Terrorçubaşının aqibəti:
adi sonluq, yoxsa rüsvayçı ölüm?
Bizim üçün bu mövzu qapanıb. Ölkə mediasında bu barədə az çox məlumat yayıldığındanmı, ənənəvi sadəlikdən, səmimiyyətdənmi, bəlkə müharibənin ilk raundundakı uğursuzluqdanmı, daha bu mövzuya toxunmaq istəmir, o səhifəni qapanmış hesab edirik. Lakin erməni tərəfin bu mövzuda “internet həmlələri”nin ardı-arası kəsilmir. Müasir texnologiyanın imkanlarından istifadə edib, informasiya şəbəkəsini nə iləsə müvəqqəti yükləmək olar. Amma bir məsələ barədə çox deyiləndə və yazılanda həqiqiliyi istər-istəməz şübhə doğurur. Söhbət, ermənilərin “Avo” ləqəbli “qəhrəmanı” – məşhur terrorçu Monte Melkonyanın ölümündən gedir.
Hər bir fərdin və ya xalqın seçiminə hörmətlə yanaşmaq gərəkdir – sivil dünya meyarları bunu tələb edir. Məsələn, Hitler demokratik əsaslarla hakimiyyətə gəlmişdi. Bu, səhv də olsa, o dövrdə alman xalqının seçimi idi. Yaxud günümüzdə bütün dünyanın rəsmən terrorçu kimi tanıdığı Abdulla Öcalanı kürdlər özlərinin lideri sayırlar. Eləcə də beynəlxalq miqyasda rəsmən terrorçu kimi qəbul olunmuş Monte Melkonyanı ermənilər “erməni xalqının əfsanəvi qəhrəmanı” hesab edirlər. Heç kim erməniləri bunun əksini düşünməyə məcbur etmir. M.Melkonyan “erməni xalqının əvəzolunmaz qəhrəmanıdır”. Olsun. Bizim üçünsə, o, minlərlə günahsız insanın ölümünə səbəb olan, əliqanlı cinayətkar, beynəlxalq terrorçu və hərbi canidir.
Monte Melkonyan Amerikada
doğulmuş, orada təhsil almışdı. Universitet təhsili
görmüş Melkonyan gənc yaşlarından “ümummilli
erməni ideyası”nı qəbul etmiş, “bütün
şüurlu ömrünü bu işə sərf edəcəyinə”
and içmişdi. Müxtəlif erməni dərnəklərində
fəal iştirak edərək, XX əsrin 70-ci illərində
Avropada ASALA erməni təşkilatının
yaradılmasında müstəsna rol oynamış, az sonra
fikir ayrılığına görə ASALA-dan qopub, onun
radikal qanadını yaratmış və bu qurumu terror təşkilatı
kimi tanıtmışdı. Hədəfə çatmaq
üçün terroru vasitə kimi seçmişdi. Hədəf
isə Avropada yaşayan türklər idi. Onun təşəbbüsüylə,
Avropadakı türk diplomatlarına, Türkiyə səfirliklərinə,
türkiyəli jurnalistlərə və mülki şəxslərə
qarşı, sözün əsl mənasında, müharibə
elan olunmuşdu. Qanlı partlayışlarda, yüzlərlə
günahsız insanın qətlində təqsirli bilinən və
Türkiyə dövlətinin israrlı tələbindən
sonra rəsmən beynəlxalq axtarışa verilən M.Melkonyan
həbs olunmuş, nəhayət, ASALA-nın fəaliyyətinə
son qoyulmuşdu. Hələ bundan xeyli əvvəl Melkonyan
Latın Amerikasının bəzi ölkələrində və
PKK terror təşkilatının düşərgələrində
təlim almışdı. Göründüyü kimi, terror
sözü bu şəxsi bütün ömrü boyu
müşayiət edib. Bütöv bir xalq üçün nə
qədər abır ifadə olsa da, faktdır ki, ölənəcən
öz əməllərindən dönməyən Melkonyan erməni
xalqının tam əksər hissəsinin pərəstiş
obyektinə çevrilib.
1990-cı ildə hansısa
sehrli qüvvənin əlilə bu məşhur terrorçu
müəmmalı şəkildə həbsdən azad olunur,
birbaşa Ermənistana, sonra isə Dağlıq Qarabağa
göndərilir. Tezliklə o, Martuni (Xocavənd) istiqamətində
vuruşan erməni hərbi birləşmələrinin
komandanı təyin olunur. Martuninin hərbi komendantı vəzifəsini
icra edən M.Melkonyan silahlı dəstələrdə sərt
nizam-intizam yaradılmasında, Azərbaycanın Xocalı, Kəlbəcər,
Ağdam rayonlarının işğalında, bu rayonların
azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə
əməliyyatında rəhbər və icraçı kimi
birbaşa iştirak edir.
M.Melkonyan 1993-cü il iyun ayının
12-də Martuni rayonunun Muğanlı kəndində Azərbaycan
ordusunun 22 yaşlı kəşfiyyatçısı İbad
Hüseynov tərəfindən öldürülür,
başı kəsilərək götürülür.
M.Melkonyanın terror aktları törədilməsində
müstəsna iştirakı və müharibə zamanı
etdikləri məlumdur. Lakin bütün bunlara onun yox yerdən
nail olduğunu necə iddia etmək olar? Hər şey Monte
üçün qurulmuş, təşkil edilmişdi.
Çünki o özü bu yola can atırdı. Hələ
məlum deyil ki, Melkonyan hansı yolla Fransa həbsxanasından
azad olunub və Qarabağa necə, hansı şərtlərlə
göndərilib. Məhz göndərilib. Deməli, Melkonyan
ona yaradılan şərait, verilən imkan hesabına sərbəstcə
hərəkətə keçmişdi. Doğrudur, Melkonyan
onunla eyni yolda olan ermənilərin çoxundan fərqlənirdi,
yəni hər sıravi erməni
terrorçu-döyüşçüsünün tayı deyildi,
yəni terrorçuların başçısı idi.
Hansı cəhətlərinə görə belə bir həddə
gəlmişdi, bu barədə yuxarıda az-çox söz
açdıq. Amma fakt budur ki, lap yekə terrorçu da olsa,
proseslərin ümumi axarının və nəticələrinin
heç ən cüzi faizini də Melkonyan müəyyənləşdirmirdi
və bunu bacarmazdı da.
Göründüyü kimi,
biz M.Melkonyanın məşhur terrorçu, amansız cani
olaraq başqalarından seçildiyini danmırıq. Ancaq
onun qurulmuş ümumi bir oyunun çox fəal
iştirakçısı, arxasını güclü yerə
söykəmiş biri kimi fərqlənə bildiyini də
gizlətmək mümkün deyil.
Ermənilər
M.Melkonyanın obrazının həddən artıq
şişirdildiyini, hətta tanınmaz hala
salındığını etiraf etməlidirlər. Qeyd
etdiyim kimi, o, yaradılmış imkan daxilində edə biləcəklərini
edib. Melkonyanı “qəhrəman Avo” kimi təqdim etmək
üçün azərbaycanlıların canlı qüvvə
və hərbi texnikasının sayını, terrorçunun
Azərbaycan ordusuna vurduğu ziyanı fantastik həddə qədər
şişirdən erməniləri hardasa başa düşmək
olar. Neyləməli, milçəkdən fil düzəltməyin
yolu budur. Amma azərbaycanı döyüşçüləri
“əfəl, qorxaq və bacarıqsız” qələmə
vermək üçün ermənilərin dəridən-qabıqdan
çıxmaları heç cür anlaşılmır. Əgər
M.Melkonyan bu cür “əfəl, qorxaq və
bacarıqsız”larla vuruşubsa, bəs onda ermənilər
öz “Avo”larına hansı üzlə “qəhrəman” deyirlər?
Halbuki Melkonyanın guya “lap çox fərqləndiyi”
döyüşlər – Martuni (Xocavənd) rayonunun Əmralılar,
Muğanlı, Kuropatkino kəndləri uğrunda vuruşmalar
bilavasitə mənim və onlarla şahidimin
iştirakıyla, gözlərimiz qarşısında baş
verdiyindən ermənilərin bu haqda uydurduqlarının
ağ yalan, sayıqlama və cəfəngiyyat olduğunu
adım kimi bilirəm. Hərbi-strateji baxımdan heç
cür müdafiə oluna bilməyəcək durumda qalan kəndlər
heç bir təlim görməmiş bir dəstə
döyüşçü və texniki cəhətdən
nasaz olan iki tankla müdafiə olunurdu. Bizim, ermənilər
uydurduğu kimi, heç də 20 BMP və 10 tankımız,
1000 nəfərlik canlı qüvvəmiz yox idi və ola bilməzdi
o döyüşlərdə. Amma kaş ki, olaydı.
Ermənilər həmin
vuruşmalarda uğradıqları tələfatdan – xüsusi
həblərlə “cəsarətləndirilmiş” qara
kombinezonlu döyüşçülərinin məhvindən,
hansı itkilərlə üzləşdiklərindən
yazmağa qətiyyən həvəs göstərmirlər.
Qoy desinlər, yazsınlar görək, 1992-ci il yanvarın
14-də M.Melkonyanın nəzarət etdiyi Martuni rayon mərkəzini
hücumla ələ keçirən, onları ağır tələfata
məruz qoyan kimlər idi? Geri çəkilib, 3 gündən
sonra Martunini yenidən ələ keçirən kim
olmuşdu? Bunlar Azərbaycanın könüllü
özünümüdafiə qüvvələrinin ciddi
hazırlıq və yetərli texniki imkan olmadan həyata
keçirdikləri əməliyyatlar idi. Ancaq yalnız avtomat
və pulemyotlarla silahlanmış, taktiki-strateji təlim
görməmiş bir qrup Azərbaycan
döyüşçüsü, təbii ki, ardıcıl
kömək alan ermənilərdən aldıqları şəhəri
uzun müddət əldə saxlaya bilməzdi. Heç nəyə
əhəmiyyət vermədən irəliləyən həmin
dəstənin önündə İbad gedirdi. 31 martda Qarakənd
istiqamətində erməni BMP-sinin yandırılması, 24
apreldə iki erməni postunun məhvi, iyunun 4-dən 5-nə
keçən gecə ermənilərin yenicə qurduqları
postun bir neçə dəqiqədə
dağıdılması, 9 erməninin öldürülməsi
və bütün silahlarının qənimət kimi
götürülməsi, 3 gün sonra Martuni ətrafındakı
yüksəklikdə, olduqca əlverişli mövqedə yerləşdirilən
və çox böyük əraziyə intensiv artilleriya zərbələri
endirən erməni uzaqvuran topunun şəxsi heyətlə
birlikdə məhv edilməsi və yenə qənimət
silahlar ələ keçirilməsi... Və yenə həmin
kiçik dəstə və onun da önündə İbad.
Bütün bunlar kiçik bir kəşfiyyat-diversiya dəstəsinin
döyüş xronologiyasından bəzi epizodlardır və
o dövrə aid rəsmi sənədlərdə öz əksini
tapıb.
1993-cü il iyun
ayının əvvəllərində ermənilərin Martuni
istiqamətində fəallaşdığı və zərbə
batalyonlarının burada cəmlənməsi Azərbaycan hərbi
kəşfiyyatı tərəfindən müəyyənləşdirilmişdi.
Cəbhənin bu istiqamətində irimiqyaslı
döyüş əməliyyatlarının
başlanacağı labüd idi. Mütəmadi keçirilən
kəşfiyyat əməliyyatları nəticəsində
alınan bilgilər bunu dönə-dönə təsdiqləyirdi.
Həmin günlərdə İbadın
başçılığı altında bizim kəşfiyyat
qrupu növbəti dəfə düşmən arxasına
göndərilmişdi. İyunun 11-də sübh tezdən ermənilər
Ağcabədi rayonunun Qiyaməddinli kəndi tərəfdə
tank reydi keçirdikləri zaman İbadın kəşfiyyat
dəstəsi düşmən arxasında növbəti əməliyyatı
yerinə yetirirdi. Ertəsi gün – iyunun 12-də isə o məşhur
hadisə baş verdi.
Martuniyə bitişik, ermənilərin
nəzarətində olan Əmrallar və Muğanlı kəndlərinə
yollanan Azərbaycan kəşfiyyatçıları artıq
3-cü gün idi ki, düşmən arxasında idilər.
İşğal edilmiş Muğanlı İbadın doğma
kəndi olduğundan oraların hər qarışına bələd
idi. Tamamilə dağıdılmış Kuropatkino kəndindən
Muğanlıya tərəf istiqamətlənən bir UAZ
maşını ya Xonaşen çayından keçə
bilməmiş, ya da xarab olub yolda qalmışdı.
Maşından bir nəfərin düşüb, kəndin
içərisinə doğru piyada irəlilədiyini bizim kəşfiyyatçılar
görmüşdülər və onu diqqətdə
saxlayırdılar. Arxaya boylananda özününkülərdən
iki nəfərin onun arxasınca gəldiyini görən
öndəki adam onlara əliylə, “geri qayıdın”
işarəsi verdi. Bu erməninin səhvi ona baha başa gələcəkdi.
Həmin anlarda onun konkret olaraq kimliyi bizim kəşfiyyatçıları
maraqlandırmırdı, məşhur terrorçu Avo –
Melkonyan olduğu isə heç ağıllarına da gəlməzdi.
Erməni döyüşçüsüyüdü, vəssalam!
O dövrdə Melkonyan barədə Azərbaycan tərəfdə
heç kim eşitməmişdi, amma ermənilərin Avo
adlı komandirlərinin olduğu az-çox məlum idi. Bu
adamın Avo – Melkonyan olduğunu azərbaycanlı kəşfiyyatçılar
hələ 2 saatdan sonra biləcəkdilər. Elə Avonun
yoxa çıxmasından da ermənilər düz 2 saatdan
sonra xəbər tutacaq və dərhal onun kütləvi
axtarışına çıxacaqdılar.
Ermənilər sonra kəndi
güclü atəşə tutaraq, az qala hər kolun dibini
axtarır, elə hey “Avo” qışqırırdılar. Bir
neçə saatlıq axtarış heç bir nəticə
vermədi. Nə Avonun meyitini, nə də azərbaycanlı kəşfiyyatçıları
tapa bilmədilər. Halbuki dəfələrlə bir neçə
metr yaxınlıqdan keçib getmişdilər.
Azərbaycan kəşfiyyatçıları
necə bir düşməni məhv etdiklərini bu vurhavurdan
sonra tam mənasıyla anlamağa başladılar. Və
yalnız bundan sonra dəstənin komandiri İbad, tutarlı
sübut, əşyayi-dəlil kimi, kəsdiyi başı
mütləq özlərilə götürməyə qərar
verdi. Onların hansı yollarla mühasirədən
çıxıb geri qayıtdıqları tamamilə
başqa mövzudur və məlum səbəblər
üzündən bunu açıqlamağı lazım bilmirəm.
Hərbi hissədə hər
şeyi olduğu kimi danışıb, faktı da ortaya
qoydular. Ən vacib detallar lazımi qurumların nümayəndələri
tərəfindən qeydə alındı və həmin qeydlər
danılmaz sənəd-sübut kimi bugünədək qalmaqdadır.
İbadla bağlı elə buradaca, qısa olaraq, qeyd edim ki,
həmin hadisənin ardınca döyüş yolunu davam etdirən
İbad bir müddətdən sonra minaya düşərək
ağır yaralandı, kontuziya aldı, sözün əsl mənasında,
ölümdən döndü və bunun ardınca məcburən
ordudan tərxis olundu.
M.Melkonyanın “yenilməz
komandir” obrazının cızıldığı, onun az qala
yalın əllə “təpədən-dırnağacan
silahlanmış Azərbaycan ordusunu məhv etməsi” barədə
erməni nağılları tez-tez səslənir. Bu
nağılları quraşdıranlar M.Melkonyanın
ölümü barədə gerçəyi gizlətməklə
əslində ona ölümündən də artıq zərbə
vurduqlarını unudurlar, yəqin ki. Onun ölüm səhnəsi
haqda yekdil rəy söylənmədiyi üçün yalan
lap asanlıqla üzə çıxır. Erməni mənbələrində
bu haqda müxtəlif versiyalar var. Bunlardan heç biri
reallığı əks etdirmir və heç biri də
Melkonyanın xeyrinə deyil, onu əslində daha da
aşağılamağa xidmət edir. Ermənilər öz
“Avo”larını gah Azərbaycan artilleriyası tərəfindən
vurulduğunu, gah maşınının tankəleyhinə
minaya düşdüyünü, gah BMP-dən atılan atəşlə,
gah snayperlə öldürüldüyünü, gah
yaralanaraq, son nəfəsdə yoldaşlarını xilas etmək
naminə özünü qurban verdiyini, hətta yaralı halda
belə, guya bir neçə azərbaycanlı
döyüşçünün öhdəsindən gəldikdən
sonra həlak olduğunu, gah erməni mafiyası
üçün təhlükəyə çevrildiyi üçün
xaincəsinə aradan götürüldüyünü,
özü də cəbhənin gah bu, gah da digər istiqamətində
öldüyü barədə məlumatlar yayırlar. Bu qədər
də ziddiyyət olmaz ki! Hələ başqa bir versiya da var
ki, guya o, azərbaycanlı döyüşçülər tərəfindən
UAZ markalı maşında gülləbaran edilərək
öldürülüb. Bunlardan hansına inanaq? Qəribədir
ki, Melkonyanın ölümü ilə bağlı elə Azərbaycanda
da ermənilərin qurama versiyalarına əsaslananlar yox deyil.
Onlar da “Avo”nu bu cür müəmmalı ölümə layiq
görür, guya zirehli texnikadan açılan atəşlə
məhv edildiyini yazır, görmədən-bilmədən,
Melkonyanın məhvini tamam başqa ünvanlara yönəldir.
“Avo”nun əlbəyaxa,
üzbəüz mübarizədə, 22 yaşlı Azərbaycan
kəşfiyyatçısı İbad tərəfindən,
özü də Melkonyanın nəzarətində olan ərazidə,
günün günorta çağında öldürülərək,
başının kəsilib götürüldüyünü
etiraf etmək ermənilərə əsla sərf eləmir,
bu, aydın məsələdir. Amma bu məqamda onların
uydurmalarını həqiqətəuyğun sayan digərlərini
başa düşmək çətindir.
Əslində, gerçəyi
demək erməni tərəfə daha sərfəli
olmalıydı. Niyə? Bunu aydınlaşdırmağa
çalışaq: Müasir hərbdə düşmənin
canlı qüvvəsini məhv etmək üçün
çeşidli vasitələr mövcuddur. Ancaq əsl
döyüşçü üçün daha münasib
saydığı, hətta bəzən arzuladığı
ölüm səhnəsi var: Şəxsən mən
artilleriya zərbəsindən və ya mina partlayışından
ölməkdən həmişə qorxmuşam. Bu, ucuz
ölüm olardı. İstəmişəm, yaxından,
atıcı silahdan açılan atəşlə
öldürülüm. Özünə az-çox hörmət
edən döyüşçü bu cür ölümü
üstün tutar, məncə. “Avo”nun mərmi və ya mina
partlayışından, yaxud mafiyanın əliylə, naməlum
bir snayperin gülləsilə öldürülməsi
versiyası erməniləri niyə bu qədər cəlb
edir, görəsən? Bəlkə meyitin
başsızlığı məsələsinə görə?
Axı bundan da onlar Melkonyanı “həqiqi əzabkeş” kimi qələmə
vermək üçün istifadə edə bilərdilər.
Bir mühüm məqam da
var: ermənilərin bu mövzuyla bağlı
davranışları bir daha sübuta yetirdi ki, onlar əsl
qafqazlı deyillər, həqiqətən Qafqaza hardansa
uzaqlardan, çox da uzaq olmayan keçmişdə
axışıb, köçürülüb gəliblər.
Axı Qafqazda kişinin kişi ölümü var, kişi
kişiylə düşmənçilik edər,
ölümünü də kişi əlindən görməyi
arzulayar. Əgər yapon samurayları xarakiri edib
özünü öldürməyi xoşbəxtlik
sayırdılarsa (samuray ləyaqətini axıracan qorumaq
üçün), Qafqazda kişinin də kişi tərəfindən,
kişi kimi öldürülməsi normal sayılır. Nə
fərqi var ki, M.Melkonyan məşhur terrorçu-komandir,
İbad isə 22 yaşında kəşfiyyat-diversiya dəstəsinin
komandiri olub. Ermənilər ağ yalanı, gülməli
uydurmaları bu faktdan yararlanmaqdan, həqiqəti etiraf etməkdən
üstün tutublarsa, “Avo”nun ölümünü minanın,
mərminin, snayperin, mafiyanın üstünə atırlarsa,
onların harası qafqazlı oldu?
Bir daha “Avo”nun ölüm epizoduna qayıdaq: Təsəvvür edin, 12-15 metr məsafədə üzbəüz gələn düşmənlər bir neçə dəqiqə ərzində tərpənmədən bir-birinə baxırlar, atəşdən yayınmağa, əlavə manevr etməyə çalışmaq əbəsdir, məlumdur ki, kimsə o birini öldürəcək. Yalnız düşmənini öldürmək sağ qalmağa təminat verə bilər. Eyni vaxtda hərəkətə keçən tərəflərdən xeyli cavan və çevik olanı – İbad daha cəld tərpənir. 22 yaşlı gənc kəşfiyyatçı ilə yaşı 40-a yaxınlaşan terrorçunun çevikliyi, təbii ki, eyni ola bilməzdi. Hər halda, fakt budur ki, ilk həmlədən sonra “Avo” bir neçə dəqiqə müqavimət göstərməyə çalışır, ancaq İbad “məsələni çox tez həll edir”. M.Melkonyanın ölümü məhz bu şəraitdə baş verib, vəssalam. “Başsız cəsəd” məsələsinin İbadın – yəni bizim əleyhimizə işləyə biləcəyi məlumdur. Amma o məqamda hansısa humanizm prinsipini düşünməyi, hüquqi-mənəvi məsuliyyət barədə fikirləşməyi qorxunc düşmənlə qəfil əlbəyaxa olan bir dəliqanlıdan, sonra da özüylə geriyə “əşyayi-dəlil” götürməyi qərara alan gənc kəşfiyyatçıdan necə gözləmək olar? Buna görə kimisə qınamaq lazımdırsa, qınanacaq tərəf illər boyu dinc insanları qırmağı özünə peşə edən, ona heç bir dəxli olmayan torpaqda başını itirən M.Melkonyandır. Digər tərəfdən, məgər “demokratiya beşiyi” kimi qələmə verilən ölkələrin rəhbərliyi düşmən saydıqları beynəlxalq terrorçu kimi axtardıqları Ben Ladenin başına görə pul mükafatı vəd etməyiblərmi? Hələ buna görə qazanılacaq şan-şöhrət və başqa imtiyazları demirik. Deməli, insanlıq əleyhinə cinayətlərlə ad qazanmış, minlərlə insanın qətlində əli olan və rəsmən terrorçu adlandırılan birisinin, öldürülməsi, qətlin formasından asılı olmayaraq, bu gün də ədalətin təntənəsi kimi qəbul edilə bilər. Misal üçün, fransızların ermənilərlə sıcaq münasibətləri olduğu hər kəsə məlumdur. Lakin Xocalı faciəsinin törədildiyi əraziyə baxış keçirən bir fransız jurnalisti onlarla insanın, körpə uşaqların güllələrdən deşik-deşik edilmiş, işgəncəyə məruz qalmış cəsədlərini görəndə dəhşətə gəlmiş, sarsılmışdı. Bu fransız daha heç vaxt ermənipərəst olmayacaqdı və böyük ehtimalla, o jurnalist gözləri önündəki müdhiş mənzərənin müəlliflərinin, körpə uşaqların qatillərinin başının kəsilməsinə, ən azı həmin anda, etiraz etməzdi. O qırğının qurbanlarının qanından M.Melkonyanın da üstündə vardı. Bu halda məntiq nə deyir? Cavab məlumdur.
Digər tərəfdən Melkonyan İbadın işğal edilmiş və viran qoyulmuş doğma kəndində – deməli, evində öüldürülüb. Çağrılmamış əli qanlı və silahlı qonaqla, düşməncəsinə evə soxulan birisi ilə bu cür rəftar etmək təbii deyilmi?
Kimsə
soruşa bilər ki, bəs müharibə qanunları?...
M.Melkonyan Amerika vətəndaşı olduğundan onun
münaqişə edən tərəflərdən birinə
qoşulması, yəni ermənilərə dəstəbaşılıq
etməsi yolverilməzdi. Təbii ki, ermənilər buna “milli
təəssübkeşlik” donu geyindirmək istəyirlər.
Ancaq xarici ölkə vətəndaşı olduğu halda
Qarabağda qanlar axıtdığı üçün biz
Melkonyanı tam əsasla muzdlu döyüşçü-qatil
adlandıra bilərik. Beynəlxalq qaydalara görə,
müharibə qanunları muzdlu döyüşçülərə
şamil edilmir. Bu mənada, 1993-ün iyununda 22 yaşlı
İbadın kəsdiyi həmin başa da sorğu-sual ola bilməz.
Deməli, Melkonyana münasibətdə məlum qanunlar, sadəcə,
işləmir və onun Qarabağda başını itirməsinə
görə də, özündən savayı, kimisə
qınamaq yersizdir.
Sahib ŞİRİNOV,
keçmiş
döyüşçü
525-ci qəzet.- 2010.- 12 mart.- S. 6.