Kaman telləri kimi...

 

Hər kəsin, ömründə yaşananların kövşəyini gətirmək dövrü var. Yəni xatirələri yada salmaq, xəyalən yenidən yaşamaq dövrü. Vaxtım olduqca xatirələrimi yazıram. Taleyim, həyatım elə gətirib ki, ölkəmizin dünyanın çox məhşur maraqlı insanları ilə ünsiyyətim olub. Oxuyanlar üçün maraqlı, mənəvi əxlaqi cəhətdən əhəmiyyətli saydığım bəzi hissələri, yeri gəldikcə, çap etdirmək fikrindəyəm. Bu yaxınlarda böyük şairimiz Bəxtiyar Vahabzadənin xatirə günləri kimi silsilə tədbirlər keçirildi, mən onlarda, səsimin etibarsızlığı üzündən, aktiv iştirak edə bilmədim. Ümumiyyətlə, səsimlə insanların qulağını bezdirməyim deyə, heç danışmamağa çalışıram. Onsuz da danışmaq həvəskarı çoxdur. Danışmağa məcbur olanda da, çalışıram, az danışım, həvəskarlara çox yer qalsın. Amma Bəxtiyar müəllimin ruhu qarşısında özümü borclu sayıram. Onunla bağlı çox xatirələrim var. Bu xatirələri vaxtsa kitab kimi oxuculara çatdıracağam. Həmin kitabdan bir damlanı təqdim edirəm.

İlk görüşümüz 1956-cı ildə oldu. Böyük şairimiz, rəhmətlik Bəxtiyar Vahabzadə o zaman Lenin adına kitabxanada ədəbiyyat dərnəyi aparırdı. Kitabxana indikiFantanlar bağıdeyilən yerdə (o zaman bu bağ “Parapet” adlanırdı), ikimərtəbəli binada yerləşirdi. O zaman mən Bakı Dəmiryol Texnikumunda oxuyurdum. Şeir dərnəklərinə gedir, şeir oxuyur, məsləhət alırdım. ŞeirlərimAzərbaycan”, “Kirpijurnallarında çap olunurdu. Növbə mənə çatandaHəqiqətadlı yeni yazdığım şeiri oxudum. Şeir hələ çap olunmayıb. Ona görə indi həmin şeiri, o zaman olduğu kimi, yenidən oxuyuram.

 

Həqiqət

 

Bax budur ki həqiqət,

həqiqəti axtaran

Axırı dəli olar,

zamanədə ucalmaz.

Qocalar gedər dövran,

qocalar gedər zaman,

Həsrətini çəkdiyim

həqiqətsə qocalmaz.

Başımın ağarmağı

mənim cavan çağımda,

Yaşamaq xatirinə

yalan danışmağımda,

Deməyin ki, adətdir,

bu da bir həqiqətdir.

Həqiqət birdir, pirdir,

dörd yanında yalan var.

Bu həqiqətə bənzər

yalanları satan var.

Aldanan var, alan var.

yox, eşitməmişəm mən

Həqiqəti tapan var,

tapıb xoşbəxt olan var.

Bir həqiqət axtaran

daş zindanda olanda

Üz-gözünə süzülmüş,

laxtalanmış o qan da

Onun qulaqlarına

pıçıldadı xəlvəti:

Budur, mənəm həqiqət

axtarma həqiqəti!

Babamın dəftərindən

bu şeiri tapmışam mən.

Amma tamamlanmayıb

tamamlanmayıb nədən.

Görünür ki, susdurub,

kəsib, öz zamanəsi

Həqiqətin haqqında

nəğmə deyən bir səsi.

 

Bəxtiyar müəllim gərilmiş kaman telləri kimi titrədi (onun arada elə titrəməyi var idi), əlini mənə uzatdı.

Mənə bax, mənə yox da!!! Babanın dəftərini bizə soxma! Şeir orada qurtarıb. Elə bilirsən, babanın dəftərini yazanda çap eləyəcəklər? Çap eləməyəcəklər! Şeir orada qurtarıb. Amma yazmısan! Qoy qalsın! Sonra hamısı çap olunacaq. İndi yazın! Bir zaman çap eləməyə şeir tapmayacaqsınız. İndi yazın, onda çıxardarsınız üzə.

O zaman otuz nəfər gənc şeir həvəskarı arasında belə açıq danışmaq üçün çox böyük cəsarət sahibi olmalı idin. Bu hər adamın işi deyildi. Mənim bu sözlərim indiki gənclərə gülməli görünə bilər. Deyərlər, burda var, axı? Çox şükür ki, gənclərimiz o illərin basqısını dadmayıb, vahiməsindən keçməyib. Əslində Bəxtiyar müəllim düz tutmuşdu, mən babamın dəftəri məsələsini quraşdırmışdım ki, yəni şeir sosializm dövründən deyil, kapitalizm dövründən qalmışdır. Bəxtiyar müəllim mənə dərs vermək üçün özünü riskə atdı. O qədər adamın arasında belə açıq söhbət etdi. Mən iyirmi-iyirmi beş yaşlı gənc qələm sahiblərinədostlarıma o dövrün ovqatını göstərən başqa bir misal çəkmək istəyirəm. 1961-ci il idi. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alırdım. Yay tətilinə gəlmişdim. Məni Sabir adına kitabxanaya dəvət etdilər. Orda bir xalq şairi iştirak edirdi. Yazıçılar İttifaqında həm məsləhətçi, həm partiya təşkilat katibi idi. Allah rəhmət eləsin. Adını çəkmək istəmirəm. O görüşdə mən Küçükadlı bir şeir oxudum. O şeir cildlərimdə çap olunub. İlk dəfə qor görüb qorxan, sahibsiz, qapılara, işıqlı pəncərələrə baxıb zingildəyən bu küçük elə mənə oxşayır, bir gündəyik. Təxminən bu məzmunda, bu ovqatda yazılmış bir şeir idi. Sonuncu kupleti belə idi:

 

Deyəsən, həddimi mən aşıram,

Ey soyuq dövranın igid küçüyü.

Elə sən susursan mən danışıram,

Tutur söhbətimiz, ay it küçüyu.

 

Şeiri gənclər çox böyük hərarətlə qarşıladılar.

Səhəri gün məni Yazıçılar İttifaqına çağırdılar, gəldim. Dedilər, məsələ qaldırmışıq, məktub yazıb, səni institutdan geri çağırırıq. Sən bizim işıqlı, sovet həyatını tərənnüm edən şeirlərimizə ləkə salırsan. İdeoloji cəhətdən hazırlıqsızsan. Dünənki məclisdə olan xalq şairi: “İnstitutdan qovulsun,- dedi. – Biz bunu göndərmişik ki, gedib Moskvadan qabaqcıl sovet şeirinin ab-havasını gətirsin. Bu gedib oradan bir küçük gətirib. Özü , görüşdə oxuyur, uşaqların beynini zəhərləyir”.

Xülasə, bütün yay tətili burnumdan töküldü. qədər ağsaqqal, qarasaqqal yazıçılar işə qarışdı, məni bu bəladan qurtardı. Hələ bu, 1961-ci il idi. Buz xeyli ərimişdi. Amma Bəxtiyar Vahabzadə mənimlə o söhbəti 1956-cı ildə eləmişdi sonra oxuduğum şeirin ağrısını çəkməmişdim.

 

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2010.- 11 mart.- S. 7.