qan-tərə bata-bata tikdiyim evlərə, saldığım
kəndə qıymadım. Babamın həmin sözlərini
xatırlayıb öz-özümə düşündüm.
– Əgər bu evlərin birini uçursam, onda elə mən
özüm də erməni daşnakları kimi Allahsız,
mürvətsiz olaram. Hamı məni lənətləyər.
Qulağıma gələn
ayaq səsi məni daxili düşüncələrimdən
ayırdı. Bulağın yuxarısından keçən
yola tərəf boylandım. Yan-yörəsinə baxmadan,
başını aşağı salıb asta addımlarla irəliləyən
dayımı görəndə sevindim. Həm də ehtiyat
etdim ki, məni danlayacaq. Ancaq sevincim qorxuya qalib gəldi. Əzab-əziyyətlə
Qarğı bulağında saldığım kənddən
aralanıb dayımın qabağına yüyürdüm. O,
Qarğı bulağından xeyli yuxarıdakı düzənlikdə
atı buxovlayıb geri qayıdırdı. Məni görəndə
sifəti duruldu və şıltaqlığımı
üzümə vurmadı. Əlini saçlarımda gəzdirib
gülümsündü:
–Ə, qırışmal, tək-tənha
bu xəlvətxanada nə veyillənirsən? – dedi. – İlan-
çayandan qorxmursan? Nənəm də evdə nigarandı.
Harda olduğunu məndən soruşdu. Dedi ki, xəbərsiz-ətərsiz
hara gedibsə, mənə də deməyib. Bir də belə qələt
eləmə. Evdən çıxanda yerini de, bilsinlər
hardasan...
Dayım bundan artıq
söz demədi. Əlimdən tutub addımlarını yeyinlətdi.
Dayım xeyli susdu. Heç nə danışmadı. Nə isə
fikrə getdi. Yəqin məni fikirləşirdi.
Düşünürdü ki, anası olsaydı, bu cür
dağa-daşa düşməzdi. Yetimçiliyin üzü
qara olsun. Nənə də ki, qoca arvaddır, ev işlərindən
başı açılır ki? Uşağın
çayın-çörəyini verməklə iş bitmir.
Onun yüz cür əndişəsi var. Anası dursaydı,
gözü üstündə olardı, öyüd verərdi,
bu cür başlı-başına buraxmazdı.
O, daxili düşüncələrindən
ayrılıb əlini çəlimsiz çiynimə qoydu. Mənə
olan məhəbbətini büruzə verirmiş kimi
yüngülcə silkələdi və:
– Tez yekəlsəydin, kara gələrdin,
– dedi. – Baban da həmişəki adam deyil, yaş haqlayıb.
Mən də iş adamıyam. Səhər evdən
çıxıb, axşam qayıdıram. Bu gün tez gəldim
ki, mərəyin bir mili əyilib, onu düzəltməliyəm.
Yekə olsaydın, heç olmasa atı örüşə
aparıb-gətirərdin, ayağına buxov vurardın. Gecələr
mal-heyvanı yaylıma çıxarardın. Odun yarardın,
kərmə kəsərdin.
Dayımın dediklərini təsdiq
etdim. Həm də lovğalandım:
– Atın buxovunu babamdan
yaxşı açıb-bağlayıram, – dedim. – Kərmə
kəsməyi də bacarıram, ancaq odun yarmağa
gücüm çatmır. Onu da bacararam ey, bircə
baltanı qaldıra bilmirəm.
Dayım gülüb əlini
kürəyimdə gəzdirdi və:
– Səni
sınayırdım, – dedi. – Razı olmaram ki, mən dura-dura sən
ağır iş görəsən. Heç babanla qocan da
qıymaz ki, çətin işlərin altına girəsən.
Bir də ki, yekələndə məktəbə getməlisən.
Tərs kimi də burada məktəb yoxdur. Gərək atangilə
qayıdasan. Ondan sonra da ayda bir dəfə görüşək,
ya görüşməyək.
Dayım beş-altı verst
aralıda olan kənddə işləyirdi. Yaxşı da
qazanırdı. Əmək haqqına düşən çəltiyi
yığıb-yığışdırmaq olmurdu. Babam mərəyin
qabağında ding düzəltmişdi. Qış boyu
çəltik döyürdü. Çuvalları
ağzınacan düyü ilə doldurub, siçan girməsin
deyə, ağzını da motal ipi ilə bərk-bərk
bağlayırdı. Yeyilən yeyilirdi, artıq qalanı da
bazarda satılırdı. Meşə kəndlərinin
adamları atla, qatırla gəlib düyünü elə
qapımızda alırdılar. Qapıda satılan
düyü bazardakından ucuz gedirdi.
Bir dəfə nəyə
görə isə babam hövsələdən
çıxdı və dayıma acığı tutdu.
Üzünü bozardıb:
–Köpək qaya kölgəsində
yatır, elə bilir öz kölgəsidir! – dedi.
Dayım başını
yuxarı qaldırmadı. Onun qırımını
görüb, dinməz-söyləməz dəhlizdən
otağa keçdi.
Gecə yatanda qəlbimdə
cürbəcür nigarançılıqlar baş
qaldırırdı. Fikrim-zikrim Qarğı bulağında
tikdiyim evlərdə qalmışdı. Yorğun olduğuma
baxmayaraq, gözlərimə yuxu getmirdi. Elə bil
yorğan-döşəyimə qor dolmuşdu.
Düşünürdüm ki, kəndi qalın hasara
almamışam. Andranikin qoşunları təzədən
qayıdıb davaya başlasa, mənim o balaca kəndim əclafların
top-tüfənginin qabağında duruş gətirə bilməz.
Həmin gecə rahat yata bilmədim. Ona görə də səhər
açılan kimi çay-çörəyimi yeyib-içib
bir bəhanə ilə aradan çıxdım. Və
birbaşa Qarğı bulağına tərəf yollandım.
Tələm-tələsik palçıq
qarışdırıb kəndimin ətrafına ikiqat hasar
çəkdim. Ermənilərin hücumunun
qarşısını almaq üçün əlavə
olaraq kəndin həndəvərində, boylu-buxunlu, tüfəngli-tapançalı
əsgərlər düzəltdim və onlar üçün
dərin səngərlər qazdım. Sonra kənara çəkilib,
yenə də kəndimə baxdım. O Andranikin
qoşunları qarınlarını yırtsalar da, mənim kəndimə
səmt düşə bilməz. Bənd-bərələri elə
möhkəm bağlamışdım ki, daha heç bir
qorxusu yoxudu. – Öz-özümə düşündüm və
sakit nəfəs aldım.
Təzə Həsənlinin,
başı daşdan-daşa dəyən könhə kişilərindən
eşitmişdim ki, erməniyə etibar yoxdur. Sabah Andranik
olmasa da, bir başqa Andranik peyda olub, başının dəstəsi
ilə müsəlman kəndlərinə hücum çəkəcək
və bizi köhnə Həsənlinin gününə
salacaq. Mən bu barədə işimi etibarlı tutmuşdum.
Qarğı bulağın yanında saldığım kənddən
arxayın idim. Bilirdim ki, Andranikin qoşunu cürət eləyib
mənim balaca kəndimə basqın edə bilməz.
Andranikin atdığı top, çəkdiyim ikiqat hasarı
uçura bilsə, qulağımı kəsərəm.
Köhnə Həsənlinin camaatı da bax, mənim kimi
işlərini vaxtında, etibarlı tutsaydılar, Andranik yox
ey, onun dədəsi də gəlsəydi, bizə dişi
batmazdı. Onun ordusunun burnuna vurub geri qaytarardılar.
Köhnə Həsənlinin
başına gələnlərdən söhbət düşəndə
kəndimizin bəzi ağsaqqalları ayrı cür hava çalırdılar.
Deyirdilər, qoyunu qoyun ayağından asarlar, keçini
keçi. Bu dava-dalaşda erməniləri ucdantutma
günahlandırmaq olmaz. Kasıb-kusuba qalsa, araya qan
düşməz. Müharibə onların nəyinə
lazımdır?! Erməni camaatını başdan
çıxarıb bu qan-qadaya qoşan o haramzada Andranik, Nijdeh,
Hamazas kimi dəyyuslardı.
Uşaq olsam da, bu deyilənlər
beynimə batmırdı. Çünki göz
gördüyünə inanar, qulaq eşitdiyinə- deyiblər.
Köhnə Həsənlinin tarmar olmuş yurdunu görəndə
tüklərim biz-biz olurdu. Məni vahimə
götürürdü. Və ağlıma gəlirdi ki, erməniyə
etibar edib arxa çevirmək ağılsızlıqdı.
Gec-tez, haçansa yenə də Andranikin, Nijdehin, Hamazasın
törəmələri top-tüfəng götürüb bu
yerlərə hücum çəkəcəklər.
Bu qorxunc hisslər məni əsla
tərk etmirdi və gecələr yatanda bəzən dəhşətli
yuxular görürdüm. Görürdüm ki, iri buynuzu, zəhmli
gözləri, uzun və seyrək dişləri, iti
caynaqları olan insanabənzər bədheybət bir dəstə,
silahlı erməninin qabağına düşüb
üstümüzə hücum çəkir. O dəqiqə
bilirdim ki, qabaqda gedən o qorxunc adamlar Andranik, Hamazas, Nijdeh,
Drodu. Məni araya almaq istəyəndə quş olub havaya
qalxdım və uçmağa başladım. Evdəkiləri
haraya çağırmaq istəyəndə nitqim tutuldu. Səksənib
yuxudan ayıldım. Gözlərimi açanda elə sevindim
ki! Qorxudan üz-gözümü tər basmışdı.
İnsan qiyafəsinə girib məni yaxalamaq istəyən bu
dörd nəfər əcaib məxluqun caynağından xilas
olduğum üçün kəndimizin möminləri kimi əlimi
üzümə çəkib salavat çevirdim və dönə-dönə
yaradanıma şükr elədim.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 10 mart.- S. 6.