İki “Ovqat”
TV-də stereotip və axtarışlar
“Şərqi geri qoyan fikir tənbəlliyidir”.
Əbu Turxan
Bir neçə il əvvəl ictimai kanalda işıq üzü görən “Ovqat” televiziya proqramı belə bir yanlış təsəvvürü dağıtmağa müvəffəq oldu ki, guya tamaşaçılar ziyalıların deyil, şoumenlərin, komediantların, dedi-qoduçuların söhbətlərinə daha böyük həvəs göstərirlərmiş. Hətta əgər belədirsə, bu acınacaqlı vəziyyət neçə illər ərzində aparılan qüsurlu efir siyasətinin nəticəsidir. Amma istənilən halda “Ovqat” ciddi ziyalı söhbətinə, ölkəmizin tanınmış alim, şair və sənətkarlarının həyata baxışı, yaradıcılığı ilə tanış olmağa tamaşaçıların böyük ehtiyacı olduğunu üzə çıxartdı.
Günlərin bir günündə “Ovqat” ikiləşdi. Onun ənənəvi aparıcısı eyni ad və quruluşda bu dəfə AzTV-də efirə çıxdı. Ən nüfuzlu iki televiziya kanalı arasında “Ovqat” uğrunda bir mübarizə başlandı. Bu əhvalatın zahiri tərəfləri və detalları bizi maraqlandırmır. Verilişin tarixçəsi, müəlliflik hüququ məsələləri, hansı jurnalistin aparıcı olması ikinci dərəcəli məsələlərdir. Maraqlı olan budur ki, əgər tamaşaçılar ziyalı söhbətinə ehtiyac hiss edirsə, bu tələbat nəyə görə müxtəlif formalarda və formatlarda, müxtəlif efir vaxtlarında ödənilmir? Məhz bunun nəticəsi deyilmi ki, şou-biznes ulduzları mahnı oxumaq əvəzinə, müxtəlif verilişlərə aparıcılıq edir və insanların real həyati tələbatları ilə bağlı “fəlsəfi” söhbətlərə girişirlər? Zira, boşluq varsa, o, mütləq dolmalıdır. Əslində aktual mövzular gündəmə gətirilir, tamaşaçının ehtiyacı guya ödənilmiş olur, sadəcə səviyyə aşağı düşür. Və səviyyəsi aşağı salınmış tamaşaçı daha artıq yüksək meyarlardan çıxış edən və çətin başa düşülən mühakimələri dinləmək belə istəmir.
Maraqlı olan bir də budur ki, görəsən, tamaşaçılar bazar günü səhər tezdən yuxularına haram qataraq televizoru aparıcıya baxmaq üçünmü, yoxsa onun dəvət etdiyi qonaqların söhbətlərini dinləmək üçünmü açırlar? Axı, TV kanalları fərqli olsa da, verilişə dəvət edilə biləcək ziyalı kontingenti eynidir. Yəni tamaşaçını ilk növbədə istər-istəməz kimin dəvət olunduğu maraqlandırır. Əlbəttə, aparıcının da müəyyən rolu vardır. Lakin o ancaq vasitəçidir. Belə olan halda, TV kanalları arasında mübahisənin əsasında, görəsən, nə dayanırdı?
Heç cür inana bilmərik ki, hər şey “ovqat” sözünün başında imiş. İndi də “Ovqat” olmasın, “Sovqat” olsun. İndi də bu aparıcı olmasın, başqası olsun. Düzdür, onun da yetkinləşməsi üçün müəyyən axtarış və vaxt lazımdır. Amma gec-tez bu məsələlər öz yerini tutacaqdır. Əsas məsələ ideyanın düzgün qiymətləndirilməsidir. Bu baxımdan, AzTV “Ovqat”a sahiblik etməklə kifayətlənməyərək, “İdrak”, “Günün nəbzi” və başqa bu kimi verilişlər də işləyib-hazırladı ki, bunlar hamısı tamaşaçıların yüksək mənəvi və intellektual ehtiyaclarının ödənilməsinə xidmət edir. Yəni ilk vaxtlar AzTV bu istiqamətdə daha çox fəallıq göstərə bildi.
İctimai televiziya isə “Ovqat”ı “Sovqat”la əvəz etməklə əvvəlcədən başladığı işi davam etdirməyə çalışdı.
“OVQAT” VƏ “SOVQAT”
Rəqabətsiz inkişaf yoxdur. Bu hadisə də yeni axtarışlar üçün stimul oldu. Amma özünü qalib hiss edən “Ovqat” yeniləşmək üçün ciddi cəhdlər göstərmədi. Hər şey eyni ilə saxlandı. Söhbətin mövzusu da (şən əhval-ruhiyyə), hətta dəvət edilənlər də əvvəlkilərin təkrarı oldu. Necə deyərlər, “gördüyünü qoyub, görəcəyə getməyə nə hacət?”. “Sovqat” isə təkcə yeni aparıcı axtarışı ilə kifayətlənməyərək, fərqli görüşlər və söhbətlərin sorağı ilə çox-çox uzaqlara gedib çıxdı; qonşu ölkələrdə, Türk Cümhuriyyətlərində yaşayan Azərbaycan ziyalılarını və yenə də ilk növbədə şairlərini tamaşaçılara təqdim etməyə çalışdı. Lakin bizi uzaq ellərdəki soydaşlarımızın yaradıcılığı ilə tanış edən bu cür görüşlər özlüyündə çox dəyərli olsa da, “Ovqat”la rəqabət planında düzgün taktika sayıla bilməzdi. Bu qədər zəhmət hesabına başa gələn və həqiqətən çox gərəkli olan bu verilişlərin rəqabətdə uduzmasının səbəbi isə jurnalistlərin səviyyəsindən, peşəkarlıq dərəcəsindən deyil, ideyanın özündəki bir məqamdan irəli gəlirdi. Məsələ burasındadır ki, “Ovqat”ın (yaxud “Açıq dərs”, “Bir mahnının tarixçəsi” (İTV), “Zərif çərşənbə” (ANS), “Tərəf-müqabil” (AzTV), “Dost məclisi” və “Pəncərə” (“Xəzər”), “İrsimiz” (ATV) və s. bu kimi verilişlərin) üstünlüyü məhz tanınmış, mötəbər ziyalıların, görkəmli söz və fikir adamlarının iştirakında, ya söhbətlərin intellektual səviyyəsində, ya da şöhrət sindromundadır. Azərbaycanın ən çox tanınan, sayılıb-seçilən ziyalıları isə, şübhəsiz ki, ilk növbədə öz ölkəmizdə müəyyən mövqe tutmuş, özünü artıq təsdiq etmiş şəxslərdir. Onları hətta barmaqla saymaq mümkündür. Harada isə ölkəmizdən kənarda yaşayan böyük ziyalılarımız isə çox azdır. Bu mənada, əlbəttə, Mir Şahin (ANS) kimi, xaricdə yaşayanların da ən məşhurları ilə söhbətləşə bilsələr, uğur qazanmaq olardı. Amma bu da hər dəfə olmur. Ona görə də, “Sovqat” yenidən əvvəlki formata qayıtdı və tanınmış ziyalı sorağına çıxdı.
Biz bu məsələnin təfərrüatlarını ona görə təhlil edirik ki, bu iki veriliş arasındakı rəqabət ölkəmiz üçün böyük ictimai əhəmiyyəti olan mühüm bir problemi daha aydın nəzərə çarpdırdı. Bu problem – ziyalı defisitidir. Böyük titulları, yüksək elmi dərəcələri olan şəxslərin heç də hamısının tamaşaçıya deməyə sözü yoxdur. Burada problemin başqa bir cəhəti də üzə çıxır. Bizim böyük alimlərin və vəzifəli şəxslərin bir qismi yüksək nitq mədəniyyətinə və tamaşaçı ilə ünsiyyət vərdişlərinə malik deyillər. Yaxşı mütəxəssis olmaq bir məziyyətdir, səmimi söhbət apara bilmək, öz ideyalarını ustalıqla çatdırmaq isə başqa bir məziyyətdir. Görünür, məhz bunun nəticəsidir ki, eyni adamlar eyni proqrama bəzən üçüncü dəfə dəvət olunurlar. Yaxud başqa peşə sahibləri arasında ünsiyyətcil tərəf-müqabil tapa bilmədikdə, “nə yaxşı ki, şairlərimiz bol imiş”, – faktı yada düşür. Burada aparıcını qınamaq da düz deyil. Xarici ölkələrdə, o cümlədən, qardaş Türkiyədə ictimai və mədəni-mənəvi problemlərin təhlili ilə ilk növbədə əsas işi məhz bu təhlillərdən ibarət olan şəxslər: fəlsəfəçi və sosioloqlar məşğul olurlar. Bizdə isə sosiologiyamı hələ gəlişməyib, rəsmi fəlsəfəçilərmi bu funksiyanı yerinə yetirə bilmir, jurnalistlərinmi dünyagörüş səviyyəsi aşağıdır, ya nədəndirsə, bu sahədə adekvat olmayan bir yerdəyişmə baş vermiş, insanın mənəvi dünyası və ictimai həyatla bağlı məsələlər sıravi jurnalistlərin və estrada ulduzlarının öhdəsinə buraxılmışdır.
Görünür, ölkəmizdə, ictimai və humanitar elmlərin vəziyyəti ilə əlaqədar həyəcan təbili təsadüfən çalınmır.
“SOVQAT”IN REVANŞI
“Sovqat”ın sadəcə
yeni adla deyil, həm də yeni ideya və yeni qonaqlar
seçimi ilə diqqəti cəlb etməyə
çalışması, nəhayət ki, öz bəhrəsini
verdi. 8 Mart Qadınlar
bayramı ərəfəsində “Sovqat” ənənədən
kənara çıxaraq həm formatı dəyişməklə,
həm məhz qadınları dəvət etməklə, həm
də gənclərə yönəli bir söhbət
açmaqla yeni simada üzə çıxdı və yeni
söz deyə bildi.
Ziyalı
defisiti şəraitində bu, çox uğurlu bir
tapıntı idi. İndi sıramızda olmayan, lakin öz yaradıcılığının
gücü ilə, sözü ilə yenə də köməyə
gəlmək iqtidarında olan klassikaya müraciət: yenə
Rəsul Rza, Xəlil Rza, Məmməd Araz, Anar... Böyük sənətkarların yad edilməsi və
eyni zamanda bizə miras qoyduqları bədii irslə
yanaşı, onların canlı təcəssümləri ilə
görüş. Və ən
başlıcası, yeni nəslin təqdimatı. Bu baxımdan, məsələn, yazıçı
Günel Anarqızının özünüifadəsi. Əlbəttə, Anar bu gün də aktualdır.
Amma indi oxucular, tamaşaçılar beşmərtəbəli
evin təkcə altıncı mərtəbəsinə deyil,
onaltıncı mərtəbəsinə də maraq göstərirlər.
Yəni altıncı mərtəbənin də
öz növbəsində necə mərtəbələndiyini
gənclər bizdən daha yaxşı bilirlər.
Firəngiz xanım bizi Xəlil Rza şəxsiyyətinin
indiyədək açılmamış səhifələri
ilə tanış etdi, sovet dövründə KQB xofuna qalib gələn
mübariz milli ruh haqqında gənclərimizdə təsəvvür
yaratdı. İradə Tuncayın mühakimələri sayəsində
qadınların gözü ilə baxanda
bu dünyanın bizim görə bilmədiyimiz rəng
çalarları üzə çıxdı. Bir sözlə,
“Sovqat” yeknəsəqlikdən ayrılaraq
tamaşaçılara yeni baxış, yeni səs, yeni nəfəslə
təmas imkanı yaratdı. Düzdür, “bu fərqli
mühiti daha hansı formalarda və daha kimlərin sayəsində
davam etdirmək olar?” – düşüncəsi müəyyən
bir nigarançılıq yaradır. Amma hər bir
orijinallıq, hər bir yaradıcılıq dəstək
görərsə, daha davamlı olar. Gəlin, yeniliyi dəyərləndirək,
yaxşıya yaxşı deməkdən çəkinməyək!
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2010.- 12 mart.- S. 5.