Poeziya

 

Azərbaycan

 

Bəsdir uydun, bəsdir yetər,

Fitnə-felə, Azərbaycan.

Nə ah çəkmək dada yetər,

Nə də nalə, Azərbaycan.

Könlün hələ qəm üstədir,

Kipriklərin nəm üstədir.

Səsin niyə bəm üstədir,

Qalxmır zilə, Azərbaycan.

Yurd yerləri səpələnib,

Dərd yığılıb təpələnib.

Ürəyimdir qəlpələnib,

Gəlmir ələ, Azərbaycan.

Üfiq kimi gərilibsən,

Göysən yerə sərilibsən.

Sinəm üstdən dərilibsən,

Lalə-lalə, Azərbaycan.

Göyçə, Dərbənd yurd yerləri,

Qurdsuz qalan qurd yerləri.

Ürəyimin dərd yerləri,

Çoxdur hələ, Azərbaycan.

Haqq yox olub itə bilməz,

Nahaq haqqa yetə bilməz.

Dünya axı gedə bilməz,

Elə-belə, Azərbaycan.

Babəkin öz həyatı da,

Toy-düyünü, büsatı da,

Arzusu da, muradı da,

Sənsən elə, Azərbaycan.

 

 

Varlıq-yoxluq

 

Xalq şairi

Bəxtiyar Vahabzadənin xatirəsinə

 

Yoxluq ilğım, gümandır,

Sirr pərdəsi dumandır.

Varlıq vaxtdır, zamandır,

O da yoxluqdan axır.

Nur arar göz arasa,

Gecə zülmət, qarasa,

Necə uçur yarasa,

Zülmətdə nur var baxır?

Olmasa haqdan baxış,

Ömür də salmaz naxış.

O ki buludda yağış,

Nurdur günəşdən yağır.

Verib eşqin şuxluğu,

Yerə könül toxluğu.

Var eləyib yoxluğu,

Od olub göydən çıxır.

Vidalaşıb göylə qar,

Düşüb olsun yerə yar.

O, torpağa verib bar,

Təzədən göyə qalxır.

 

 

Oldu

 

Xalq şairi

Rəsul Rzanın xatirəsinə

 

Açdı bulaq kimi sözün gözünü,

Söz onun Kəbəsi, məbədi oldu.

Eşqini yurd, ocaq etdi özünü,

Yanmaq da qəlbimin xisləti oldu.

Dan üzlü səhərin dönməz yolçusu,

Yanırsa, bir daha sönməz yolçusu.

Haqqın, ədalətin enməz yolçusu,

Haqqın özü kimi əbədi oldu.

Bilirdi qədrini öz meydanının,

Olmuşdu heyranı göz meydanın.

Elə qələm çaldı, söz meydanın,

Heç vaxt yenilməyən qüdrəti oldu.

İlləri qocaldıb, ucaldı çinar,

Bədxahlar qış dedi, o, yazdı bahar.

Onun istisinə dözərdimi qar?

Dözmədi, ərimək qisməti oldu.

Axı nə edəsən, həyat vəfasız,

Qoymadı yaşasın onu cəfasız.

Gördü ki, qalan var yurdsuz, yuvasız,

Yurd, yuva tikmək də adəti oldu.

 

 

Tanrı mənimdir

 

Xalq şairi

Məmməd Arazın xatirəsinə

 

Alov uçub gedir, köz külə dönür,

Bu yurd ocağının qoru mənimdir.

Gövdəsi budağın, kökü torpağın,

Qoy olsun, ağacın barı mənimdir.

Gözümdə sətri var sünbülünün də,

Sözümdə ətri var tər gülünün də.

Axtar bənzəri yox bülbülünün də,

Gəlsən görərsən ki, xarı mənimdir.

Basılmaz qaladır mərd qoruyanda,

Namərddir eləsə dərd, qoruyanda.

Səni düşünmüşəm yurd qoruyanda,

İndi də sən onu qoru mənimdir.

Nə qədər dünyanın qurdları oyuq

Gəzəcək, dünyanı üzəcək soyuq.

Yatıb yuxu görsə nə vaxt ac toyuq,

Yuxuda gördüyü darı mənimdir.

Atsaydın oxunun yayı olardı,

Araz da bir vüsal çayı olardı.

Vətənin bölünməz Ayı olardı,

Hələ ki, bütöv yox yarı mənimdir.

Araz Məmməd oldu, mən Araz oldum,

Gah bürkü, gah da ki, çox ayaz oldum.

Yolunda həm nəzir, həm niyaz oldum,

Axı bu dünyanın piri mənimdir.

Mənim taleyimdən yan keçdi bahar,

Görünür zirvənin qismətidir qar.

Babək, hər bir kəsin öz ulduzu var,

Mənə çatmasa da Tanrı mənimdir.

De ki, necə qardaş deyim

mən ona qardaş kimi

Nə çox su apardı Mirzə bu xamır,

Sənə min-min rəhmət, səni min yaşa.

Güzgüsən, nadanlar özünü görmür,

Sanır özgəsinə edir tamaşa.

Nə şeytandır, nə iblisdir, nə mələkdir, nə də büt,

Məmmədhəsən-Xudayar bəy

bir məxluqdur, iki qütb.

Həm məzlumdur, həm zalımdır,

qəlbi yoxdur, ağlı küt,

Nə dost bilər, nə də düşmən,

sapanddakı daş kimi.

 

 

De ki, necə qardaş deyim, mən ona qardaş kimi.

                

Bir buynuzu əyiləndə, bir buynuzu dik durur,

Məzlum kimi çox döyülür,

zalım kimi bərk vurur.

İtaətdən bel bükülüb, dikəltməyə yox qürur,

Gözü elə göz axtarır, əyilməyə qaş kimi.

De ki, necə qardaş deyim, mən ona qardaş kimi.

Ov ovlayıb, ağlayanda qəm yeməsin çox naşı,

Sevincdəndir şikar üstə timsahın ki, göz yaşı.

Vurub gözü çıxardarlar, düzəldəndə heç qaşı,

Bir kor gözün kipriyində qurumaqçün yaş kimi.

De ki, necə qardaş deyim, mən ona qardaş kimi.

Göz görübsə, qəlb yanıbsa nə günahı yazanın,

Haqq yazana inanmıram gücü çatsın pozanın.

Zaman adlı çömçəsi var dünya adlı qazanın,

Baxıb, görüb bişən deyil dəmə qoyub aş kimi.

De ki, necə qardaş deyim, mən ona qardaş kimi.

Bilirdin ki, küt başlarda ağıl olmaz, hirs olar,

Yana-yana yazdın, bəlkə nadanlara dərs olar.

Dost-düşməni tərs düşənin əməli də tərs olar,

Nə ayağda yerin bilər, nə yuxarıda baş kimi.

De ki, necə qardaş deyim, mən ona qardaş kimi.

Gecə onun taleyidir, nalə çəkən şam-ahı,

Fələk qazan quyu kimi çox dərindir tamahı.

Açıq qoyub qapısını əzablara günahı,

Nə qəlbi dost kimi həmdəm, nə ağlı yoldaş kimi.

De ki, necə qardaş deyim, mən ona qardaş kimi.

Görk olmayıb hələ ona taleyinin qovğası,

Görk olsaydı gedərdimi, mənsəb üstə davası.

Usanmayıb, fırladırsa valı tayfa havası,

Ana yurdu sevə bilməz, nadan vətəndaş kimi.

De ki, necə qardaş deyim, mən ona qardaş kimi.

 

 

Məhəbbət

 

Ağac kölgə salır sağı-soluna,

Ağac məhəbbətdir, budaq məhəbbət.

Axı kor olardıq, ömür yoluna,

İşıq salmasaydı çıraq - məhəbbət.

Qəlbimin yağını əridəndə də,

Məni uşaq kimi kiridəndə də,

Lap elə hökmünü yeridəndə də,

Ərköyün uşaqdır, uşaq məhəbbət.

Sevir ki, göy belə coşub, çağlayır,

Könül tellərini yerə bağlayır.

Çaxıb şimşəyini elə dağlayır,

Qaynayır dağlarda bulaq məhəbbət.

Alov sürməsini gözünə çəkib,

Hənir duvağını üzünə çəkib.

Üşüyən əlləri özünə çəkib,

İsidə bilirsə ocaq-məhəbbət.

Al-əlvan şəfəqlər yağıb üstünə,

Göydümü ay-ulduz sönüb üstünə?

Bir eli obanı yığıb üstünə,

Kölgəsin salırsa bayraq-məhəbbət.

Yanıb, səpməsəydi aşiq külünü,

Necə bitirərdi torpaq gülünü?

Üstünə güllərin çəkib tülünü,

Gülə bürünübsə torpaq məhəbbət.

Babəkin varıdır yara məktubu,

Köksünün altında para məktubu.

Gəlib öz əliylə yara, məktubu,

Çıxarıb görə ki, varaq-məhəbbət.

 

 

Haram

 

Hökmən deyildir ki, cinayət edə,

Eşqə dönük çıxıb, xəyanət edə.

Sənə həvəsini qənaət edə,

Bədxərclik eləyə bir özgəsinə

Səni də döndərə öz kölgəsinə.

İnsafmı, heç haram una çevrilə,

Yoğrulub, yapıla qana çevrilə.

Qan da laxtalanıb cana çevrilə,

Sən də görəsən ki, yetişib zaman,

Mayanı vermisən qazanca qurban.

Bu qədər mənfini vurub müsbətə,

Nə çox mindirmisən onu qiymətə.

Nifrətdən ev tikdin sən məhəbbətə,

Gəlmədi vecinə sözü dillərin,

Qapazı başına gələr əllərin.

Uyub, salmasaydın harama maraq,

Onu da özünə etməzdin ortaq.

O, elə peyvənddir, o, elə calaq,

Səni budaq edər yad meyvəsinə,

Verə də bilməzsən ad meyvəsinə.

Sənin varlığının altı təzəkdir,

Çox da bəzənmisən, üstü bəzəkdir.

Bu necə vurulmuş bəzək-düzəkdir,

Elə bil vurulub qum sarayına,

Bəs nə vaxt düşəcək şum sarayına.

 

 

Enmərəm şan yerindən

 

Olaq eşqin durnası,

Eşqimiz də göy olsun.

Uca dağlar badəmiz,

Çən, duman da mey olsun.

Sənsiz yanar səhra tək,

Qum qovurar ürəyim.

Qanadlarım açılmaz,

Sən olmasan lələyim.

İynəsənsə sap elə,

Keçir məni gözündən.

Kösöv kimi qaraldıb,

Ayrı salma közündən.

Özün gəlib gün kimi,

Çıxmısan dan yerindən.

Mən səni göydə qoyub,

Enmərəm şan yerindən.

Sən içimi xışlayıb,

Eləmisən şum kimi.

Qəlbimi də əkmisən,

Şum yerinə tum kimi.

 

 

Kimidir

 

Xalq artisti

Mənsum İbrahimova

 

Avazı çaydır, səsi coşsa şəlalə kimidir,

Elə bil ruhu çəmən, bağrı da lalə kimidir.

O qədər safdır görüb adına Mənsum dedilər,

Adı bayraq tək uca, sərv boyu qüllə kimidir.

Safa da məskən olub, dünya verib qəlpə də yer,

Bu səbəbdəndir elə, səsi də nalə kimidir.

Naləsi ulduz olub, göy üzünü şan-şan edib,

Yoxsa ki, Aya dönüb göy üzü halə kimidir.

Eşqinin əvvəli var, yoxdur sonu mən bilirəm,

Onu Məcnun eləyən Muğam da Leyla kimidir.

Bir bulaqdırsa səsi, bəs niyə göydən süzülür,

Qoy süzülsün nə olar, qəlb də piyalə kimidir.

Babək o, gündür doğub, qəlbə işıq salmaq üçün,

Hədəfi zülmət onun, nifrəti güllə kimidir.

 

 

Muğandır

 

Şair Oktay Rzaya

 

Bacar nazını çək, dər güllərini,

Dünyanın işvəsi, nazı Muğandır.

Təbiət dəyişir fəsillərini,

Təkcə dəyişməyən yazı Muğandır.

Göy yerə, yer göyə baxandan, bəri,

Bulud yağış olub yağandan bəri,

Günəş, səhər olub doğandan bəri.

Dünyanın doğrusu düzü Muğandır.

Hünəri cəngidir, hikməti Muğam,

O, bir cəngavərdir gələndə məqam.

Açılan süfrədir, görsə xoş məram,

Dönər hiylə görsə üzü, Muğandır.

Hər yan Muğan kimi cənnət olaydı,

Daşı, torpağı da sərvət olaydı.

Dünyada tək halal zəhmət olaydı,

Hayıf ki dünyanın azı Muğandır.

Hər şeyin doğrusu, düzü gözəllik,

Dönüb Muğan olub özü gözəllik,

Necə olmasın ki, sözü gözəllik,

Əgər ki, Babəkin sözü Muğandır.

 

 

Təbiətin hikməti

 

Nələr deyir, düşün tap,

Təbiətin hikməti.

Dağ iynədir, dərə sap,

Yal-yamac da tikmədir.

   

Eşqin cazibəsidir,

Ulduzların halayı.

Gecə qara qazandır,

Dan yeri də qalayı.

Yumurtadırmı üfiq,

Dan ağı, gün sarısı.

Ya pətəkdir, göz də, gül,

Qonub ona arısı.

 

 

Babək ARUSLU

 

525-ci qəzet.- 2010.- 13 mart.- S. 30.