Daş yağan gün

 

Roman

 

Yorğanı başıma çəkəndə ağlıma gəldi ki, Qarğı bulağında tikdiyim evlərin bünövrəsini qoyanda bir vacib məsələni unutmuşam. Ona görə də səhərisi vaxt tapıb kəndimə baş çəkdim. Qolumu çırmayıb buraxdığım səhvləri düzəltməyə başladım. Boylu-buxunlu, çiyni tüfəngli əsgərlər düzəltdim. Onları kəndin yuxarısındakı qayaların başına qaldırdım və dönə-dönə tapşırdım ki, gecə-gündüz ayıq-sayıq olsunlar. Andranikin qoşunu hücum çəksə, iri-iri daşları, qayaları diyirlədib düşmənin yolunu kəssinlər. Və cəlladlara kəndimə soxulmağa imkan verməsinlər.

Erməni vəhşilərinin törədə biləcəyi qırğınların qarşısını almaq üçün xəlvətə salıb altdan-altdan gördüyüm bu işləri, yaratdığım müdafiə istehkamlarını özümdən başqa heç kəs bilmirdi. Düşünürdüm ki, bu sirri açıb-ağartsam hamı mənə güləcək. Babam da, dayım da, illaf məni can-ciyəri bilib əzizləyən qocam da qınayacaq. Deyəcəklər ki, hələ ağzından süd iyi gəlir. Belə səfeh işləri başından çıxart getsin. Ocağın gözünə qoymaq üçün bir şələ quru çırpı gətirə bilmir, Andranikin, Nijdehin, Hamazasın döşünə çıxana bax?!! Həm də rəhmdilliklə dəlil-dəlalət edəcəklər ki, olan olub, keçən keçib. Nikolay hökumətinin vaxtına baxma. İndi hər yerdə əmin-amanlıqdı. İstər azərbaycanlı olsun, istər erməni kimin nə həddi var bir-birinə dəyib-dolaşsın. Bir də ki, qanı qanla yumazlar. İndi Andranik, Nijdeh, Hamazas kimi ara qarışdırıb, qan tökən adamların meydanı deyil. Onların kitabı çoxdan bağlanıb.

Uşaq olsam da, açıq-aydın görürdüm ki, kəndə gələn pəncərə şüşələyən, at, qatır, öküz nallayan, palan tikən, divar hörən ermənilərə necə inanıb, mərhəm münasibət göstərirlər. Təzə Həsənlinin adamları erməniləri yuxarı başa keçirib, neçə gün evlərində qonaq saxlayıb, qabaqlarına yağlı xörəklər qoyub, sonra da gördürdükləri işin müqabilində ciblərini doldurub, arpadan, buğdadan, darıdan, pərincdən yüklərini tutub, hörmətlə yola salırdılar.

Mən isə ayrı cür düşünürdüm. Fikirləşirdim ki, andraniklər bağımızdakı çayır otu kimi bir şeydir. Düsərlə, bellə, külünglə nə qədər qazıb kökündən çıxartsan da, yenə də orda-burda cücərib baş qaldırır. Daşnakların törəmələri nə qədər sağdır, yenə də girəvə düşən kimi hücum çəkib kəndlərimizi Köhnə Həsənlinin gününə salacaqlar.

Böyüklər nə deyir-desin, erməni millətçilərinin ipinin üstünə odun yığmaq olmaz. Onlara etibar yoxdur. Xain ermənilərin qəlbimdə yaratdığı nifrət, kin-küdurət hisslərindən xilas ola bilmirdim. Neçə-neçə kəndin yolu Köhnə Həsənlinin xarabalıqları arasından keçir. Buradakı məscidlərin, mədrəsələrin, min bir əzab-əziyyətlə tikilmiş yüzillik, minillik binaların bir göz qırpımında yerlə-yeksan olduğunu görəndə qəlbim qan ağlayırdı.

Yaz ki, açıldı, camaat mal-heyvanı da götürüb itli-pişikli uzaq-uzaq dağlara köçür, payıza dönəndə geriyə qayıdırdılar. Hər ailədən bir nəfər aranda qalıb bağ-bağatla, əkin-biçinlə məşğul olurdu. Hər dəfə məni də dağa aparırdılar. Gecəli-gündüzlü neçə gün yol gedirdik. Tağ yurd yaylağına köçəndə beş yaşım vardı. Burada rəngbərəng çiçəklərlə bəzənmiş göy çəmənliklərdən, orda-burda nəzərə çarpan mamırlı daşlardan, balaca-balaca quşların sığındığı gəvən kollarından, qarlı təpələrdən başqa heç nə gözə dəymirdi. Yurd yerinə çatan kimi əvvəlcə alaçıq qurub, üstünə yağış keçirməyən boz rəngli qalın keçə salınır, yanlarına sıx toxunmuş çətən çəkilirdi. Sonra köhnə ağılların daş hasarları qaydaya salınırdı. Mən isə öz aləmimdə idim. Bir kənara çəkilib tərtəmiz göy qübbəsinin maviliklərinə, dağlara, düzlərə, yaşıllıqlara baxır, hey baxırdım. Heç bir dərdim yox idi. Ortada yeyib qıraqda gəzirdim. Ömrümün xoş, bəxtəvər, qayğısız anlarını yaşayırdım. Bircə Qarğı bulağının yanında saldığım kəndimdən nigaran idim. Bir də ki, Köhnə Həsənlinin xarabalıqları yadıma düşəndə əhvalım korlanırdı.

Bir yay səhəri naxır örüşə çıxanda, dayım ala cöngəni ağıldan buraxmadı. Günortaya yaxın, ala cöngəni alaçıqlardan bir qədər aralıda kəsib ətini qonum-qonşular arasında paylaşdırdılar. Ala cöngə ilə buzov vaxtı dostluq eləyərdim. Həmişə onun nazını çəkib, qaşqa alnına, yumşaq boyun-boğazına tumar çəkib par-par parıldadırdım. Ancaq yekələndə məni o qədər də saymırdı. Dana vaxtı bir dəfə xata eləyib yatdığı yerdə onun belinə minmək istədim. Dostluğumuza baxmayaraq, soncuqlayıb məni yerə vurdu. Qıçımın ağrıması bir yana, əynimdəki təzə məxmər pencək yaş təzəyə bulaşdı. Bir müddət ala dana ilə bir-birimizə yovuşmadıq. O mənim yanımda suçlu idi. Mən də ala danadan bərk incimişdim. Ancaq ala dana ilə yenidən mehribanlaşdıq və başa düşdüm ki, dana ilə buzov vaxtındakı kimi davranmaq olmaz. Bir dəfə də südəmər vaxtı aramızda inciklik olmuşdu. Başım nəyəsə qarışmışdısa, arxa tərəfdən köynəyimin ətəyini çeynəyib zay eləmişdi. Onda günahından keçdim. Fikirləşdim ki, hələ buzovdur, ağlı kəsmir. Elə bilib köynəyin də inək südü kimi dadı-tamı var. İndi həmin buzov yekəlib cütə-kotana qoşulmalı olmuşdu. Bəzən yaxınlaşanda mənə buynuz göstərirdi. Mən də hesabımı aparıb daha ona səmtimirdim. Buna baxmayaraq, ala cöngəni kəsəndə o günlərimi yada salıb, elə bikef oldum ki, hətta kövrəldim də. Ala cöngənin başına bıçaq çəkiləndə üzümü dağlara tərəf çevirib, gözlərimi yumdum. Az qalmışdı ki, ağlayam, özümü güclə saxladım. Qoca nənəm sacayağın üstünə qazan asıb, ala cöngənin ətindən yaxşı bir bozartma bişirdi. Hamı bu ləzzətli xörəyi iştahla yeyirdi. Lakin bozartmanın tikələri nə qədər dadlı, yumşaq olsa da, mənim boğazımdan keçmirdi. Elə bil daş-qaya yeyirdim. Səbəbini qoca nənəmə deyəndə məni o ki, var danladı. Başıma ağıl qoyub dedi ki, gözəgörünməzin qoyduğu qanunun əksinə getmə. Allahın sənə acığı tutar. Malın, qoyunun əti, südü yeyilmək üçün yaranıb. Qoca nənəmin sözləri məni xeyli yüngülləşdirdi. Ala cöngənin kəsilməsinə o qədər də heyfsilənmədim. Fikirləşdim ki, bunu özümə dərd eləsəm, Allahın mənə acığı tutar.

Həmin axşam naxır örüşdən qayıdanda südəmər buzovların, quzuların, çəpişlərin mələşib acgözlüklə analarının altına mənilmələrinə, anaların da öz balalarını duz kimi yalamalarına riqqətlə tamaşa edib, mütəəssir hisslər keçirirdim. Fikrim uzaqlara gedirdi. Analı günlərimi xatırlayırdım.

Qulağıma gələn vəhşi bağırtılar məni diksindirib bu niskilli hisslərdən ayırdı. Dönüb arxaya baxdım. Və qəlbi bir daşın üstünə çıxıb həmin səmtə boylandım. Bir sürü qaramal ala cöngənin kəsildiyi yeri dövrəyə almışdı və qurumamış qanı qoxuya-qoxuya nalə çəkirdi. Malların böyürtüsü alaçıqları başına götürmüşdü. Dəhşətli hadisə baş veribmiş kimi, orda-burda alaçıqların yanına qısılmış itlər ağız-ağıza verib ulaşırdılar. Uşaqlı-böyüklü hamı alaçıqdan çıxıb bu müdhiş mənzərəni təəccüblə seyr edirdi. Çobanlar dəyənəklərini işə salıb burada yas tutub, ağlaşma quran malların hərəsini bir tərəfə qovdular. Mən yaxınlıqda dayanan yaşlı kişiyə yanaşıb, şahidi olduğum bu həngamə barədə ona cürbəcür suallar verirdim. Bu cür hadisələrə öyrəşmiş yaşlı kişi təmkinlə:

– Qaramalın adətidir,- dedi. – Qan qoxusunu hiss edəndə baş-başa verib böyürür, haray-həşir salırlar. Bu da onların yas tutub ağlaşmasıdır. Gərək cöngəni kəsəndən sonra qanını basdırıb izini itirəydik.

Yaşlı kişi bu sözləri deyib xəyallandı və əlini gözümün üstünə tökülən qalın saçlarımda gəzdirərək:

– Bacıoğlu, qan tökmək pis şeydir, – dedi. – Görürsən, heyvan heyvanlığıynan qan görəndə üsyan qaldırır. Ona görə də həmişə kənddə öküz, inək, cöngə kəsəndə dərhal çala qazıb qanı basdırırlar ki, yeri bilinməsin. Bilinəndə, bax, bu cür şivən qoparırlar.

Bu sözləri eşidəndə məyus oldum. Fikir məni götürdü. Erməni daşnaklarının qoşun çəkib Köhnə Həsənlidə insanları qana boyaması gəlib durdu gözümün qabağında. – Heyvanlar qan görəndə dəhşətə gəlib üsyan eləyir, ağlayıb, haray-həşir salırlar. Bəs insanlar necə?! Görəsən Andranik, onun əli silahlıları bu cür şüursuz, dilsiz-ağızsız heyvanlardan niyə ibrət götürmür?! Qan tökməyi özlərunə rəva bilib, bu cür qəddar hərəkətləri ilə hələ bir qürrələnib, fəxr edirlər?!. Ona görə də Tağ yurdu yaylağından qayıdandan sonra Qarğı bulağı tərəfdə saldığım kəndin aqibəti barədə hey düşünürdüm. Və fürsət düşdükçə balaca kəndimə baş çəkib, səngərlərdəki gözətçilərin qulağına pıçıldayıb, onları başa salırdım ki, ayıq-sayıq olsunlar. Erməni başkəsənləri harda olsa, yenə də dirilib gələcək...

Təzə Həsənlinin kinosu yox, teatrı yox, məktəbə gedən vaxtım da deyildi. Evdə qalanda darıxırdım. Qocam da ki, gecə-gündüz üstümdə yarpaq kimi əsirdi. Məni gözündən kənara buraxmırdı. Deyirdi ki, təkbaşına bu yal-yamacı az ölç. Həftədə bir çarıq yırtırsan. Evdə gön qalmayıb. Gönə görə demirəm ey, baban hardan olsa tapıb gətirəcək, dilim-ağzım qurusun, gedib yal-yamacda azarsan, başına bir iş gələr, qabağına qurd-quş çıxar, ilan çalar, daşdan-qayadan yıxılarsan...Evdə oturanda arxayın oluram. Gördün darıxırsan, hərdən çıx kəndin arasına, tay-tuşlarınla oyna.

Qocamın sözüynən çox vaxt evdən bayıra çıxmırdım. İkilikdə olanda əyirib boyadığı rəngbərəng iplərin kələfini aça-aça mənə cürbəcür nağıllar danışır, öyüd-nəsihət verirdi. Deyirdi ki, oturanda-duranda, camaat arasına çıxanda elə hərəkət et ki, hamı saa bəh, bəh-desin. Həmişə danışığını bil, yersiz deyib-gülmə. Fikir vermişəm, hərdən qaşıqla umac, əriştə, süddü şorba, dovğa yeyəndə hortdadırsan. O pis adətdir. Qıraqdan baxanlar üzünə deməsə də, ürəyində səni qınayar. Nəbadə yalan söz danışasan. Sonra beüzm olarsan. Arxanca söyüb deyərlər: buna öyüd verən belə-belə olsun. Öyüd verənin də kimdir?! Mən, baban, dayın, atan... Yaxşı oğul ata-anasını söydürməz. Pis söz danışanın dilinə ziyil çıxar. Süfrəyə çörək gələndə acgözlük eləmə. Onda adama qarınqulu deyərlər. Xörəyi də çox yemə. Elə elə ki, həmişə gözün çörəyin dalınca qalsın. Çox yemək adamı az yeməkdən də qoyar. Yad yerə düşsən, çox yeyəndə dili dinc durmayanlardan biri qıpqırmızı üzünə vurub deyər ki, balam, saman sənin deyil, samanlıq da sənin deyil?...

Qocam bir dəfə üzünü bozardıb:

– Yaxşı yadıma düşdü, – dedi. – O nə ədəbsizlikdir eləmisən?! Ötən cümə axşamı hüzür yerindən gələndə, qapıbir qonşumuz Gülgəz xalan səndən giley-güzar elədi. Dedi ki, cücəli toyuğumuz çəpərin deşiyindən sizin qapiya keçmişdi. Itin qorxusundan o tərəfə addaya bilmədim. Nəvən də kənarda durub baxırdı. Nə qədər yalvarıb, ilan dili çıxartdım ki, xalan qurban, o toyuğun qabağına bir daş at geri qayıtsın, elə bil sözümü daşa deyirdim. Gədə yerindən də tərpənmədi... Gülgəz xalan heylə deyəndə, xəcalətimdən ölüb yerə girdim. O cür xasiyyətini tərgit. Adam üzüyola olar, yeri- deyəndə yüyürər. Böyüyün sözünü yerə salmaz. Hər şey o tərəfə qalsın, Gülgəzlə od qonşusuyuq. Nənən yerində də arvaddır. İnsafüçünə, səndən ötəri özünü öldürür, hər dəfə inəyi doğanda bulamasını birinci saa gətirir. İndi de görüm, bütün bunların qabağında saa yaraşarmı ki, onun dediyini yerə salasan?! Gərək Gülgəz xalanın ağzından söz çıxan kimi toyuğu da, cücələri ilə bir yerdə çəpərdən addadıb hinlərinə salaydın. O da saa bir bərəkallah deyərdi. Yadında saxla ki, sözə baxmaq ədəbdəndir. Qoy deməsinlər ki, filankəsin nəvəsində qanacaq deyilən şey yoxdur. Özümüzə görə adımız, sanımız var. Ocağımıza töhmət gətirmə...

Qəlbi sınıq nəvə kimi ailədə mənə nə qədər nəvaziş göstərib, nazımı çəksələr də, kiçik bir qəbahətimi bağışlamırdılar. Ona görə də çalışırdım ki, hər bir davranışım böyüklərin ürəyincə olsun. Özümü çox da ərköyün aparıb, şıltaqlıq eləmirdim. Valideynlərimin məndən iynənin ucu qədər incidiyini hiss edəndə, xəcalət çəkirdim və başımı qaldırıb onların üzünə baxa bilmirdim.

Bir dəfə babam həyətimizdəki iydə ağacının kölgəsində, özündən bir neçə yaş kiçik olan əmisi oğlu İsfəndiyarla qabaq-qənşər dayanıb nə barədəsə söhbət edirdilər. Mən isə öz aləmimdəydim. Dəhlizdəki taxtın üstündə arxası üstə uzanıb, ayaqlarımı da bir-birinin üstünə aşırmışdım. Babam gözucu mənə baxanda qırımından hiss etdim ki, bu saymazyana hərəkətimdən xoşu gəlmir. Və o, nurani sifətinə sərt ifadə verərək:

– Dur düz otur!- dedi. – Ədəbsiz! O mıxdakı qısırəmən dananın da qabağına bir çəngə ot at!

İsfəndiyar əmi gülümsəyərək:

– Məşədi, keçmə sənin bu xasiyyətindən. Hər xırda şeyə fikir verirsən. Uşağın xətrinə dəymə. Hələ onun nə vaxtıdır, yekələndə oturuşunu-duruşunu səndən, məndən yaxşı biləcək. Biz uşaq olmamışıq?!

Babam onunla razılaşmadı:

– Yox, İsfəndiyar, səhvin var, – dedi. – Ağacın əyrisini şiv vaxtı düzəltmədin, yoğunlayandan sonra ha çalışasan, xeyri yoxdur. Gərək uşağı bələkdə, küçüyü dəməkdə öyrədəsən...

Bu söz-söhbətdən hesabımı götürdüm. Babamın iradı mənə ibrət dərsi oldu. Ondan sonra böyüklərin yanında nəinki uzanmaq, yastığa belə, söykənmirdim.

Beləcə, hələ məktəbin qapısını açmamışdan əvvəl mömin valideynlərim mənə ədəb dərsi keçirdi. Yeri düşəndə babam deyirdi ki, uşaq nə qədər əziz olsa da, tərbiyəsi ondan əzizdir.

Bu kəlamların nə demək olduğunu az da olsa anlayırdım. Ona görə də mənə nə qədər – evimin dirəyi, gözümün işığı- deyib əzizləsələr də, valideynlərimin xoşuna gəlməyən hərəkətlərdən çəkinirdim.

 

 

Ardı var

 

Əli İLDIRIMOĞLU

 

525-ci qəzet.- 2010.- 12 mart.- S. 7.