Şair və alim Teyyub Qurbanla
bağlı biblioqrafik
nəşr işıq
üzü görüb
M.F. Axundov adına Milli Kitabxanada kitabxananın əməkdaşları tərəfindən tərtib edilən “Teyyub Qurban. Biblioqrafiya” adlı nəşrin təqdimat mərasimi keçirilib. Təqdim olunan topluda tədqiqatçı və şair T.Qurbanın həyat və yaradıcılığının 1950-ci ildən 2009-cu ilə qədər olan dövrü əhatə edilib. Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov müəllifin həyat və fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən belə bir biblioqrafiyanın ilk dəfə tərtib olunduğunu açıqlayıb. 3 hissədən ibarət olan kitabın birinci bölümündə şairin kitabları, dövrü mətbuatda çap olunmuş əsərləri, ikinci hissədə müəllifin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb. Üçüncü hissə T.Qurbanın rus dilində nəşr olunmuş yaradıcılıq nümunələrinə həsr edilib.
Tədbirdə çıxış edən tarix elmləri dosenti Firdovsiyə Əhmədova T.Qurbanın bir tədqiqatçı kimi tarixi şəxsiyyətlərin obrazına müraciət etməsini onun milli dəyərlərə, keçmişimizə bağlı olmasıyla əlaqələndirib. Bildirib ki, T.Qurban həyatı və yaradıcılığı boyu cəmiyyətdə baş verən proseslərdən kənar qala bilməyən bir ziyalı kimi tanınıb: “Əgər ictimai mövqeyə malik bir insan, qələm sahibi və ziyalı cəmiyyətdə baş verənlərə qarşı biganə qalırsa, o heç vaxt sənətkar və ziyalı adını doğrulda bilməz. Teyyub Qurban bu baxımdan hər zaman fəal mövqeyilə seçilib, öz yardıcılığında cəmiyyətlə bağlı məsələlərə geniş toxunmaqla sübut edib ki, o, əsl ziyalıdır”.
“Diyarşünaslıq” elmi biblioqrafiya şöbəsinin müdiri Mədinə Vəliyeva kitabxananın qocaman oxucusu Teyyub Qurbanın hər zaman tarixi tədqiqatlar aparmaq istiqamətində yorulmadan, böyük həvəslə işlədiyini söyləyib.
Mərasimdə çıxış edən digər iştirakçılar da tədqiqatçı, şair və ziyalı kimi tanıdıqları T.Qurbanın fəaliyyətindən, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş məqalələrindən söhbət açdılar. Tədbirdə Teyyub Qurbanın indiyə qədər M.Ə.Rəsulzadə, H.Z.Tağıyev və C.Cabbarlı yaradıcılığını araşdıraraq ərsəyə gətirdiyi tədqiqat əsərlərinə də toxunuldu. Çıxışçılar belə bir önəmli biblioqrafiyanı tərtib etdikləri üçün kitabxana əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.
Günel MUSAYEVA
525-ci qəzet.-
2010.- 13 mart.- S. 23.