“Diqqət, şəhərdə manyak
var” tamaşası maraqlı alınıb
Musiqili Komediya Teatrında Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əziz Nesinin yaradıcılığı əsasında “Diqqət, şəhərdə manyak var” komediyası nümayiş etdirilib. Oruc Qurbanovun ssenarisi üzrə qurulmuş tamaşaya musiqini bəstəkar Sərdar Fərəcov yazıb. Əsərdə əsas obrazlardan olan Qəmzə xanım rolunu xalq artisti Afaq Bəşirqızı, qaz təmirçisi və Qəmzə xanımın “manyakı” rolunu isə xalq artisti Valeh Kərimov canlandırır. Tamaşaçılar “Bəxt üzüyü” tamaşasında və eyniadlı filmdə tərəf-müqabil – Söylü və Moşu kimi görərək sevdikləri məşhur ifaçıları bu dəfə tamamilə yeni ampluada seyr edirlər. Onların ifası bu dəfə də tamaşaçıların bolluca gülüşünə yol açır. Mənim nəzərimdə, bu tamaşa son illərdə ölkə səhnəsində oynanılan ən maraqlı səhnə əsərlərindən biri kimi qiymətləndirilə bilər.
Ancaq təəssüf ki, tamaşadan əldə etdiyim təəssüratları tamamlamağa müvəffəq olmadım. Çünki bir vaxtlar yalnız ekranlarda izlədiyim, mənimçün hardasa əlçatmaz olan Afaq xanım və Valeh müəllimlə birbaşa ünsiyyətdə olmaq cəhdim alınmadı. Onların fikirlərini dinləmək və suallarıma görkəmli sənətçilərimizdən cavab almaq istəyim baş tutmadı. Səbəb isə istəkli sənətkarların tamaşadan sonra yorğunluğu, vaxt azlığı oldu. Ancaq mən inanıram ki, onlarla görüşmək, bu tamaşa və ümumən yaradıcılıqları barədə fikirlərini öyrənmək mənə nəsib olacaq.
Musiqili Komediya Teatrının fəaliyyətinə
gəlincə, bu kollektiv sənətsevərləri
maraqlı tamaşalarla
sevindirməkdə davam
edir. İnanıram ki, teatrın sonrakı səhnə işləri də maraqla qarşılanacaq.
Ülviyyə QULİYEVA
525-ci qəzet.- 2010.- 11 mart.- S. 7.