Diplomatın manifesti
Öz sahəsinin görkəmli mütəxəssisi olduğunu bilirdim. Ona görə də hələ orta məktəb illərindən həvəslə oxuduğum məşhur əsərin adını xatırladan kitabını görəndə, məni qəribə bir maraq hissi bürüdü. Öz-özümə: “Yaxşı kitab olmalıdır”, – dedim. Və o “yaxşını” tapmaq üçün “Bir səfirin manifesti”ni həmin qayğısız illərimin coşğusu ilə mütaliə etməyə başladım. Bəri başdan deyirəm, sizə də məsləhət görürəm. Əmin ola bilərsiniz, özünüz üçün xeyli yeni fikir əxz edəcəksiniz.
... Biz Azərbaycanlıları söz sənəti ilə heyrətləndirmək çətindir. Ədəbiyyatımızda bu elmin, demək olar ki, bütün janrlarına nümunə tapmaq mümkündür, ancaq diplomatiya sahəsinə aid əsərdən söhbət düşəndə, nədənsə, bir qədər duruxuruq. Lakin bundan sonra bu barədə də dərin fikrə getməyə ehtiyac qalmayacaq... Sadəcə, Hafiz M. Paşayevin “Bir səfirin manifesti”ni mütaliə etsəniz, mənlə razılaşacaqsınız.
Tərəddüd etmədən deyə bilərəm ki, “Bir səfirin manifesti” “diplomatiya” ixtisası üzrə təhsil alan tələbələr üçün “İxtisasa giriş” dərsliyini əvəz edə bilər. Həmçinin, ondan politoloqlar, ABŞ – Azərbaycan münasibətlərinin keşməkeşli inkişaf yollarını izləyən mütəxəssislər də çox faydalanarlar. Hətta, diplomatiyada “mozaika” axtaranlar da bu kitabda özləri üçün maraqlı situasiyalar, yaxud tərbiyəvi-dialektik detallar “kəşf” edə bilərlər, xüsusilə ölkəmizin Xalq Cəbhəsi hakimiyyəti dövrünə aid məsələlərin şərh edildiyi səhifələrdə (o vaxtkı ilk xarici işlər nazirlərinin diplomatik fəaliyyətindəki təbəssümlü məqamlar xeyli koloritlidir). Müəllifin səmimiliyi, keçmiş iqtiqdar nümayəndələrinin dövlətçilik işlərində “infantilliyi” təbii və olduqca tutarlı faktlarla yerində təqdim edildiyindən, xəfif gülüşlə qarşılanır. Ancaq bu gülüş məhvedici deyil, nəsihətvericidir! Və oxucu, qarşısındakı səliqəli sətirlərin təbiiliyinə inanır, qeyri-obyektivlik, yaxud kiminsə kefinə soğan doğramaq, kiminsə xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxmaq müəllifi qətiyyən maraqlandırmır. Çünki amala sədaqət memuar ədəbiyyatının ən vacib şərtidir. “Bir səfirin manifesti” bu şərtə sayğılıdır.
Kitab hər biri müstəqil və yığcam “hekayət” təsiri bağışlayan siyasi etüdlərdən tərtib olunmuş təəssüratı bağışlayır. Lakin bu, ilk baxışda belədir, əslində isə əsər bütövdür; “ayrılıqda və birlikdə” süjetinin canı da elə bundadır: ayrılıqda simmetrik kərpic, birlikdə möhtəşəm bina – “Bir səfirin manifesti” kimi. Bəhs olunan dövrün xronologiyası əsas prinsip olaraq gözlənilib, hətta sonda müəllifin müxtəlif illərdə yazdığı məqalələrin də əsərə daxil edilməsi kitabın həcminə deyil, məqsədinə xidmət göstərir. Çünki həmin məqalələr də “Bir səfirin manifesti”nin məfkurəsinə yardımçı, təsdiqləyici mənbə rolunu oynayır.
Dünya siyasətini çözələmək istəyənlər, qarışıq dünyada Azərbaycan qütbünü müəyyənləşdirməyə can atanlar üçün müəllif, diplomatiya müstəvisində beynəlxalq münasibətlər çoxbucaqlısı cızaraq, oxucunun “deməli, belə imiş” qənaətinə gəlməsini çox asanlıqla sadələşdirir; çünki kitabdakı xatirələr güclü məntiq və tədqiqatçı intuisiyasına əsaslanır.
Keçən əsrin altmışıncı illərində Sovet İttifaqını “fiziklər, yoxsa liriklər” deyilən maraqlı yaradıcılıq “öcəşi”, “deyişməsi” bürümüşdü. Əgər bu qeyri-rəsmi “yarışma” yenidən canlanarsa, heç şübhəsiz, “bizim Hafiz” birinci olar; və fiziklərin, liriklərin anlam, dərketmə, kəşflər “coğrafiyasına” bir diplomat anlayışı gətirilərdi.
Doğrudan da, istedadlı insan hər sahədə istedadlıdır.
“Bir səfirin manifesti”nin dili çox axıcı, anlaşıqlı və yığcamdır. Aforizm səviyyəsinə çatan ifadələr “sözdən tablo” təəssüratı (“İran və Rusiya arasında sendviçləşmiş Azərbaycan”, “G üçlüyü” Azərbaycan”) yaradır. Və ən önəmlisi də odur ki, bu azsözlük fikrin ifadəsini mürəkkəbləşdirmir, tam açır, mahiyyəti asan dərk etdirir, hətta hərdən mənə elə gəlir ki, görkəmli fizikimiz şagird vaxtlarında “Azərbaycan dilində mürəkkəb cümlə” bəhsi keçilən zaman dərsdən “qaçıb”. Əgər Ana dilimizdə sadə cümlənin qüdrətini hiss etmək istəyirsinizsə (Cəlil Məmmədquluzadənin, Mir Cəlalın nəsrindəki kimi), “Bir səfirin manifesti”ni mənbə seçə bilərsiniz.
Diplomatiya
ancaq xüsusi elm və peşə sahəsi deyil, həm də
həyat tərzidir, özünəməxsusluqları ilə
baş gicəlləndirən mühitdir. Məşhur
fransalı dövlət xadimi Şarl Moris dö Taleyranın
bir fikri var: “Dil insana öz fikirlərini ört-basdır etmək
üçün verilib”. Taleyran, bəlkə də,
haqlıdır; Sovet hökumətinin məşhur xarici
işlər naziri Andrey Qromıko məhz bu ölçüdə
“şinel” geyindiyindən “Mister “Net” ləqəbini
qazanmışdı. Fikri gizlətməyin ən təhlükəsiz
yolu “yox” deməkdir. Sovetlərin bir nömrəli diplomatı
üçcildlik memuar yazıb, oxuyursan, böyük bir epoxa əhatə
olunub.., amma “ələ keçəsi” heç nə yoxdur,
bütün fikirlər qapalıdır. Qromıkonun
ört-basdırlı yazı tərzi bir cür yüksək
diplomatiyadır, Paşayevin açıqlığı,
“kod”suz təhkiyə üslubu başqa cür yüksək
diplomatiyadır, ancaq hər ikisi fərqli yüksək
diplomatiyadır. Qromıko ilə Paşayevi müqayisə etmək
fikrində deyiləm, çünki hər cür müqayisə
şərtidir. Lakin Qromıkonun üçcildlik qalın
kitabını oxuyub başa çatandan sonra heyrətlənirsən
ki, “as” diplomat hər şeydən danışdı, lakin
heç nə demədi, Paşayevin də xatirələrini
oxuyub başa vurursan və ən yeni dövr beynəlxalq siyasətdə
“Azərbaycan” amilinin doğuluşuna şahidlik edirsən, bir
çox münasibətləri özün üçün
açırsan, amma linza ilə oxuyanlar üçün
heç bir “dövlət sirri” tapa bilmirsən. Maraqlıdır ki, bu janr
üçün spesifik olan sensasiya “dadı” da burada yoxdur.
Hafiz Paşayevin çox qəribə
təfəkkür tərzi var. Mən fizik deyiləm, filoloq
kimi deyirəm. Amma heç şübhəsiz ki, fikrin ifadə
tərzindəki yığcamlıq, leksik vahidlərin ana
dilimizin qrammatik qanunlarına uyğun sıralanması, mahiyyəti
sözə deyil, sözü mahiyyətə tabe etmək tələbkarlığı
məhz fizikadan gəlir. Məncə, o, fizik kimi
düşünür, diplomat kimi fəaliyyət göstərir,
filoloq kimi yazır. Bəlkə də belə deyil, ancaq bu, mənim
fikrimdir.
Çox maraqlı
yoldaşlıqdır. Buna görə də qəliz siyasi
problemlər onun izahında daha kütləvi biçim
alır. O, qulağı cızan sözlərlə demir:
“Dağlıq Qarabağ məsələsi çox mürəkkəbdir,
fövqəldövlətlərin maraqları toqquşur bu məsələdə”
və s. Yazır ki, Dağlıq Qarabağ – lokal, regional və
beynəlxalq problemdir; bu maraqlar bir yerə toplanıb, bir ev
kimi tikilməlidir, bir usta çətin tikər onu.
Yaxud, Fransa
diplomatiyasındakı siyasi iddia ilə siyasi əxlaq
normalarının ögey qardaşlığını
açmaq üçün bilərəkdən uzun-uzadı
izahat işi aparmır, deyir ki, Fransa təkbaşına
özünü ATƏT-in həmsədrlərindən biri
seçdirdi. Və buradan da çıxış edərək
Azərbaycan diplomatiyasının “seçimini” açır:
“Avrasiya məkanında yeni nüfuzun formalaşmasında və
Avropa Birliyi siyasətində
Bir cümlə, vəssalam.
Lakin arifə bir işarə kifayətdir.
Uzun illər beynəlxalq
mediada Azərbaycanın siyasi strategiyası ətrafında
aparılan analitik təhlildəki mürəkkəb fikri
araşdırmalar, bax, beləcə bir cümlə ilə
açılmış, gələcəyə aid zərurət
ilə indiki zaman reallığının
qaynayıb-qarışması həmin strateji siyasi xəttin
bazisi kimi təqdim edilmişdir. Hazırkı siyasi oriyentirin
seçilməsi o qədər də asan olmamışdır,
çünki onu sevinclə qəbul etməyənlər hətta
bu gün də var: istər daxildə, istərsə də
xaricdə. Lakin çönüb arxaya baxanda Ümummilli Lider
Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi daha heyrətamiz
təsir bağışlayır. Hafiz Paşayevin bu istiqamətə
“əlavəsi” düşündürücüdür: Azərbaycanın
ABŞ-dakı diplomatik missiyası hələ uzun müddət
çox mürəkkəbliklər və çətinliklərlə
qarşılaşacaq. Amerika istəblşmentini, bu ölkənin
cavan millətini yaxından və yaxşı tanıyan Hafiz
Paşayev oxucusunu belə bir sim üstə kökləyir:
“ABŞ-ın Azərbaycanın ona meyil etməsini qəbul
etdirmək həmişə tər bahasına başa gələcək”.
Ancaq, nə etməli? Bizim günlər və bu gün
yaşadığımız dünya belədir...
Yuxarıda qeyd etmişdim ki,
“Bir səfirin manifesti” gələcək diplomatlar
üçün “İxtisasa giriş” kursu üçün dərslik
ola bilər, quru “elmbazlar” bu fikirlə razılaşmayaraq,
“yalançı işbaz azərbaycanlılar sindromu”na toxunan,
xarici işlər nazirinin “hamını, hətta xariciləri
də həmişə “asıb-kəsməsi”, onlara “dərs
keçməsi”, bəzi dövlət məmurlarının
“davranışlarındakı ibtidailiyi” və s. bu kimi “ev
içi” məsələlərini əsas gətirərək,
onun pedaqoqikadan uzaq olduğu qənaətinə gələ bilərlər.
Yaxud “açmayın sandığı, tökməyin
pambığı” etikası ilə yaşayan mühafizəkarlar
üçün, bu, müəyyən mənada yolverilməzlik
kimi qarşılana bilər. Ancaq tam səmimi deyirəm, bu
tipli məqamların xatırlanması, keçmiş dövlət
məmurları barədə açıq danışmaq,
onlara koloritli faktlarla “xasiyyətnamə” vermək müəllif
cəsarətilə diplomatik üslubun vəhdəti kimi dəyərləndirilməli,
gənc diplomatlara öz həyatımızdan təcrübə
dərsi kimi tədris olunmalıdır. Bunlar çox vacib məsələlərdir,
xüsusilə də beynəlxalq aləmə yenicə
addım atan diplomatlar üçün.
1993-cü ildə “Xerox”
aparatının reklamı, “Vaşinqton post” qəzetindəki
karikatura dolayısı ilə amerikalıların da səviyyəsizliyini
göstərməklə bərabər, həm də bizim
hamımızı sözün yaxşı mənasında əməlli-başlı
qıcıqlandırmaq metodudur. Meyar “Bizim onlardan nəyimiz əskikdir?”
inadkarlığı olmalıdır. Kadrlarımız
okeanın o tayındakılarının rişxəndinə cavab
olaraq mükəmməl savad alacaq, əla hazırlıq
keçəcək, ictimai-siyasi həyatda elə mövqe
tutacaqlar ki, amerikalılar özləri Azərbaycanı
tanıtmağa məcbur olacaqlar! Niyə də olmasın. Bəs
siz necə düşünürsünüz?!
O gün gələcək!
Bir halda ki, söz intellektual səviyyədən
düşdü, onun bir qədər başqa aspektlərinə
də toxunaq. ABŞ başdan – başa dahilər ölkəsi
deyil, onların da “zır savadsızları” çoxdur. Lakin
Birləşmiş Ştatların üstünlüyü
ondadır ki, savadlı ilə savadsızın yerini dəqiq
müəyyənləşdirib, təyinatda meyar təhsilin səviyyəsidir.
Nə isə... Rusiyalı satirik Mixail Zadornov ABŞ-dan
söhbət açanda həmişə araya salıb belə
deyir: “amerikanüı takie tupıyi...” Amma bizim Hafiz
Paşayev – diplomatdır, bu cür düşünmür. O
yazır ki, Amerika vətəndaşı öz siyasi
mövqeyini müştərisi olduğu baqqal
dükanındakı satıcının şərəfinə
müəyyənləşdirə bilər, ona çörək,
süd, qatıq satan erməniyə görə Azərbaycanın
əleyhinə səs verə bilər, hətta Monika Levinski
kimilərini dəstəkləyər də. Elmiliyin bu məsələyə
dəxli yoxdur. Ancaq siyasi yüngüllüyün dəxli var.
Müəllif bunları nəzərə
çarpdırır, arif oxucu öz payını
götürür. Yəni “Viaqra”nın reklamçısı
senator Bob Doulun bir-bir öz həmkarlarına zəng edib, Azərbaycan
üçün zərərli olan 907-ci maddənin qüvvədə
qalması üçün erməniləri dəstəkləməyə
çağırışı da bu qəbildəndir. El
arasında belələri barədə deyərlər: “Filankəsin
savadı qıcqırıb”. Qarın “təfəkkür”
dağarcığı olanda, qastronomik düşüncə
mövqe formalaşdıranda ağıllı adamın faciəsi
başlayır.
Dünyada bütün məsələləri
münasibətlər həll edir, ABŞ-da isə lobbi. Onu
qazanmaq çox mürəkkəb və məsuliyyətli,
ancaq hədsiz dərəcədə vacibdir; lobbiniz yoxdursa, zəhmət
çəkib Amerikaya “qonaq” getməyə dəyməz. Bunu
onlar özləri də bilirlər, ona görə də bu məsələni
qanuniləşdirərək leqal iş metoduna çeviriblər.
Yəni pulun, səxavətin, səbrin varsa, “xoş gəldin;
dərdini aç, əlini cibinə sal, “üzvlük
haqqını” ödə və gözlə; sınaq müddətini
keçəndən sonra sizin məsələ ilə məşğul
olarıq, amma tez bir zamanda probleminizin həllinə söz
vermirik; həyat davam edir, mən sizin lobbinizəm”. Necədir
sizin üçün, cənablar?! Lobbi almağın sxemini
qısaca belə təsvir etmək mümkündür. Bu məsələnin
ən məsuliyyətli məqamı kimi hansı şirkət,
qurum və s. bu tipli birliklərin hansı keyfiyyətlər əsasında
lobbiliyə potensial namizəd seçilməsi, onlarla sıcaq
əlaqələr yaradılması metodları da gələcək
üçün xeyli faydalı detallardır. Sanballı beyin
sahiblərinin, əlahiddə nüfuzlu şəxslərin əhatəsində
olmadan, ABŞ-da “oyunçu” olmaq mümkün deyil. Bu –
aksiomadır. Bütün bunlara Amerikada böyük
elçimiz olmuş təcrübəli bir diplomatdan
açıqlamaq çox faydalıdır.
Çağdaş
eramızın fövqəldövlətində dövlət
idarəçiliyi məsələləri, xüsusilə də
xarici siyasətlə bağlı bütün məsələlər
elə qurulub ki, Ağ Evlə Konqres ümumi
razılığa gəlmədən, ciddi addımlar atmaq
prinsipcə, mümkün deyil. Yəni dövlətin bir
strukturu danışıqlar masasında problemi siyasi
reallıqlar əsasında incələyib bir qərara gəlir,
digər qolu isə həmin dövlətə qarşı fərqli
amplitudada dövlət siyasətini qanun şəklində
işləyib hazırlayır, səs verib, onu qəbul
etdirir.Və ötürür Prezidentə; şah – mat! Bəzən
də “pat”. Vəziyyət gərginləşir, çünki
Prezidentin administrasiyası qanunu pozmaqda acizdir. Beləliklə,
xarici siyasət üçün çox vacib olan operativlik və
çeviklik amili itirilir.
Yaxud, konqresmen müəyyən
məsələ ilə əlaqədar sizi qəbul edir, dinləyir,
haqlı olduğunuzu da bildirir, amma sözkəsənlik edib
işi həll etmir. Bu məqamlarda “əlahəzrət” lobbi
peyda olmalıdır. “Pəncərə” onlar
üçündür.
Lobbizm siyasəti Amerika istəblşmentinin
doğma övladı olduğu üçün onun
bütün strukturlara təsir etmək hüququ və
nüfuzu var (yaxud olmalıdır, o, sizin kimi lobbi seçməyinizdən
asılıdır). Müəllif lobbizmin anatomiyasını
yaxşı bildiyindən, ona xeyli ətraflı
yanaşmış, vətənçilik ehtirası ilə
mülahizələrini bölüşmüşdür. Bunun
davamı olaraq diaspor və elektorat arasındakı
bağlılıqdan yararlanmağın vacibliyi məsələləri
də təcrübədən gələn real faktlarla izlənildiyindən,
ümumi fəaliyyət üçün faydalı informasiya
kimi qəbul edilir.
Amerika istəblşmenti elə
formalaşıb ki, konqresmen tarixi, coğrafiyanı pis bilməsinə
baxmayaraq, dünya miqyaslı məsələlərin həllində
söz sahibi ola bilər. Bu onlar üçün qəbahət
deyil, sizin özünüzü ona tanıda bilməməyiniz
qəbahətdir. Hafiz Paşayevin göstərmək istədiyi
Amerikanın bir üzü də belədir.
Kitabın lobbizm və
diasporla bağlı fəsillərində də təbii
faktlara – bəzən şəxsin, predmetin, hadisənin
“naturadan köçürülməsinə”
üstünlük verilir və belə təsvir-təqdimat
oxucunun diqqətini özünə çəkir.
Doxsanıncı illərdə
xaricdə yaşayan soydaşlarımızın məsələləri
ilə məşğul olduğumdan ABŞ-dakı diasporumuzun
o vaxtkı vəziyyəti öz müsbət, mənfi cəhətləriylə
xatirimdədir və elə bu sətirləri yazanda da onlarca vətənpərvər,
milli ruhlu, savadlı, mənən pak, Azərbaycanın mənafelərini
cani-dildən qoruyan eloğlumuz, elqızımız xəyalımda
canlanır, gözlərim önündən keçirlər.
Ancaq çox təəssüf ki, Vətənin adını,
Bayrağını üzlərinə şirma təkin tutub,
şəxsi mənafeləri naminə kürsülərdən
bağıraraq, özlərini bəzi Azərbaycan rəsmilərinə
“patriot” kimi göstərənlər və məqsədlərinə
müəyyən dərəcədə çatanlar da
vardı. Əslində belə adamlar Azərbaycana zərərdən
və hörmətsizlikdən başqa heç nə gətirmirdilər.
Ona görə belələrini də unutmuram. Hafiz Paşayevin
bizə təqdim etdiyi Əhməd Əlini, Mahmud
Zarekeyvanı həyatda heş vaxt görməsəm də,
yaxşı tanıyıram. Belələri bəzən şəxsi
məqsədlərinə çata bilməyəndə
şantajdan, böhtandan, yalandan da çəkinməyirlər.
Başım çox ağrıyıb... (bəlkə də
Hafiz müəllim mənə nisbətən zərərsiz
qurtarıb). Əhməd Əli, Mahmud Zarekeyvan kimilər
prototip deyil, “real obraz”ın özüdür.
“Bir səfirin manifesti”ndə
məni daha çox özünə çəkən cəhətlərdən
biri də analitik istiqamətin populyar dildə və
biçimdə təhlil-təqdimidir. Bu gün beynəlxalq
miqyaslı müxtəlif kürsülərdən
üfürülən “demokratiya” mövzusunu da – MDB məkanında
xüsusilə ətraflı müzakirə edilir – müəllif
özünəməxsus kontekstdə izah etmişdir. Konkrekt,
tutumlu fikir ilə terminləşən söz birləşməsi
asanlıqla qəbul olunur. Söhbət “dəmirqollu
demokratiya” terminindən gedir. O yazır:”...Zənnimcə, bu məfhum
Azərbaycan tarixində mühüm yer tutacaqdır... Söhbət
on illik idarəetmə üsulundan gedir. Və bu idarəetmə
üsulu Azərbaycanın müqəddəratının təyin
olunmasında mühüm bir dövrə təsadüf edir.
Bugünkü reallıq sübut edir ki, dəmirqollu demokratiya
tarixin sınağından keçmiş idarəetmə
üsuludur”.
Kitabın bəzi səhifələrində
müəllifin memuarçı deyil, siyasi ekspert kimi
mühakimələr yürütməsi, siyasi təkliflər
irəli sürməsi, məncə,
düşündürücüdür. Çünki
ayrıca bir tədqiqat mövzusu ola biləcək mahiyyət
səmimi və konkret izah edilir, siyasi problemlərin
çözümünə əlavə variantlar ola biləcək
mütəxəssis sözü deyilir. Azərbaycan ictimai
fikrinə “müasir dövrün sosial-siyasi məzmunu hərbi
deyil, iqtisadi “silaha” üstünlük verməyi tövsiyə
edir”,– qənaəti ünvanlanır. Təsadüfi deyil ki, “Bill
Klinton prezidentliyinin ilk günündən geosiyasi məsələlərdən
daha çox iqtisadi maraqlara üstünlük vermişdir” –
informasiyası da memuarçılıqdan daha çox
ekspertliyə xidmət edir.
Bunları nəzərə
çarpdırmaqda məqsəd “Bir səfirin manifesti”nin
memuar ədəbiyyatı janrının imkanlarını,
doğrudan da, genişləndirən əsər olduğu
faktını təsdiqləməkdir. Bu prizmadan baxanda,
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Strob Tolbotun
nə üçün “Rusiya birinci” siyasi xəttini müdafiə
etməsi, Ermənistanın Türkiyə–Azərbaycan tandeminə
qoşularaq, öz müstəqilliyini möhkəmləndirməsi
maraqlı və cəsarətli fikirlərdir. Yaxud, Ermənistan
düşmənlər əhatəsində deyil, sadəcə,
ermənilər öz-özlərini düşmən küncə
dürtüblər və s. deyimlər artıq xatirə deyil,
siyasətçilər üçün “düşünməyə
dəyər” hədiyyəsidir.
Memuar-essenin elə səhifələri
var – oxuduqca Hafiz Paşayevin “ABŞ-dakı manifesti”
dövründə mənim də bu ölkəyə səfərlərimi
xatırladım: Ağ Evdən, Konqresdən tutmuş
Pentaqonacan, Demokratiya İnstitutundan tutmuş şoxsaylı
qeyri-hökumət təşkilatlarınacan keçirdiyimiz
görüşlər, müzakirələr, Dünya Azərbaycanlıları
Konqresinin ikinci qurultayında iştirakımız,
çıxışlarımız... Və Hafiz müəllimin
özüylə söhbətlərimiz, fikir mübadilələrimiz
hər situasiyada, hər mürəkkəb məqamdakı
professionallığı, təmkinliyi, dəqiqliyi, yüksək
mədəniyyət və intellekti həkk olunub
yaddaşıma.
“Bir səfirin manifesti”ni
oxuyub müəllifin getdiyi yolu biz də keçdik. Yol
yoldaşlığımız səmərəli oldu.
Mövqeyimiz üst-üstə düşdüyündən,
kitab haqqında qeydlərimi Hafiz Paşayevin öz sözlərilə
bitirmək istərdim: “...Azərbaycanın... milli təhlükəsizlik
maraqları tərəziyə qoyulmuşdur... tərəzinin əks
gözündə qüvvələr kifayət qədər
artıqdır. Bu ağırlığı yalnız onunla əymək
olar ki, tərəzinin o biri gözünə mahir siyasi liderin
və əzmkar xalqın birliyindən yoğrulmuş daş
qoyulsun. Amerikalılar belə birliyə “bir bayraq altında
birləşmə” deyirlər.”
Dünya –
gör-götür dünyasıdır!
HİDAYƏT
525-ci qəzet.- 2010.- 11 mart.- S. 4.