“İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” elmi tədqiqat əsərindən hissə

 

Zülfüqarova Fərqanə Sübhan qızı – 1992-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-Alman dilləri fakültəsini bitirib. 1998-2008-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində, 2008-ci ildən Moskva Dövlət Universitetinin Bakı filialında ingilis dili fənni üzrə baş müəllimə vəzifəsində çalışıb. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı kimi “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” elmi tədqiqat əsərinin müəllifidir. Məqalələri azərbaycan, rus, ingilis dillərində dərc edilib.

 

Milli ədəbi irsimizin, müasir ədəbiyyat nümunələrimizin həqiqi obyektiv dəyərini müəyyənləşdirməyin ən qısa yolu, bu əsərlərin dünya ədəbiyyatının aparıcı ədəbi nümunələri ilə müqayisə kontekstində baxılıb qiymətləndirilməsidir. Bu müqayisənin müstəvisində dünyanın ən qabaqcıl ədəbiyyatlarından biri olan ingilis və amerikan ədəbiyyatı xüsusi dəyərə və önəmə malikdir. Qərb düşüncəsində insan problemi, həmişə dövrün, şəraitin, ictimai-iqtisadi formasiyanın sosial strukturu ilə əlaqədə götürülüb. Bu mənada ingilis ədəbiyyatı ilə müqayisəli şəkildə Azərbaycan ədəbiyyatında insan konsepsiyasının öyrənilməsi də mühüm elmi əhəmiyyət kəsb edir.

Bu kontekstdə görkəmli ingilis yazıçısı Virciniya Vulfla (1882-1941) Azərbaycan ədəbiyyatının tanınmış siması Afaq Məsudun (1957) yaradıcılığı arasında görünən analoji və psixoloji oxşarlıqlar, dünya ədəbiyyatında insan mahiyyəti mövzusunda baş verməkdə olan ədəbi hadisələri, yuxarıda göstərilən prinsiplər əsasında daha dərindən öyrənilməsinə imkan yaradır.

A.Məsudun “Telefonda işıq” hekayəsi, “Üzü işığa “ (1986) romanı ilə V.Vulfun “Mayaka doğru” romanının, yaxud Məsudun “Duyğular imperiyası” əsəri ilə V.Vulfun “Aktlar arasında” romanının mövzu və baxım bucağından səsləşməsinə dair ümumi aspektdən yanaşmayla bərabər, konkret bədii detallarla da analogiya aparmaq olar. Yazıçı, “Duyğular imperiyası”nda (1995) V.Vulfun “Aktlar arasında” romanında olduğu kimi pessimist ruhlar aləmini – özünün gördüyü dünyanı yaşayır. “Duyğular imperiyası” başlığı altında qısa esselər, hekayə və aforizmlərin toplandığı bu əsər, bütövlükdə vahid süjetin – insan mahiyyətinin gizli qatlarını açan duyğu süjeti üstündə qurularaq, insan cəmiyyətlərində görünən adamların heç də həmişə insan olmadığından, onların bəzilərinin insan cildində görünən müxtəlif növ canlılar, digərlərininsə, insan məfhumunun fövqünə qalxmaq iqtidarında olan ali ruhlar olduğundan bəhs edir. “Aktlar arasında” romanında olduğu kimi, burda da vicdanının səsinə qulaq asan insan mənəvi əzablara düçar olmur.

İnsanın mahiyyəti, özünüdərki və təsdiqi “Duyğular imperiyası”nda öz əksini daha qabarıq şəkildə tapır. “Duyğular imperiyası” nda yazıçı, insanın şüuraltı dünyasına enir və onun, öz şüuruyla yaratdıqlarından daha yuxarıda olan bir aləmi – ruhi aləmi anlamaq iqtidarında olduğunu sübuta yetirir. Bu düyğuları bəzən İlahidən gələn pıçıltılar kimi dəyərləndirmək də olur.

Bütövlükdə həyat möcuzələrlə, sirlərlə doludur. Bu möcuzələri duyub, qiymətləndirməyi ulu Tanrı ilahi insanlara şamil edir. Bu mənada A. Məsudun “Mənim kəşfim, yaxud Lukretsinin hoqqaları”, “Qurtuluş”, “Əziz papa”, “Müqəddəs kəlamın sirlərrindən”, “Sirli iş yeri”, “O dünyanın sirlərindən”, “Qədim sirlərdən” və bu kimi digər qeyri-adi duyğularla zəngin əsərlərini nümunə gətirmək olar.

Dünyanı sarmış maddiliklər məngənəsini zahirən adi qarşılasa da, daim bundan gizli bir narahatlıq duyduğu, Afaq Məsudun demək olar ki, bütün əsərlərindən sezilir. Həmin bu narahatlıq yazıçının “Uçurumlu yollar” adlı essesində daha aydın oxunur:

“Niyə mən uğurlu və rahat həyatımı yaşaya – yaşaya, daim özumü hansısa uçurumun, çox da möhkəm olmayan iti kənarlarıyla gəzən yerdə hiss edirəm?.. Məni qarşıda gözləyən daha dərin və qaçılmaz uçurumun hənirtisindən rahatlıq tapa bilmirəm?..” (A.Məsud – “Duyğular imperiyası”) Virciniya Vulfda (“Diary”) olduğu kimi “Bu dünyada necə xoşbəxt olmaq olar? İnsan hər an təhlükələrlə qarşılaşa bilər. İztirablardan isə heç vaxt qurtarmayacağam”.

A.Məsudun “Həyat marşrutu” adlandırdığı essesində isə, “Dünya o qədər çoxhücrəli, çoxmənalı, çoxsərhədli və çoxrənglidir ki, bütün bu müxtəlifliklər bolluğunun içində başını itirib, hər toxumanla bir yana dartılmamaqdan ötrü evini, ailəni, işini və dostlarını müəyyən bir xətt üzrə – dəqiq həyat marşrutu kimi müəyyən etməlisən ki, çaşıb bu marşrutun səddlərindən kənara – radio dalğalarının pozuntularını andıran qatmaqarışığa düşüb itməyəsən”.

Bu duyğular, ədəbiyyatın fövqündə olan ilahi məlumatların yüksək bədii ifadəsidir və insana, özünü dərk etməyin, dünyanın və həyatın gizli mahiyyətini anlamağın gizli yollarını göstərir.

İnsanın sirli mahiyyətinin açıqlanması yollarından biri, A.Məsudun yaradıcılığında mühüm yer tutan digər məqam – yazıçının hər əsərində rast gəlinən yuxu fəlsəfəsidir. Yazıçıya ötürülən bir çox ilahi sirlərin, çox hallarda sürrealist görüntüləri andıran həmin o yuxu məkanında əyan olunduğu, nasirin əsərlərinin əksəriyyətində hiss olunur. Bu əsərlərdə bəzən onun, yuxularının buyruğlarına düşərək onların diktəsinə qəribə bir müntəzirliklə əməl etdiyi, bəzən isə bu yuxuları görduyunə görə özünü günahkar hiss etdiyi duyulur.

Dünyanın ən sirli həqiqətlərini açmağa qadir olan bu yuxuları bəzən A.Məsud istədiyi halda görməyi də bacarır. Onu narahat edən problemlərin həllini o çox vaxt yuxularında tapır və belə məqamlar onun, adi insan təfəkkürünün çata bilmədiyi qeyri-adi, sirr və sehrlə dolu, möcuzəli aləmə düşdüyü görünür. Yazıçının hər bir şeydən azad təfəkkürü də məhz beləcə, bu yuxularda aşkarlanır. Bu baxımdan “Yuxunun həqiqəti”, “Qorxunun dövranı”, “Yaddaş manevrləri”, “Yazıçı yuxusu” əsərlərini, eləcə də yuxularla bağlı digər əsərləri misal gətirmək olar.

1994-cü ildə yazılmış “Yasaq yuxular” romanında isə, yuxu mövzusunun müəllifi daha əsaslı şəkildə cəlb etdiyi, yuxu məkanını artıq real həyat hadisələri ilə qarşı-qarşıya qoyduğu görünür. Romandan göründüyü kimi, insanın daxili gərginliyi, narahatlığı, onun real həyatına təsir etdiyi kimi, yuxu dünyasına da təsirsiz ötüşmür. Romanın baş qəhrəmanı, professor Veyisovun, öz yatağının içindəcə düşdüyü yuxuları, bütünlüklə onun sərbəstliyini əlindən alır. Yuxular dünyasının tilsiminə düşmüş psixiator, həyatının müəyyən məqamı öz yuxuların əsiri olduğunu anlayır və elə orda da məhv olur. Burda insan azadlığının, hətta yuxu səddlərində belə öz imkanlarını itirdiyinin, insanın nəinki cəmiyyətdə, öz daxili dünyasında, yuxularında belə azad ola bilmədiyinin reallığı üzə çıxır.

Azadlıq qurbanları mövzusuna A Məsudun hələ 90-cı illərdə yazdığı “Sərçələr” hekayəsində də rast gəlinir. Yazıçı qadının ədəbiyyat şövqündən bəhs edən bu hekayədə, müəllifin özəl fəlsəfi təfəkkürü ortaya qoyulur. Əsərin qəhrəmanı – hekayə boyu günün əksər saatlarını, pəncərəsinin məhəccərinə yığışan sərçələrə baxmaqda keçirən ananın, bu balaca qanadlılara qoşulub buralardan uçmaq, onu hər bucağı ilə sıxan bu evdən baş götürüb getmək, azad olmaq istədiyi bilinir. Lakin hara, hansı istiqamətə?.. Bu cavabı Virciniya Vulf “Dürnştayn sirri” ində açıqlayır.

 

lll

 

Dünyanın müxtəlif nöqtələrində və zaman kəsiklərində yazıb yaratmış hər iki yazıçını ümumiləşdirən cəhətlər çoxdur. Bu misalda, V. Vulfun “Üç qızıl pul vahidi” əsəri ilə, A.Məsudun “Keçid” (1981) romanına nəzər salaq. Hər iki əsər, insan bədəninin onun öz “mən” – inə sanki bir əlavə olduğunu, maddiyyatçılıqdan azad, saf ruhunun, cəmiyyəti və insanın gündəlik həyatını zəbt etmiş mənasızlıqlarla zəhərlənə bildiyini meydana çıxarır.

V.Vulfla A.Məsud yaradıcılığının digər paraleli, birincinin “Pərvanənin ölümü“ hekayəsində olduğu kimi, ikincinin “Can üstə” hekayəsində rast gəlinən, insanın üç zaman ölçüsündə, üç psixoloji aspektdə öyrənilməsidir. Bu yanaşmaya hər iki yazıçnın digər əsərlərində də – V.Vulfun “Onun xüsusi otağı”, A.Məsudun isə “Azadlıq” (1997) romanında da rast gəlinir. Transendental fəlsəfə, psixologizm, hadisələrin öncədən sezilməsi və digər bu kimi mətləblər hər iki əsəri bir-birinə doğmalaşdırmaqla, insan mahiyyətinin hüdudsuz imkanlara malik olduğunu yüksək bədiiliklə meydana çıxarır. Bu baxımdan hər iki müəllif – A.Məsud öz “Azadlıq” romanında, V.Vulf “Onun xüsusi otağı” əsərində intuisiyaya və vəhyə əsaslanaraq, psixoloji münasibətləri diqqət mərkəzinə gətirir və bütün bunların əslində, insanın iradə sərbəstliyi, empirik qatı, fitri qabilliyyəti olduğunu sübuta yetirir. Azadlıq hamıya şamil edilir. V.Vulf “Onun xüsusi otağı” əsərində bildirdiyi kimi, azadlıq təkcə kişilərə deyil, qadınlara da şamil edilir. Əgər qadının xüsusi otağı və bir qədər pulu olarsa o, bir çox kin və acılardan uzaqdır.

Hər iki yazıçının əsərlərində qaldırdıqları problemlər bir ölkənin mənəvi dəyərləri çərçivəsinə sığmır. Məhz bu baxımdan onların qəhrəmanlarına xas olan psixoloji xüsusiyyətlər, təsvir etdikləri hadisələr dünyanın digər xalqları üçün də eyni dərəcədə maraqlıdır. Bəlkə də məhz bu səbəbdən A.Məsudun yaradıcılığına Avropada – Qərbi Berlində və Vyanada elmi tədqiqat aspektindən müraciət edilib.

 

 

Fərqanə ZÜLFÜQAROVA

 

525-ci qəzet.- 2010.- 13 mart.- S. 24.