“Qara bağ”ın kölgəsində
İllər keçir. Zaman bir çox hadisələri xatirələrdən silir. Lakin günahsız tökülən qanları unutmaq olarmı? Əzizlərini itirmiş anaların göz yaşlarını tökənləri bağışlamaq mümkündürmü?
Yanvar ayının sonlarında Bakıda Azərbaycan və Rusiya ictimaiyyətinin humanitar əməkdaşlıq üzrə birinci dövlətlərarası forumu keçirilib. Məlumdur ki, bu iki dövlət və xalq arasındakı dostluq münasibətləri çoxillik tarixi köklərə malikdir. Biz birlikdə işləmişik, birlikdə ümumi düşmənə qarşı mübarizə aparmışıq, sevincimizi, kədərimizi, çörəyimizi birlikdə bölüşmüşük. Lakin 20 il əvvəl – 1990-cı ilin yanvarında Azərbaycan xalqı qanlı aqressiyaya qarşı tək qaldı. O illərdə baş verən Azərbaycan dramının bir çox səhifələri bu gün də hamıya tanış deyil. İndi mən bu illərdəki həqiqətləri rus dostlarıma və dünya ictimaiyyətinə xatırlatmaq istərdim.
Qarabağ münaqişəsinin tarixi uzaq keçmişdən başlanğıc alır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu haqda deyib: “Qarabağ” sözünün özü sübut edir ki, bu diyar tarixən Azərbaycana məxsusdur. Qarabağ Azərbaycanın tarixində və mədəniyyətində xüsusi yer tutur. Ölkəmizin bu regionu dünyada insanların məskunlaşdığı ən qədim ərazilərindəndir”. 1828-ci ildən başlayaraq Çar Rusiyası bu torpaqlarda öz mövqeyini möhkəmləndirmək məqsədilə Türkiyə və İran ərazisində yaşayan erməniləri buraya köçürməyə başladı. Qaçqınlarla torpağını bölüşən azərbaycanlılar 1987-ci ildə ermənilərin Azərbaycana məxsus Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbilə keçirdikləri hərəkatda güclü sarsıntı keçirdi. Artıq 1988-si ilin yanvarından başlayaraq azərbaycanlıların Ermənistan SSRİ-dən kütləvi deportasiyası reallaşdırıldı, fevralda isə Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları verildi. İki azərbaycanlı gənc ermənilər tərəfindən öldürüldü.
Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi separatçıları cilovlaya, münaqişənin alışmaqda olan qığılcımlarını söndürə bilmədi. Belə olan halda ölkə rəhbərliyi gücünü Azərbaycan xalqına qarşı tətbiq etmək qərarına gəldi. 1990-cı ilin yanvarında SSRİ-nin Bakı yaxınlığındakı Zaqafqaziya, Moskva, Leninqrad hərbi hissələrindən, Hərbi-Dəniz Donanmasından, DİN-in Daxili Qoşunlarından ibarət ümumi hesabı 50 min nəfərlik böyük bir operativ qrup yaradıldı. Bakı limanı və ona gedən bütün yollar Xəzər Hərbi Donanmasının gəmiləri tərəfindən tutuldu.
Britaniyalı jurnalist Tom de Vaal özünün “ Qara bağ” kitabında yazır: “Tanklar qarşısındakı barrikadaları aşaraq, hətta yolunun üstündəki avtomobil və təcili yardım maşınlarını da sürükləyərək hərəkət edirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan insanlara güllə atır, yaralıları isə yerindəcə öldürürdülər. Avtobusda gedən dinc əhali belə atəşə məruz qalırdı. Nəticədə avtobuslardakı sərnişinlər, o cümlədən on dörd yaşlı qız uşağı həyatını itirmişdi”. Kinorejissor Stanislav Qovoruxin Bakıya qoşun yeridilməsi haqqında “Moskovskiye novosti” gündəlik qəzetində dərc olunan “Məşq?” məqaləsində yazırdı: “Yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunları nəhayət, şəhərə daxil oldular. Lakin Sovet qoşunları bir sovet şəhərinə istilaçı qoşun kimi gecə pərdəsi altında, tank və zirehli maşınlarla, yolunu alov və qılıncla təmizləyərək daxil oldular. Hərbi komendantın məlumatlarına görə, həmin gecə SSRİ qoşunlarının əsgərləri 60 min patron sərf etmişdilər. Sumqayıt yolunun kənarında, tanklara yol verən bir minik maşını dayanmışdı. Həmin maşında Azərbaycan Milli Elmlər Akademiyasının üç alimi- biri qadın olan üç professor var idi. Birdən sıra ilə gedən dəstədən ayrılan bir tank sərnişinləri ilə birlikdə həmin maşını əzərək, onun üzərindən keçdi. Tank qatarı dayanmadı. Onlar “şəhəri əlinə almış düşmənə” zərbə endirməyə getdilər”.
Televiziya stansiyasına gedən enerji blokunun partladılması nəticəsində şəhər sakinləri küçələrdə baş verənlərdən xəbərsiz idi. Bir çox bakılılar şəhərdə fövqəladə vəziyyətin elan olunmasını səhər tezdən radiodan və vertolyot vasitəsilə səpələnmiş vərəqələrdən öyrəndi. Bəziləri həmin zaman ölmüş, ya da ağır yaralı idi. Rəsmi məlumatlara görə, sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində 150 nəfər öldürülmüş, 700 nəfərdən çox insan isə yaralanmışdı. Hadisənin qurbanları arasında müxtəlif millətləri, dinləri təmsil edən və müxtəlif yaşlarda insanlar var idi. Hərçilər uşaqlara və həkimlərə də rəhm etməmişdilər.
SSRİ tarixində rəhbərliyin öz xalqına qarşı törətdiyi belə qanlı dram hələ görünməmişdi. Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi heç vaxt yuyulmayacaq bir biabırçılıqla ləkələndi.
Amma Azərbaycan xalqının bədbəxtlikləri bununla bitmədi. Bir çox dövlətlərin tarixində elə səhifələr var ki, onlar qanla yazılıb. Xocalı faciəsini də belə hadisələrə aid etmək olar. Azərbaycan şəhəri olan Xocalının sakinlərinin erməni silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qürğını Qarabağ müharibəsinin ən mühüm hərbi cinayəti hesab olunur. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Stepanakertdə yerləşən MDB birləşmiş qüvvələrinin 366-cı polkunun hərbçiləri və zirehli texnikasının iştirakı ilə Xocalı şəhərini zəbt etdilər. Hücum nəticəsində və ondan sonra yüzlərə dinc əhali həlak oldu.
1991-ci ilin payızından Xocalı praktiki olaraq erməni silahlı dəstələri tərəfindən blokada vəziyyətində idi. Daxili Qoşunların Dağlıq Qarabağdan çıxarılmasından sonra isə şəhər tamamilə blokadaya alındı.
Moskvanın “Memorial” Cəmiyyətinin məlumatında deyilirdi ki, “hadisə baş verən gün böyük əhali axını şəhərdən çıxırdı. Ağdam rayonunun ərazisinə daxil olan “azad dəhliz” vasitəsilə hərəkət edən qaçqınlar qəfildən güllə atəşinə məruz qaldı və nəticədə çoxlu insan həlak oldu. Sağ qalan qaçqınlar isə pərən-pərən düşdülər. Qadın və uşaqların bir hissəsi dağlarda donaraq öldü, bir hissəsi isə əsir düşdü. Artıq dəyişdirilmiş Xocalı sakinlərinin dediklərinə əsasən onlarla birlikdə ələ keçən bir çox əsirlər güllələniblər”. Fevralın 28-də jurnalistlər qrupu iki vertolyot vasitəsilə azərbaycanlıların həlak olduğu yerə yetişə bildi. Gördükləri onları dəhşətə gətirmişdi – çöl meyitlərlə dolu idi. İkici vertolyotun köməyinə baxmayaraq, jurnalistlər erməni yaraqlılarının güclü atəşi altında sahədən yalnız dörd meyit çıxara bildilər. Faciə yerinə ilk yetişən Rusiya reportyoru Yuri Romanov dinc əhalinin həlak olduğu yerə yetişmə anını belə xatırlayır. “Mən vertolyotun yumru pəncərəsindən baxırdım və sözün əsl mənasında həqiqətə bənzəməyən dəhşətli görüntüdən kənara sıçradım. Kölgəsində qarın boz qalıntılarını saxlayan dağətəyinin sarı otları üzərində ölü insanlar uzanıb. Görünən bu nəhəng ərazi yaxın üfüqə qədər qoca, müxtəlif yaşda oğlan və qız, südəmər körpədən yeniyetməyədək, qadın meyitləri ilə dolu idi... Meyit toplusu arasından iki fiqur- nənə və balaca qızın meyiti diqqəti xüsusilə cəlb edir. Başı açıq, ağ saçlı nənə üzüstə kapyuşonlu mavi gödəkçəli balaca qızın yanında uzanıb. Nədənsə onların ayağı tikanlı məftillə bağlanıb. Nənəninsə əlləri də sarınıb. Onların ikisi də başından güllələnib. Təxminən dörd yaşında olan balaca qızın əlləri öldürülmüş nənəsinə tərəf uzanıb. Mən gördüyüm mənzərədən sarsılıb, hətta kameranı belə unutmuşam...”
Dünya ictimaiyyəti bu dram haqqında “Vaşinqton post”, “Tayms” qəzetləri, “Reyter” agentliyi, Bi-Bi-Si radiosu, Rusiyanın “Memorial” Cəmiyyəti vasitəsilə xəbər tutdu. Azərbaycan parlamentinin qəbul etdiyi rəsmi araşdırmaların nəticəsinə görə, bu faciə nəticəsində 485 adam həlak olub. Əsirlikdə olan bir çox vətəndaşların taleyi isə indiyə kimi də məlum deyil....
... Xocalı sakinlərinə qarşı bu soyqırımı aktı Avropa Şurası Parlament Assambleyasının üzvləri, İslam Konfransı Parlament Məclisi, ABŞ Konqresinin deputatları tərəfindən pislənib. Lakin bütün bunlara baxmayraq, hadisə nəticəsində həlak olanları yenidən həyata qaytarmaq mümkün deyil. Bunu nəzərə alaraq istərdik ki, bu acı insanlıq dramı bütün namuslu insanlar üçün bir ibrət dərsi olsun.
Azərbaycanın
sabiq prezidenti Heydər Əliyev, onun oğlu – ölkənin
indiki prezidenti İlham Əliyev qaçqınların sosial
problemlərinin həll olunması yolunda çox işlər
görüb və bu işlər indi də davam etdirilir.
Praktiki olaraq Ermənistandan və Dağlıq Qarabağdan
qovulmuş bütün qaçqınlar işlə təmin
olunub. Günahsız yerə həlak olanların xatirəsi də
unudulmayıb. Bakıda və Azərbaycanın başqa şəhərlərində
ucaldılmış çoxsaylı abidələrin üzərinə
həmişə təravətli çiçəklər
qoyulur. Heç şübhəsiz ki, elə bir gün gələcək
ki, Azərbaycan bayrağı Dağlıq Qarabağda
dalğalanacaq.
Xanhüseyn KAZIMLI
525-ci qəzet.- 2010.- 11 mart.- S. 5.