“Yeddinci qat”da variasiyalar
Laura Cəbrayıllının kitabı çıxdı: “Yeddinci qat”. Bu qədər işin-gücün, qayğının, Qulunun barmaqları ucunda gəzməsi, Alsunun sarı simdə suallar verməsi... müqabilində “yeddinci qat” son dərəcə təbii görünür.
Neçə gün idi, bəlkə də neçə ay idi bir şeirin beynimdə dolaşan, pıçıldayanda tam təsir bağışlayan, ucadan deyəndə hecalara bölünüb dağılan misralarının qəribə havasının içində qovrulurdum.
Hər gülü, hər çiçəyi
leysan yağışı tutmaz.
Xata hər ömrə gəlməz,
qəza hər başı tutmaz...
Süd əmmişəm döşündən,
Ana qarğışı tutmaz,
Bircə biləydim məni
Kimin qarğışı tutdu...
Sonra bu misralara Lauranın
yeddinci qatında da rastlaşdım. Vaxtilə oxuduğum
yazını bir də oxudum. Mənim müəyyən
müddət ərzində demək olar hər gün
görüşdüyüm, məni qoruyan, yoluxan, az qala
Allahın da yerinə danlayan, evimizə zəng edib “bundan
muğayat olun” deyən, yazı yazmağa təhrik edən...
Mehdi. Çoxları onun yazmaması qarşısında elə
heyrətlənir ki, adam çaşıb qalır. Məncə,
heç kəs mənim tanıdığım Mehdi qədər
yaza bilməzdi. Bu şeiri yazıb da kim öz adından
altına imzasını qoya bilər?! Heç bir
abırlı adam dərdini danışıb deməz: bu – mənəm.
Şübhəsiz ki, söhbət əgər dərddən
gedirsə. Şeir – hər şeydən qabaq müasir
anlamdakı “müəlliflikdən” qaçmaqdır. İndi
təəssüf ki, qələmə sarılanların əksəriyyəti
bunu anlamır. Bu yazarların heç birinin arxivi,
sandığı, qara günə “qara qutusu” yoxdu. Günlərin
birində qəza-filan çıxsa, “qara qutu” tapılmayacaq.
Qara qutu yoxdusa, sən də yoxsan. Demək, bu ömrü səhv
yaşadın. Yaxud tərsinə yaşadın. Lauranın
kitabının təqdimatında Vaqif Bayatlı “bir az
sınıxıbsan, – amma, bir az da cavanlaşıbsan, deyəsən
tərsinə yaşayırsan”, – dedi.
Şumlanacaq bu dəfə,
Yerin altı yox, üstü,
əvvəl öləcək
insanlar,
sonra yaşanacaq
ömür...
Mehdi haqqında yaddaşımda
ilişib qalan bir faktı deyim ki, mənzərə
tamamlansın. Züskindin “Ətriyyatçı”sını tərcümə
edirdim. Gəldi, görüşdük. Getdik çörək
yeməyə. Romanın mövzusu o qədər gözəl,
o qədər vazkeçilməz idi ki, bunu hər kəs yazmaq
istərdi. Mehdinin ağlında olsaydı, bəlkə
Züskinddən də gözəl yazardı. Amma fürsət
bir başqasının əlinə keçmişdi və məsələ
bitmişdi. Mehdi hələ neçə il qabaq beynində belə
bir mövzunun dolaşmasından yana-yana
danışırdı. Dedim ki, Mehdi, onsuz da yazan deyildin,
yaxşı ki, bunu bir başqası yazdı.
Səlis, qeyri-səlis məntiq,
tərsinə məntiq... Yox, heç nə alınmır,
torpaq nə qədər istedadlı adam yetirsə, bir o qədər
bədbəxtdi. Niyə, bilmirəm. Bolluq içində hər
şeyə icazə var. Bütün istiqamətlərə
bax, deqradasiya... Yəni, xarablaşma, düşgünlük,
ruhsuzluq... Laura dərddən yazıb, çəkilməli dərdlərdən,
yalvara-yalvara ki, ay adamlar, çəkin bu dərdləri, sonra
gec olacaq.
Sonra: “...Bilqamısın
güclə ələ gətirdiyi həyat çiçəyini
ilan yeyə, Dəli Domrul vuruşub-döyüşüb
uzağı iki can artıq qazana bilər. Amma
olumlu-ölümlü dünya haqda deyilənlərin,
yazılanların, öyüd-nəsihətlərin heç
biri insanın ipini yığmır, əlini soyutmur, ruhunu
kiritmir. İnsandan insana, insandan dünyaya qalan da elə bu
dönməzlik, ölməzlikdir...”. Kitabı oxuyuram, suallar
baş qaldırır, mənim mütaliə təcrübəmdə
fəal olan deyişmək damarı görünür. “Mərkəzi
poçtxanaya məktub”da “boş yerlər” var, anketdəki
boş yerlər kimi, təqdim edilən suallara cavab vermək və
özün haqda bilmədiklərini yazmaq üçün.
Bildiyin yerləri boş buraxıb, bilmədiklərini
yazırsan. Bunu sənə Laura yazdırır. Mənim
Şahmarla görüşüm Viktor Hüqoya görə
yadımda qalıb. Bu Şahmar o böyük şairin
“Barrikada üzərində” şeirindəki uşağa bənzəyir.
Əsgərlərin qabağında durub əl edir: güllələyin
məni! Şahmar özü üçün “atəş əmri”
verən uşağa bənzəyir. Şahmar Əkbərzadə
də uşaq idi, təmiz, gözəl, yaşından
yuxarı suallar verən, heyrət içində
nağıllar qoşan, elə şeylərə heyrətlənirdi,
adamın ağlı başından uçurdu. Hər halda bu
qədər təmiz, bu qədər haqlı olmaq və olub da
yaşamaq çətindi. Təbiətin qanunları var, təmiz
ərazi böyüdükcə, dünyanın yerdə qalan
hissəsinə qarşı durur və bu ərazinin sahibini də
“udur”...
Lauranın hər
yazısında bir fraqment var, Azərbaycan cəmiyyətinin
“yeraltı çaylarının” səsini eşidirsən,
uc-uca calandıqda tam təsəvvür yaradan anımlar. Məsələn,
“... tamaşaçılar indi çox dəyişib. Qabaq qəribə
bir tamaşaçı modeli vardı. Mən səhnəyə
çıxanda salona baxırdım – zal Azərbaycanın ən
gözəl çəmənliyinə, çiçəkliyinə
bənzəyirdi. Qadınların geyimi ilə,
tamaşaçıların üzlərində bir xoş təbəssümlə...
Səhnə elə bil təbiətin qoynunda qurulmuşdu, hara
baxırdınsa, gözün gözəllik
görürdü. İndi bu gözəllik yoxdur – təsəvvür
edirsinizmi? İndi zalda əyləşənlərin,
tamaşaya gələnlərin üz-gözlərindən
yorğunluq yağır. Səhnədən baxanda
tamaşaçının hansısa ağır bir işdən
gəldiyi görünür...”. Lauranın yazılarında
halal-hümmət, arın-arxayın bir duyğu var, bu adam
köndələn, havaya, suya dəxli olmayan suallarıyla
oxucunu incitmir, Əlisəmid Kür demişkən kitab rəfdən
səslənir: oxu... Lauranın nədən yazması önəmli
deyil (hər halda bizim üçün), necə yazması,
ürəyində “qıjıldayan suların” səsini necə
eşitdirmək əsaslıdır (özü
üçün-!). Hüseyn Əfəndiyə həsr etdiyi
“Diş” yazısına baxın. “Cəfər
Cabbarlının evindən reportaj”a qulaq asın...
Gərək günəş
dağları aşıb sönməyəydi,
Gərək mənim
dönmüş taleyim dönməyəydi,
Gərək mənim istədiyimi
gidi fələk,
Açılmadan qara
torpağa gömməyəydi.
Bir məsələ də
var: “Yeddinci qat” bu günün ədəbi prosesin içini,
problemlərini, əsas suallarını göstərmək
gücünə malikdir. Ancaq bir məsələ var ki, bu
suallar “diri” deyil, dolayıdır, kontekstdən
çıxır, yəni Laura xanım... deyir ki, “onun
yaradıcılığında nə fəlsəfə, nə
də söz oyunu var. Hər cür fikir və ifadə
oyunundan qaçan yazıçı iddiası o qədər
aşağı, o qədər görünməzdir ki, əsəri
haqda deməyə özü söz tapmır. Özünü
tərifləməyi bacarmayandan nə mədhiyyəçi, nə
tərifçi, nə də təbliğatçı ola bilər.
Sabir Əhmədli Azərbaycanda yaratdıqları haqda
danışmağı sevməyənlərin,
özünü təbliğ edə bilməyənlərin ən
ustasıdır... ”. Amma indi vəziyyət dəyişib, Sabir
Əhmədlidən sonra yeni era başladı.
Müşahidə eləmişəm,
vaxtilə, yaxud indi Sabir Əhmədlini göylərə
qaldırıb tərifləyən adamlarda da bir
“özünü öyməyə” əyilmə var. Bu cəhətlər
bir yerə cəmləşib “üslub” yaradır və bir
qrup qələmçi bunu yeni keyfiyyət, yeni bədii
dünyagörüşü tipi kimi qələmə verməyə
çalışır. Susan adam ətrafa baxar, danışan
içinə. Özü haqqında danışan adamlar
yadıma “Kosa”dakı bir misranı salır: qələm oynar
qaşında...
Sonra:
... Bizim onunla bircə
“Şans”ımız olub.
– Adım Zöhrabdı,
xoş gəlmisiniz. Bütün hallarda, biz sanballı bir qəzet
çıxarmalıyıq....
Söhbət Zöhrab Əmirxanlıdan gedir. “... “Şans”ın ulduz fallarını mən işləyirdim. Hər dəfə də qəsdən Oxatana yazırdım ki, sizə əsəbiləşmək olmaz, səhhətinizi düşünürsünüzsə, bunu unutmayın... Əvəzində gün ərzində bu sözləri tez-tez eşidirdik “Səhər oxudum ki, bu gün mənə hirslənmək olmaz, ona görə özümə söz vermişəm, dinməyim, çünki bütün hallarda bu gün şəkərim qalxa bilər”. Lauranın kitabının mükəmməl təhkiyəsi və süjeti var. Hətta nəqarəti də var. Elə deyimlər, elə ifadələr var ki, müxtəlif məqamlarda təkrarlanır, kimsə bunu səliqəsizlik adlandıra bilər, ancaq mən buna təbii baxıram, Zöhrab demişkən, bütün hallarda özünü təkrarlayır, başqasının fikrinin cildini dəyişib yozmur ki...
Aydın Məmmədov... “İndi hansı buğda çuvalının, ya ulduz çuvalının üstündə oturub adamlara baxırsan, Aydın? Necə görünürlər? Heç olmasa, bir azca adama oxşayırlarmı?”
Bu da Vaqif Bayatlının
sualı. ... Sözdə nə var: ya sual, ya məsləhət,
nəsihət, ya da təsir... Gerçəkliyə təsiretmə
gücü də olsa-olsa elə budur. Vəssalam. Balzakın
“Qorio ata”sı da insanlığa belə bir sualı verir:
“Hansı daha dəhşətlidi, daş ürəklərə,
boş kəllələrə baxmaq, ya tək-tük oyaq
başların qəzada, kolda, kosda... itməsini seyr etmək?”
Cavanşir YUSİFLİ
525-ci qəzet.- 2010.- 13 mart.- S. 26.