Ustadlara layiq “Milli Metr”
Azərbaycan teleməkanında
ekranların məzmunsuz şoular, bayağı seriallar,
şit mətbəx söhbətlərilə bozbulanıq rəng
alması, təbii ki, təzə xəbər deyil. 10 ilə
yaxındı ki, televizoru açıb Azərbaycan
telekanallarının tamaşaçısı olmaq istəyənlərin
əksəriyyəti çox zaman məyusluq hissi
yaşayırdı. Efirin ucuz reklam xatirinə cılız
qalmaqallar törədənlərin, evini,
maşınını, mətbəxini, ümumiyyətlə,
mənasız həyat tərzini nümayiş etdirməyə
can atanların əsarəti altına keçməsi, cəmiyyətimizin
böyük bir kəsimini, o cümlədən bəndənizi
TV-dən tamam küsdürmüşdü. Milli dəyərlərin
teleməkandan çox kənarda qaldığını, həyatın
natəmiz künc-bucağında qalmalı elementlərin efirdə
ön plana çəkildiyini davamlı seyr etməyə məcburluq
axırda elə bununla da nəticələnməliydi. Şəxsən,
məndə TV-dən küskünlük bir ara elə həddə
çatdı ki, ümumiyyətlə, televizora – “sehrli qutu”ya
baxmaq istəmirdim, sanki qutuda ilan görəcəkdim. Nədən
ki, efirə buraxılan “verilişlərin” bir çoxu,
düşünə bilən insan üçün, heç də
zəhərli ilandan az təhlükəli deyildi. Fərq isə,
yalnız bu zəhərin insanı mənəvi cəhətdən
öldürməsindəydi.
Amma, düzünü deyim,
çox sevinirəm ki, son zamanlar TV-dən
küskünlüyümün yavaş-yavaş ortadan
qalxması üçün bəzi əsaslar yaranıb və
indi televizorla mənim aramda sərin barışıq yelləri
əsməkdədir. Həm Azərbaycan Televiziyasında, həm
İctimai Televiziyada, həm də özəl
telekanallarımızın bir neçəsində axır
vaxtlar milli-mənəvi dəyərlərimizə söykənən,
intellektual məzmunlu, sənətimizin, təhsilimizin
inkişafına xidmət məqsədi daşıyan telelayihələrin,
maraqlı proqramların görünməsi yaradır bu
barışıq mühitini.
Sözün
açığı, televiziyada məni daha çox
özünə cəlb edən proqramlar görkəmli şəxsiyyətlərin,
qeyri-adi adamların iç dünyası ilə bağlı,
onların həyata fərqli baxışlarını əks
etdirən verilişlərdir. Elə bu son dönəmdə də
telekanallarımızdan məhz bu məzmunda layihələr
umur, belə proqramlar gözləyirdim. Ən çox istədiyim,
təbii ki, həmin verilişlərin baxımlı, məzmunca
dolğun və düşündürücü olması idi.
Nəhayət, arzuladığımı
tapdım, tam ürəyimcə olan bir telelayihənin
tamaşaçısı olmaq sevincini yaşaya bildim.
Özü də lap əvvəldən xeyli rəğbət bəslədiyim
telekanalda – ANS-də və yüksək peşəkarlığı,
əsl televizyonçu xarizması ilə hər zaman
üstün tutduğum, ünlü bir imzanın – Mir
Şahinin təqdimatında. Elə ilk anonslardan
anlamışdım ki, bu yeni proqram cəmiyyətimizin normal
zövqlü təbəqəsinin həsrətində
olduğu, mənim də intizarla gözlədiyim, çox səviyyəli
bir veriliş kimi ekran həyatı qazanacaq. Hər zaman öz
qeyri-adi teleproqramları ilə seçilən, yadda qalan, fərqli
məsələlərə, müxtəlif hadisələrə
və şəxsiyyətlərə daima orijinal yanaşma tərzi
sərgiləyən Mir Şahinin “Milli Metr” layihəsi bu
ümidi tam mənada doğrultdu.
İlk öncə
verilişin, məhz Mir Şahinə məxsus yaradıcı təfəkkürdən
irəli gələn, onun fərdi dəsti-xəttini dərhal
ortaya qoyan, maraqlı adı diqqətimi çəkdi – “Milli
Metr”. Gəl, bu adla efirə gedən proqrama baxma görüm,
necə baxmırsan... Müəllif və aparıcının
öz sanbalı, üstəgəl, qonaqların
daşıdığı imzaların nüfuzu, nəticədə
efirə Metr fəaliyyəti, Ustad işi çıxır, yəni
ANS-in “Milli Metr”i! Belə bir ustalıqla qurulmuş verilişdə,
aydın məsələdir ki, müəllifin müsahibinə
yanaşmasının kifayət qədər orijinal, qeyri-ənənəvi
olacağına inanırdım. Qeyd etdiyim kimi, Mir Şahinin
üslubuna onun başqa telelayihələrindən bələd
olduğum üçün, “Milli Metr”in uğurlu
alınacağına əmin idim. Amma etiraf edim ki, Mir Şahin
öz “Milli Metr” ilə bu əminlik həddini bir qədər
də yüksəltdi və böyük ehtimalla, bu, tək mənim
yox, tamaşaçıların tam əksəriyyətinin
ortaq qənaəti sayıla bilər.
İsa Muğanna ilə
söhbət ilk dəqiqələrdəncə
tamaşaçını öz aurasına doğru çəkərək,
onu “Milli Metr”in cazibəsindən çıxmağa
qoymadı. Mövzu maraqlı, suallar orijinal, cavablar səmimi və
düşündürücü, format baxımlı... Bir teleproqramın
uğuruna təminat verəcək ən önəmli cəhətlər
bir aradaydı. Mir Şahin həmsöhbətinin necə fərqli
və dərin təfəkkürə malik olduğunu izləyiciyə
tam mənada çatdırmaq, müsahibini əhatəli
tanıtmaq vasitəsi kimi hansısa kənar üsullara yox,
öz suallarına bel bağlamışdı. Sualları ilə
həm söhbətə gərəkli yön verir, həm də
həmsöhbətinin düşüncə tərzinin tam
açılmasına, tamaşaçıya
çatdırılmasına nail olurdu. Bu təqdimatla biz yeni və
daha böyük, daha parlaq İsa Muğanna obrazı
gördük. Sualları dinlədikcə
düşünürdüm ki, bunlar ətrafında,
bunların cavablarını tapmaq üçün hər kəs,
bizim hamımız zaman-zaman düşünməliyik.
Tamaşaçını təccübləndirən, elə mənim
özümü səksəndirən suallar da səsləndi:
Misal üçün, İsa Muğannaya Salvador Dali və
Albert Eynşteyni tanıyıb-tanımadığı barədə
sual veriləndə, ilk anda çox təəccübləndim.
Amma İsa Muğannayla digər iki dahi arasında ortaq nöqtələrin,
bənzər cəhətlərin tapılması bu təəccübü
xoş bir heyrət və məmnunluqla əvəzlədi. Bu məqamlar
bir daha göstərdi ki, ekran əsl peşəkarın özünəməxsus
dəsti-xəttindən xəbər verən proqramın – Mir
Şahinin “Milli Metr”inin ixtiyarındadır və qonaq da
çağdaş dünyamızın İsa Muğanna kimi
qeyri-adi düşüncə və yaradıcılıq tərzinə
malik ədibidir.
İndiyədək neçə-neçə
jurnalistlə söhbətləşmiş, dünyanın gəliş-gedişini
dərindən bilən İsa Muğanna kimi bir qələm
sahibini öz sualları ilə düşündürmək, həyəcanlandırmaq,
məncə, çox böyük uğurdur. Bu, bütün
tamaşaçıları düşündürmək, onlara
maraq və həyəcanla dolu bütöv bir zaman
yaşatmaqdır. “Sizi təəccübləndirən təsadüf?...”
– ilk baxışda, bir qədər mücərrəd
görünən sualdı bəlkə. Amma bu sual məni (yəqin
ki, diqqətli tamaşaçıların hər birini)
özüm, yaşantılarım, həyat və onun mənası
barədə uzun-uzun düşünməyə vadar etdi.
Vaqif Bayatlı ilə
söhbəti seyr edəndə gördüm ki, “Milli Metr”
mükəmməlləşmə yolundadır. Proqramın hər
detalı, hər anı bir qədər də təkmilləşib,
dolğunlaşıb. Vaqif Bayatlının həyata,
dünyaya, insanlara qeyri-adi münasibəti yazdığı
şeirlərdən oxucularına bəllidir. Odur ki, bir
saatlıq verilişdə Mir Şahin Vaqif Bayatlı ilə
daha çox sırf nəzəri ədəbiyyat məsələlərindən
deyil, onun özündən, həyatdan, Allahdan, ölümdən,
yaradılışın sirlərindən danışdı,
onun bu yöndəki orijinal baxışlarını alıb,
tamaşaçıya çatdırdı. Bu, sanki bir sehriydi,
elə bir ortada tilsim vardı. Mir Şahinin bəzən
çox qısa sualları da müsahibinin ətraflı
danışması, fikirlərini geniş şəkildə
dilə gətirməsi üçün kifayət edirdi. Mənim
nəzərimdə, bu verilişin ən maraqlı məqamlarından
biri ədəbi-ictimai fikrimizdə Sabir Rüstəmxanlının
adıyla bağlanan “qan yaddaşı” anlayışı ilə
Vaqif Bayatlının “ruh yaddaşı” məfhumunun
qarşılaşdırılması, tutuşdurulması oldu.
V.Bayatlının ruh yaddaşını daha qədim hesab etməsi,
bəzi həyat hadisələrini məhz bu yaddaşın
mövcudluğu ilə əlaqələndirməsi həqiqətən
düşündürücü idi. Söhbətin
“ölüm və ölümsüzlük” mövzusuna
doğru yönəldilməsi də təsadüfi deyildi, məncə.
Mir Şahinin həmsöhbəti bu qədər dərin məqamları
incələdikcə mən gözlərindəki mənanı,
əllərinin təsirli hərəkətlərini iri planda
görmək istərdim. Bu da hədsiz marağın bir təzahürüydü,
yəqin ki. V.Bayatlı danışarkən mövzuyla
bağlı kadrların fonda təqdimatı, məncə,
xeyli effektli alındı.
Bütün söhbət
boyu ruhuma doğma, düşüncələrimə yaxın
məqamlar çox oldu. Təbii ki, qadının Allahla
müqayisəsi, sevən adamların dahi
adlandırılması tamaşaçının Vaqif
Bayatlını məhz olduğu kimi, bütün fikir
palitrası ilə tanımasına şərait yaratdı. Bu
detallara işıq salınması da Mir Şahinin xüsusi
müəllif yanaşmasının nəticəsi idi.
İsa Muğanna ilə
müsahibənin sonunda müəllifin onunla bağlı yekun
sözləri həmin söhbətin uğurlu məntiqi
sonluğu idi. Müəllif həm İsa Muğanna
haqqında öz fikirlərini yığcam halda
tamaşaçıya çatdırdı, həm də
müsahibinin mənəvi portretini tamamlamış oldu.
Xüsusən, burada işlənən “Muğanna janrı” ifadəsi
öz orijinallığı ilə yaddaşıma həkk
olundu. Amma heyf ki, Vaqif Bayatlı ilə söhbətin sonunda
Mir Şahinin yekun qənaətini eşitmədim, məncə,
bu da kifayət qədər maraqlı olardı.
Haqqında böyük məmnunluqla
söz açdığım proqramın bundan sonra da öz
ruh və ahəngində qalması, ancaq mükəmməllik
yolunda durmadan irəliləməsi, mənimlə bərabər,
yüzminlərlə tamaşaçının könül
arzusudur. Ən azı ona görə ki, sürətlə adiləşən
maraq dünyamıza, solğun və miskin hala gəlmiş
efir məkanımıza rəng qatan, canlılıq gətirən
proqramdır Mir Şahinin “Milli Metr”i.
PƏRVİN
525-ci qəzet.- 2010.- 13 mart.- S. 25.