Gur və
ahəstə şeir
Nazim Hikmət deyirdi ki, şeir var,
milyonlar üçün
yazılır, şeir
də var, yalnız bir nəfər üçün.
Bu sözlərdən belə
nəticə çıxarmaq
olar – bir var böyük auditoriya, mitinq və meydanlar üçün nəzərdə
tutulmuş gur şeir, bir də var yarıpıçıltı
ilə oxunan intim, zərif, həzin lirika.
Tofiq Bayram həm gur, həm də
həzin şair idi. O öz şeirlərini
gur və qüvvətlə, bəzən
də aşırı
pafosla oxuya bilirdi. Bizim başqa bir
istedadlı şairimiz
Fikrət Sadıq da gözəl şeirlər yazır, ancaq zəif səslə oxuyur. Kimsə haqlı deyib ki, gərək
Fikrət Sadığın
şeirlərinə Tofiq
Bayramın ifasında
qulaq asasan və əksinə... Əlbəttə, öz şeirini yaxşı, aydın oxumaq bacarığı, natiqlik
istedadı şairə
əlavə üstünlük
verir, lakin düşünürəm ki,
Tofiq Bayramın ən yaxşı əsərlərinin geniş
şöhrət tapması
təkcə elə müəllifin öz şeirlərini oxuculara daha effektli şəkildə
çatdırmasına görə
yox, həm də o şeirlərin təsir qüvvəsinə
görədir.
Mən şahidəm ki, Tofiq Bayram Aktyor
Evinin səhnəsində
şeirlərini oxuyanda
salonda əyləşənlərin
bir çoxu həmin misraları əzbərdən təkrar
edirdi.
Tofiq Bayramın “Azərbaycan deyəndə” adlı “gur” şeirini, hətta tək özünçün oxuyanda
belə böyük dinləyici kütləsinə
yönələn poeziyanın
güclü əks-sədasını
eşidirsən. Bununla bərabər, Tofiqin, məsələn bacısının
toyuna həsr edilmiş “Vağzalı çalınır”, yaxud
“Qadın ürəyi”
kimi olduqca səmimi, həzin, ürək riqqətləndirən
şeirləri çoxdur.
Necə rəhmlidir,
necə amansız,
Necə mehribandır
qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
...Bəzən
gültək solar acı
bir sözdən,
Ağlayar xəlvəti,
gülsə də üzdən;
Bəzən uşaq
kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd
əlindən zəhər
içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın
ürəyi.
Tofiq Bayramın “Ay gecikən məhəbbətim” şeiri
müğənni Sərxan
Sərxanın ifasında
gözəl bir mahnı kimi sevilir.
Ana dilinin bütün incəliklərinə dərindən
bələd olan Tofiq Bayram rus
və dünya poeziyasının bir çox nümunələrini
azərbaycancaya çevirib. Yüksək professionallığını bildiyim
üçün Tofiqdən
xahiş etdim ki, A.Tvardovskinin “Yaddaş borcu” poemasını dilimizə
çevirsin – poema həmin dövr cəmiyyətin tarixində
o keçici məqamın
tələblərinə cavab
verən əsər idi. Tofiq əsəri ən
yüksək səviyyədə
tərcümə etdi.
Yadımdadır mənim
iş otağımda bir neçə yazıçının iştirakıyla
o, tərcüməsini ilk dəfə
oxuyanda, bizim ustad tərcüməçilərimizdən
Səyavuş Məmmədzadə,
A.Tvardovskinin əsərinin
orijinal mətni əlində, tərcüməni
izləyir, Tofiqin çevirdiklərinin dəqiq
və uğurlu yerlərini başı ilə təsdiqləyirdi.
Həmin tərcüməyə
görə Tofiq Bayramı Yazıçılar
Birliyinin M.Qorki adına mükafatı
ilə təltif etdik. Yeri gəlmişkən deyim ki, Birliyimizin
tərcümə üzrə
mükafatı şairin
vəfatından sonra Tofiq Bayramın adını daşıyır.
Tofiq Bayram cəmi 57 il
yaşadı. O, doğma
Əmircan kəndində,
Tofiqin çox sevdiyi, adına
şeirlər həsr
etdiyi bizim məşhur rəssamımız
Səttar Bəhlulzadənin
məzarı yanında
dəfn olundu.
Səttar Bəhlulzadənin yubileyi qeyd olunanda Rəsul
Rza çıxış
edərkən qızıl
saatını qolundan açıb rəssama bağışlamışdı. Həmin saat
indi Bəhlulzadə muzeyində saxlanılır
və Tofiq Bayram bu barədə
də şeir yazmışdı.
O mənə
də şeir həsr etmişdi. 1987-ci ilin iyununda
Yazıçılar İttifaqının
rəhbəri vəzifəsinə
namizədliyim irəli
sürülərkən təklifi
ilk müdafiə edənlərdən
birinin Tofiq Bayram olduğunu heç vaxt unutmuram.
Elə bil bu, dünən
olmuşdu.
Amma az qala əsrin
dörddə biri keçib...
ANAR
525-ci qəzet.- 2010.- 13 mart.- S. 21.