Dəbə uyma, dəbi gözdən qoyma...
BU YAZ-YAY MÖVSÜMÜNDƏ
HANSI GEYİM VƏ MAKİAJ TƏRZİ ÜSTÜN OLACAQ?
İlin hər fəsli həm də insanların dəbdəbəli geyimləri, daha çox gündəmdə olan rəng çalarları, əlbisə biçimləri, rəngarəng aksessuarları ilə seçilir, hər mövsüm həm də adamların üstünlük verdikləri geyim tərzlərilə yadda qalır. Dəblə mütəmadi olaraq maraqlanan, zövqlü geyimləri ilə seçilmək, göz oxşamaq istəyənləri bu məqaləni sona qədər oxumağa dəvət edirik.
Geridə qoyduğumuz ildən fərqli olaraq, 2010-cu il nəinki gündəlik tələbatlarımıza, hətta zövqümüzün formalaşmasına da öz töhfəsini verməkdədir. Yəqin, hər bir xanım istəyər ki, 2010-cu ilin yaz-yay geyim tərzindən xəbərdar olsun.
Ötən payız-qış dəbinə nəzər salsaq görərik ki, bu fəsillərdə modelyer-dizaynerlər daha çox qara və qəhvəyi rənglərə müraciət etməyi məsləhət bilirdilər. Monoton rənglərin yaratdığı cansıxıcı əhval-ruhiyədən uzaqlaşmağı qarşısına məqsəd qoyan xanımların qarderobunda iki və daha artıq rəngin ahəngini hiss etməmiş olmazdınız. Odur ki, bunu da qeyd etmək yerinə düşər: nəinki sadəcə qara və qəhvəyi rənglərdən, hətta iki və daha artıq rənglərin qarışığından istifadə etmək heç də dəbdən uzaq olmaq demək deyil.
Gündəlik tərzə uyğunlaşdırılmış sadə biçimli donlarla yanaşı, gecə mərasimləri üçün nəzərdə tutulmuş mürəkkəb biçimli donlar öz görünüşü ilə zövqləri oxşayır. Qara rəngin öz aktuallığını qoruduğu hətta bu tip modellərdə də özünü göstərir. Mütəmadi olaraq qara rəngdən istifadə edən xanımlara modelyerlərin məsləhətləri daha genişdir. Azərbaycanın tanınmış moda dizaynerləri öz qarderobunda qara rəngə daha çox üstünlük verən xanımlara məsləhət görürlər ki, bu rəngdən istifadə edərkən rəngli aksessuarlar, müxtəlif rəngli boyunbağı, sırğa, kəmər və ya şərflərd onların görkəminə daha fərqli bir cazibə gətirər. Bu seçimdə daha çox sərbəst olsanız və özünüzə yaraşanı seçsəniz, fərqli bir görünüşə nail ola bilərsiniz.
Modelyer İradə Qurbanova da qeyd edir ki, xanımlarımız milli mentaliteti qorumaq şərti ilə gərək dəbdən geri qalmasınlar. Modelyerin fikrincə, 2009-2010 payız-qış kolleksiyası daha çox 60-cı illərin dəbini xatırladırdı: “Bir çox modelyerlərin payız-qış kolleksiyaları haqda fikirlərinə nəzər salsaq şahidi olarıq ki, artıq geridə qoyduğumuz qış fəslində daha çox boz və sarıya çalan açıq çəhrayi, həmçinin də qara və ağ rəngli paltolar, trikotajdan hazırlanmış geyimlər üstünlük təşkil etmişdi. Trikotajlarda isə həm qalın və incə sapların, həm də təbii saplarla sintetik sapların qarışığından istifadə olunmuşdu. Nəinki xanımların qarderobunda, hətta kişilərin qarderobunda da dəyişikliklər nəzərə çarpır”. Modelyer İ.Qurbanova ilin yaz-yay kolleksiyasında daha çox firuzəyi və göy rənglərin müxtəlif tonları, həmçinin krem rəngi, sarı və gümüşü rənglərin çalarlarının dəbdə olacağını bildirir.
Modelyerlərin kolleksiyalarında müxtəlif parçaların vəhdəti, məsələn, məxməri və ya atlazla uyğunlaşdırma, dəridən müxtəlif biçimli geyimlərin hazırlanması da nəzərə çarpır. Həmçinin toxunma şərflər, xəz və ipəkdən hazırlanmış rəngarəng şərflər də bu mövsüm öz aktuallığını qoruyur.
Son dövrlərdə arxa plana keçən idman geyimlərindən bu mövsümdə də az istifadə edilə bilər.
Stilistlər arasında aparılan söhbətlərdən belə qənaətə gəlmək olar ki, bu il parlaq qırmızı, bənövşəyi, həddindən artıq qara və ağ saçlar elə də dəbdə deyil. Yeni mövsümün dəbdə olan tünd rəngləri əsasən təbii, dolğun şokalad, konyak rəngi, qırmızı və narıncı rənglərin dolğun çalarları, qəhvəyi və şabalıdı rənglərin vəhdətidir. Amma peşəkarlar bunu da qeyd etməyi unutmurlar ki, hər şeydən əvvəl ilin ən üstün dəbi yenə də saçların öz təbii rəngləridir. Uzun və həcmli saçlar öz aktuallığını bu il daha çox diqtə edəcək.
Mövsüm ərzində
daha çox fərdi seçimə söykənən vizaj tərzi dəbdə olacaq. Yəni hər kəs öz cizgilərinə uyğun sadə makiaja üstünlük verə bilər və bu, daha
məqsədəuyğundur. Bu mövsümdə geyimlər, aksessuarlar, saç rəngləri kimi, vizaj-makiajda da təbiiliyin qorunması əsas cəhətlərdən biridir.
Şahrun HÜSEYNOVA
525-ci qəzet.- 2010.- 13 mart.- S. 22.